QHT Şurasının ölkədə vətəndaş cəmiyyətinin inkişafında rolu Layihə

QHT Şurasının ölkədə vətəndaş cəmiyyətinin inkişafında rolu

Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması 1980-ci illərin sonlarında başlayıb. Sovet İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb etməyə başlayırdılar. Bakıda yaşayan ziyalılar sosial fəaliyyətlərlə məşğul olmağa meylli olan ilk şəxslər idi. Dağlıq Qarabağın erməni təcavüzü və işğalı ilə xarakterizə olunan faciəli dövrdən xalqı xilas etməyə çalışan ziyalılar öz siyasi iştirak dairələrini genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətlərini yaradırdılar. SSRİ-nın dağılmasından sonra vətəndaşları təsisatlarda birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri yarandı. İlk təşəbbüslərdən biri 15 avqust 1989-cu ildə yaradılan “Qarabağa Xalq Yardımı Komitəsi” olub. Həmin ilin dekabr ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılıb. Hər iki təşkilat Dağlıq Qarabağın müharibədən zərər çəkmiş əhalisi və məcburi köçkün düşənlər üçün maliyyə dəstəyini təmin edirdi. Həmçinin bu Komitə Azərbaycan müstəqil mətbuatının əsasını qoyan “Azərbaycan” qəzetini nəşr edib. Bu qəzet alternativ ictimai fikrin təbliğ edilməsində müstəsna rol oynayıb. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra, vətəndaş cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiya həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənədə çevrildi. Əslində müasir və beynəlxalq standartlara əsasən yaradılmış və fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra yaradılmışdır. 2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi və bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor təsisatının yaradılması üçün Hökumət, QHT-lər və ekspertlərin səyləri gücləndirildi, bu da Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası oldu.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında 13 dekabr, 2007-ci ildə Fərman imzalayıb. Bu Fərmana əsasən, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb və Əsasnaməsi təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel, 2008-ci il tarixli Sərəncamına əsasən, QHT-lərə Dövlət Dəstəyi Şurasının 3 nəfər dövlət orqanlarının və 8 nəfər QHT-lərin nümayəndələrindən ibarət olan strukturu təsdiq olunub.
Hazırda QHT-lər ölkədə həyata keçirilən böyük layihələrə töhfələr verməklə ölkənin siyasi və sosial-iqtisadi həyatında fəal rol oynayırlar. Hər il QHT Şurasının maliyyə dəstəyi ilə yüzlərlə QHT maarifləndirici layihələr həyata keçirir.
Şura 2019-cu ildə də qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyət kəsb edən müxtəlif təşəbbüsləri dəstəkləyib və ölkədə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. 2019-cu il qeyri-hökumət təşkilatları üçün mühüm yeniliklərin tətbiqi ilə yadda qalıb. Şuranın fəaliyyəti və QHT-lərə göstərdiyi xidmətlər tamamilə elektronlaşdırılıb. Şura cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bu xidmətlər Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) adı altında vahid elektron bazada birləşdirilib. SƏLİS-i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.
QHT-lərin və vətəndaşların SƏLİS-ə daxil olan xidmətlərdən istifadə qaydalarını izah etmək üçün Şura tərəfindən video təlimatlar hazırlanıb. 02 aprel 2019-cu ildə Şuranın SƏLIS-in cari ildə tətbiq edilən ilk proqramı eNövbədən istifadə qaydaları ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Sessiyada proqramın strukturu, bölmələrə keçidlər, məlumatların daxil edilməsi, təsdiq olunması və Şuraya göndərilməsi prosesi video təqdimatla izah edilib. Toplantıda QHT rəhbərlərinin sualları cavablandırılıb. Şuranın yeni brendi olan SƏLİS-in 2019-cu ildə tətbiq edilən ilk proqramı e-növbə istifadəyə verilib. “E-növbə” xidməti qrant müsabiqəsinin qalibi olan QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını proqram vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılıb. Yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında rahat və sürətli kommunikasiyanı təmin edir.
