Vətəndaş və vətəndaşlıq - 1-ci yazı  Layihə

Vətəndaş və vətəndaşlıq - 1-ci yazı 

Professor Mübariz Əmirov: “Vətəndaşlıq dövlətlə vətəndaş arasındakı münasibətləri hüquqi cəhətdən rəsmiləşdirir”

Vətəndaş və vətəndaşlıq nə deməkdir? Pedaqogika üzrə elmlər doktoru, professor Mübariz Əmirovun araşdırmasında bu və başqa məsələlərə aydınlıq gətirilir. Onun fkrincə, insan ailə üzvü, dost və yoldaş, müəyyən sosial qrupun, siyasi partiyanın və ya cəmiyyətin nümayəndəsi rollarıında eyni zamanda çıxış edə bilər və ya etməyə bilər. Amma elə rol da var ki, bu bizim hər birimiz üçün ümumidir. Bu, vətəndaş roludur: “Vətəndaşlıq anlayışı çoxşaxəlidir. Biz bəzən tanımadığımız adamlara “vətəndaş” deyə müraciət edirik. Yaxud təyyarə limanında diktor elan verərkən ilk növbədə “vətəndaş sərnişinlər” ifadəsini işlədir. Dövlət başçıları radio və televiziyada çıxışlarında çox vaxt “vətəndaşlar” deyə müraciət edir. Hüquq ədəbiyyatında vətəndaşlığa çoxsaylı təriflər verilib. Vətəndaşlıq etnik mənşəyi göstərməməklə ayrıca bir şəxslə dovlət arasındakı hüquqi əlaqədir. Belə bir tərif də mövcuddur. Vətəndaşlıq dövlətlə vətəndaş arasındakı münasibətləri hüquqi cəhətdən rəsmiləşdirir və onların qarşılıqlı hüquq və vəzifələrini nəzərdə tutur. Daha qısa və məzmunlu tərif də var: qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan şəxsə vətəndaş deyilir. Vətəndaşlıq – fiziki şəxsin dövlətlə sabit hüquqi əlaqəsidir ki, bu da onun həmin dövlətin suveren hakimiyyətinə tabe olmaqla orada müəyyən hüquq və vəzifələrə malik olmasında ifadə olunur”.
Vətəndaşlığın inkişaf tarixinə nəzər salaq. “Vətəndaşlıq” anlayışı hələ qədim zamanlardan hüquqi status alıb. Lakin heç də həmişə bütün insanlar vətəndaş statusu almamış, uzun illər boyu hüquqsuz vəziyyətdə yaşamışlar. Qədim Yunanıstanda Afina şəhər-dövlətində yalnız 20 yaşına çatmış, atası və anası əslən afinalı olanlara vətəndaşlıq verilərdi. Qadınlar, başqa yerlərdən gəlmiş şəxsiər, qullar vətəndaş hüquqlarına malik deyildilər. Bu dövlətdə vətəndaşların həm də sahib olduqları əmlakın miqdarından asılı olaraq dərəcələrə bölünürdü. Qədim Roma dövlətində isə vətəndaşlığı ilk vaxtlar yalnız onun ən qədim sakinlərinin nəsilləri əldə edirdilər.
Professor M.Əmirov qeyd edir ki, sonralar bütün azad adamlar vətəndaşlıq hüququ qazandılar: “Burada da qadınlar və qullar vətəndaşlıq statusu qazana bilməzdilər. Fransa burjua inqilabı dövründə (1789-1794) “vətəndaş” sözü bu ölkədə qürurla səslənməyə başladı. Bu termin “təbəə” sözünü əvəz etdi və insanların bir-birinə müraciət formasma çevrildi. Burada qəbul olunmuş “İnsanın və vətəndaşın hüquq Bəyannaməsi” adlı sənəddə belə deyilir: “İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar”. Lakin burada da vətəndaşlar bütün hüquqları əldə edə bilmədilər. Seçki hüququnu yalnız kişilər aldılar. Həm də əmlak senzi saxlanıldı”.
