1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım - 6-cı yazı Layihə

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırım - 6-cı yazı

6-cı yazı

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, 1919-cu il iyunun 17-də A.Ziyadxanovun M.Təkinskiyə göndərdiyi şifrəli teleqramda Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı, Culfa və Ordubad rayonlarında vəziyyətlə bağlı təcili informasiya istəyir. A.Ziyadxanov Vedibasarın qaymaqamı Xəlil ağa Hacılar və Abbasqulu ağa Şadlinskinin həbsdən azad edilməsi üçün M.Təkinskiyə tədbir görülməsini tapşırır.
Azərbaycan xarici işlər nazirinin müavini A.X.Ziyadxanovun 17 iyun 1919-cu ildə N.Usubbəyova göndərdiyi məxfi məlumatda bildirilirdi ki, türk qoşunlarının təxliyyəsindən sonra əhalisinin demək olar hamısının müsəlmanlardan ibarət olan İrəvan quberniyasının bir hissəsində Araz Respublikası (Araz-Türk Respublikası – müəl.) və onun müvəqqəti hökuməti yaradılıb. Müvəqqəti hökumətin qurulmasından məqsəd Ermənistanın iddia etdiyi həmin əraziyə erməni qoşunlarını buraxmamaqdan və ilk imkanda öz üzvi orqanizmi ilə - Azərbaycanla yenidən birləşməkdən ibarətdir. Daha sonra qeyd edilirdi ki, müttəfiqlərin Ali Komandanlığının təzyiqi ilə bu ərazinin müəyyən hissəsi ermənilər və ingilislərdən ibarət qarışıq dəstələr tərəfindən tutulub ki, orada Ermənistan hakimiyyəti bərqərar edilsin.
Ermənistandakı diplomatik nümayəndə M.Təkinsikinin verdiyi məlumata əsaslanaraq A.Ziyadxanov yazır ki, Ermənistanın hakimiyyətini tanımamaq dalğası motivində Naxçıvanda və ermənilərin ələ keçirdikləri digər yerlərdə narazılıqlar başlayıb. Şahtaxtıda müsəlmanlar erməni komissarını qovublar. Ermənistan hökuməti isə yaranmış fürsətdən istifadə edərək mübahisəli məsələlərinin Cənubi Qafqaz respublikaları arasında keçirilən konfransda həll olunmasına qədər iddia etdiyi ərazilərdə idarəçiliyi öz əlinə almaq və müsəlmanların istənilən hərəkatını dərhal boğmaq istəyirdi. A. Ziyadxanov yaranmış vəziyyətdən istifadə edərək Araz Respublikasına həm maddi, həm də döyüş sursatı ilə köməklik göstərmək üçün Naxçıvana zabit kadrları və 100 min rubl vəsait ayırmağı təklif edir.
İyunun 21-də M.Təkinskinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi daha bir şifrəli teleqramda bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı rayonları erməni qoşunları tərəfindən tutulub və erməni administrasiyası yaradılıb. M.Təkinski Naxçıvan Milli Şurasının ondan Müttəfiqlərin komandanlığının nəzərinə çatdırmağı xahiş etmişdi ki, ingilis generalı Devinin və Ermənistan hökumətinin başçısı A.Xatisovun vədlərinə baxmayaraq erməni hakimiyyətinin nümayəndələri axtarışlara başlayıb, silahları müsadirə etməyə və ev əşyalarını talan etməyə başlayıblar. Milli Şura xahiş edir ki, müttəfiqlərin komandanlığı ermənilərin bütün bu qanunsuz əməllərinə son qoysun. Teleqramda həmçinin bildirilirdi ki, Culfa ermənilərin əlindədir, lakin ordubadlılar erməniləri ora buraxmırlar.
İrəvan Müsəlmanları Həmyerliləri Təşkilatının sədri Nəsrulla Şeyxovun 26 iyun 1919-cu ildə Tiflisdən baş nazirə göndərdiyi teleqramda yazırdı ki, bölgədən alınan məlumatlara görə, Ermənistan hökuməti tərəfindən Naxçıvan, Şərur və Ordubadda həbslər başlanıb, hər addımda axtarışlar aparılır, müsəlmanların (Azərbaycan türklərinin – red.) əmlakları müsadirə edilir. Teleqramda nizami erməni qüvvələrinin müsəlman kəndlərini atəşə tutduqları, əhalinin vahimə içərisində açıq havada sərgərdan gəzdiyi qeyd edilir və Azərbaycan hökumətindən bu faktları ingilis komandanlığının nəzərinə çatdırması xahiş edilirdi. Teleqramın sonunda qeyd edilirdi ki, əgər tədbir görülməsi bircə həftə gecikərsə, müsəlman (Azərbaycan türklərinin – red.) kəndlərinin tamamilə yox edilməsinə gətirib çıxara bilər.
İyunun 23-də A.Ziyadxanov Ermənistan XİN-ə göndərdiyi teleqramda qaçqınlar probleminin həlli və Ermənistan Azərbaycanla münasibətlərinin nizamlanması üçün hər iki respublikanın nümayəndələrindən ibarət qarışıq parlament-hökumət komissiyasının yaradılmasını təklif edir. 25 iyun 1919-cu ildə Ermənistan XİN-in Azərbaycan hökumətinə göndərdiyi cavab məktubunda bildirir ki, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulması üçün Azərbaycan hökumətinin təklifini qəbul edir və hökumətlərarası qarışıq parlament komissiyasının yaradılmasına razıdır. Teleqramda hər iki tərəfdən iki nəfər olmaqla və müttəfiq dövlətlərin nümayəndəsinin iştirakı ilə yaradılacaq komissiyanın Azərbaycanda ermənilərin və Ermənistanda müsəlmanların vəziyyətini yoxlamaq məqsədilə təşkil ediləcəyi bildirilirdi.
