“Regionda hərbi eskalasiyanın baş verməsi qaçılmzadır” Layihə

“Regionda hərbi eskalasiyanın baş verməsi qaçılmzadır”

Məhəmməd Əsədullazadə: “Yeni hərbi toqquşma baş verərsə, Ermənistan tam məğlub olacaq”

“Cənubi Qafaz regionu Qərblə Rusiya arasında uzun illərdir ki, rəqabət apardığı və maraqlarının toqquşduğu bir arealdır. Məhz burada əsas iki ölkə daima Rusiyanın təsir və təzyiqlərinə məruz qalıb. Ermənistan isə, Rusiyanın forpostu rolunu oynayaraq, bu ölkənin hərbi pladsarmı olaraq mövcudiyyətini qoruyub saxlayır. Xüsusilə Ermənistanın Azərbaycana qarşı işğalçı syasəti və bunun doğurduğu mənfi nəticələr bütövlükdə regionun siyasi-hərbi mənzərəsinə təsir edərək, bir növ burada təhlükəsizlik riski formalaşdırır”. Bu fikirləri “Xalq cəbhəsi”nə müsahibəsində politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
- Hazırda vəziyyət mürəkkəb olaraq qalmaqdadır. NATO-nun Gürcüstanda keçiriləcək “Layiqli Tərəfdaş 2020” təlimləri və Rusiyanın da keçirməli olduğu “Qafqaz 2020” təlimləri bütövlükdə regionda çox ciddi geosiyasi toqquşmanın nəticəsidir və hər iki tərəf regionda əzələ nümayiş etdirir. Azərbaycan hər iki təlimdə iştirak etmir və öz müstəqil siyasətini qoruyaraq, Türkiyə ilə birgə hərbi təlimlərə üstünlük verib. Bu da Azərbaycanın regionda mövqeyinin güclənməsinə gətirəcək. Qeyd edim ki, regionda gərgin vəziyyəti daima Ermənistan körükləyir və burada əsas məqsəd Rusiyanın maraqlarını təmin etməklə yanaşı, Qarabağ məsələsində hər hansı bir danışıqların gedişatına mane olmaqdı. Məhz İyulun 12-dən 16-na kimi Ermənistanın Tovuz rayonuna hücumu və burada neft və nəqliyyat layihələrini hədəfə alması, bütövlükdə beynəlxalq münasibətlər sistemində yeni bir münaqişə yaratmaqla bir növ Qarabağ məsələsini arxa fona keçirməkdir. Məhz Tovuz hadisələrindən sonra regionda hərbi və siyasi nizam dəyişməyə başladı. Avropa və ABŞ aydın gördü ki, Ermənistan və Rusiya beynəlxalq əhəmiyyətli Gəncə dəhlizinə təhlükə yartamaqla onların enerji və regional siyasətlərinə təhdid yaradırlar. ABŞ-ın NATO çətiri altında Gürcüstanda hərbi təlimləri və Türkiyənin dərhal Azərbycana quru və hava qoşunlarını göndərməklə burada hərbi təlimlərə uzun müddətli başlaması Moskva və İrəvan tandeminə qarşı bir mesaj idi. Bundan sonra Rusiya və Ermənistan geri çəkildi, bir növ Ermənistanın silahlandırlmasına başladılar. Hazırkı prosesdə regionda hərbi eskalasiyanın baş verməsi qaçılmzadır. Çünki danışıqlar keçirilmir, Ermənistan tərəfi sabotajlara əl atmaqla, Qarabağda məskunlaşdırma siyasəti aparır. Bu da yeni problemlərin ortaya çıxması deməkdir. Hazırda Rusiya Ermənistanı silahlandırmaqla, demək olar ki, bu ölkəni Azərbaycanla müharibəyə hazırlayır. Amma Minsk Qrupunun vasitəçisi kimi bir növ ədalətli mövqe tutmalı, münaqişənin həlli istiqamətində BMT qətnamələrinin icrasını işğalçı ölkədən tələb etməlidir. Biz bunun təzahürlərini görmürük və nəticədə İrəvanın sərt ritotkası ilə qarşılaşırıq. Hesab edirəm ki, Azərbaycanın apardığı siyasi kurs və Türkiyə ilə birgə hərbi təlimlər ölkənin Ermənistan və Rusiya qarşısında mövqeyini gücləndirməklə yanaşı, hərbi cəhətdən də gücləndirir. Hazırda Ermənistan tərəfinin tutduğu mövcud kurs bütövlükdə sülh danışıqlarının üstündən xətt çəkir və müharibə variantını gündəliyə daşıyır. Mövcud siyasi vəziyyət gərgin olaraq qalır və Azərbaycanın bütün sülh təşəbbüsləri işğalçı ölkə tərəfindən nəzərə alınmır.