“Vətəndaş” ifadəsi Şarl Monteskyönün də əsərlərində səslənib. O, “İngiltərənin dövlət quruluşu haqqında” əsərində yazırdı: “Vətəndaş üçün siyasi azadlıq onun təhlükəsizliyinə olan inama əsaslanan ruhi sakitliyi deməkdir. Belə bir azadlığa malik olmaq üçün elə bir idarəetmə zəruridir ki, onun dövründə bir vətəndaş o biri vətəndaşdan qorxmaya bilsin”.
Vətəndaşlığa aid beynəlxalq prinsiplər də formalaşıb. Hər bir dövlətin özünün vətəndaşlıq məsələlərinə dair müvafiq qanunvericiliyi var. Lakin bu qanunvericilik dünya birliyi tərəfindən o vaxt qəbul edilir ki, həmin qanunvericilik vətəndaşlıq məsələsində mövcud olan beynəlxalq prinsiplərə uyğun gəlsin. M.Əmirov: “Vətəndaşlığın əldə edilməsinin iki yolu var: 1) törəmə yolu ilə; 2) naturalizasiya (“Vətəndaşlığa qəbul etmə” mənasını verir. Xaricilərə, yaxud vətəndaşlığı olmayan şəxslərə dövlətin vətəndaşlıq verməsidir) yolu ilə. Törəmə yolu ilə vətəndaşlığın əldə edilməsinin iki prinsipi var. Bəzi hallarda hər iki prinsip, biri digəri ilə əlaqədar, qarışıq prinsip əsasında tətbiq edilir.
Birinci prinsip “Torpaq hüququ” adlanır. Bu prinsipə əsasən vətəndaşlığı həmin dövlətin ərazisində anadan olmuş şəxslər alırlar. “Torpaq hüququ” prinsipinə görə hər hansı bir dövlətin ərazisində doğulmuş uşaq, onun valideynlərinin hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, bu dövlətin vətəndaşlığını əldə etmiş olur. “Qan hüququ” adlanan ikinci prinsip isə valideynlərin vətəndaşlığına əsaslanır. Bu o deməkdir ki, valideynlərdən heç olmasa biri həmin dövlətin vətəndaşı olmalıdır. Həmin dövlətin ərazisində doğulmasından asılı olmayaraq, ona o vaxt vətəndaşlıq hüququ verilir ki, onun valideynlərindən biri bu ölkənin vətəndaşı olsun”.
İkinci yol isə naturalizasiyadır. “İnsan hüquqları haqqında ümumi bəyannamə”də göstərilir ki, hər bir insanın vətəndaşlıq hüququ var. Hər bir insan vətəndaşlığını dəyişmək, yəni bir dövlətin vətəndaşlığından çıxıb digər dövlətin vətəndaşlığını qəbul etmək hüququna malikdir. Bu cür hallar üçün vətəndaşlığa qəbulun qaydası naturalizasiya adlanır. Naturalizasiya - şəxsin başqa dövlətin vətəndaşlığına keçməsi, əcnəbinin hər hansı bir ölkədə vətəndaşlıq hüququ almasıdır.
Professor M.Əmirov bildirir ki, vətəndaşlığın kimə verilməsi məsələsi dövlət üçün çox əhəmiyyətlidir. Ona görə də qanun naturalizasiyanı, adətən, müəyyən şərtlərlə bağlayır. Ayrı-ayrı ölkələrdə naturalizasiya üçün müxtəlif şərtlər mövcuddur: “Dövlətin dilini bilmək, milli mənsubiyyət, gəlir mənbəyi, valideynlərin birinin həmin ölkənin vətəndaşı olması, dövlətin ərazisində müəyyən müddət ərzində yaşaması, ölkənin tarixini və Konstitusiyasını bilmək, sağlam həyat tərzi və s. Bu şərtlər içərisində ən geniş yayılanı dövlətin ərazisində müəyyən müddət ərzində yaşamaqdır. Argentinada bu müddət 2 il, ABŞ, İtaliya və Fransada 5 il, Avstriya və İspaniyada 10 il, İsveçrədə isə 12 ildir.
Beləliklə, göstərilən bu prinsiplər vətəndaşlıq almaq üçün mühüm əsaslardır. Elə hallar olur ki, insan bir deyil, iki və daha artıq dövlətin vətəndaşlığına malik olur. Bu cür vəziyyət “ikili”, yaxud “çoxqat” vətəndaşlıq adlanır. “İkili” vətəndaşlıq vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydası haqqmda ayrı-ayrı dövlətlərin vətəndaşlığına uyğun gəlməməsi nəticəsində baş verir.