Şura keçən il QHT-lər üçün bir neçə qrant müsabiqəsi keçirib. Müsabiqə mövzuları ölkə QHT-lərinin iştirakı ilə müzakirə edilib, QHT-lərə dövlət dəstəyi Konsepsiyasında təsbit olunan sahələr əsas götürülməklə QHT-lərin rəy və təklifləri nəzərə alınıb. Şuranın elan etdiyi qrant müsabiqələri ölkənin ictimai həyatının aktuallığı ilə seçilən bütün sahələrini əhatə edib. İnsan hüquqları və demokratiya, açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınması, şəffaflıqla bağlı institusional məsələlər, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzular üzrə maarifləndirmə, Azərbaycanın milli maraqlarının müdafiəsi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, beynəlxalq əməkdaşlıq, ətraf mühit və sağlamlıq məsələləri, sosial məsələlər və digər istiqamətlər üzrə müəyyən olunmuş mövzuları əhatə edən QHT layihələri Şura tərəfindən maliyyələşdirilib. Bu mövzularla yanaşı, QHT-lərin digər ictimai qurumlarla əməkdaşlığının gücləndirilməsi, ictimai nəzarət və şəffaflıq məsələləri, mədəniyyətimizin ayrı-ayrı sahələri ilə bağlı məsələlərin gündəmə gətirilməsi və yeni yanaşmalar tələb edən bir sıra digər məsələlər də Şuranın qrant mövzuları sırasına salınıb. Xarici ölkələrdə keçirilən tədbirlərdə və konfranslarda yerli QHT-lərin iştirakı Şura tərəfindən təmin edilib.
Şuranın 2019-cu il birinci qrant müsabiqəsi 15 noyabr - 17 dekabr 2018-ci il tarixlərini əhatə edib. Müsabiqəyə 647 müraciət daxil olub. Bunlardan 630 təşkilat müsabiqəyə layihə təqdim edib. Layihə təqdim edən təşkilatlardan 34-ü müəyyən texniki şərtlərlə bağlı yol verdiyi qüsurlara görə prosesindən kənarda qalmış, 596 layihə isə ekspertizaya göndərilib.
08 aprel 2019-cu ildə Şura QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edib. Müsabiqəyə ictimai əhəmiyyət kəsb edən 15 mövzu daxil edilib. Mayın 3-dək layihələrin elektron qaydada qəbulu həyata keçirilib. 21 iyun 2019-cu ildə Şuranın dördüncü qrant müsabiqəsinə yekun vurulub. İlk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsində layihələrin qiymətləndirilməsi prosesində ekspertlərlə yanaşı ölkə vətəndaşları da iştirak edib. Bu yeniliyin tətbiqinin Şuranın fəaliyyətində şəffaflığın daha da artırılmasına, qərar qəbulu prosesində vətəndaş iştirakçılığının təmin olunmasına, QHT-lər arasında rəqabət mühitinin güclənməsinə, QHT-lərlə Şura arasında münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarmağa xidmət edir. Layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi 14 may-7 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində e-vətəndaş proqramında 10930 vətəndaş qeydiyyatdan keçib, onlardan 12491 rəy daxil olub. 8 aprel-3 may 2019-cu il tarixlərini əhatə edən dördüncü qrant müsabiqəsinə 265 QHT müraciət edib. Onlardan 11-i texniki seleksiyadan keçməyib. 254 QHT-nin layihəsi isə ekspertlərin və vətəndaşların qiymətləndirməsinə təqdim olunub. Şura Katibliyinin layihələr barəsində hazırladığı arayışlar və ekspert rəyləri elektron qaydada Şura üzvlərinə təqdim edilib. Şura 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində 112 QHT-nin layihəsinin maliyyəşdirilməsi ilə bağlı qərar qəbul edib. Şura həmçinin, Apelyasiya Komissiyasının qərarına müsbət rəy bildirib.
SƏLİS-Şuranın göstərdiyi elektron xidmətləri özündə cəmləşdirən “Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi”dir. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Yuxarıda qeyd olunanlarla yanaşı, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etmək üçün yaradılan SƏLİS qısa müddət keçməsinə baxmayaraq ona olan gözləntiləri doğrultmaqdadır.
Şura QHT-lərə göstərilən dövlət dəstəyini şəffaf və müasir dövrün çağırışlarına uyğun təşkili, QHT-lərin potensialından səmərəli istifadə etməklə müxtəlif sahələrdə həyata keçirilən dövlət siyasətinə ictimai dəstəyin təmin edilməsi üçün 2020-ci ildə 26 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri keçirib. Birgə qrant müsabiqələrinin təşkili müvafiq sahələr üzrə dövlət qurumlarının icra etdiyi işlərə ictimai dəstəyin təmin edilməsi, QHT layihələrinin keyfiyyətini yüksəltmək və səmərəliliyini artırmaq, ixtisaslaşmış QHT-lərlə dövlət qurumları arasında əməkdaşlıq və qarşılıqlı əlaqələri daha da gücləndirmək məqsədini daşıyır. 26 dövlət orqanı və digər qurumlarla elan olunan birgə qrant müsabiqələri barədə QHT-ləri məlumatlandırmaq məqsədilə məlumatlandırma sessiyaları təşkil edib.
(Davamı növbəti sayımızda)
Cavid