Vətəndaş və cəmiyyət - 2-ci yazı Layihə

Vətəndaş və cəmiyyət - 2-ci yazı

Professor Mübariz Əmirov: “Vətəndaşların fəallıq səviyyəsi nə qədər yüksək olsa, cəmiyyətimizdə demokratiya bir o qədər sürətlə inkişaf edər və möhkəmlənər”

Vətəndaşlıq nə deməkdir? Professor Mübariz Əmirovun araşdırmasında bu və başqa məsələlərə aydınlıq gətirilir. Azərbaycan Respublikasının vətəndaşlığı müəyyən sənədlərlə təsdiq olunur. Bu sənədlər aşağıdakılardır:
1) Doğum haqqında şəhadətnamə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
3) Azərbaycan Respublikası vətəndaşının pasportu.
Şəxsiyyət vəsiqəsi ölkə daxilində Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. Ölkənin hər bir vətəndaşı 16 yaşına çatdıqdan sonra şəxsiyyət vəsiqəsi almalıdır. Qanunda göstərilən başqa hallar baş verməzsə, vətəndaş 25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Şəxsiyyət vəsiqəsi itirildikdə dərhal onu verən dövlət orqanına məlumat verilməlidir. Vəsiqənin sahibi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini məlumatda göstərməlidir. Şəxsiyyət vəsiqəsi oğurlandıqda onun sahibi dərhal cinayətin baş verdiyi yerin polis orqanına müraciət etməlidir.
Prof. M.Əmirov: “Azərbaycan Respublikası vətəndaşının pasportu ölkəmizdən kənarda şəxsiyyəti təsdiq edən sənəddir. Bu sənəd vasitəsilə vətəndaşlar ölkədən getmək və ölkəyə gəlmək hüququnu həyata keçirə bilirlər. Pasport 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına qanunla nəzərdə tutulmuş qaydada verilir. 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin razılığı ilə gedə bilər. Valideynlərin yazılı razılığı notarius tərəfindən təsdiq edilməlidir. Valideynlərdən birinin razılığı olmadıqda həmin vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Pasportun aşağıdakı tipləri var: ümumvətəndaş, xidməti, diplomatik. Ümumvətəndaş pasportu almaq üçün vətəndaş ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi haqqında qəbz ilə müvafiq daxili işlər orqanına müraciət edir. Əgər vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə gedirsə, vətəndaşın pasportuna uşaqlar yazılır və fotoşəkilləri yapışdırılır.
Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam edilən şəxslərə, diplomatik pasport, əsasən, hakimiyyət orqanlarının rəhbər işçilərinə, beynəlxalq konfranslarda və s. tədbirlərdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin üzvlərinə verilir. Xidməti və diplomatik pasportlar AR Xarici İşlər Nazirliyi tərəfindən verilir.
Tiplərindən asılı olmayaraq, hər bir pasportda Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, seriyası və nömrəsı, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, pasport sahibinin şəxsi imzası, birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix yazılır, onların fotoşəkillərı əks olunur. Tiplərindən asılı olmayaraq, pasportdakı yazılar latın qrafıkası ilə Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində vahid nümunə əsasında hazırlanır”.
Vətəndaşlığın hüquqi tərəfi ilə yanaşı, ictimai-mənəvi tərəfi də vardır. Vətəndaşlığın ictimai-mənəvi tərəfi vətəndaş necə olmalıdır, cəmiyyətdə hansı rolları ifa edə (etməyə) bilər, onun cəmiyyətdə rolu nədən ibarətdir kimi məsələləri əhatə edir. B
Bəs vətəndaşın cəmiyyətdə rolu nədən ibarətdir? Professor qeyd edir ki, demokratik cəmiyyətdə vətəndaşlar ölkənin idarə olunmasında iştirak etmək hüququna malikdirlər: “Bizdə demokratiyanın inkişafı vətəndaşların bu işdə iştirakının səviyyəsindən asılıdır. Vətəndaşların fəallıq səviyyəsi nə qədər yüksək olsa, cəmiyyətimizdə demokratiya bir o qədər sürətlə inkişaf edər və möhkəmlənər. Demokratik cəmiyyət quruculuğunda fəal iştirak edə bilmək üçün vətəndaşlarımızın bütün zəruri hüquq və azadlıqları vardır. Cəmiyyətdə təsirli rol oynamaq üçün vətəndaşlar müxtəlif qruplarda birləşə bilirlər.
