Tarixi ədalət, nəhayət, bərpa edilib Layihə

Tarixi ədalət, nəhayət, bərpa edilib

Azərbaycanla Ermənistan arasında döyüşlər 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edib. Tərəflər arasında döyüşlərin dayandırılmasına dair Rusiyanın himayəsi ilə əldə olunmuş razılaşmadan sonra, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sakitlik yaranıb. WorldMedia Le Courrier de l’Atlas-a istinadən yazır ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirir ki, əslində bölgədə beynəlxalq hüquq təmin edilib.
Səfir bildirib ki, bölgədə beynəlxalq hüququn prinsipləri və tarixi ədalət, nəhayət, bərpa edilib. Başqa sözlə, Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1994-cü illərdə işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və əraf 7 rayon (Azərbaycan ərazisinin 16%-i) azad edilib. Bu, beynəlxalq münasibətlərdə yaxın tarix üçün nadir hadisədir. İlk dəfədir ki, BMT üzvü beynəlxalq hüququ təkbaşına təmin edir. BMT Təhlükəsizlik Şurasının 1993-c ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, biz onların icrasını təmin etdik: “İndi yeni dövr başlayır: yaxınlarda işğaldan azad edilmiş torpaqların yenidən qurumasına start veriləcək. Ümid edirəm ki, bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması dövrü də başlayacaq. Hazırda biz bu məqsəddən xeyli uzağıq və bu, əlbəttə ki, asan olmayacaq. Çünki Ermənistan cəmiyyətində hələ də revanş hissi hökm sürür”.
Diplomatın fikrincə, bölgənin işğalından sonra bizim şəhərlərimiz, kəndlərimiz, maddi mədəniyyət abidələrimiz, qəbiristanlıqlarımız dağıdılıb, yolların əksəriyyəti minalanıb. Odur ki, hüquqları 30 ilə yaxındır pozulan 750 min azərbaycanlı qaçqının öz torpaqlarına qayıdışı üçün genişmiqyaslı işlər görülməlidir. Qərbdə insan haqlarından danışmaq dəbdədir. Lakin azərbaycanlı qaçqınların pozulmuş hüquqları haqda çox az adam danışır.
Azərbaycanlı qaçqınların hüquqları tezliklə təmin olunacaq. Dağlıq Qarabağ ermənilərinə gəlincə, bizim bu məsələ ilə bağlı da mövqeyimiz aydındır. Onların statusu BMT Təhlükəsizlik Şurasının xüsusi qərarları ilə müəyyən edilib. Bu insanlar bizim vətəndaşlarımızdırlar. Azərbaycan Konstitusiyasına uyğun olaraq, ölkədə etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyini təmin edilir. Azərbaycan 1918-ci ildən tolerantlığın, dünyəviliyin hökm sürdüyü ölkədir. O, müsəlman dünyasında ilk parlamentli respublika olub. Tolerantlıq və dünyəvilik bizim qanımızdadır.
Səfir münaqişənin dini xarakter daşıdığı ittihamlara da cavab verib: “Gəlin, faktlara olduğu kimi yanaşaq. Ermənistan tərəfinin bu münaqişədə nə tarixi, nə də hüquqi arqumenti var. O, problemi dinlərarası münaqişə kimi qələmə verməklə, Fransanın və Avropanın digər xristian ölkələrinin dəstəyini qazanmaq istəyir. Amma belə problem yoxdur. Biz haqq yolundayıq. Münaqişənin səbəbi Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi idi. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və çoxsaylı beynəlxalq təşkilatların qərarları da təsdiqləyir. Bu, hər şeydən əvvəl, siyasi məsələdir”.
