“Rusiya razılaşmanın şərtlərinə riayət etməlidir” Layihə

“Rusiya razılaşmanın şərtlərinə riayət etməlidir”

Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfər edib. Xatırladaq ki, rəsmi İrəvan Ayvazayanın Dağlıq Qarabağa gəlməsini “işçi səfər" adlandırıb və nazirin separatçı Araik Arutyunyanla görüşdüyünü açıqlayıb.
Xəbərdə bildirilirdi ki, Ayvazyan və Arutyunyan “9 noyabr razılaşmasından irəli gələn vəzifələrin icrası vəziyyətini, əsirlərin və əsirlikdə olan mülki şəxslərin təhlükəsiz qaytarılması və münaqişə zonasında sülh və stabilliyin bərqərar edilməsi məsələlərini” müzakirə ediblər.
Ondan bir gün öncə isə Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan da Azərbaycanın Qarabağ bölgəsinə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gəlib.
Arakelyan Xankəndidə özünü keçmiş və qondarma “dqr”in rəhbəri sayan separatçı-terrorçu Araik Arutyunyanla görüşüb.
O, Ermənistanın Qarabağ ermənilərinə dəstəyin “prioritet məsələsi” olaraq qaldığını deyib.
“Ermənistan hökuməti Qarabağ ermənilərini dəstəkləmək üçün yeni proqramlara başlamağı planlaşdırır”, – M.Arakelyan qeyd edib.
Bildirilib ki, tərəflər müharibə nəticəsində evsiz qalan və Ermənistana sığınan ermənilərin sosial problemlərinin həlli məsələlərini müzakirə edib.
Hər iki nazirin Rusiya sülhməramlılarının qoruduğu Laçın dəhlizindən istifadə etməklə rus sülhməramlılarının nəzarətində olan Xankəndiyə gəldiyi bildirilr ki, bu da Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.
Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı Ermənistana müharibənin nəticələrini yaddan çıxarmamaq xəbərdarlığını verib: “Unutmasınlar ki, Dəmir Yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.
“Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gələ bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - Prezident əlavə edib.
Azərbaycan XİN-in “səfər”lə bağlı rəsmi açıqlamasında bu səfərlərin 10 noyabr Bəyanatına zidd olduğu və problemi gərginləşdirdiyi qeyd edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir.
"Bu isə, o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülh və təhlükəsizlik, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır", - deyə XİN rəsmisi vurğulayıb.
ALDP sədri Fuad Əliyevin fikrincə, Rusiya sülhməramlı qüvvələrin nəzarəti altında erməni rəsmilərinin Xankəndinə gəlməsi siyasi xəyanətdir: “Bu səlahiyyəti Rusiya sülhməramlılarına heç bir ölkə verməyib. Bu özbaşnalıqdır, amma dərk etməlidirlər ki, Xankəndi Azərbaycan torpağıdır və sülhməramlılar ora niyə yerləşdirildiklərini başa düşməli, qəbul etməli və yerinə yetirməlidirlər. Azərbaycanın rəsmi icazəsi olmadan Xankəndi, Xocavənd və digər işğaldan azad edilən torpaqlarımıza heç bir ölkənin rəsmisi ayaq basa bilməz”.
Partiya sədri Azərbaycan Prezidentinin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı Ermənistana verdiyi məlum mesajın işğalçı ölkə tərəfindən ciddi qəbul edilməsinin vacibliyinə də toxundu: “Bu bir mesajdır, amma onun arxasında böyük güc, iradə dayanır. Ermənistan müharibədə acı məğlubiyyətini unutmasın və heç də Rusiya sülhməramlılarına arxayın olmasın. Azərbaycan torpaqlarını işğaldan azad edib və nəzarət mexanizmini də həyata keçirir. Sülhməramlılara heç kim ixtiyar verməyib ki, ölkəmizin daxili işlərinə qarışsın. Prezident də mesaj verdi, belə hallar bir də təkrarlanarsa nəticəsi ağır ola bilər”.
Rusiya Zabitləri ekspert şurasının üzvü Aleksandr Perenciyev bildirib ki, ermənilər “dqr” adlı feyki dəstəkləməyə çalışırlar. Məhz bu səbəbdən orada “nazirlər” təyin olunur və “ziyarətlər” təşkil edilir.
