“Ermənistanın dinc sakinləri qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil” Layihə

“Ermənistanın dinc sakinləri qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil”

Anar Məmmədov: “İrəvan danışıqlar prosesində iştirak etmək iqtidarında olmadığını göstərir”

Oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin verdiyi məlumata görə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində 41 mülki şəxs həyatını itirib.
Göründüyü kimi Ermənistan vandal hərəkətlərini davam etdirməklə danışıqların bərpa olunmamasına çalşır.
Deputat Anar Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanın son 30 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur: “Lakin aşkar görünür ki, "demokratiya çətiri" altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib". O, qeyd edib ki, Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir: "Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər".
Deputat bildirib ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir: "Bununla da Ermənistan hökuməti tərəfindən terrorizmin dövlət səviyyəsinə qaldırılması inkarolunmaz bir fakta çevrilir. Ermənistanın dinc sakinləri - uşaqlar, qadınlar və ahılları qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil. Ermənilər yenə də öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurlar. Humanitar atəşkəsin əldə olunmasından sonra işğalçı tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması, çoxmənzilli yaşayış binasını atəş açılması və mülki əhalinin hədəf alınması mənfur düşmənin təcavüzkar siyasətindən əl çəkmədiyinin bariz göstəricisidir. Erməni tərəfi bununla da öz vandalizmini davam etdirərək atəşkəsə əməl etmək və danışıqlar prosesində iştirak etmək iqtidarında olmadığını göstərdi".
Anar Məmmədov deyib ki, bu gün Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur: "Bu bir yana, "demokratiya carçıları" Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin bu barbarlığına, vandalizminə, soyqırım aktına, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar. Belə olan təqdirdə isə beynəlxalq hüququn, dünya ictimaiyyətinin susqunluğu fonunda Azərbaycan Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur".
Millət vəkili Ceyhun Məmmədov deyib ki, ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması yeni məsələ deyil: “Amma bu dəfə fərq ondadır ki, işğalçı ordu cəbhə zonasından xeyli uzaqda yerləşən şəhərləri və kəndləri ağır silahlardan atəşə məruz qoyur. Buna nümunə olaraq Gəncəni, Mingəçevi və s. yerləri göstərmək olar. Bütün bunlar beynəlxalq hüquqa, humanitar normalara ziddir. Bütövlükdə isə hərbi cinayətdir. Ermənistanın belə bir addım atması təxribat xarakteri daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparır və Azərbaycanın bir şərti var ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ermənistan isə əvəzində mülki əhaliyə atəş açır, bizim müxtəlif şəhərləri tez-tez top və raket atəşinə tutur. Burada da əsas məqsəd ondan ibarətdir ki, əhali arasında təşviş yaratsın, insanları qorxutsun". Deputatın sözlərinə görə, Ermənistanın digər məqsədi də ondan ibarətdir ki, beynəlxalq qurumların diqqətini bura çəksin: "Yəni cavab olaraq Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən dırnağarası “uğurlara” nail olsun. Məqsədlərdən biri də budur ki, ermənilər xarici dövlətlərə nümayiş etdirsin ki, Azərbaycan müharibəni Ermənistanla aparır. Bununla da digər dövlətləri münaqişəyə cəlb etmək istəyirlər.
Azərbaycan öz ərazisindən işğalçıları çıxarmaq üçün zəruri tədbirləri həyata keçirir. Ermənistan isə təcavüzkardır və təxribatçıdır. Bu məsələdə maksimum soyuqqanlı olmalıyıq. Əsas diqqəti, gücü yönləndirməliyik işğaldan azad olan torpaqlarımızın azad olunmasına. Biz inanırıq ki, tez bir zamanda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu torpaqların işğaldan azad edilməsinə nail olacaq.
Ermənistan bu gün artıq çökmüş vəziyyətdədir. Çoxlu canlı qüvvə və hərbi texnika itirilib, əsgər və zabitləri həlak olub. İndi onlar könüllüləri, veteranları orduya cəlb edirlər. Onların çoxunun təminatı yaxşı səviyyədə deyil. Baxırsan ki, hərbi geyimləri belə yoxdur. Ermənistanın gücü, imkanları tükənib. Son nəfəslərini alırlar. Vəziyyətdən çıxmaq üçün hər yola gedirlər. Amma Azərbaycan öz qərarını beynəlxalq qurumlara və eyni zamanda ayrı-ayrı dövlətlərə çatdırıb. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan müvafiq qrafiq üzrə işğal etdiyi torpaqları tərk etməlidir. Yalnız bundan sonra atəşkəsdən söhbət gedə bilər. İnanırıq ki, biz qısa bir zaman ərzində öz torpaqlarımızı işğaldan azad edəcəyik".
AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların pozulması bu gün də ermənilərin əsas hədəflərindəndir: “Açıq danışıqlardan qaçan erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradıblar”.
O, diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq sənədlərdə öz əksini tapıb.
Alim əlavə edib ki, işğalçı olmasına baxmayaraq, Ermənistan beynəlxalq vasitəçilərin münaqişə ilə bağlı təkliflərinə məhəl qoymur, torpaqları işğaldan azad etmir, Qarabağdakı separatçıların danışıqlarda iştirak etməsinə çalışır: Z.Əliyevin sözlərinə görə, humanitar məqsədlərlə atəşkəs elan edildikdən sonra da Ermənistanın Azərbaycan ərazilərini raket atəşinə tutması və dinc əhalini öldürməsi bir daha bunu sübut etdi ki, Ermənistan Cənubi Qafqazda sabitliyi pozan başlıca amildir. Erməni təxribatları sistemli xarakter daşıyır. Rəsmi İrəvanın bu ilin iyul, avqust və sentyabr aylarında törətdiyi hərbi təxribatlar regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadəyə təhrik edir. Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə, eləcə də "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasına, BMT-nin Uşaq Hüquqları Konvensiyasına, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməyərək mütəmadi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur və müharibə cinayətlərini davam etdirir: "Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Bərdə, Füzuli, Ağdam ərazilərində dinc əhalini hədəfə alan ermənilərin niyyəti bəllidir. Bu niyyət terror törətmək, daha çox dinc əhalinin zərər görməsinə nail olmaq, regionda stabilliyi, danışıqlar prosesini pozmaqdır. Döyüşü müharibə ərazisindən kənarda davam etdirən Ermənistan bir daha işğalçı mövqeyini ortaya qoyur. Qarabağ münaqişəsi həll olunub bitməyənə qədər, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayana qədər bu münaqişə bitməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında davamlı olaraq bildirir. Moskvada əldə olunan razılaşma sadəcə müddətlidir və bu, müharibədə baş verən bir prosesdir. Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu müqəddəs müharibənin tezliklə qələbə ilə başa çatacağına, torpaqlarımızın işğaldan azad olunacağına tam əmindir".

Əli Zülfüqaroğlu