Vətəndaş cəmiyyətinin əsas elementləri  –  4-cü yazı Layihə

Vətəndaş cəmiyyətinin əsas elementləri  –  4-cü yazı

Professor Mübariz Əmirov: “Hər bir vətəndaşın mənəvi vəzifəsi o deməkdir ki, onun hər bir addımı cəmiyyətin tərəqqisinə xidmət etsin”

4-cü yazı

İnsan fiziki və mənəvi, təbii və sosial, irsən keçən və həyatda əldə edilənləri bir vəhdət halında özündə birləşdirən varlıqdır. Uşaq dünyaya gələrkən insan vücudunun spesefik quruluşunu, beyin strukturunu, genetik məlumat ehtiyatını irsən toplayır. Professor Mübariz Əmirovun araşdırmasında bu və başqa məsələlərə bağlı bildirilir ki, insanın mənəvi həyatı, davranış tərzi qabaqcadan proqramlaşdırılmır. Həyata qədəm qoyarkən insan əvvəlki nəsillərin fəaliyyətinin təcəssümü olan hadisə və proseslərlə qarşılaşır. Fəaliyyətin tarixən yaranmış sosial formaları insanın fərdi təşəkkülünün başlıca şərtidir. XIX əsrin II yarısından etibarən insanın bioloji təkamülün məhsulu olması ideyası geniş yayılmağa başladı. Bu vaxtdan etibarən insanı yüksək təşəkküllü heyvanlardan fərqləndirən cəhətlərinin müəyyən edilməsi qarşıya çıxdı. İnsanın sosial və bioloji mahiyyətinin araşdırılması onun heyvandan fərqli cəhətlərini öyrənməyə imkan verir.
İnsanın bioloji meyllərə malik olmasına baxmayaraq, o, tam başqa təbiətli varlıqdır. İnsanı heyvandan fərqləndirən ən mühüm əlamət də məhz dil mədəniyyətidir. Buradan belə bir nəticə çıxarmaq olar ki, heyvan ona ana bətnində verilmiş “genetik proqramla” doğulduğu halda insan belə bir proqramı sonradan, həm də əsasən, dil vasitəsilə qazanır. Yalnız insanlar cəmiyyət yaratmağa qadirdirlər. Bununla əlaqədar belə bir sual qarşıya çıxır: İnsan cəmiyyətini heyvanların təbii birliyindən fərqləndirən nədir? Bu fərq hər şeydən əvvəl, onda özünü göstərir ki, insan cəmiyyəti birlik forması olmaq etibarı ilə adi bioloji ümumilikdən çox yüksəkdə durur. İnsanların birliyi orqanizmlərin funksional ümumiliyi üzərində deyil, mədəniyyət normalarının vəhdəti üzərində yüksəlir. Mədəniyyətin olmadığı yerdə cəmiyyət də ola bilməz. Buradan isə aydın olur ki, mədəniyyət insan cəmiyyətini istənilən heyvan birliklərindən fərqləndirən başlıca amildir. Lakin öz-özlüyündə mədəniyyət cəmiyyətinin yaranmasını, mövcud olmasını izah edə bilməz. Mədəniyyət - insanların qarşılıqlı əlaqəsinin, yaratdıqları maddi və mənəvi sərvətlərin nəsildən-nəslə verilməsi formasıdır.
Professor Mübariz Əmirovun araşdırmasına əsasən, insanı heyvandan həm şüuruna, həm nitqinə, həm də başqa əlamətlərinə görə fərqləndirmək olar. İnsanlar heyvanlardan başlıca olaraq özləri üçün zəruri olan həyat vasitələri istehsal etməklə fərqlənirlər. İnsanların sosial-mədəni birləşməsi olan cəmiyyət yalnız istehsal olan yerdə mövcud olur. İstehsal insanı yalnız heyvandan fərqləndirən əlamət deyil, həmçinin onun mayasını təşkil edən cəhətdir. İnsanın inkişafına sosial amilin həlledici təsiri heç də insanda bioloji amillərin aradan çıxması demək deyil. İnsanda bioloji və sosial cəhətlər dialektik cəhətdə mövcuddurlar.