Onun sözlərinə görə, rəsmi İrəvan bu gün sözügedən “respublikanın” guya mövcud olduğunu göstərmək istəyir:“Həqiqətdə isə o, heç vaxt mövcud olmayıb. Azərbaycan torpaqlarının işğalı da separatçı hərəkat adı altında həyata keçirilib. Ermənilərin “artsax” oyunu hələ də davam edir. Rəsmi İrəvan yalançı dövlətə necə “nazir” təyin edə bilər? Bu, birmənalı şəkildə göstərir ki, “dqr”in hansısa müstəqilliyi haqqında de-fakto danışmaq belə lazım deyildi. Əslində, orada heç bir respublika yoxdur və olmayıb da. Bu, hazırda revanşizm fikri üzərində qurulmuş bir quruluşdur. Lakin bu bir utopiyadır. Ermənistan intiqam almağa hazır deyil və heç vaxt buna hazır olmayacaq, çünki orada onların qarşısında rus əsgərləri dayanacaq. Rusiya ermənilərin revanşizminə imkan verməyəcək. Bu artıq 100 faiz belədir”.
Politoloq Mirsamir Məmmədov isə bildirib ki, Ermənistan XİN rəhbərinin Xankəndinə gəlməsi işğalçılıq niyyətindən əl çəkilməməsini göstərir.
Onun fikrincə, erməni naziri Xankəndiyə buraxanlar və noyabrın 10-da imzalananan 3 tərəfli bəyanatın şərtlərinə əməl edilməsi məsələsinə məsul olanlar birmənalı olaraq məsuliyyət daşıyır: “Erməni nazirin Xankəndinə gəlməsi qətiyyən qəbul edilə bilməz. Onun Xankəndinə gəlməsi bu iyrənc və mənfur millətin işğalçılıq niyyətindən əl çəkmədiyini göstərir. Xankəndi Azərbaycan torpağıdır. Ora səfər etmək istəyən hər kəs və hər bir dövlətin rəsmi nümayəndəsi Azərbaycan dövlətindən rəsmi icazə istəməlidir. Əgər Azərbaycan dövləti bu ərazilərə olunacaq hər hansısa səfəri məqbul hesab edərsə‚ ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı hər hansısa bir təhdid görməzsə‚ milli maraqlarımıza qarşı bir hal aşkar olunmazsa və Azərbaycanın dövlət maraqlarına‚ ölkəmizin milli və təhlükəsizlik maraqlarına xidmət edərsə‚ məhz yalnız o zaman istisnalar şəklində Xankəndinə hər hansısa başqa dövlətin nümayəndəsinə səfər etməsi üçün icazə verə bilər. Bu‚ birbaşa Azərbaycan dövlətinin müstəsna və suveren hüquqları çərçivəsindədir. Əlbəttə ki‚ bu qeyd etdiyim amil yalnız neytral ölkələrə aid edilə bilər‚ Ermənistana deyil. Ermənistan Azərbaycana düşmən ölkədir‚ 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb‚ mülki insanlarımıza qarşı soyqırımlar‚ terror aktları törədib‚ 1 milyondan artıq soydaşımızı öz dədə-baba yurdlarından didərgin salıb‚ Azərbaycan xalqına və Azərbaycanın dövlət büdcəsinə ağır maddi və mənəvi ziyanlar vurub. Belə bir ölkənin rəsmi nümayəndəsinin ayaqları ərazilərimizə dəyə bilməz. Xankəndi Azərbaycan torpağıdır. Erməni nazirin orada nə işi var? Rusiya sülhməramlıları belə hala niyə yol verib? Dağlıq Qarabağın heç bir statusu yoxdur‚ status-kvo olmadı‚ Dağlıq Qarabağ‚ o cümlədən Xankəndi Azərbaycan torpağıdır”.
Politoloq bildirib ki, erməni rəsmilərinin Xankəndinə səfərlər etməsi çox ciddi məsələdir və üzərində ciddi dayanılmalıdır. Tərəflər arasında noyabrın 10-da imzalananan bəyanatın şərtlərinə əməl edilməsinə nəzarət edən və buna məsul olanlar erməni nazirin Xankəndidə nə işinin olduğuna və əraziyə niyə buraxdıqlarına dair cavab verməlidirlər: “Ermənistan məqsədli şəkildə bölgədəki təhlükəsizliyi və sabitliyi pozmağa çalışır. Azərbaycan noyabrın 10-da imzalamış 3 tərəfli bəyanatın bütün şərtlərinə əməl edib. Halbu ki‚ Azərbaycan qalib ölkədir. Amma Ermənistan məğlub ölkə olmasına baxmayaraq yenə təxribatlardan əl çəkmir və öz havadarlarına güvənərək və bilavasitə havadarlarının dəstəyi və yardımı ilə siyasi‚ diplomatik və hərbi təxribatlara əl atır. Hətta bunun fonunda ərazilərimizə kəşfiyyat diversiya dəstələri hücum edərək terror və təxribatlar törətməyə cəhd edirlər. Bütün bunlar Ermənistanın növbəti cinayətləridir. Və bütün məsuliyyət birbaşa Ermənistanın və onun havadarlarının üzərindədir”.

Cavid