Pandemiya ilə mübarizədə QHT-lərin rolu Layihə

Pandemiya ilə mübarizədə QHT-lərin rolu

Bu günün mövcud pandemiya dönəmi vətəndaş və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətini, öz güc və potensialını lazımi istiqamətə, lazımi problemlərə yönəltmək zərurətini ortaya qoyur. Belə bir ərəfədə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onun həllinə yönəlik ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin, dövlətin pandemiya ərəfəsində inkişafı və tərəqqəsi üçün vacib olan ən mühüm məqamlar müzakirə olunmaqla çözüm yolları araşdırılır.
QHT-lər də bu ağır dönəmdə öz sözlərini deməyə bacardılar. Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda, ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər, mətbuat COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyi göz önündədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü, tövsiyələri ilə ölkənin aparıcı QHT-ləri bu prosesə qoşularaq istiqamətləniblər. Əsas istiqamət də əhalinin düzgün formada maariflənməsidir. Hər bir QHT ayrı-ayrılıqda koronavirusla mübarizədə öz töhfəsini verə bildi. İstər mediada, istər sosial şəbəkələrdə təbliğatlarını apardılar, hətta sosial roliklər hazırlayanlar da oldu. Mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədilə onlayn ümumrespublika konfransı keçirilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvlərinin və Katibliyin əməkdaşları, eləcə də QHT-lər vəsait köçürüblər. Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlanıb. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özlərini təcrid etməyə və evdə qalmağa çağırırlar. İndiki həssas dönəmdə QHT-lərin dövlətimiz və cəmiyyətimiz ilə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etmələri, birlik göstərmələri üçün önəmli motivasiyadır. Şura Mətbuat Şurası ilə birlikdə COVİD-19 pandemiyası ilə mübarizədə QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans da keçirib.
Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur "Rus Velikaya" Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərib.
Qeyd edək ki, Azərbaycanın xeyriyyə kampaniyasının estafetini götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Korona ilə mübarizədə QHT sektorunun dəstəyini sadalamaqla qurtarmaz. QHT-lər müxtəlif vasitələrdən istifadə edilməklə bu mübarizədə öz sözünü deyə biliblər.
Bundan başqa bu il QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə yardımı ayrılan 423 layihə var və həmin layihələrin 290-nı pandemiya dövrünə həsr olunub. Həmin QHT-lər də həm ərzaq yardımı, həm də tibbi yardımlar göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, dövlətimizin bütün resurslarını bu dəhşətli pandemiya ilə mübarizəyə yönəltdiyi bir dövrdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən qeyri-hökumət təşkilatları qəfil qarşılaşdığımız koronavirusa qarşı mübarizədə öz işini fəal və effektiv şəkildə qurması ilə diqqəti çəkdi. Koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumları və özəl sektorla yanaşı ictimai təşkilatlar da ön sıralarda yer aldı: “Bu qlobal təhlükəyə qalib gəlmək üçün yalnız dövlətin həyata keçirdiyi tədbirlər yetərli deyil. Vətəndaş cəmiyyəti institutları bu məsələdə mühüm rola malikdirlər. Mart ayının etibarən Şura QHT-lərin pandemiyaya qarşı mübarizə tədbirlərinə səfərbər edilməsi üçün davamlı şəkildə fəaliyyət göstərir. Martın 25-də Şura sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiyini bildirdi, həmçinin bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırdı. İndiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif məbləğdə ianə köçürüb. Şura martın 27-dən etibarən Real TV-lə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başladıb. Bu kampaniyaya qoşulan yüzlərlə QHT koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılmasında, karantin rejiminə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işində yaxından iştirak etdi. Aprelin 2-də isə Şura koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirdi. Konfransda bir sıra mühüm qərarlar qəbul olundu. Aprelin 4-də QHT və media nümayəndələrindən ibarət İctimai Qərargah formalaşdırıldı. Şura hazırda da COVID-19 pandemiyası ilə mübarziə çərçivəsində onlayn konfranslar, görüşlər və iclaslar təşkil edir. Bu toplantılarda qəbul olunan qərarlar ciddi icra olunur. Həmçinin, QHT-lər də vətəndaşlara psixoloji dəstək və sosial yardımların göstərilməsini imkanları daxilində etdirirlər”.