Məlum olduğu kimi, insan son dərəcə mürəkkəb varlıqdır, o, təbiətin törəməsi, onun yüksək məhsuludur. İnsan cəmiyyətdə yaşayır, o burada digər adamlarla müxtəlif sosial əlaqələrlə – iqtisadi, ideoloji və siyasi münasibətlərlə bağlanır. Buna görə də insan yalnız bioloji amillərin deyil, həm də sosial amillərin daşıyıcısı rolunu oynayır. Deməli, insan eyni zamanda həm təbiətlə, həm də cəmiyyətlə təmasdadır. Bu qarşılıqlı münasibət prosesində insan həm təbiətin, həm də cəmiyyətin təsiri altında formalaşır. Təbiətin insanda yaratdığı tərəflərin məcmusu onun bioloji cəhətini, cəmiyyətin, yəni ictimai münasibətlər sisteminin formalaşdırdığı keyfiyyətlərin məcmusu isə sosial cəhətini təşkil edir.
İstehsal fəaliyyəti nəticəsində insandakı bioloji amillər əhəmiyyətli dərəcədə modifikasiyaya uğrayaraq heyvanlarla müqayisədə daha yüksək səviyyəyə qalxıb. Başqa sözlə, o, sosial amillərin təsiri altında bir növ “insanlaşıb”. İnsan orqanizmi öz anatomik quruluşuna və fizioloji funksiyalarına görə biolojilik sarıdan heyvanlarla bir sıra ümumi cəhətlərə malik olsa da, insanda əmək fəaliyyəti ilə şərtlənən ayrıca cəhətlər var. Bu cəhətdən insanın bütün həyatı və fəaliyyəti özünün şüur və iradəsi altındadır. O yalnız özünün deyil, həm də başqalarının həyati tələbatlarını ödəmək üçün maddi nemətlər istehsal edir. Buna görə də insanın istehsal elədiyi şeylər ictimai mahiyyət kəsb edir. İnsanı nadir varlığa çevirən cəhət bir də odur ki, o, öz zəngin təcrübəsini şüurlu surətdə gələcək nəsillərə vermək qabiliyyətinə malikdir.
Vətəndaş cəmiyyəti - hər cür xüsusiyyətlərə malik insanların cəmiyyətidir. Vətəndaş cəmiyyətinin özü canlı orqanizmdir. Canlıdır ona görə ki, dinamikdir, inkişafdadır, dəyişəndir, hakimiyyətin hərəkətverici qüvvəsinə cavab verə bilir. Vətəndaşlıq hisslərin, mənəviyyatın və şüurun xüsusi forması olub, hər bir insanda tez formalaşmır, bu, şəxsiyyətin sosiallaşması yolu ilə və həyat təcrübəsinin olması əsasında tədricən baş verir. Məhz bərabər hüquqlu insanların fikir mübadiləsi prosesində siyasi qüvvələrin mövqeləri, dövlətin siyasi fəaliyyəti müzakirə olunur. Bunun sayəsində ictimai rəy yaranır, vətəndaşlıq mövqeyi ərsəyə gəlir.
Siyasi qrupların rəqabəti belə bir mifin yayılmasına imkan verib ki, vətəndaş cəmiyyəti və dövlətin barışığı qeyri-mümkündür. Əlbəttə, onlar arasında həmişə mübarizə gedir. Lakin bu mübarizə konstitusiya müstəvisində gedirsə, burada təhlükəli bir şey yoxdur. Təhlükə onda yarana bilər ki, qanun pozuntusuna yol verilmiş olsun.
Vətəndaş cəmiyyətinin fəaliyyətinin zəruri şərti azad şəxslərin varlığıdır. Bu cür cəmiyyət bir tərəfdən onunla səciyyələnir ki, ictimaiyyət, xüsusən də fərdi muxtariyyət yüksək səviyyədə təmin olunur. Belə şəxsiyyət özünüqiymətləndirən və özünütamamlayan qüvvə kimi çıxış edir. Digər tərəfdən, bu cür şəxslər başqaları ilə ümumi məqsəd, maraq və dəyərlər uğrunda qarşılıqlı münasibətdə olmaq qabiliyyətinə malikdirlər. Onlar həm də şəxsi maraqlarını və nailiyyətlərini hüquqi normalar çərçivəsində ümumi rifaha tabe etmək bacarığına qadir olurlar.
BMT-nin 1999-cu ilin aprelində qəbul etdiyi “Demokratik hüquqların yayılması” sənədinin əsas müddəalarında aşağıdakılar göstərilib:
• Fikir azadlığı və onları ifadə etmək, düşünmək, din və vicdan azadlığı.
• İstənilən daşıyıcı qüvvə vasitəsi ilə informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı hüququ.
