Vətəndaş cəmiyyətində insan,  fərd,  fərdiyyət  və  şəxsiyyət Layihə

Vətəndaş cəmiyyətində insan,  fərd,  fərdiyyət  və  şəxsiyyət

5-ci yazı

Cəmiyyət və insan problemi ilə əlaqədar olaraq “insan”, “fərd”, “fərdiyyət” və “şəxsiyyət” anlayışların ınümumi cəhətlərinin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Professor Mübariz Əmirovun bununla bağlı araşdırmasında bildirilir ki, insan təbiəti etibarilə bioloji olduğu halda, mahiyyəti etibarilə sosialdır. O, ictimai-tarixi fəaliyyətin və mədəniyyətin subyekti, dəqiq desək, mövcud ictimai münasibətlərin, ümumdünya tarixi-mədəni prosesin məhsuludur. Fərd - insan nəslinin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Fərddə bu tərəflər bir-birinə culğalaşmış şəkildə mövcud olur. Beləliklə, fərd özünün antropoloji (bioloji) və ictimai (sosial) tərəflərinə nəzərən etinasızdır. Fərd bizim qarşımıza canlı orqanizmin malik olduğu fiziki və ruhi qabiliyyətlərin məcmusu kimi çıxır. Fərd dedikdə ayrıca bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı, fərdi cəhətləri də var.
“Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir və ondakı bu sosial tərəfin inkişaf dərəcəsini göstərir. Şəxsiyyət - yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən şəxsdir. Şəxsiyyət müstəqil, sosial cəhətdən çox fəal olan adamdır. Şəxsiyyətin başlıca cəhəti onun ictimai fəaliyyətidir.
İnsan anadan fərd kimi doğulur, şəxsiyyət kimi isə sonralar formalaşır. Əgər fərd anlayışı insanın ictimai münasibətlərin məhsulu olduğunu göstərirsə, şəxsiyyət alayışı onu daha çox bu münasibətlərin subyekti kimi səciyyələndirir. Professor Mübariz Əmirov qeyd edir ki, şəxsiyyət öz mahiyyətinə görə sosialdır, mövcudluq üsuluna görə fərddir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesefik, özünəməxsus konkret bioloji və sosial cəhətlərin məcmusudur. Hər bir adamın fərdiliyi bir tərəfdən bioloji amillərlə, digər tərəfdən isə sosial mühitlə, ictimai münasibətlər sistemi ilə şərtlənir. Beləliklə, “fərdiyyət” və “şəxsiyyət” anlayışları məzmunca qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərddir, təkrarolunmazdır, digər tərəfdən, məhz fərdilik şəxsiyyətin spesefikliyini ifadə edir. Lakin həmin anlayışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı dah çox insanın müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə müstəqil qərar qəbul etmək qabiliyyətini göstərir.
Fərdiyyət öz ifadəsini insanın təbii əlamətlərində, psixi xassələrində - hafizə, təxəyyül, temperament və xarakterində, onun simasının həyat fəaliyyətinin xüsusiyyətlərində tapır. İnsanın şüurunun bütün məzmunu: fikirləri də, mühakimələri də fərdi rəng alır. Hətta bunlar müxtəlif adamlarda da ümumi olduqda belə, haradasa müəyyən “özünəməxsusluqla” fərqlənir. Hər bir adam gördüyü işlərdə, irəli sürdüyü mühakimələrdə, insanlara münasibətdə öz xüsusiyyətlərini həkk etdirir. Şəxsiyyət isə yalnız öz xüsusiyyətləri cəhətindən deyil, həmçinin öz sosial – mənəvi keyfiyyətləri cəhətindən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər. Lakin çox zaman onlar müxtəlif nisbətlərdə insanın həm ləyaqətini, həm də çatışmazlıqlarını özündə birləşdirmiş olur.
Şəxsiyyəti sosial mühitin passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal ictimai xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi, istedadı vasitəsilə həyata keçirilir.
Şəxsiyyət fərdin sosial keyfiyyətlərinin ifadəsi, onların obyektiv və subyektiv xarakteristikalarının vəhdətidir. Lakin bu heç də bioloji və psixoloji amillərə laqeydlik göstərmək üçün əsas vermir. Professor Mübariz Əmirovun fikrincə, müasir fəlsəfi ədəbiyyatda şəxsiyyətin sosial strukturu haqqında qızğın mübahisələr gedir. Bu struktur insanın davranışının başlıca istiqamətini müəyyən edən obyektiv və subyektiv amillərin, habelə onların tərkib ünsürlərinin məcmusu olub, təkcə şəxsiyyət problemini öyrənmək üçün yox, həm də ona təsir göstərmək baxımından əhəmiyyətlidir. Fərdin sosial keyfiyyətləri onun obyektiv surətdə daxil olduğu birliyin təsiri altında onun fəaliyyəti prosesində təşəkkül tapıb inkişaf edir. Şəxsiyyətin sosial strukturunda aşağıdakı ünsürləri qeyd etmək olar:
a) fəaliyyətin müxtəlif növlətində sosial keyfiyyətlərin reallaşması üsulu;
b) şəxsiyyətin obyektiv tələbatı və mənafeyi;
v) cəmiyyətin mənəvi sərvətlərə yiyələnmə dərəcəsi, yəni şəxsiyyətin mənəvi aləmi;
q) şəxsiyyətin rəhbər tutduğu əxlaqi normalar və prinsiplər;
d) əqidə və əqidəyə sədaqət.
