Ermənilər işğal zamanı abidələrin məhv edilməsini planlı şəkildə həyata keçiriblər Layihə

Ermənilər işğal zamanı abidələrin məhv edilməsini planlı şəkildə həyata keçiriblər

Ermənilər Azərbaycan torpaqlarının işğalı zamanı tarixi abidələrimizin dağıdılıb məhv edilməsini planlı şəkildə həyata keçiriblər. 44 günlük Vətən müharibəsində böyük qələbə ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra mühüm vəzifələrdən biri də işğalçı Ermənistanın Azərbaycana vurduğu ziyanı beynəlxalq standartlar əsasında hesablamaqdır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov beynəlxalq standart anlayışına aydınlıq gətirərək bildirir ki, bu məsələdə dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələr başa düşülür: “Standartlaşdırma ictimai fəaliyyətin geniş sahəsini əhatə edir. Özündə elmi, texniki, iqtisadi, estetik, mədəni, siyasi və s. sahələri əhatə edir. Bütün bunlar standartlaşdırmanın istifadəsi sayəsində həyata keçirilir. Bu sistem müxtəlif sahələrdə qayda, xidmət və s. haqqında standartları yaradır. Burada standartlaşdırmanın məqsəd və vəzifələrini təyin edir. Beynəlxalq qiymətləndirmə stanadartları haqqında standartlar Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə (İnternational Valuation Standarts Committee - İVSC) tərəfindən hazırlanır. Təşkilat 1981-ci ildə Kral İnstitutu (Böyük Britaniya) tərəfindən sertifikat verilmiş qiymətləndiricilərin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə 50-dən çox ölkənin peşəkar qiymətləndiricilər birliklərini birləşdirir”.
Abidələrin zədələnməsinə, korlanmasına və ya tamamilə məhv olmasına müharibə amili nəticəsində abidələrə qarşı tətbiq edilən vandalizm hərəkətlərindən başqa, abidələrin korlanıb sıradan çıxmasına aşağıdakı digər hallar da səbəb ola bilər: ölkələrdə svilizasiyaların və tarixi proseslərin dəyişməsi, ölkənin işğal edilməsi; müxtəlif təbiət hadisələri, o cümlədən ildırım vurmaları; torpaq aşınmaları; zəlzələlər və s. Böyük yaşayış massivlərində, eləcə də sənaye şəhərlərində aparılan abadlıq-quruculuq işləri də abidələrin dağılmasına, korlanmasına və ya tamamilə məhv olmasına səbəb ola bilər. Hətta sülh dövründə abidələr nəzarətsiz qaldıqda, abidə ətrafında aparılan özbaşına abadlıq-quruculuq işləri, binaların və ya ticarət obyektlərinin tikilməsi, abidələrdən tamah məqsədi ilə istifadə edilməsi və ya abidə ətrafında icazəsiz qazıntı aparılması işləri də yolverilməzdir. Bu hallar abidələrin korlanmasına və tez sıradan çıxmasına səbəb olur.
Araşdırmaçının fikrincə, işğal zamanı həmin ərazilərdə azərbaycanlıların inanc yerlərinin, islam dini abidələrinin dağıdılıb məhv edilməsini ermənilər planlı şəkildə həyata keçiriblər, yaşayış massivlərindən uzaqlarda, dağ gədiklərində, ucqarlarda nəzarətdən kənarda qalan xristianlığa qədər və ya xristianlıq dövrü abidələrinin korlanmasını təbiət hadisələri sürətləndirib. İnzibati yaşayış mərkəzlərində yerləşən xristianlıq dövrü abidələrinin korlanmasına və formalarının dəyişməsinə ermənilərin həyata keçirdikləri erməniləşdirilmə siyasəti və qeyri-qanuni bərpa və quruculuq işləri səbəb olub. İşğaldan azad olunmuş ərazilərdə mədəni irs potensialının əsasını arxeoloji abidələr təşkil edir. Bu ərazilərdə arxeoloji abidələrin çoxluğu dəyərli obyektlərin xüsusi ümumiləşdirmə və sistemləşdirmə yolu ilə tətqiq edilməsi şəraitini tələb edir.
Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə arxeoloji abidələr ermənilər tərəfindən xüsusi qəddarlıqla istismara məruz qalıb, onların bir çoxu tamamilə məhv edilərək artıq coğrafi xəritədən silinib. Xocalı rayonundakı Xocalı, Əsgəran, Xankəndi kurqanlarını, Ağdam rayonunun Kültəpə kurqanlarını, Laçın, Kəlbəcər rayonları ərazilərindəki onlarla kurqanları ermənilər tamamilə dağıdaraq hətta coğrafi xəritədən belə siliblər. Qeyri-qanuni qazıntılar zamanı kurqanlardan tapılan bir çox məişət əşyaları, bəzəklər və ov alətləri Azərbaycan ərazilərindən çıxarılaraq Ermənistana aparılıb. Ermənilər tərəfindən Azərbaycandan çıxarılan daşınan tarix və mədəniyyət abidələrinin ümumilikdə dəyəri milyardlarla manat vəsaitlə ölçülür. Dağıdılan arxeoloji abidələrin sayı isə hələlik dəqiq məlum deyil.
Qeyd edək ki, insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər arxeoloji abidələr sahəsinə daxildir:
- Arxeoloji abidələr sahəsinə o cümlədən, qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, magaralar, eləcədə kənd və şəhər qalıqları. Qədim müdafiə sistemləri və istehkamlar, daş və torpaq sədlər o cümlədən ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları;
- Dini xarakterli ərazilər yəni ziyarətgahlar, qədim məbəd və monastrların qalıqları, dini ibadət komplekslərinin qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər;
- Qədim qəbiristanlar, dini xatirə abidələri, digər dəfn yerləri o cümlədən kurqanlar və torpaq qəbirlər kompleksləri, küp qəbirlər;
- Qədim təsərrüfat yerlərinin qalıqları; o cümlədən hər cür qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilər və izlərin qalıqları, heyvandarlıq, əkincilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədənlərin istismar izləri, əmək alətləri, istehsalat kürələri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları (nohurlar, arxlar ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.), nəqliyyat xəttləri, tikintiləri və yaşayış məskənləri (qədim yollar, körpü qalıqları, və s.).
Bir qayda olaraq, arxeoloji abidələrin mahiyyəti onun çoxplanlığı, eləcə də digər aktual məsələləri müasir şəraitdə arxeoloji irs obyektlərinin informasiya və funksional xassələri ilə şərtlənən əhəmiyyətliliyini artırır. Qeyd olunanları təhlil edərək demək olar ki, arxeoloji abidələrin tətqiqinin və qiymətləndirilməsinin əsas istiqamətləri: abidənin informasiya mənbəyi, tamaşaçıya estetik təsirliliyi, insan fəaliyyətinin müasir mühitinin təşkili üçün baza obyekti olmaq qabiliyyətidir.
Gəldiyimiz ümumi qənaətə görə, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq, arxeoloji abidələrin dəyərinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilməsi məqsədəuyğun hesab olunur:
D = Dan (K0 +K1 + K2 +K3)
Burada Dan - analoq arxeoloji abidələrin dəyəri (yaxud bərpa dəyəri). K0 - aşağıdakı kəmiyyətlərlə ölçülən mühafizə əmsalıdır: obyekt qeydiyyata alınmayıb; obyekt müvəqqəti qeydiyyata alınıb; 5 - obyekt pasportlaşdırılıb; 100 - obyekt muzeyləşdirilib. Təsdiq olunmuş mühafizə zonası sərhədlərində şəhər mədəni təbəqəsi üçün də əmsal bu kəmiyyətə bərabər olur. 1000 - abidə ümumdünya irs obyektidir.
K1 - tarixilik əmsalıdır. Tarixilik abidənin yarandığı dövrün ideya və meyllərini özündə əks etdirir və onun hansı dövrə aid olmasını müəyyən edir. Bundan əlavə abidənin hər hansı tarixi hadisə, yaxud tarixi şəxsiyyətlə bağlılığı da uçota alına bilər. Eyni zamanda abidənin tarixi, monumental və tətbiqi incəsənət, eləcə də, maddi-mədəniyyət nümunəsi olması aşkar edilə bilər.
