Vətəndaş cəmiyyəti ilə hüquqi dövlət arasındakı əlaqə Layihə

Vətəndaş cəmiyyəti ilə hüquqi dövlət arasındakı əlaqə

II yazı

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığı onların şəxsiyyətin hüququnu müdafiə etməsində də özünü göstərir. Vətəndaş cəmiyyəti insan hüququnu, hüquqi dövlət isə vətəndaş hüququnu təmin etsə də, burada insanın təbii, fərdi və siyasi hüquqları nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Elməddin Behbud bildirdi ki, vətəndaş cəmiyyətinin nəzəri əsasları ilə bağlı kifayət qədər tədqiqat işləri mövcuddur: “Bizim işimiz həm də onun praktik formada mövcudluğunu təqdim etməyimizdən ibarətdir”. E.Behbud əlavə etdi ki, vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşması ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafından asılıdır: “Vətəndaş cəmiyyəti inkişafın müəyyən mərhələsində formalaşan insanların siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü olaraq yaranan birliklər, qeyri dövlət strukturlarıdır. Vətəndaş cəmiyyətinə ən müxtəlif komponentlər, dini icmalar, mətbuat, həmkarlar ittifqaları, QHT-lər, siyasi partiyalar, vətəndaşların təşəbbüs qrupları aiddir. Bunların hər biri də alt komponentlərə bölünürlər. Vətəndaş cəmiyyəti və dövlət bir-birini tamamlayır və bir-birindən ciddi şəkldə asılıdırlar. Yetkin vətəndaş cəmiyyəti olmadan hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki azad vətəndaşlar birgəyaşayışın ən səmərəli formasını yarada bilərlər. Dövlətin ən klassik tərifindən biri budur ki, dövlət cəmiyyətin təşkili formasıdır. Bunu da öz hüquqlarını, birgəyaşayışın ən səmərəli formasını yarada bilən vətəndaşlar qura bilərlər. Biz inkişaf etmiş Qərb cəmiyyətlərində vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin ən müxtəlif mexanizmlərini görürük. Həmin mexanizmlər Azərbaycan da daxil olmaqla digər ölkələrdə də özünəməxus şəkildə öyrənilir və tətbiq olunur. Biz hüquqi dövlət dedikdə qanunlarla idarə olunan dövlət nəzərdə tuturuq. Vətəndaş cəmiyyəti institutları bu qanunların hazırlanmasında bilavasitə iştirak edirlər. Həm də öncədən onun ictimai müzakirəsini reallaşdırırlar. Qanun qəbul olunandan sonra da ona ictimai nəzarəti həyata keçirən orqan kimi fəaliyyətlərini davam etdirirlər. Bu sahəyə ən böyük töhfə verən QHT-lər və vətəndaş cəmiyyətinin digər strukturlarıdır. Qanunların təkmilləşdirilməsində də vətəndaş cəmiyyəti fəal iştirak edir. Eyni zamanda qanunlarla bağlı vətəndaşlar arasında maarfiçilik işində də ən vacib rolu vətəndaş cəmiyyəti sturkturları oynayır. Vətəndaş cəmiyyəti bir növ insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, müdafiə olunduğu sosial əlaqələr sistemidir. Demokratik rejimlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bir biri ilə qarşılıqlı surətdə bağlıdır”.
E.Behbud əlavə etdi ki, 2014-cü ilin oktyabrında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Milli Məclis arasında memorandum imzalanıb: “Həmn memorandumun bəndlərinin birinə görə, qanunların Milli Məclisin plenar iclasından öncə, komitələrdə aparılan müzakirəsinə QHT-lər də cəlb olunur. QHT-lər həm Milli Məclisin komitələrində keçirilən müzakirələrdə fəal iştirakla yanaşı, eyni zamanda mediada, sosial şəbəkədə və digər məkanlarda da qanunların müakirəsinə qatılırlar. Milli Məclis də həmin bu təkliflərin bir çoxunu nəzərə alır. Parlamentin keçmiş spikeri, hazırda Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər deputatlar dəfələrlə sosial şəbəkələrdə xüsusilə QHT-lərə faydalı təkliflərə görə, təşəkkür ediblər. QHT-lərin, ümumiyyətlə vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğunda iştitrakı əsasən bu aspektdədir”.

