“Azərbaycan əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi” Layihə

“Azərbaycan əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi”

Anar Məmmədov: “Hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi mesaj idi”

Dekabrın 10-da bütün dünya azərbaycanlılarının və dost ölkələrin maraqla gözlədiyi Zəfər Paradı baş tutdu. Paradda Azərbacan ordusu tərəfindən vurulmuş texnikalar və qənimət kimi əldə edilmiş istifadəyə yararlı texnikaların nümayişi maraqla qarşılandı. Paradda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəyə yönəlik mühüm mesajlar verdilər.
Millət vəkili Anar Məmmədov “Xalq Cəbhəsi”nə açıqlamasında diqqətə çatdırıb ki, Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər paradı öz haqq mübarizəsindən qalib çıxan Azərbaycanın bütün dünyaya Qələbəsinin, Türkiyə-Azərbaycan əbədi qardaşlığının nümayişi idi. Onun fikrincə, Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin bərpa edilməsini bayram edərək mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi: “Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi mesaj idi. Belə ki hər zaman qonşuların ərazi iddiaları nəticəsində süverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevirilib erməni qəbskarlarının layiqli cavabını verə bildi. Prezident İlham Əliyevin də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Həqiqətən də 44 günlük Vətən müharibəsi dövründə biz bütün güclərimizi səfərbər edərək, mənfur düşmənin mübarizə əzmimizi qırmasına imkan vermədik, düşmən üzərində qələbə qazandıq, tarizi ədaləti bərpa edib bütün dünyaya qalib Azərbaycan, məğlub Ermənistan xalqını göstərmiş olduq. Azərbaycan əsgəri sübut etdi ki, biz mübariz xalqıq. O, illərlə formalaşmış “uduzmuş xalq” sindromunu qırdı. Artıq biz “qalib xalqıq”, bizim özümüzə inam hissimiz artıb. 44 gündə və hazırkı dövrdə hələ də xalqımız tərəfindən elə nümunələr göstərilir ki, bu, bizim bütövlükdə mərd, vətənpərvər, igid xalq olduğumuzu bir daha təsdiqlədi. Xalqımız yumruq kimi, cənab Prezidentin dediyi kimi, dəmir yumruq kimi bir amal uğrunda birləşdi”.
Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş oldu: “Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, ən əsası isə İkinci Qarabağ müharibəsində iştirak edən hərbi hissələrin nümayəndələrinin, qazilərimizin, həmçinin Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərin sıra addımı ilə Qələbəni qeyd etməsi hər birimizdə qürur və şərəf hissi yaratdı. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi, vədə əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim arxasında bu güclü əli hiss etdi, bu bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə Paradında iştirakı və qardaş Türkiyə ordusunun Azərbaycan ordusu ilə çiyin-çiyinə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi. Biz əminik ki, artıq Birinci Qarabağ savaşında və Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları şaddır! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”.
Ehtiyatda olan polkovnik İlqar Əliyev deyib ki, Azərbaycanın Vətən Müharibəsində, işğalçı Ermənistan üzərində şanlı qələbəsinə həsr edilmiş hərbi parad millətimiz üçün, ilk növbədə şəhidlərimizin və qazilərimizin qanı, canı bahasına təmizlənmiş namus, qeyrətimizin bütün dünyaya nümayişidir. Polkovnik bildirib ki, Azərbaycan Ordusu yeni dönəmə qədəm qoyur: "Bu paradla Azərbaycan öz tarixində daha bir qələbəyə imza atdı, bu nümayişlə 200 ildən artıq "məğlub xalq" psixoloji sindrom əsarətindən azad oldu, qan yaddaşımız olan tarixi kodumuz, yenidən bir neçə nəsil irəli, genetikamıza nüfuz etdi və bizi özümüzə qaytardı. Qələbə paradı Azərbaycan sevənlər, dost və qardaş ölkələr üçün fəxr və qürur mənbəyinə, düşmənlər üçün isə qısqanclıq, məğlubiyyətlə barışmaq və artıq Azərbaycanla hesablaşmaq mənbəyinə çevrildi. Qələbə paradına qardaş Türkiyə Silahlı Qüvvələrinin və sevgi ilə hər bir azərbaycanlının ürəyinə yol tapan Türkiyə Respublikasının Prezidentinin iştirakı dünyaya bir mesaj idi - Azərbaycan yalnız deyil. İstər hərb meydanında, istərsə də siyasi müstəvidə Azərbaycanın yanında böyük Türkiyə dövləti var. Bundan sonra Azərbaycana təcavüz və basqı niyyətində olan hər kəs qarşısında Türkiyəni görəcək.