Hər bir şəxsiyyətdə bu struktur ünsürlərini müşahidə etmək olar. İnkişaf prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir, təkmilləşir. Şəxsiyyət sosial mühitlə qarşılıqlı təsir prosesində formalaşır.
Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin fəallığının mənbəyi kimi meydana çıxır. Hər bir şəxsiyyət təkrarolunmaz ünsiyyətə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər də vardır. Ona görə də insanları uyğun, oxşar sosial əlamətlərinə görə müxtəlif qruplara ayırmaq olar ki, bunları da adətən, şəxsiyyətin sosial tipləri adlandırırlar. Şəxsiyyətin sosial tipi insanın öz fəaliyyət növlərini həyata keçirmək üsulları ilə bağlıdır.
XXI əsrin qlobal problemləri içərisində insan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər isə doğrudan da kövrəkdir, zərifdir və bəzən adi bir yersiz baxış, təsadüfi sayğısızlıq onlarda dərhal əks olunur, adamların bir-birinə hörmət-izzətini azaldır, qarşılıqlı münasibətlərinə soyuqluq gətirir.
Cəmiyyətdə hər bir insan başqaları ilə qarşılıqlı fəaliyyətdə olmalı və kollektivdə yaşamalıdır. Kollektiv daimi birgə işlə məşğul olan, ümumi məqsədə malik, təhsil və yaxud yaradıcı fəaliyyətlə bağlı olan insanlar birliyidir. Bununla belə, hər bir insanda fərdilik, şəxsilik olduğu kimi, ümumilik və kollektivçilik də var. Təəssüf ki, fərdilik və ümumilik həmişə üst-üstə düşmür. Belə olduqda insan seçim qarşısında qalır – güzəştə getsin, yoxsa iddia irəli sürsün? Bəziləri münaqişə yolunu ətrafdakılarla mübarizə, öz maraqları üçün müharibə yolunu seçirlər. Belələrini çox vaxt münaqişəli insanlar da adlandırırlar. Münaqişə (konflikt) – əks maraqların, baxışların və ya fikirlərin toqquşmasıdır. Sosial münaqişələrin bir çox növləri vardır: ailə, peşə istiqamətli, şəxslərarası, millətlərarası, dövlətlərarası və siyasi münaqişələr.
Rəqabət münaqişəyə yaxındır. İnsan öz rəqibini hər şeydə – məvacibdə, cəmiyyətdəki vəziyyətində, şöhrətdə, təriflənmədə və s. hallarda üstələməyə çalışır. Rəqabət özünü başqasına qarşı qoymağı, fərdiliyin son həddini, insanlara münasibətdə təkəbbürlülüyü, yaxınlara kömək arzusunun olmamasını nəzərdə tutur. Əgər cəmiyyət rəqabət üzərində qurulubsa, onda hər kəs ilk növbədə rəqiblərini məhv etməyə və hər şeyə yalnız özü nail olmağa çalışır.
İnsanların qarşılıqlı fəaliyyət formalarından biri əl-ələ verib çalışmasıdır, yəni həmrəylikdir. Həmrəylik dedikdə könüllülük əsasında hər kəsin ətrafdakı insanların nailiyyətləri ilə maraqlanması, bir-birinə qarşılıqlı kömək və yardım göstərməsi, bir güc, etimad, bərabərhüquqlu tərəfdaşlıq nəzərdə tutulur. Bu halda ümumi və fərdi maraqlar vəhdət təşkil edir. Təbii ki, belə olduqda kollektivçilik ayrıca insanın şəxsiyyətini kölgədə qoymamalı, hamının rifahı, meyil və maraqları nəzərə alınmalıdır.
Xeyirxahlıq bizə ulu babalarımızdan əmanət qalmış çox böyük sərvətdir. Məsələn, keçmiş dövrlərdə hər bir adam evinin qapısı önündə tut ağacı əkərmiş. Yol kənarlarında meyvə bağları salarmış. Bulaq çəkmək, körpü salmaq, mədrəsə tikməyi və s. imkanlı adamlar özlərinə borc bilərlərmiş. İndiki kimi nəqliyyat vasitələrinin olmadığı o zamanlarda uzaq səfərə çıxan adamlar sərin bulaq suyundan içər, ağacların meyvələrindən yeyər, kölgəsində dincələr, bu bulağı çəkən, bu ağacları əkən xeyirxah insanlar haqqında xoş sözlər deyərdilər.
İnsanlar müxtəlif sosial-mədəni köklərə, dini əqidələrə malikdirlər. Həyatın istənilən problemi və ya hadisəsi haqqında, sözsüz ki, onların həmişə müxtəlif fikir və ideyaları olacaqdır. İnsanın baxış müxtəlifliyinə dözümlü münasibəti və öz mövqeyini ətrafdakılara hörmətlə ifadə etməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür dünyagörüşə malik şəxsi dözümlü (tolerant) insan adlandırırlar.
Professor Mübariz Əmirovun araşdırmasında vurğulanır ki, tolerant olmaq – digər insanların ideyalarını, fəaliyyətini və həyat tərzini həyatın rəngarəngliyi kimi qəbul etmək, əks baxışlara səbirlə yanaşmaq deməkdir. Tolerant insan fikir ayrılıqlarını diolaq prosesində aydınlaşdırır və istənilən mübahisəni müzakirə və inandırma yolu ilə həll edir. Tolerantlıq, insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz və mühüm ünsürüdür. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır, insanların həmrəyliyini möhkəmləndirir. Totlerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa və hədə-qorxuya qalib gəlir, cəmiyyətdə təhlükəsizlik hissini təmin edir. Tolerant insan öz rəqiblərinə hörmətlə yanaşır. Sizin başqalarını bağışlamağa gücünüz çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya biləcəklər.

Uğur