Hüquqi dövlətdə və sivil cəmiyyətdə mədəniyyət anlayışı Layihə

Hüquqi dövlətdə və sivil cəmiyyətdə mədəniyyət anlayışı

Professor Fuad Məmmədov: “İnsanların yüksək ruhi mədəniyyətinin inkişafı cəmiyyət və dövlət üçün böyük siyasi əhəmiyyət kəsb edir”

Mədəniyyət geniş anlayış olub, insanların, xalqların, dövlətlərin özünəməxsusluqlarını ifadə edir. Dünya mədəniyyəti tarixinin, sivilizasiyaların inkişaf qanunları və texnologiyalarının, fərdi və beynəlxalq münasibətlər mədəniyyətinin, təfəkkür prosesləri və ictimai rəyin formalaşmasının kulturologi təhlili müasir sosial mühəndisliyin, tarixi proseslərin düzgün dərk edilməsi və səmərəli idarəçilik qərarlarının qəbul edilməsinin, cəmiyyətin gələcəyinin proqnozlaşdırılması və qurulmasının əsasını təşkil edir. Professor Fuad Məmmədovun fikrincə, dünya mədəniyyəti və sivilizasiyasının aparıcı ideoloji və elmi-maarifçi inkişaf amilinə çevrilərək kulturologiya cəmiyyətdə insanların kreativliyinin yüksəlməsinə yardım edir. Sosial-iqtisadi tərəqqi, həyat rifahı və keyfiyyəti mənbəyi olan “biliklər cəmiyyəti”nin formalaşması şəraitində, elmi tədqiqat yolu ilə əldə edilən kulturoloji bilik insanın, cəmiyyətin və dövlətin təşkiledici inkişaf prinsipinə çevrilir, yaradıcı fəallığın yüksəlişinə müsbət təsir göstərir. Toronto Kanada Universiteti nəzdindəki “Martin Prosperity İnstitut”unun direktoru Riçard Florida və Alberta Kanada Universitetinin professoru, kulturoloq Niko Şter əmindirlər ki, bəşəriyyətin gələcəyi “biliklər cəmiyyəti”nin və “kreativ sinfin” – “gələcəyi dəyişdirən insanların” olacaq.
Kulturoloji biliklər, səriştəlilik və məsuliyyət cəmiyyətin uğurlu və davamlı inkişafının şərtidir: “Bu gün universal kulturoloji biliklər olmadan elm və texnologiyanın, tibb və ekologiyanın, dövlət idarəçiliyi və hüquq sisteminin inkişaf tələbatlarını təmin etmək üçün lazım olan təhsilin yüksək keyfiyyəti də mühüm amildir. Kulturologiya mədəni və sosial antropologiya, etnologiya, mədəniyyət tədqiqatlarını və Qərb ölkələrində yayılmış, insanı və cəmiyyəti öyrənən digər qarşılıqlı əlaqəli tədqiqat istiqamətlərini də əhatə edir: “Bu zaman elmin ənənəvi sahələrini dəyişməyərək, o özünün metodologiyasına, tədqiqat obyekti və predmetinə malikdir. Kulturologiyanın obyekti - yaradıcı insan fəaliyyəti, onun tarixi və pozitiv nailiyyətləridir. Kulturologiyanın predmeti – cəmiyyət, dövlət, elm, təhsil, idarəetmə, siyasət, beynəlxalq münasibətlər, incəsənət, iqtisadiyyat, etika, hüquq, həyat tərzi, həyat təminatı sistemləri, din, şəxsiyyət, ailə münasibətləri, informasiya və mətbuat, qeyri-hökumət təşkilatları, muzey işi və bir çox digərləridir. Eyni zamanda mədəniyyətin arxitektonikası və semantikası, baza arxetipləri və obrazları, mentallıq, dəyər-normativ və simvolik məzmun, ənənələr və innovasiyalar, mədəniyyətin dinamikasında qorunma və dəyişiklik prosesləri, sivilizasiyaların təhlili və mədəniyyətlərin dialoqu kimi ənənəvi tədqiqat problemləri müasir kulturologiyanın görüş dairəsindədir”.