“Vətəndaş cəmiyyətləri körpü rolunu oynamalıdır”

Hüquqşünaslar hesab edir ki, hüquqi dövlətdə və iqtisadi cəhətdən müstəqil cəmiyyətlərdə vətəndaş cəmiyyətinin olması vacibdir. Bu baxımdan hüquqi konstitusiya dedikdə insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür...
Hüquqşünas Səməd Vəkilov hesab edir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə vətəndaş cəmiyyəti institutu anlayışının formalaşmağa başlaması QHT-lərin yaranması ilə ortaya çıxdı. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları ayrı ayrı qrupların, fərdlərin öz maraqları, dəyərləri naminə əməkdaşlıq etməsi üçün birləşdiyi ictimai sferadır: “Bu mənada böyük təsisatlar yarandı. Vətəndaş cəmiyyəti institutlarının inkişaf istiqamətlərini iki mərhələyə ayırmaq olar. Birinci mərhələdə əsasən vətəndaş cəmiyyətinin bir qolu olan QHT-lər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilirdi. Bu qurumlar əsasən bu halda ictimasi fikirdə daha çox hökuməti tənqid edən status qazanmışdı. Bu təşkilatların içərisində təbii ki, Azərbaycanın milli maraqlarını qorumayan, onu qrantlar naminə ayaqlar altına atan qurumalar da yox deyildi.
İkinci mərhələdə isə beynəlxalq qrantlara məhdudiyyət qoyulduqdan sonra artıq Azərbaycan dövləti özü donor rolunu oynamağa başladı.
Vətəndaş cəmiyyəti nstitutları, cümlədən onun bir qolu olan və bu anlayışın praktiki tərəfi kimi önə çıxan QHT-lər cəmiyyətdəki mövcud problemləri dövlətə çatdırmaq üçün körpü rolunu oynayan bir təsisat kimi çıxış etməlidir. Vətəndaş cəmiyyəti institutularının təmsilçiləri bu problemləri dövlət qarşısında qaldırmaqdan çəkinməməlidirlər. Əslində dövlətin özünün də bu istiqamətdəki siyasəti, hüquqi bazası - “İctimai iştirakçılıq haqqında” qanun, şəffaflıq və hesabatlılıqla bağlı aparılan işlər onu göstərir ki, dövlət özü də bunda maraqlıdır. Yəni yuxarıda göstərdiyimiz hər iki tendensiyanın ortaq xəttini tapmaq və vətəndaş cəmiyyəti institlarının bu istiqamətdə inkişafına nail olmaq hüquqi dövlət quruculuğuna böyük bir töhfə verə bilər”.

Qanunun tələbləri nədən ibarətdir?

İctimai iştirakçılıq haqqında Qanun konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Bu Qanunun məqsədləri üçün müvafiq maddələrlə aşağıdakı əsas anlayışlardan istifadə edilir: ictimai iştirakçılıq, vətəndaş cəmiyyəti institutları, ictimai şura.
Qanunun müddəaları vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu Qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır.
Maddə 3-də ictimai iştirakçılığın məqsədləri yer alır: Bunlar vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması; dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması; insan və vətəndaş hüquqlarının müdafiəsindən ibartədir..
Maddə 4-də yer alan ictimai iştirakçılığın prinsiplərinə qanunçuluq; könüllülük; şəffaflıq; plüralizm; bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi daxildir.
Maddə 5-də qeyd olunan ictimai iştirakçılığın formaları kimi - ictimai şura; ictimai müzakirə; ictimai dinləmə; ictimai rəyin öyrənilməsi; hüquqi aktların layihələrinin ictimai müzakirəsi; yazılı məsləhətləşmə - qeyd olunur. Bu Qanun ictimai iştirakçılığın digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
Göründüyü kimi vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğunda yeri və fəaliyyəti qanunla müəyyənləşdirilir.