Vətəndaşın cəmiyyətin inkişafında fəal iştirak etməsi onda müəyyən əxlaqi-mənəvi keyfiyyətlərin olmasını tələb edir. Deməli, fəal, yaradıcı-tənqidi düşünən vətəndaşlar cəmiyyəti irəli apara bilən ideyalar irəli sürür, bu ideyaları həyata keçirmək üçün qruplar yaradır, qruplardakı vətəndaşlar isə həmin ideyaları həyata keçirirlər.
İndi təsəvvür edək ki, cəmiyyətimizdə yeni ideyalar ortaya atan və onu həyata keçirməyə çalışan vətəndaşlardan ibarət çoxlu qruplar, təşkilatlar yaranıb. Əgər bu təşkilatların hərəsi bir ideyanın həyata keçirilməsinə nail olarsa, cəmiyyətimiz, Vətənimiz nə qədər inkişaf etmiş olar?! Vətəndaşın cəmiyyət həyatında əsas rolu isə onun dövlətlə münasibətlərində meydana çıxır”.
Dövlətlə vətəndaş arasındakı münasibətdə gəldikdə isə prof. M.Əmirov bildirir ki, “totalitar və demokratik dövlətlər bir-birindən fərqlənir. Məsələn, SSRİ totalitar dövlət idi. Burada vətəndaşların beynəlxalq tələblərə uyğun olan statusu və hüquqi prinsipləri mövcud idi. Bu tələblərə uyğun olaraq, SSRİ-nin Konstitusiyasmda vətəndaşların bütün hüquq və azadlıqları təsbit olunurdu. Zahirən belə görünürdü ki, bu dövlətdə vətəndaşların hüquq və azadlıqları qanunla tənzimlənir. Əslində isə bu hüquq və azadlıqlar daima pozulurdu. Totalitar dövlət cəmiyyətin siyasi həyatında vətəndaşların fəal iştirakından qorxur. Ona görə də bu dövlət cəmiyyət həyatının bütün sahələrinə, xüsusilə siyasi sahəsinə güclü nəzarət edir. Bu dovlətdə vətəndaşların siyasi proseslərə hər hansı bir təsir gostərməsinə imkan verilmir, vətəndaşlar öz hüquqlarından istifadə edə bilmirlər. Beləliklə, totalitar dövlət öz vətəndaşlarının hüquqlarını qorumaqdansa, özü onları pozur.
Demokratik cəmiyyətdə isə bunun tam əksi olan vəziyyət mövcuddur. Məlumdur ki, bu cəmiyyətdə insan hüquqlarının qorunması əsas məsələdir. Odur ki, demokratik dövlət hüquq və azadlıqların müdafiəsinin etibarlı mexanizmini yaradır. Belə dövlət cəmiyyətin siyasi həyatında vətəndaşların fəal iştirakına nail olmağa çalışır, bu məqsədlə onlara zəruri olan bilik, bacarıq və dəyərlərin verilməsi qayğısına qalır”.
Vətəndaş-cəmiyyət, cəmiyyət-dövlət münasibətləri bütün dövrlərdə aktual olub. Vətəndaşla dövlət arasındakı münasibət onların hər ikisinin üzərinə müəyyən məsuliyyətlər qoyur. Vətəndaşın cəmiyyətdəki rolu onun bu məsuliyyəti necə başa düşməsindən və bu istiqamətdəki fəaliyyətindən asılı olur.
Demokratik cəmiyyətdə dövlətlə vətəndaş arasında münasibət necə olmalıdır? Araşdırmaçı hesab edir ki, dövlətin hüququ vətəndaşın hüququ başlanan yerdə qurtarır. Dövlət hüquqdan kənara çıxa bilməz. Vətəndaş isə qanunun qadağan etmədiyi hər şeyi edə bilər. Qanunlar dövlətin fəaliyyətini çərçivəyə salır.