Diplomat onu da qeyd edib ki, tarixə nəzər saldıqda görürük ki, Sovet İttifaqının dağılmasından əvvəl Azərbaycanın idarəçiliyində olmuş Dağlıq Qarabağ çoxmillətli, çoxkonfessiyalı bölgə olub. Münaqişənin əvvəlində – 1989-cu ildə aparılmış son siyahıyaalma zamanı bu bölgədə əhalinin 22%-nin azərbaycanlı, 74%-nin erməni olduğu üzə çıxmışdı. Bundan başqa, bölgədə 48 etnik və dini azlığın (müsəlman, yəhudi və xristian) nümayəndələri – ruslar, ukraynalılar, belaruslar, yəhudilər, bolqarlar, yunanlar, almanlar, polyaklar və sair yaşayıb. Onlar əhalinin 4%-ni təşkil edib. Lakin nədənsə media bu faktı unudur, rəsmi hesabatlarda da çox vaxt bu haqda heç nə deyilmir: “Beləliklə, müharibə vaxtı erməni separatçılar oradan bütün dini azlıqların nümayəndələrini qovub. Yəni, biz bu bölgənin hər zaman müxtəlifliyi qoruyan Azərbaycanın suverenliyindən çıxaraq, monoetnik Ermənistanın suverenliyi altına düşdüyünü görürük”.
“Elə isə, kommunitarizmlə bağlı gedən diskussiyaları necə qiymətləndirirsiniz” sualına cavabında isə səfir bildirib ki, Azərbaycan bu məsələdə Fransa üçün nümunə ola bilər. Biz kommunitarizmin bu səviyyədə olmadığı dünyəvi respublikayıq: “Təəssüf ki, Fransada bəzi dairələr (senatorlar, deputatlar, merlər, jurnalistlər və s.) erməni icmasının maraqlarını Azərbaycan icmasının maraqlarından üstün tutur. Ən pisi isə odur ki, onlar müdafiə etdikləri bu ifrat “kommunitarizm”in beynəlxalq hüquqa və Fransa qanunvericiliyinə zidd olduğunu unudurlar. Bir daha təkrar edirəm ki, dünyəvi respublika olan Azərbaycan yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət olunmasını istəyir”.
Bu arada onu da qeyd edək ki, ikinci vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, bğlgəyə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilsə də hələ də separatçılar - Araik Arutyunyan, Vitali Balasanyan və digərləri Xankəndində görünürlər. Politoloq Toğrul İsmayılın fikrincə, Qarabağda Azərbaycan əleyhinə fəaliyyət göstərən, hazırda orada qalmaqda davam edən əsas şəxslərin taleyi beynəlxalq hüquqa uyğun şəkildə həll edilməlidir. İndiki vəziyyətdə görünən budur ki, Rusiya onları himayə edir. Amma sonda bu məsələlər qarşılıqlı anlaşma və razılaşma ilə həll ediləcək. Yəni bu, müharibə deyil, diplomatik mübarizədir və müharibədən daha çətindir. Bunu da xalqımız bilməlidir. Qarabağda müharibəni udmaqla yanaşı həm də onu dünyada legitimləşdirilməli, qəbul etdirməlidir. Gördüyünüz kimi bəzi ölkələrin müxtəlif dövlət qurumları hətta beynəlxalq hüququ gözardı edərək Azərbaycanın əleyhinə qanunlar qəbul edirlər. Bu işlər asan məsələ deyil”.
O əlavə edib ki, bu gerçəklikləri Azərbaycan dövləti ilə yanaşı Rusiya və Türkiyə də gözəl bilir: “Əlbəttə, Azərbaycan ictimaiyyəti separatçıların həbs edilməsi və ya fəaliyyətsiz qalmasını tələb etməlidir. Buna normal yanaşmaq lazımdır. İctimaiyyətin tələbi də dövlət tərəfindən nəzərə alınmalıdır. Bunlar başqa məsələdir. Amma bu işlərin idarəetmə mexanizmlərinin olduqca həssas olduğunu da unutmamaq vacibdir”.
Mütəxəssis qeyd edib ki, Azərbaycan ilk dəfə belə bir müharibə aparıb: “Mən əvvəlki dövrü saymıram. İlk dəfə Azərbaycan öz ərazilərində təmizləmə əməliyyatı apardı, amma bu, müharibə kateqoriyasına girəcək əməliyyatlar idi. Müharibədən sonra prosesin nizamlanması lazımdır. Bizim insanlarımız daha çox II Dünya Müharibəsi haqda məlumatlı olduğundan oradan misal gətirmək olar.