Lakin Ermənistan hökumətinin bu cavabı Azərbaycan hökumətinin başını diplomatik yazışmalarla qatmağa xidmət edirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun işğalçılıq hərəkətlərindən qalmamışdılar. “Azərbaycan” (rusca) qəzetində 29 iyun - 1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində deyilir: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi... Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər... Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar... Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir...
Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar... Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.
Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Zəngibasar və Gərnibasar rayonlarının kəndləri Ermənistan hakimiyyətini qəbul etdikdən sonra belə, erməni qaçqınlarını qəbul etmək məcburiyyətində qalıblar. Onların ərzağı insafsızcasına müsadirə edilir, mal-qarası, müxtəlif bəhanələrlə pulları əllərindən alınır. Müsəlman əhali ucdantutma acından ölür və təxirə salınmadan kömək diləyir. Göyçə və Dərəçiçək rayonlarının əhalisinin vəziyyəti daha ağlamalıdır. Bu rayonların əhalisi Ermənistanın indiki hərbi naziri, general Silikovun hərbi dəstələrinin basqınlarına tab gətirməyərək öz ocaqlarını tərk etmişlər“.
Azərbaycanın Gürcüstandakı diplomatin nümayəndəsinin müavini Faris bəy Vəkliovun 12 iyul 1919-cu ildə Britaniya qoşunlarının Cənubi Qafqazdakı Komandanına göndərdiyi məktubda bildirirdi ki, onun hökuməti İrəvan quberniyasında müsəlmanlara zülm edilməsi barədə hər gün məlumatlar alır. Ermənistanın nizami ordusu müsəlman kəndlərinə hücumlar edir, qadınlar və uşaqlara belə rəhm etmir. Hər gün yüzlərlə qaçqınlar Tiflisdən keçərək Azərbaycanda sığınacaq axtarırlar. İrəvan quberniyasının müsəlmanları onların iradəsinin ziddinə olaraq, böyük dövlətlərin sayəsində müvəqqəti olaraq Ermənistan hökumətinin idarəçiliyinə vermişlər. Bu aktın dərc edilməsindən sonra ingilis komandanlığı bir sıra ictimai təşkilatlardan məsələnin bu cür həllinə qarşı etiraz alıb. Bu etirazlarda bildirilir ki, onlar Ermənistan hökumətinin onlara olan düşmənçilik münasibətindən çox qorxurlar. Bu narahatçılığın əsaslı olduğu son hadisələrdə özünü göstərdi. Azərbaycan hökuməti adından Ermənistan hökumətinin dinc müsəlman əhalisnə qarşı zorakılıqlarına və repressiyasının son qoyulmasını tələb etdiyi həmin məktubda bildirilirdi.
“Azərbaycan” qəzeti (rusca) 19 iyul tarixli sayında etibarlı mənbələrə istinadən yazırdı ki, iyulun 4-də gecə erməni qoşunları Böyük Vedi, Çimənkənd, Daşdı Goravan, Yengicə və Vedi-Avşar kəndlərini ağır artilleriyadan atəşə tutub. Böyük Vedi, Çimənkənd və Goravan sakinləri ağır artilleriyanın və iki zirehli qatarın köməyi ilə məhv edilir. Döyüşlər davam edir. Əhali ingilis missiyasının vasitəsilə Ermənistan hökumətinə təsir göstərməyi xahiş edir. Daha sonra qəzet yazırdı: “Erməni quldur birləşmələri Böyük Vedi kəndinə yaxınlaşmışlar. Müsəlman ağsaqqalları ilə “görüş” üçün rəsmi danışıqlar aparılmalı idi. Gözlənilmədən ermənilər tərəfindən atəş açılmışdır. Böyük Vedi kəndinin iki nümayəndəsi - Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşirbəy oğlu öldürülüb...
1919-cu ilin yay ayları ərzində erməni quldur birləşmələri 300 Azərbaycan kəndini yağmalamış və yandırmışdılar. On minlərlə adam - kişilər, qadınlar və uşaqlar həlak edilmişdi.
Erməni silahlı qüvvələrinin Vedibasarda törətdikəri kütləvi qırğınlara etiraz əlaməti olaraq xarici işlər naziri M.Y.Cəfərovun adından 12 iyul 1919-cu ildə Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsinə nota təqdim edilmişdi. Notada deyilirdi ki, Azərbaycan hökumətində olan rəsmi məlumatlara görə, erməni ordusu artilleriyadan istifadə edərək Böyük Vedi, Çimənkənd, Gorlavan, Qaşlı və digər müsəlman kəndlərini mühasirəyə alaraq atəşə tutur. Notada qeyd edilirdi ki, Azərbaycan hökuməti bütün münaqişələrin, mübahisəli ərazilər probleminin xalqların öz müqəddəratını azad təyin etməsi yolu ilə ədalətli surətdə, qan tökülmədən, arbitraj yolu ilə, sülh konfransında bütün tərəfləri razı salacaq yolla həll edilməsinin tərəfdarıdır. Notanın sonunda Azərbaycan hökuməti adından tələb edilirdi ki, yuxarıda adları çəkilən kəndlərdə, o cümlədən Vedibasar və Millistan rayonlarında müsəlmanlara qarşı erməni ordusunun hərbi əməliyyatlarına son qoyulsun.

Elçin Qaliboğlu