Bildiyimiz ki, müharibə şəraiti tam bitməyib və bu dönəm, bu şərait olduqca həssasdır. İstər Ermənistanın bəzi hərbi-siyasi dairələrində revanşist fikirlərin səsləndirilməsi istərsə də bəzi üçüncü dövlətlərin bu məsələnin yenidən qızışdırılması cəhdləri buna dəlalət edir. Hesab edirəm ki, Azərbaycanın bu Qələbə paradı ilə dünyaya bir mesajı da ondan ibarətdir ki, bizim parad keçirməyə də, döyüş əməliyyatları aparmağa da gücümüz kifayət qədərdir.
Eyni zamanda, Qələbə paradı şəhidlərimizin ruhları və onların ailələri qarşısında ümumxalq ehtiram tədbiri idi. Və mən əminəm ki, bütün şəhidlərimin ruhu bu paradda iştirak edirdi. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan ordusu sizin qanınızı yerdə qoymadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rahat və nur içində yatın, bu Qələbə sizin sayənizdə oldu. Bu sevinci millətə siz bəxş etdiniz.
Əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusu yeni dönəmə qədəm qoyur. Bütün dünyanın aparıcı dövlətləri hazırda bu müharibədə aparılan döyüş əməliyyatlarını analiz edir, nəticələr çıxarır. Düşünürəm ki, bunu Azərbaycandan yaxşı və keyfiyyətli kimsə analiz edə bilməz. Çünki bir var bilavsitə iştirak edəsən, bir də var ki, kənardan müşahidə edəsən.
Bu müharibə qazanılmış bütün uğurların və səhflərin təhlilindən çıxan nəticələri nəzərə alaraq yeni perspektiv, inkişaf planları hazırlanacaq və həyata keçiriləcək. Burada əsas diqqət Silahlı Qüvvələrin ən müasir, uzaq mənzilli, yüksək dəqiqlik və dağıdıcı qüvvəyə malik silah sistemləri ilə təchiz edilməsinə, eyni zamanda yüksək manevr qabiliyyətinə, hər bir şəraitdə və müxtəlif tərkibdə fəaliyyət göstərə bilən peşəkar birləşmə və hissələrin yaradılmasına yönəldiləcək".
Millət vəkili Rauf Əliyev isə bildirib ki, Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha nümayiş etdirdi: “Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanın iştirakı və çıxış etməsi Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu, bu münasibətlərin dünyada analoqu olmayan, Bir millət-iki dövlət prinsipinə uyğun davam etdiyini göstərdi”. Rauf Əliyev bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını azad edərək qəhramanlıq səlnaməsi yazdı. Cənab Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” Artıq həmin günün şahidi olduq. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın mənəvi paytaxtı Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı. Düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, balanslaşdırılmış, müdrik siyasət nəticəsində əldə olunmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003- cü ildən bu günə kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illərdə yaradılmış 20-dən çox hərbi zavodlarda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uşuş aparatları, ən müsir artilleriya qurğuları , uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemlərini və s. göstərmək olar. Azərbaycan Ordusu maddi-texniki təchizatı baxımından dünya miqyasında nadir ölkələrindən biridir. Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası və strategiyası artıq dünyanın hərbi cəhətdən qabaqcıl dövlətlərinin diqqətini cəlb edib: “Azərbaycan Ordusunun apardığı döyüş üsulları XXI əsrin müharibəsinin üsulları kimi qəbul edilir. Azərbaycan Ordusu Zəfər Paradında hərbi potensialını nümayiş etdirdi, həm də beynəlxalq aləmə mesajını verdi. Bu Zəfər Paradı ilə Azərbaycan göstərdi ki, ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var. Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən , düşmənə qalib gələn, ərazi bütövlüyümüzü təmin edən bir ordu kimi paradda iştirak etdi. Bunun böyük tarixi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanda keçirilən paradlarla, bu gün keçirilən paradın ən böyük fərqi də bundadır. Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə münasibətilə keçirilən bu Zəfər Paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarda əbədi qalacaq”.

Əli