• Vətəndaşların haqları, maraqları və şəxsi təhlükəsizliyinin hüquqi təminatını əks etdirən qanunun aliliyi.
• Ümumi və bərabər səsvermə hüququ.
• Siyasi həyatda iştirak etmək.
• Hesabat verməli olan və şəffaf işləyən dövlət müəssisələri.
Hər bir vətəndaşın mənəvi vəzifəsi o deməkdir ki, onun hər bir addımı cəmiyyətin tərəqqisinə xidmət etsin.
Beləliklə, vətəndaş cəmiyyəti fövqəladə mürəkkəb quruluşdur, demokratik ictimai quruluşun bünövrəsidir. Vətəndaş cəmiyyəti onun üzvləri arasında dövlətdən asılı olmayan, lakin dövlətlə qarşılıqlı əlaqədə olan münasibətlərlə səciyyələndirilir. Bu cəmiyyət yüksək sosial, iqtisadi, siyasi, mədəni və mənəvi statusa malik olub, dövlətlə birgə, inkişaf etmiş, hüquqi münasibətlər yaradan vətəndaş cəmiyyətidir.
Professor Mübariz Əmirovun fikrincə, Azərbaycan Konstitusiyası hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai qurumlar yaratmaq və ya mövcud təşkilata daxil olmaq hüququnu təsbit edərək, bütün birliklərin sərbəst fəaliyyətinə təminat verir.
İnsanın mövcudluq üsulunun və xarakterinin dəyişməsi cəmiyyətin dəyişməsi ilə əlaqələndirilir. Burada insanın mövcudluğunun əsas prinsipi «malik olmaq» deyil, “olmaq” yaxud “olum”dur. Beləliklə, təhtəlşüur probleminin işlənməsinə yeni-yeni əlavələr edilməsi fərdi və ictimai şüurun strukturunun tənqidində insan psixologiyasının sahəsini şüurluluq və təhtəlşüur dairələri ilə məhdudlaşdırıb. Bununla əlaqədar hazırda geniş yayılmış mentalitet (mentallıq) anlayışına diqqət yetirmək vacibdir. “Mentalitet” – “mens” – latınca – “ağıl”, “təfəkkür”, fikir obrazı ruhi vəziyyət, fikirlərin, əqidələrin, ruhi vərdişlərin nisbətən bütöv məcmuudur. Bunun sayəsində dünyanın mənzərəsi yaranır və mədəni ənənələri, yaxud da ictimai birlikləri möhkəmləndirir. Mentalitet kollektiv şüurun işini səciyyələndirir. Bu mənada o təfəkkürün spesifik tipi kimi başa düşülür. Lakin belə bir şübhə doğurur ki, insanın sosial davranışı fasiləsiz analitik fəaliyyətindən qətiyyən yaranmır. Ümumiyyətlə, konkret fərdə bu və ya digər dərəcədə onun əvvəlki sosial təcrübəsi, maraqları, sağlam düşüncəsi təsir edə bilər. Deməli, mentalitet insanlarda onların təbiətindən və sosial cəhətdən şərtlənmiş komponentlərindən doğan ən ümumi olandır ki, bu da öz növbəsində insanın həyatı və dünya haqqında təsəvvürlərini aşkar edir. İnsanları əhatə edənlərin dərk edilməsi, fikir sxemləri, obraz kompleksləri mentalitetdə öz mədəni təzahürünü tapır. Mentaliteti ictimai əhvali-ruhiyyədən dəyər oriyentasiyalardan və fenomen kimi ideologiyadan fərqləndirmək lazımdır. O vərdişləri, meyl, həvəs, kollektiv emosional şablonları ifadə edir. İctimai əhvali-ruhiyyə dəyişkəndir, qeyri-müəyyəndir, mentalitet isə daha sabit xarakterlə seçilir. Mentalitet dəyər oriyentasiyalarını özünə daxil edir, lakin onunla da tükənmir. Dəyərlər dərk ediləndir. Lakin mentalitet eyni zamanda psixikanın şüursuz layı ilə əlaqədar olandır. Bu mənada o heç də həmişə onun daşıyıcıları ilə artikulyasiya əmələ gətirmir. Daha tez-tez mentalitet digər mentalitetlərə müqayisə yolu ilə tədqiqatçılar tərəfindən rekonstruksiya olunur. Bir sözlə, mentalitet cəmiyyətdə insanların həyatını formalaşdıran mədəni aspektin iqtisadi aspektdən heç də az rol oynamadığını göstərir.
Uğur