“Azərbaycan informasiya cəbhəsində də mütləq üstünlüyü ələ alıb” Layihə

“Azərbaycan informasiya cəbhəsində də mütləq üstünlüyü ələ alıb”

Nurlan Qələndərli: “Postkonflikt mərhələsində informasiya savaşında mühüm uğurlar əldə edilib”

“XXI yüzillik informasiya əsridir və bu dövrdə beynəlxalq arenada millli mübarizənin əsas istiqamətlərindən birini informasiya müstəvisində resursların maksimum səfərbər olunması təşkil edir. Qərbin aparıcı dövlətlərindən birinin strateq-ideoloqlarından olan şəxslərdən biri hələ illər öncə qeyd etmişdi ki, çağımızda informasiya kanallarına tam nəzarət edən subyektlər dünyaya nəzarət edəcəklər. Təbii ki, bu, maksimalist - qlobal yanaşmadır və “tam – mütləq nəzarət” anlayışı praktik müstəvidə reallığı əks etdirmir. Lakin ən azından, hər bir dövlət milli maraqlarını təmin etmək, strateji hədəflərini gerçəkləşdirmək üçün lokal informasiya məkanını qorumaq iqtidarında olmalıdır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Nurlan Qələndərli deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirməyə çalşıb.

-Buraya, həmçinin qlobal informasiya məkanına çıxış əldə etmək, milli reallıqların beynəlxalq səviyyədə təbliği mexanizmini formalaşdırmaq, kibertəhlükəsizliyi təmin etmək kimi strateji istiqamətlər daxildir.
Azərbaycan təcrübəsinə və konkret olaraq sualınıza gəlincə, əvvəla qeyd etmək istəyirəm ki, siyasi-diplomatik, informasiya və hərbi müstəvidə aparılan uğurlu fəaliyyət dövlətimizin tarixi qələbəsini şərtləndirib. Azərbaycan təkcə döyüş meydanında zəfər qazanmayıb, eyni zamanda, informasiya cəbhəsində mütləq üstünlüyü ələ alıb. O cümlədən ölkə mediası 44 günlük müharibə dövründə həm informasiya təhlükəsizliyimizin qorunması, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun surətdə çatdırılması, həm də erməni yalanlarının ifşa olunması yönündə səmərəli fəaliyyət göstərib. Bütövlükdə isə, Azərbaycan həm müharibədən əvvəl, həm savaş zamanı, həm də postkonflikt mərhələsində informasiya savaşında mühüm uğurlar əldə edib.
Xüsusilə də, Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibələri, həm də xalqa müraciətləri ilə reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər, eyni zamanda, milli media təsisatlarımız üçün mühüm “yol xəritəsi” və strateji istiqamətləri müəyyən edən paradiqma idi. Bu müddət ərzində dünya mətbuatında Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiya və analitik materiallar dərc olunması bu gün üçün də ciddi önəm daşıyır. Nüfuzlu media qurumları Azərbaycan Prezidentinin fikirlərinə istinad etməklə hadisələr və proseslərin mahiyyəti barədə oxucuların diqqətinə geniş məlumatlar təqdim etməkdə davam edirlər. Bu, şübhəsiz ki, informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünü və qələbəsini təmin edən başlıca strateji amillərdəndir.
Beləliklə, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitinin yaratmaq niyyəti baş tutmadı. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu informasiya diplomatiyası nəticəsində Ermənistanın “feyk nyus” taktikası iflasa uğradı. Nəticə etibarilə, Ermənistanın, erməni lobbisinin uzun illərdir, apardığı qara piar kampaniyasının iflasa uğradılması informasiya savaşında strateji yüksəkliklərin fəthini də təmin etmiş oldu. Təbii ki, bu amil qlobal ictimai rəyin lehimizə dəyişməsini şərtləndirdi...
Bir məqama da xüsusi diqqət yetirmək istərdim. Belə ki, Vətən müharibəsi zamanı milli media təmsilçilərimizin mütəmadi şəkildə rəsmi mənbəyə əsaslanan xəbərləri yayımlamaları sosial şəbəkələrdə yalan məlumatların yayılmasının qarşısını aldı. Bu da ictimai rəylə manipulyasiya cəhdlərinin neytrallaşdırılması baxımından olduqca önəmlidir.
- Yeri gəlmişkən, Ermənistan prezidenti Armen Sarkisyan etiraf etdi ki, Ermənistan Azərbaycanın informasiya hücumları qarşısında aciz qalıb... Bunu necə xarakterizə edirsiniz?
- Bu, Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin daha bir etirafıdır, təbii ki. Ümumiyyətlə, məğlub ölkədə müxtəlif profilli siyasətçilər, müxalif qüvvələr, media mənsubları mütəmadi olaraq bu cür etiraflarla çıxış edirlər. Bu zaman daha çox döyüş meydanında Azərbaycanın əzici üstünlüyündən – qalibiyyətindən bəhs edirlər.
