“Ermənistan uğrunda amansız savaş başlayıb” Layihə

“Ermənistan uğrunda amansız savaş başlayıb”

Əziz Əlibəyli: “Türkiyə-Azərbaycan-Rusiya ittifaqının qurulması prosesinə start verilib”

Azərbaycan torpaqlarını işğaldan azad edib və Ermənistan üzərində qələbə qazanıb. Amma görünən odur ki, bəzi maraqlı qüvvələr təxribatlarından əl çəkməyəcəklər. Xüsusilə Avropada erməni lobbisinini maliyyələşdirdiyi şəxslər təxribat xarakterli addımlarından əl çəkmirlər. Buna missal olaraq Paris meriyasının addımını göstərə bilərik. Bir sıra ekspertlər isə hesab edirlər ki, Qərbi narahat edən Türkiyə-Azərbaycan-Rusiya ittifaqıdır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, əvvəlcə layihə parlamentin iclasında müzakirəyə çıxarılıb və qəbul edilib. Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Məlumatda qeyd olunur ki, Azərbaycan ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb: "Türkiyə hər zaman Azəbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır".
Rusiya prezidenti Vladimir Putinin isə “Rossiya 24” telekanalına müsahibəsi bir çox məqamlara aydınlıq gətirib. Putin söyləyib ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar əvvəlcə 5 rayonun, sonra isə 2 rayonun Azərbaycana qaytarılması, Azərbaycanın Laçın rayonu ərazisində dəhliz yaradılması, köçkünlərin öz yerlərinə qaytarılması və Dağlıq Qarabağın statusunun tanınması prinsipi barədə olub. Vladimir Putin deyib: “Əgər biz bu razılaşmaya nail ola bilsəydik, müharibə olmazdı. Mən indi də buna tam əminəm”.
Türkiyənin Azərbaycanı birtərəfli qaydada dəstəkləməsi ilə bağlı suala cavabında Rusiya lideri deyib: “Azərbaycan müstəqil, suveren dövlətdir və Azərbaycan özünün lazım hesab etdiyi müttəfiqləri seçmək hüququna malikdir. Bu məsələdə kim ona mane ola bilər?”
V.Putin xatırladıb ki, indiyə qədər heç bir ölkə, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Beynəlxalq hüquq baxımından Azərbaycan bütün dünya birliyinin Azərbaycana məxsus hesab etdiyi əraziləri özünə qaytarıb. “Bununla əlaqədar Azərbaycan ona kömək göstərən hər hansı müttəfiqi seçmək hüququna malikdir”, - deyə Prezident bildirib. O qeyd edib ki, Türkiyə lap əvvəldən Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun üzvüdür, Türkiyəni “beynəlxalq hüququ pozmaqda” ittiham etmək çətindir. RF Prezidentinin sözlərinə görə, əsrlər boyu Rusiya-Türkiyə münasibətlərinin dramatik tarixini Rusiyada xatırlayırlar. Prezident belə bir fakta diqqəti cəlb edib ki, Avropa xalqlarının çoxunun bir-biri ilə münasibətlərinin tarixi bundan heç də az gərgin və faciəli olmayıb. O, nümunə kimi Fransa ilə Almaniyanı göstərib. Bu ölkələr öz aralarında dəfələrlə vuruşublar, indi isə NATO çərçivəsində müdafiə və təhlükəsizlik funksiyalarını birlikdə həyata keçirir, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq edirlər: “Onlar bütün bu çətinliklərin üstündən keçiblər və öz xalqlarının gələcəyi naminə hərəkət edirlər. Bəs biz Qara dəniz regionunda nə üçün eyni cür hərəkət edə bilmərik?”
Prezident “Belə bir təhlükə yoxdurmu ki, Ermənistanda hakimiyyətə gələcək insanlar imzalanmış bəyanatı yerinə yetirməkdən imtina edərlər?”, - sualına cavab olaraq deyib ki, bu, intihara bərabər böyük səhv olardı, “ümidvaram ki, belə olmayacaq”.
Ermənistanda yeni rəhbərliyin hakimiyyətə gəlməsinə Rusiyanın münasibəti məsələsinə toxunan V.Putin deyib: “Mən belə hesab etmişəm və yenə belə hesab edirəm ki, yetərincə mürəkkəb vəziyyətdə, döyüş əməliyyatları həddində olan ölkə daxili siyasi həyatı və hakimiyyəti küçənin köməyi ilə təşkil etməyi özünə rəva görə bilməz, bunun axırı heç yaxşı olmaz”.
Politoloq Əziz Əlibəyli “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, əvvəlcə, 10 noyabrda üç ölkə arasında sülh müqaviləsi imzalandı: “Əslində isə müqavilənin həlledici məzmununda Türkiyə-Azərbaycan-Rusiya (TAR) ittifaqının qurulması prosesinə start verildi.
10 noyabr razılaşmasının xeyir-duasi isə birbaşa Bakı - Ankara - Moskva razılaşması birbaşa İrəvanı bölmə prosesinin ilkin addımı oldu”. O, əlavə edib ki, ardınca Dağlıq Qarabağa sülhməramlı məqsəd naminə rus əsgəri yeridildi: “Azərbaycan tərəfinin inanılmaz uğuru xaricdən maliyyələşən “beşinci kolon”un əli ilə gözdən salınmağa, Prezident Əliyevin tarixi uğurunun miqyasını rus "işğalı" adı ilə sifiramaga və Azərbaycan ilə yanaşı, Türkiyənin də bölgəni ruslara təhvil verdikləri fikrini təlqin etməyə başladılar.