Hüquqi dövlət anlayışı

Tədqiqatçı Rəşad Hüseynov qeyd edir ki, hüquqi dövlət liberal qanunvericiliyə, demokratik icraedici və konstitusion hakimiyyətə, insanların bütün təbii və vətəndaş hüquqlarını təmin edən və eyni zamanda, onlara hörmət edən hüquqi normalara və insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malik olmalıdır.
Bu formalann hər birinin hüquqla əlaqəsi var. R.Hüseynov qeyd edir ki, məhz hüquqi dövlət dedikdə, eyni zamanda strukturun, yəni quruluş, idarə formaları və siyasi rejimlərin də normalara müvafiq olması mütləqdir: “Belə ki, bu cür dövlət sözün əsl mənasmda liberal qanunvericiliyə, demokratik icraedici və konstitusion hakimiyyətə, insanların bütün təbii və vətəndaş hüquqlarını təmin edən və eyni zamanda, onlara hörmət edən hüquqi normalara və insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malikdir. Umumiyyətlə, dövlət ilə cəmiyyət hər zaman eynilikdə götürülür və buna haqq qazandırmaq üçün əslində vətəndaş cəmiyyətini də siyasi cəmiyyət adlandırırlar.
Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin, vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədə uyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılması və formalaşdırılması insan hüquq və azadlıqlarnın maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafızə orqanlarının effektiv işi ilə əlaqələndirilir. Hüquqi dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi formalaşdıqda vətəndaş cəmiyyətinin yaranması və inkişafı da labüd bir prosesə çevrilir”.
Vətəndaş cəmiyyəti sosial cəmiyyətdir. Bura bürokratik təsir cəhdləri cəmiyyətin inkişafı ilə bağlı problemlər yarada bilər. Vətəndaş cəmiyyətinin özəyi iqtisadi sərbəstlikdir ki, bu da demokratiyanın əsas anlayışlarından biridir. Demokratik mühitdə hüquqi dövlət daha da inkişaf edir.
Tədqiqatçı hesab edir ki, demokratik inkişaf prosesində siyasi plüralizm, söz, fıkir, mətbuat azadlığı, çoxpartiyalı sistem bərqərar olur: “Məhz bu baxımdan qeyd etmək olar ki, demokratiyanı siyasi sistem formalaşdırır. Onun davamlı olması və inkişafı üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu əsas şərtdir. Müasir dövrdə hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə sıx bağlıdır və bu iki qüvvənin qarşılıqlı münasibətləri sayəsində daha da sürətlə inkişaf edir. Hüquqi dövlət konsepsiyası insan azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır. Biri bərqərar olmadan digərinin də formalaşması və inkişafı mümkün deyil.
Vətəndaş cəmiyyəti siyasi sistemin əsası olduğu kimi, hüquqi dövlət də vətəndaş cəmiyyətinin inikasıdır. Bu cəmiyyət inkişaf etdikcə, hüquqi dövlətin demokratikliyi daha da genişlənir.
Ölkəmizdə aparılan demokratik islahatları, rəqabətə davamlı iqtisadiyyatın yaradılmasını və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsini hüquqi, demokratik, sosial dövlətin və vətəndaş cəmiyyətinin bir-birilə yaxınlaşmasını şərtləndirən əsas amillər kimi qəbul etmək olar. Çünki bu gün dövlət ölkədə vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün məsələləri həll etməyə çalışır və həll edir.
Bu da danılmaz həqiqətdir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqələrinin təmin edilməsində qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları (bələdiyyələr) də mühüm rol oynayır. Onlarla hüquqi dövlət arasında sivil qaydada münasibətlər yaradılır, qanunvericiliyin təkmilləşdirilməsi və insan haqlarının qorunmasında bu təsisatların mühüm təsiri olur.
Azərbaycanda vətəndaş cəmiyyətinin milli təsisatları da güclü dövlət sayəsində mövcuddur. “Vətəndaş cəmiyyəti” termini universal xarakter kəsb etsə də, Azərbaycanda bu cəmiyyətin, eləcə də milli- hüquqi dövlətin yaranması, spesifik xüsusiyyətləri ilə fərqlənir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun Qərb modeli formalaşsa da, prosesdə ölkəmizin milli xüsusiyyətləri də özünü göstərir...”.

Əli Zülfüqaroğlu