Amma qeyd etdiyiniz kimi, informasiya cəbhəsində də Ermənistanın məğlubiyyəti ilə bağlı məsələlər daimi gündəm mövzusudur. Eyni zamanda, bu məsələ erməni lobbisi ilə Paşinyan arasında ciddi mübahisə və qarşıdurma predmetidir. Müxtəlif səviyyələrdə verilən açıqlamalar bu reallığı təsdiq edir. Bütün hallarda, Azərbaycanın Ermənistanı informasiya platformasında da məğlub etməsinin bu ölkədə ciddi təlaş, narazılıq və narahatlıqla ifadə edilməsi bizim ümumi strategiyamızın uğurlu olmasını təsdiq edən mühüm faktlardan biridir.
- Azərbaycan media mənsublarının xarici mediada çıxışlarını necə dəyərləndirmək olar?
- Əlbəttə, transmilli media orqanlarında, həmçinin müxtəlif ölkələrin nüfuzlu nəşrlərində, elektron informasiya resurslarında həqiqətlərin bütün təfərrüatları ilə diqqətə çatdırılması çox mühüm əhəmiyyətə malikdir. Çünki qeyd etdiyimiz kimi, bu, qlobal müstəvidə informasiya savaşıdır və bütün imkanlardan maksimum surətdə səmərəli istifadə olunmalıdır. Bu istiqamətdə atılan addımlar, edilən təşəbbüslərtəqdirəlayiqdir.
Eyni zamanda, həm mətbuat nümayəndələrinin, həm də siyasi dünyagörüşü, dil bilgisi olan sadə vətəndaşların sosial şəbəkələrin imkanlarından istifadə etmələri çox vacibdir. Bu, geniş beynəlxalq aidutoriya ilə iş və düzgün qlobal ictimai rəyin formalaşdırılması işinə töhfə olar...
- Ümumiyyətlə, bu məsələlər kontekstində həm daxili, həm də beynəlxalq ictimai rəylə iş baxımından media orqanlarının üzərinə hansı məsuliyyət və vəzifələr düşür?
- Media orqanı, informasiya resursu üçün vəzifə və məsuliyyət məsələsi, ilk növbədə, peşəkarlıq amili ilə bağlıdır. Təbii ki, burada milli maraqlara xidmət, dövlətin strateji mənafeyini əsas götürmək, həmçinin ictimai həmrəylik zəruri faktorlardır.
Bu gün beynəlxalq təcrübə göstərir ki, xüsusi mübadilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya resurslarından səmərəli surətdə istifadə edilməsi üçün daim yeni mexanizmlər və texnologiyalara istinad edilir. Bu, həm daxili, həm də beynəlxalq ictimai rəylə iş baxımından çox əhəmiyyətlidir. Ona görə də media təsisatı tərəfindən hər iki istiqamətə xüsusi diqqət yetirilməlidir.
Bilirik ki, informasiya cəmiyyətində əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə, onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Beləliklə, informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır. Əlbəttə, bütün bunlar öz növbəsində müsbət və mütərəqqi yenilikləri şərtləndirməklə yanaşı, bir sıra neqativ halların ortaya çıxmasına və ya artmasına da səbəb olur. Bu kontekstdə mediada ictimai şüura neqativ təsir edən informasiyaların yayılmasını xüsusi qeyd etmək lazımdır. Bu zərərli məlumatlar ictimai rəyə mənfi təsir göstərən amil kimi çıxış edir. Ona görə də həmçinin xaricdən milli informasiya məkanımıza ötürülməyə cəhd edilən dezinformasiya xarakterli məlumatların qarşısının alınmasına ayrıca diqqət yetirilməlidir. Burada da əsas məsuliyyət media qurumlarının üzərinə düşür. Çünki informasiya istehsalçıları məhz onlardır. Eyni zamanda, burada bir tərəfdən ictimai-siyasi maraqların prioritet olması, ikinci tərəfdən isə media nümayəndələrinin peşəkarlığı məsələsi ön plana çıxır.
Vətən müharibəsi dövründə də gördük ki, bəzi saytların, sosial şəbəkə səhifələrinin qeyri-dəqiq, qeyri-müəyyən xəbərlər, məlumatlar yayması kimi hallar milli maraqlara qarşı yönəlmiş aktlardır. Bilərək və ya bilməyərək edilməsindən, motivinin nədən ibarət olmasından asılı olmayaraq, bu cür hallar yolverilməzdir, informasiya təhlükəsizliyinə təhdid elementləri yaratmaqdır. Şübhəsiz ki, reytinq arxasınca qaçan hansısa media orqanı bəzi hallarda ictimai populyarlığını artırmaq üçün bu cür xəbərləri ictimai, siyasi və strateji maraqları nəzərə almadan dövriyyəyə buraxmaqla cəmiyyət qarşısında daşıdığı məsuliyyəti unudur. Bu həm də peşə etikasına və peşəkar fəaliyyət prinsiplərinə ziddir...

Əli Zülfüqaroğlu