Lakin paralel olaraq, üç rayonun döyüşsüz boşaldılması prosesi davam etdirilir.
Azərbaycanda Rusiya əleyhinə, eyni anda Türkiyə əleyhinə eyni mərkəzdən idarə olunan qüvvələrin nifrət dolu tezisləri ilə ictimai fikir "yem"lənir.
Başqa bir arealda Ermənistan diasporunun nəhəng miqyaslı təsiri nəticəsində Avropada Azərbaycan əleyhinə böyük kampaniya başlayır.
Hollandiya parlamenti Azərbaycan prezidenti və xanımına qarşı sanksiya tətbiq edəcək. Eyni çərçivədə Türkiyəyə qarşı da silah sanksiyası tətbiq ediləcək.
Fransa da o modeli təkrar edəcək və Paris bələdiyyəsi “Artsak”ın müstəqilliyini tanımaq barədə qərar qəbul edəcək.
Amma burda gözdən qaçan iki məsələ var:
1. Dağlıq Qarabağda əsas təsir mexanizmləri müvəqqəti də olsa, hazırda Rusiyanın əlindədir.
2. Ermənistanda söz sahibi isə Rusiya yox, Avropadır.
Deməli, Avropa "müstəqilliyini" tanıyacağı Qarabağı de - yure bizdən, de - fakto isə hazırda Rusiyanın əlindən almalıdır.
Rusiya isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu qəbul edir.
Rusiyanın Dağlıq Qarabağa əsgər göndərməsi bizim üçün hazırda heç bir hərbi təhlükə vəd etmir, zatən bölgədə 30 min aktiv döyüşçümuzun qarşısında 2 min rus əsgəri heç bir maneə yaratmır.
Amma Laçın dəhlizindən çıxandan sonra - Ermənistanı Gümrüyə qədər yaran yolun keçdiyi bölgənin üstündə İrəvan da var.
Nəhayət, Rusiyanın hazırda savaşı artıq nə Azərbaycandır nə də Dağlıq Qarabağ. Rusiya birbaşa Avropaya və Sorosun uşaqlarına gərəkən dərsi verməyə hazırlaşır. Həm də artıq tək yox, Azərbaycan və Türkiyənin də dəstəyi ilə...
Avropanın Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının əvəzində Azərbaycan Şimali Kipri tanıyacaq və təbii olaraq, Qarabağı müstəqil tanımayan Rusiya ilə əməkdaşlıq edəcək”.
Politoloq Yusif Bağırzadə isə vurğulayıb ki, hələ müharibə başlayarkən belə bir fikir irəli sürülürdü ki, artıq heç bir beynəlxalq güc işğalçı ölkəni müdafiə etmir və hamı ondan canını qurtarmaq istəyir: “Elə buna görə proseslərə kənar seyrci kimi davranır və hər hansı müdaxiləyə cəhd göstərmirlər. Ancaq bu, qətiyyən belə deyildi. Məhz Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi”.
Onun sözlərinə görə, bu gün bölgənin taleyini Türkiyə ilə Rusiya həll edir: “Qərb dairələri 1992-93-cü illərdə, münaqişənin əvvəlində Qafqaz regionunda aktiv olsalar da bu gün nə ABŞ, nə də Fransanın proseslərə heç bir təsiri yoxdur. Bu gün Fransa birmənalı şəkildə Qafqazdakı real yerini itirib və uzaqlaşıb. Fransa dövləti sadəcə illuziyalarla danışır. Real siyasət odur ki, bu gün Qafqazın taleyini Türkiyə ilə Rusiya həll edir.
Azərbaycan Türkiyəni Qafqaz siyasətinə daxil etdi. Cənab Prezident də öz müraciətlərində birmənalı olaraq bildirdi ki, bu müharibə Qafqazda yeni reallıq yaratdı.
Bu gün təbii olaraq Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələri nəticəsində ortaya ədalətli qərarların çıxdığının şahidiyik”.
Politoloq hesab edir ki, regionun söz sahibləri ilə Azərbaycanın yaxşı əlaqələri də qələbəmizi şərtləndirən əsas amillərdən sayıla bilər: “Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.
Türkiyəyə gəldikdə isə bu ölkə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Yuxarıda da qeyd etdiyim kimi məhz Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini puça çıxardı. Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq” deməsi Azərbaycanın həm danışıqlar masasında, həm də döyüş meydanında tək olmayacağı anlamını daşıyır ki, bu da qardaş ölkənin Azərbaycana verdiyi ən böyük dəstək hesab olunmalıdır".
Yusif Bağırzadə hesab edir ki, Rusiyanın bölgədə olması bu günün labüd şərtidir: "Amma Rusiya tərəfi xüsusi jest edərək sülhməramlı korpusun rəhbərliyini azərbaycanlıların tarixi Azərbaycan şəhəri olan Dərbəndin Çinarlı kəndində doğulmuş Rüstəm Muradova həvalə etdi. Həmçinin sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da düşmən ölkə hərbçilərinin regionda qalmasını istisna edir”.

Əli Zülfüqaroğlu