“Qan hüququ” prinsipini təsdiq edən ölkənin vətəndaşları olan valideynlərdən doğulmuş uşaqlar, “torpaq hüququ” prinsipini təsdiq edən ölkənin ərazisində ikili vətəndaşlıq əldə edir və hər iki ölkənin vətəndaşı sayılır. Müstəsna vətəndaşlıq prirısipinə əsasən bəzi dövlətlər öz vətəndaşlarının başqa bir dövlətin də vətəndaşı olmasını qəbul etmir. Dövlətin öz vətəndaşlarını vətəndaşlıqdan məhrum edilməsini qadağan edən ayrılmaz vətəndaşlıq prinsipi də mövcuddur. Qeyri-ailəvi qaydada vətəndaşlıq isə ya vətəndaşlığı olmayan şəxsin xahişi ilə onun vətəndaşlığa qəbul edilməsi, ya da şəxsin öz vətəndaşlığını dəyişdirib yeni vətəndaşlığı seçməsi, vətəndaşlığın bəxş edilməsi, əhali mübadiləsi və köçürülməsi yolu ilə əldə olunur.
Vətəndaşlığa aid beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, İnsan Hüquqları haqqında 1957-ci il tarixli Paktında, dövlətlər arasında bağlanmış başqa çoxsaylı regional və ikitərəfli sazişlərdə öz əksini tapıb. Heç bir dövlətə mənsub olmayan şəxslərə vətəndaşlığı olmayan şəxslər deyilir. Vətəndaşlığa malik olmamaq vəziyyəti müxtəlif səbəblərlə əlaqədar olaraq ortaya çıxır. Məsələn, qadın ərə gedərkən vətəndaşlıq qanunvericiliyi “qadın kişinin vətəndaşlığına keçir” prinsipinə əsasən onu vətəndaşlıqdan kənar edərsə, ərin mənsub olduğu dövlətin qanunvericiliyi qadını vətəndaşlığa qəbul etməzsə, uşaq vətəndaşlığı olmayan valideyndən doğularsa, yaxud şəxs hər hansı səbəbdən özünün vətəndaşlığını itirib yeni vətəndaşlıq əldə etməzsə, onda vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşür.
Azərbaycanda vətəndaşlığın əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunub. Bu qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanundan və Azərbaycan Respubiikasının müvafiq qanunvericilik aktlarından ibarətdir. Bu qanunvericiliyə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu şəxslər kimdir?
1) Azərbaycan Respublikası ərazisində doğulanlar;
2) Valideynləri və ya onlardan biri Azərbaycan Respublikasının vətəndaşı olanlar;
3) Azərbaycan Respublikası vətəndaşlığını qəbul edənlər.
Azərbaycan vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri bərabərdir. Məsələn, istər Azərbaycanda doğulmuş azərbaycanlı, istərsə də qara irqdən olub Azərbaycan vətəndaşlığını qəbul edən şəxs hüquqca bərabərdir. Ər və ya arvadın birinin vətəndaşlığının dəyişməsi o birinin vətəndaşlığının dəyişməsinə səbəb olmur. Əgər Azərbaycan vətəndaşı xarici dövlətlərin ərazisində yaşamağa gedirsə, yenə də Azərbaycan Respublikasının vətəndaşı olaraq qalır. Bir dövlətin vətəndaşlığından çıxan şəxsin Azərbaycan vətəndaşlığına qəbul edilməsi müəyyən şərtlərlə bağlıdır: o, son 5 il ərzində Azərbaycan ərazisində yaşamalıdır; Azərbaycan Respublikasının dövlət dilini bilməlidir. Lakin həmin şəxs Azərbaycan Respublikasında mövcud dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və ya onun ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə; terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa və qanunda göstərilən başqa hərəkətlərə yol verərsə, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilməz.
Professor bildirir ki, Konstitusiyamıza əsasən Azərbaycan onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan ölkə vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Dövlət öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan vətəndaşları qarşısında onların hüququnun təminatı üçün məsuliyyət daşıyır. Dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları ölkəmizdən kənarda müvəqqəti və ya daimi yaşayan vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar.

Elçin Qaliboğlu