-Geosiyasi proseslər fonunda Qarabağ probleminin həll perspektivini necə dəyərləndimək olar?
- Regionda dəyişməkdə olan siyasi-hərbi nizam, Türkiyənin Azərbaycanla birgə hərəkət etməsi Rusiya və Ermənistanı pat vəziyyətinə qoyub. Hazırda Ermənistandan verilən açıqlamalara diqqət etsək, görərik ki, verilən açıqlamalarda Türkiyə faktoru onları narahat edir və Azərbaycanı müharibə variantından uzaqlaşdırmaq üçün ölkəmizə qarşı yeni ərazilərin işğalı və Gəncəni vurmaqla hədələyirlər. Təbii ki, bu, işğalçı ölkənin blefidir. Ermənistanın buna getməsi mümkün deyil. Bundan əlavə, Ermənistan rəhbərliyi 26 ildən artıqdır ki, aparılan danışıqlarda masada olan həll varinatlarını qəbul etmir. Özlərinin absurd və mümkün olmayan təkliflərini irəli sürürlər. Bu, əlbəttə mövcud status-kvonun saxlanmasına hesablanır. Düşünürəm ki, Ermənistan işğal olunmuş ərazilərin boşaldılmasında maraqlı deyil və onlar çaılşacaqlar ki, yeni ərazilərin tutulmasını həyata keçirməklə, Azərbaycanı mövcud vəziyyətlə barışdırsınlar. Əlbəttə, bu baş verərsə, Azərbaycan kəskin hücuma keçib, işğal olunmuş ərazilərin qaytarılmasını reallaşdıra bilər. Bu da geniş müharibə deməkdir və burada Ermənistanın məğlubiyyəti qaçılmaz olacaq.
-Ermənistanın cəbhə xəttinə əlavə qoşun yerləşdirməsi nəyə hesablanıb?
- Göründyü kimi bu, Ermənistanın növbəti avantürasıdır. Qeyd edim ki, Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri, həqiqətən də Ermənistanda müyyən xof yaradıb. Onlar hesablayırlar ki, Azərbaycan hücum edə bilər. Təbii ki, bu, Azərbaycanın təbii hüququdur. Ona görə də onlar hesab edirəm ki, müdafiəni də gücləndirə bilərlər. Çünki, sülh və danışıqlarda substantiv prosesə gəlsələr heç müharibəyə də ehtiyac olmaz. Görünür, Ermənistan tərərfinə sülh lazım deyil. Həmçinin Nikol Paşinyan öz hakimiyyətinin qorunması və nəticədə daxili siyasi vəziyyəti öz xeyrinə dəyişmək üçün ona müharibə ritorikası lazımdır. Bununla vəziyyətə nəzarət edə və uzun müddət rəqiblərini kölgədə saxlaya bilər. Hesab edirəm ki, Emənistanın növbəti provakasiyalarına Azərbaycan hazır olmalıdır. İşğalçı ölkə Rusiyanın maraqlarını da bu prosesdə nəzərə alıb.
-Minsk qrupunun həmsədri olan bir ölkə- Rusiya işğalçıya silah verir. Təbii ki, Azərbaycan buna ciddi şəkildə etirazını bildirib. Rusiya- Azərbaycan münasibətlərində hansı dəyişiklik ola bilər və bu danışıqlar prosesinə necə təsir edəcək?
-Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə qoşun yığmaqla birbaşa danışıqlar prosesindən çəkilir və müdafiəni gücləndirir. Çünki, Azərbaycanla Türkiyə arasında keçirilən birgə hərbi təlimlər və TSK-nın Azərbaycanda qalması, işğalçı ölkənin avantürüya əl atmasına gətirib çıxarıb.
Ermənistan Baş naziri Nİkol Paşinyan Şuşada asma körpünün açılışını etdi. Livandan yeni erməni ailələrini Qarabağa köçürür. Bir tərəfdən də işğal olumuş ərazilərdə yeni qanunsuz hərbi birləşmələr yaradır. Göründüyü kimi Ermənistan tərəfi müharibəyə hazırlaşır və danışıqlara getmir. Bunun arxasında Rusiya durub.
Ötən ay Azərbaycan XİN rəhbərinin Moskva səfəri və Rusiyanın müdafiə naziri Şoyqunun Bakı səfərində aparılan danışıqlarda razılıq əldə olunmadı. Çünki, Rusiyanın təklifləri Azərbaycanı qane etməyib. Azərbaycanın Türkiyə ilə birgə hərəkəti və qoşunların yeni təlimlər üçün Azərbaycanda qalması, Rusiyadan yeni silhaların alınmaması və Türkiyə qoşunlarının Moskvanın bağlı qapılar arxasında tələbinə baxmayaraq Azərbaycandan çıxarmaması, o deməkdir ki, Kreml Ermənistanı yeni müharibəyə sövq edə bilər. Azərbaycan Rusiyanın Xəzərdə "Qafqaz-2020" təlimlərinə də qatılmamalıdır. Necə ki, quru qoşunlarının təliminə qatılmadı.
Ermənistan tərəfi Azərbaycanın yeni ərazilərinə hücum edə bilər. Bu kimi çağrışları biz qarşı tərəfdən eşidirik. Bunu prezidentin köməkçisi Hikmət Hacıyev də qeyd edib. Ermənistanın əsas hədəfi yeni ərazilər ilhaq edib, Azərbaycanı mövcud vəziyyətlə barışdırmaqdır. Bu, planın başlanmsı Ermənistan üçün fəlakət ola bilər. Azərbaycan yeni eskalasiyada işğal olunmuş əraziləri işğalan azad edə bilər. Necə ki, Ermənistanın Tovuz təxribatları fiaskoya uğradı.
Yeni hərbi toqquşma baş verərsə, Ermənistan tam məğlub olacaq. Rusiyanın Ermənistana silah daşıması, heç də Ermənistanın güclənməsi deyil.
Qeyd edim ki, Qarabağ danışıqları tam iflasa uğrayıb. Ermənistan tərəfi qəti konustukruktiv danışıqlara hazır deyil və bunun arxasında Moskva durub. ATƏT-in Minsk qrupunun da təqdim edəcəcəyi heç bir varinat yoxdur.
-Görünən odur ki, tək və əsl müttəfiqimiz qardaş Türkiyədir. Türkiyə Azərbaycana hərbi dəstək verə bilərmi? Birgə təlimlərdə hansı mesajlar verildi?
-Rusiyanın Ermənistana silahlar daşıması, xüsusilə Tovuz təxirbatlarından sonra buna getməsi, Rusiyanın Azərbaycanla dostluq və qinşuluq prinsiplərinə ziddi. Eyni zamanda, Minsk qrupunun həmsədri kimi vasitəçiliyinə zərbədir. Hesab edirəm ki, bu baxımdan Azərbaycan Rusiya ilə haqlı olaraq onun təkliflərinə qarşı getdi və Türkiyə ilə haqlı olaraq siyasi-hərbi əlaqələri inkişaf etdirir. Rusiya vasitəçi kimi Ermənistanı silahlandırmaqla, tamamilə Qarabağ danışıqlarının qarşısını alır.
Azərbaycan bu məsələdə Türkiyənin dəstəyini almqdadır. Bundan sonra Türkiyə Azərbaycana tam dəstək verəcək. Bu gedişat regionda balansı Azərbaycanın xeyrinə dəyişəcək. Minsk qrupunun vasitçilyinə gəldikdə isə, bu format uğursuzdu və işğalçıya qarşı heç bir təzyiq etmir.
Əli Zülfüqaroğlu