K2 - arxeoloji abidənin materialını uçota alan əmsaldır.
Abidənin materialı aşağıdakıları müəyyən edir: obyektin yaradılmasında funksional məsələlərin həlli, tipoloji tərəqqinin öz əksini tapması, konstruktiv və həcm həllinin səmərəliliyi; obyektin bu və ya digər ustanın, memarın yaradıcılıq irsinə mənsubluğu.
K3 - arxeoloji abidənin yerləşdiyi ərazini uçota alan əmsaldır. O, bəşəriyyətin yaranması və yaşaması yerini müəyyən edir.
Arxeoloji abidələrin tarixliyi və dəyər göstəricilərini uçota alan əmsalların müəyyən etdikdən sonra istər – istəməz arxeoloji irsin qiymətlənirilməsinin əsasları aşkar olunacaq. Bu mərhələdən sonra ekspertlər arasında abidənin dəyərini (yaxud bərpa dəyərini) müəyyənləşdirilməsi barədə sorğu aparıla bilər. Ekspert qismində əsasən arxeoloqlar, tarixçilər, memarlar, dizaynerlər, bərpaçılar, qiymətləndiricilər və s. dəvət oluna bilərlər. Qeyd ediməlidir ki, bu tip sorğuların aparılması metodundan artıq bir sıra ölkələrdə istifadə edilib. Bu cür sorğular əsasən, ekspertin arxeoloji abidəyə xas olan dəyər göstəricilərini 100 ballıq şkala ilə qiymətləndirilməli olduğu anket əsasında aparılır. Belə sorğular və qiymətləndirmələr nəinki təkcə işğal altına düşmüş abidələr, eyni zamanda respublika üzrə arxeoloji abidələrin qiymətləndirilməsi üçün də istifadə oluna bilər. Ekspert sorğusunun nəticələri üzrə arxeoloji abidələrin dəyər göstəriciləri sxemi təqribən aşağıdakı kimi sistemləşdirilir.
Beynəlxalq standartlara uyğun qiymətləndirməyə nümunə kimi belə bir misal göstərmək olar. Məsələn, ermənilərin Ağdam rayonunun Şahbulaq ərazisində apardıqları qeyri-qanuni qazıntılar nəticəsində eneolit dövrünə aid keramik qab aşkar olunub. Bu qabı qiymətləndirmək, yəni onun dəyərini müəyyənləşdirmək lazımdır. Hesab etsək ki, keramik qabın bazar qiymətləri ilə bərpa dəyəri 3500 manatdır. Onda cədvəl məlumatlarını əvvəldə göstərilən düsturda yerinə qoysaq, D = 3500 (5+22+11+1,5) = 138 250 manat alınar.
Bu hesablama əslində müasir şəraitdə mütəxəsislər tərəfindən saxlanılma və istifadə predmetləri kimi müəyyən edilən xüsusiyyətlər barədə fikir yürütməyə əsas verir. Eyni zamanda ermənilərin Azərbaycan ərazilərindən qarət edib apardıqları minlərlə eksponatın da qiymətləndirilməsinə imkan yaradır. Müasir dövrdə, yəni beynəlxalq aləmdə arxeoliji abidələr üçün ümumi qəbul edilmiş terminologiya formalaşıb ki, onun da əsasını funksional və tarixi xronoloji prinsiplər təşkil edir. İşğaldan azad olunmuş ərazilərdəki arxeoloji abidələrin morfoloji tiplərinin aşkar edilməsi, onların forma və strukturunun təhlili əslində bu mərhələyə qədər bir çox tədqiqatçıların işlərində nəzərdən keçirilib. Əldə olunan qənaətə görə bu arxeoloji abidələrin beynəlxalq standartlara uyğun iqtisadi qiymətləndirilməsi obyektin təsnifat əlamətlərinin bazasında bu və ya digər tipə aid edilməsinin real əsaslandırılmasından asılıdır.

Elçin Qaliboğlu