QHT Şurasının ölkədə vətəndaş cəmiyyətinin inkişafında rolu Layihə

QHT Şurasının ölkədə vətəndaş cəmiyyətinin inkişafında rolu

(əvvəli ötən sayımızda)
Onu da qeyd edək ki, Şuranın metodiki dəstək üzrə bütün xidmətləri 2019-cu ildə elektron qaydada təşkil edilib. Belə ki, istifadəçilərin rahatlığı və bütün xidmətlərin vahid bazada inteqrasiyası məqsədilə Şuranın elektron xidmətlər portalı yenilənərək www.selis.az adı altında istifadəçilərə təqdim edilmişdir. Portalda e-Ərizə, e-Ekspertiza, e-Vətəndaş, e-Apelyasiya, e-Növbə, e-İdarəetmə və e-Hesabat, e-Razılaşdırma, e-Müşahidə, e-Müraciət, eMəsləhət proqramları yer alır. Yeni yaradılan hər bir proqram haqqında müvafiq olaraq 17 vətəndaşlar və QHT-lər üçün məlumatlandırma sessiyaları təşkil edilib. E-Ərizə, eVətəndaş, e-Növbə, e-İdarəetmə və e-Hesabat, e-Müşahidə, e-Məsləhət proqramları haqqında təlimat xarakterli videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub. Ümumilikdə Şura tərəfindən göstərilən xidmətlərə dair hüquqi və metodiki sənədlər Şuranın www.cssn.gov.az saytında “Şuranın sənədləri” bölməsində yerləşdirilib.
24 aprel 2019-cu ildə Şuranın "SƏLİS"-in e-vətəndaş proqramının Bakı Dövlət Universitetində keçirilən ilk təqdimatı mərasimində universitetin rektoru Elçin Babayev bildirib ki, qurum fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət edib. O, əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasdır. Çıxışın sonunda Elçin Babayev tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.
Şura sədri Azay Quliyev çıxışında Şuranın yaranması zərurəti, Cənab Prezidentin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün imzaladığı sərəncam və fərmanlardan, strateji addımlardan danışıb və Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bu prinsiplərin hər zaman ali tutulduğunu qeyd edib. Azay Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli məsələləri, milli maraqlarına yönəlik addımları, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün probemləri ilə bağlı layihələri maliyyəşdirməyiblər. Bu tendensiyaya yalnız ilk milli donor instititutu formalaşandan sonra son qoyulub. Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müracətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb.
25 aprel 2019-cu ildə Azərbaycan Dillər Universitetində (ADU) SƏLİS-in e-vətəndaş proqramının təqdimatına həsr olunan tədbirində isə universitetin rektoru akademik Kamal Abdulla Şuranın ulu öndər Heydər Əliyevin cəmiyyətin inkişafında gördüyü işlərin çox məntiqli və sistemli şəkildə davamı kimi özünü göstərdiyini bildirib. Rektor Kamal Abdulla bildirib ki, dövlət dəstəyi, cəmiyyətdə gedən proseslərin, ideyaların, layihələrin üzə çıxmasına, reallaşmasına öz ciddi töhfələrini verib. Elə güman edirəm ki, ağıllı, şüurlu, gələcəyi düşünə bilən, ideyalarını həyata keçirmək üçün canında coşqunluq olan tələbələrimiz bugünkü təqdimatda çox şey öyrənəcəklər. Mənə, həmkarlarıma müəllim və tələbələrimiz tez-tez müxtəlif layihələr üçün müraciət edirlər. Həmin ideyaların cücərməsi, onların ardınca getməyiniz şansınızı həyata keçirmək üçün Dövlət Dəstəyi Şurası özü universitetə gəlib. Şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə layiq mövqe tutması üçün Ulu Öndərdən bu zamana gələn tövsiyələri həyata keçirmək işində çox böyük əzmlə fədakarlıq göstərir. Şura sədri Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib: o, qeyd edib ki, ADU-da olmaq bizim üçün xüsusi əhəmiyyətlidir. Ona görə ki, bu universitetin məzunları Azərbaycanı yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin. Ona görə də Şura öz fəaliyyətini daim yeniləməyə çalışır.
SƏLİS çərçivəsində hazırlanan “İnnobank” İdeya və Elektron Resurslar Xidmətinin də böyük əhəmiyyəti var. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, “İnnobank” İdeya və Elektron Resurslar Xidməti ictimai əhəmiyyətli ideyaları toplamaq, QHT sektorunda çalışanların potensialını üzə çıxarmaq, onların bilik və bacarığını artırmaq, QHT-lərin fəaliyyəti haqqında məlumatları ictimailəşdirmək və onların elektron bazasını yaratmaq məqsədilə yaradılıb.