II Dünya Müharibəsinin ilk günündən beynəlxalq görüşlər keçirildi, sonrakı durumun necə olacağına dair müzakirələr aparıldı və bəzən qərarlar da verildi. Amma buna rəğmən sonrakı proseslər zamanı bu qərarların bir hissəsi yerinə yetirilmədi və dəyişdirildi. O müharibə uzun müddət davam etdiyi üçün proses də uzun oldu. Amma bizim apardığımız müharibə sürətli idi, müharibə dövründə 3 atəşkəs cəhdini gördük və dördüncüsündə düşmən tərəf təslim oldu. Başqa sözlə, erməni tərəfi bu əraziləri 6 il ərzində işğal etdisə də, Azərbaycan 44 günə onları təmizlədi. O qədər sürətli oldu ki, onun alt mexanizmi beynəlxalq hüquqa və norma ilə tənzimlənmədi. Bu səbəbdən də suallar çoxdur. Fikrimcə, proses davam edəcək. Əlbəttə, bu proses çərçivəsində problemlər yavaş-yavaş həll ediləcək”.
Politoloq qeyd edib ki, indiki halda Azərbaycanın işğaldan azad olunan ərazilərində məskunlaşma və bərpa işlərinin aparılması vacib olsa da, bu, zaman aparacaq: “Bizim insanımız nə düşünür? Ərazilər işğaldan azad edildi, mən dərhal ata yurduma köçürəm və yaşayıram. Belə asan deyil. Ora köçüb yaşamaq belə bir neçə il zaman alacaq. Ərazilərin minalardan təmizlənməsi lazımdır. İkincisi, bunlar təmizləndikdən sonra həmin ərazilərin təhlükəsizliyinin təmin edilməsi lazım gələcək. Yəni hər hansı bir erməni qrupu ayağa qalxıb kəndə girib qətliam edəcəksə, bu necə olacaq. Sözsüz ki, Azərbaycan hər kəndə, nöqtəyə ordu yerləşdirə də bilməz. Başqa sözlə, bu təminatlar olmalıdır.
Nəhayət orada insanların yaşaması üçün şəraitin qurulması, infrastrukturun bərpası lazımdır. Bura tətil kəndləri deyil ki, Bakıda oturub kənddə bir ev tikəsiniz və hər yay ora gedib iki ay istirahət edəsiniz. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin etdik. Amma bu ərazilərin yaşayacaq duruma gətirmək lazımdır. İnsanların sərbəst yaşaması üçün şərait qurulmalıdır”.
Mütəxəssis xatırladıb ki, yuxarı-aşağı ermənilər Qarabağı 30 il nəzarətlərində saxladı: “Bəs niyə inkişaf etdirə bilmədi? Çünki bu əraziləri öz vətəndaşlarının normal yaşayacağı hala gətirə bilməyəcəklərini görürdülər. Sovet dövründə digər məsələlər öz yerində, bəs nədən Dağlıq Qarabağı qoparıb Ermənistana vermədilər? Çünki iqtisadi, sosial, kultural-mədəni olaraq bu ərazilər Azərbaycansız yaşaya bilməzdi, bu, mümkün də deyildi. Oranın yol təminatı, su təminatı, hər şey bizdən asılıdır. Əslində indiki günümüzdə bu, daha çox qabarıq formada önə çıxır. Ən önəmlisi hava sahəsidir. Nəzəri baxımdan siz torpaq üstündə mübahisə edə bilərsiniz, amma hava sahəsi Azərbaycana məxsusdur. Azərbaycan icazə verməsə bu ərazilərdə təyyarə enə bilməz. Əvvəl biz əraziyə nəzarət edə bilmirdik, indi böyük əraziləri Azərbaycan Ordusu nəzarətə götürüb. Hətta ermənilərin yaşadığı ərazilərin ətrafı da nəzarətimizdədir. Hansı yerdən təyyarə gəlib orada eniş edə bilər? Sərhədə daxil olmadan belə onu vurub sala bilərsən”.
Sonda mütəxəssis qeyd edib ki, yuxarıda qeyd etdiyi məsələlər dərhal həll olunacaq məsələlərə daxil deyil: “Tədricən Azərbaycan bunları həyata keçirəcək. Ondan sonra ən ağırlı proses bu ərazilərin inkişafıdır. Mənim də xəyalım var ki, Şuşada ortaq Türkiyə-Azərbaycan universiteti qurulsun, böyük məmnuniyyətlə orada işləyərəm”.

Cavid