Şura rəsmisi onu da bildirib ki, pandemiyaya qarşı mübarizədə ilk növbdə görülməli olan iş maarifləndirmə işidir. Əhalinin maarifləndirilməsi məsələsi çox vacibdir: “Birincisi, insanlar bilməlidir ki, pandemiyanın doğurduğu təhlükə nədən ibarətdir? Bu, onlar üçün hansı təhlükəni yaradır? İkincisi, bu təhlükədən qorunmaq üçün nələri etmək lazımdır? Hansı gigiyenik normalara əməl etmək lazımdır? Həyat tərzimizə nələri əlavə etməliyik? Üçüncüsü, karantin rejimində qaydalara əməl etməyəcəyimiz təqdirdə nələrlə rastlaşacağıq? Karantin rejimi hansı səbəbdən tətbiq edilib?
Bunları əhaliyə izah etmək üçün ciddi maarifləndirmə işi aparmaq lazımdır. Bunu isə vətəndaş cəmiyyəti institutları, QHT-lər və media həyata keçirir. Bu baxımdan vətəndaş cəmiyyətinin iki mühüm komponenti olan QHT və medianın əməkdaşlığı zəruridir”.
Şuranın COVID-19 pandemiyası ilə mübarizə sahəsində atdığı ilk addımlarından biri də REAL Tv ilə birlikdə “Evdə qal,cəmiyyəti qoru” ictimai maarifləndirmə kampaniyasını keçirməsi idi. Bu ictimai kampaniya qlobal təhlükəyə qarşı QHT-lərin media ilə birgə ümumi mübarizədə səmərəli əməkdaşlığının təşkil olunması ilə bağlı atılan mühüm bir addım idi: “Şuranın REAL TV ilə birgə keçirdiyi bu kampaniyası çərçivəsində karantin rejiminin qaydalarına riayət etməklə 50-dək QHT təmsilçisi Abşeron yarımadasının müxtəlif ərazilərində oldular. Bu tədbirlərin bir çoxu Real TV-də canlı şəkildə yayımlandı. Hər biri haqqında geniş reportajlar verildi. Monitorinqlər zamanı QHT-lər həm vətəndaşları maarifləndirdilər, həm də onlara spirt, maska və digər dezinfeksiyaedici vasitələr payladılar.
Eyni zamanda, bildirim ki, Şura sosial media paltformasından da fəal şəkildə istifadə edən qurumlardandır. Mütəmadi olaraq Şuranın feyzbuk, tvitter və yutub sosial şəbəkələrindəki hesabları vasitəsi ilə canlı yayımlar təşkil edir, həmçinin keçirdiyimiz digər ictimai kampaniyalar, tədbirlər barədə ictimiayyəti məlumatlandırır və vətəndaşları maarifləndirməyə çalışırıq.
Şura aprelin 7-dən etibarən Real TV-lə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başladı. Kampaniya çərçivəsində QHT rəhbərlərinin, mütəxəssislərin və digər tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi feyzbuk səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olundu. Bu çərçivədə“Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, "Koronavirusla bağlı tibbi maarifləndirmə", "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri", "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar", "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş" və digər mövzularda onlayn konfranslar, ictimai müzakirələr təşkil edilib. Bu ictimai kampaniya çərçivəsində keçirilən tədbirlərin hər birində xeyli sayda media nümayəndəsi də iştirak edib. Şuranın təşkil etdiyi bu tədbirlərin hər biri onlarla media resursunda, o cümlədən yüzlərlə sosial şəbəkə hesablarında işıqlandırılıb. Cəmiyyətin ümumi rifahı və ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün QHT-lərin gördüyü işlərdə yaxından iştirakına və böyük dəstəyə görə KİV bir daha təşəkkürümüzü bildiririk.
Ümumilikdə isə hər bir şəxs bunu bilməlidir ki, biz koronavirus infeksiyasını nə qədər ciddiyə almayacayıqsa, bu təhlükə bir o qədər böyüyəcək və bizi həm fərdi qaydada, həm də cəmiyyət olaraq daha çox üzəcək. Ona görə pandemiyanın tezliklə başa çatması yalnız dövlətimiz üçün yox, həm də bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu cəhətdən Şura da mühüm ictimai institut olan QHT-ləri ümumi təhlükəyə qarşı mübarizə məqsədi ilə konsaldasiya edərək həm televiziyaların, həm internet saytlarının, həm də sosial medianın imkanlarından istifadə edərək vətəndaşları maarifləndirməyə çalışır”.

Cavid