Qeyd edək ki, “İdeya bankı”nda vətəndaşlar, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar və QHT nümayəndələri tərəfindən ictimai əhəmiyyət kəsb edən yeni ideyalar toplanır. Bankda toplanan ideyalar QHT və digər istifadəçilər üçün açıq olacaq, onlar dövlət qurumları və beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində bu ideyalardan istifadə edə biləcəklər. Bunun üçün hər bir vətəndaş və QHT nümayəndəsi “İnnobank”da “İdeya bankı” bölməsinə daxil olaraq ideyalarını yerləşdirə bilər. “Ekspert və kadr bankı”nda QHT sektorunda fəaliyyət göstərən, müvafiq bilik və bacarığa malik olan şəxslər haqqında məlumat toplanacaq. Burada toplanan məlumatlardan təkcə QHT-lər deyil, eyni zamanda, digər dövlət qurumları və özəl şirkətlər də yararlana bilərlər. Bu bankda ekspert xidməti göstərən şəxslər barədə məlumatlar toplanacaq. İstənilən ekspert özü haqqında məlumatı “İnnobank”da qeyd olunan sahələr üzrə yerləşdirə biləcək. Ekspert xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Ekspertə müraciət et" bölməsinə daxil olaraq ekspertlər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilər. “Könüllü bankı”nda QHT, dövlət qurumları, bələdiyyə və özəl sektorda könüllü kimi çalışmaq istəyən şəxslər barədə məlumatlar toplanacaq. Könüllü olmaq istəyən şəxs qeydiyyatdan keçdikdən sonra “Könüllü ol” düyməsini seçərək özü haqqında məlumatları (CV, diplom, sertifikat və s.) daxil edəcək. Könüllü xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Könüllüyə müraciət et" bölməsinə daxil olaraq könüllülər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər. Təlim bankı”nda QHT-lərin ehtiyac duyduğu təlimlər və təlimçilər haqqında məlumatlar toplanacaq. Bunun üçün QHT-lər ehtiyac duyduqları təlimlər haqqında mövzuları "Təlim üçün müraciət et" bölməsində, təlimçilər isə özləri və təlim mövzuları haqqında 34 məlumatları "Təlimçi" bölməsində yerləşdirəcəklər. “Hesabat bankı”nda QHT-lər müxtəlif donorların dəstəyi ilə və müstəqil şəkildə həyata keçirdikləri fəaliyyətləri barədə illik hesabatlar yerləşdirə bilərlər. Bu hesabatlar QHT-lərin fəaliyyətində şəffaflıq, aşkarlıq və səmərəlilik əmsalının ölçülməsi baxımından ictimaiyyət üçün açıq olacaq.
Şura beynəlxalq əlaqələrini də genişləndirməkdədir. Ötən illərdə olduğu kimi, 2019-cu ildə də Şura beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verib və bu məqsədlə Şura sədri cənab Azay Quliyevin bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri keçirilib.
Xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak və həmin tədbirlərdə ölkəmizin maraqlarının müdafiə etmək məqsədilə QHT-lərin bu sahədəki təşəbbüslərinə də il ərzində Şura tərəfindən dəstək verilib. Xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakla bağlı 28 QHT-nin təşəbbüsü dəstəklənib.
Yekun olaraq bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, 2019-cu ildə Şuranın fəaliyyəti və QHT-lərə göstərdiyi xidmətləri tamamilə elektronlaşdırılıb. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından irəli gələn məsələlərin həlli istiqamətində fəaliyyət göstərməklə ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə öz töhfəsini verib. Növbəti illərdə Şura, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil edilməsini, QHT-Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırılmasını, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin edilməsini qarşıya məqsəd qoyub. Bununla yanaşı Şura QHT-lərin idarəçilik təcrübəsinin zənginləşdirilməsini, habelə QHT-lərdə səmərəli idarəçilik vərdişlərinin formalaşdırılması, elektron xidmətlərin tam şəkildə təkmilləşdirilməsi, yeni elektron resursların yaradılması, QHT sektorunun inkişafına yönəlik layihə və proqramların hazırlanması və onların həyata keçirilməsi, beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın genişləndirilməsi, QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi, QHT sektorunun rəqəmsal hökumətə keçidinin təmin olunması və digər bu kimi vacib məsələlərin reallaşdırılmasını nəzərdə tutur.

Cavid