Vətəndaşın hüququ dövlətin daşıdığı vəzifədir. Məsələn, təhsil hüququ: dövlət öz vətəndaşları üçün təhsil ocaqları açır.
Vətəndaşların hüquq və azadlıqlarından irəli gələn vəzifələrə dövlətin əməl etməsi qanunla müəyyən edilir. Hər bir qanun pozuntusu cəzalandırılmalıdır. Cəmiyyətdə özbaşınalığın getdikcə artmasına gətirib çıxaracaq halların qarşısı qanunla alınmalıdır. Qanunlar vətəndaşların ümumi iradəsinin, istəyinin ifadəsidir. Odur ki, hər bir vətəndaş qanunların qorunmasına çalışır, onların pozulmasını öz hüquqlarının pozulması kimi, özünə qarşı saymamazlıq kimi qiymətləndirir. Müasir dövrdə dövlət-vətəndaş münasibətlərində üstünlük tədricən vətəndaş tərəfə artır. Vətəndaşların özfəaliyyət təşəbbüsləri sahəsi getdikcə güclənir. Vətəndaşlara da, dövlət məmurlarına da aydın olur ki, vətəndaş-dövlət münasibətlərində vətəndaş, onun mənafeyi birinci yerdə durmalıdır.
Vətəndaşların cəmiyyətin siyasi həyatında fəal iştirakı üçün zəruri olan keyfiyyətlər də mühüm amildir. Vətəndaşlıq şəxsiyyətin bir sıra keyfiyyətlərini özündə birləşdirir: “Əvvəla, vətəndaş yüksək səviyyədə müstəqil sosial şəxsiyyətdir. Onun qanunla qadağan olunmayan hər şeyi etməyə ixtiyarı vardır. İkincisi, vətəndaş ölkənin siyasi həyatında mühüm, bəzən həlledici rol oynayan şəxsiyyətdir. Buna görə də, vətəndaş siyasət haqqında təhsilin əsas elementlərinə malik olmalıdır.
Vətəndaş həm də fiziki şəxsiyyətdir, yəni qanunla müəyyən olunmuş hüquqlara malikdir və onlara uyğun vəzifələr daşıyır. Bu, vətəndaşların hüquq qabiliyyəti adlanır. Vətəndaşın hüquq qabiliyyəti doğulduğu andan yaranır. Lakin hüquq qabiliyyəti vətəndaş yalnız qanunla göstərilən yaşa çatdıqda bütünlüklə həyata keçirilə bilər. Məsələn, 15 yaşından 18 yaşına qədər olan vətəndaş öz pulunu əmanət şəklində əmanət kassasına qoya bilər və onunla istədiyi kimi rəftar edə bilər. Lakin o, seçkilərdə iştirak edə bilməz. Vətəndaş həmin yaşlarda özü üçün ixtiraçılıq hüququ əldə edə bilər - bir şey ixtira edə bilər. Buradan aydın olur ki, vətəndaş fiziki şəxs kimi öz hüquq və vəzifələri haqqında zəruri biliklərə malik olmalıdır. Bunlardan əlavə, hər bir vətəndaş həm də cəmiyyətin üzvüdür. Buna görə o da həmin cəmiyyətin mənəvi dəyərlərinə yiyələnməlidir”.
Göründüyü kimi, vətəndaş siyasi, sosial, hüquqi biliklərlə yanaşı, həm də mənəvi dəyərləri özündə birləşdirir. Bu keyfiyyətlər vətəndaşm cəmiyyətdəki ictimai-siyasi problemlərin həllində fəal iştirakına kömək edir.
Müasir şəraitdə vətəndaşlarda aşağıdakı keyfiyyətlər üzvi surətdə birləşməlidir: başqa vətəndaşların hüquq və azadlıqlarını pozmadan öz hüquq və azadlıqlarını həyata keçirmək bacarığı; hakimiyyət orqanları, başqa vətəndaşlar və onların birlikləri ilə dialoqa girmək qabiliyyəti; öz hərəkətləri və öz seçimi üçün məsuliyyət, cəmiyyət və dövlət qarşısında hüquqi və əxlaqi borc.

Elçin Qaliboğlu