Kulturologiya yalnız bəşəriyyət tərəfindən qazanılmış tarixi nailiyyətləri bilməklə insanı zənginləşdirməyə deyil, həm də insanın inkişaf vasitəsi və məqsədi olan ruhi mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, inkişaf qanunları, texnologiyaları və yeni imkanlarının düzgün dərk edilməsinə yardım edir. O, şəxsiyyət, ailə, şəxsiyyətlərarası və beynəlxalq münasibətlərdən tutmuş cəmiyyət, dövlət mədəniyyəti, siyasi və idarəetmə mədəniyyətinədək müxtəlif məqsədləri işləyib hazırlamağa qadirdir: “Bunun sayəsində kulturologiyanın fundamental nailiyyətlərinin öyrənilməsi və şüurlu, yaradıcı istifadəsi insan təbiətinin, insan cəmiyyətinin inkişaf qanunlarının, insanların xarakterləri və davranışının, gələcəyin proqnozlaşdırılması və insanın xoşbəxtliyi üçün yeni imkanların açılmasını daha yaxşı dərk etməyə yardım edir. Bunun sayəsində təhsil və maarif sistemi vasitəsilə müasir kulturologiya elminin nailiyyətlərinin yayılması obtektiv tələbata çevrilir. Bu tələbatın təmin edilməsi bəşəriyyətin müxtəlif həyat sferalarının mahiyyəti, xüsusiyyətləri, tarixi və nailiyyətləri haqqında Azərbaycan cəmiyyətinin biliklərinin inkişafına, insanın tərəqqi qanunları və texnologiyalarının düzgün dərkinə, mütəxəssislər, vətəndaşlar, siyasətçilər və idarəçilərin inkişafı üçün lazım olan faktlar, hadisələr və insanların elmi əsaslanmış qiymətləndirilməsinə, yeni imkanları görmə və təhlükəsiz gələcəyin qurulmasına yardım edəcək”.
Prof. F.Məmmədov milli kulturologiyanın innovativ inkişaf konsepsiyasını işləyib hazırlayan zaman ilk öncə Lesli Alvin Uayt, Abraham Harold Maslou, Osvald Şpenqler, Arnold Toynbi, Dmitri Lixaçov, Alfred Adler və başqaları kimi tanınmış kulturoloqların nəzəriyyələri və elmi işləmələrinə əsaslanıb. Baza ideyası qismində əsasən kulturologiyanın banisi, görkəmli Amerika alim-antropotoloqu Lesli Uaytın (1900-1975) qanunundan istifadə olunub ki, bu qanuna əsasən “insanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişir”. Bununla yanaşı görkəmli Amerika psixoloqu, transpersonal psixologiyanın banisi Abraham Maslounun (1908-1970) “mədəniyyət və insan” konsepsiyası öyrənilib: “A.Maslou mədəniyyətin təkmilləşdirilməsi ölçüsü qismində onun insanın tələbatlarını təmin etmək və şəxsiyyətin potensial qabiliyyətlərinin sosial reallaşdırılması üçün əlverişli şəraitin yaradılması xüsusiyyətini müəyyən edib. Maslou tərəfindən işlənib hazırlanmış “İdeal cəmiyyət” modeli insanın harmoniyası, təhlükəsizlik prinsipləri, mədəniyyətin sosial institutlarının humanistcəsinə yenidən qurulması və insanların şüurunun dəyişdirilməsi yolu ilə qabiliyyətlərin və özünü reallaşdırmanın maksimal imkanlarının inkişaf prinsipləri əsasında qurulub.
Uayt tərəfindən yeni dünyanın – insanın ekstrasomatik (üstbioloji) sistemi kimi, mədəniyyət dünyasının aşkar edilməsi onu belə bir əqidəyə gətirdi ki, vaxt gələcək, elm üçün əhəmiyyətinə görə bu mədəniyyət kəşfi eynilə Kopernikin heliosentrik nəzəriyyəsi və Yer üzərində bütün həyat formalarının hüceyrə əsasının kəşfi kimi yüksək qiymətləndiriləcək”.
“Fərdi psixologiya” məktəbinin banisi, Avstriya psixoloqu Alfred Adler (1870-1937) hesab edirdi ki, insanın psixologiyası fizioloji və bioloji səbəblərlə deyil, əsas etibarilə, onun sosial həyat fəaliyyəti şəraiti ilə izah olunmalıdır. Adlerə görə insanın davranışı əsasən onun hakimiyyətə və üstünlüyə can atması ilə motivasiya olunur. Lakin üstünlüyün əldə edilməsi prinsipi müxtəlif mədəniyyətlərdə və fərqli sosial mühitdə müxtəlif formalara malik ola bilər. Bu zaman mühitdən, insanın məqsədləri və mədəniyyətindən asılı olaraq üstünlüyə can atma, həm fərdin yaradıcı nailiyyətlərinin, həm də antisosial davranışının mənbəyi ola bilər.
Kulturoloji tədqiqatlar prosesində müəllif, şəxsiyyətlərin və liderlərin inkişafı, müxtəlif professional xarakterli problemlərin sistemli və situasiyalı təhlili üçün kulturologiyanın imkanlarını təsdiqləyən dünya kulturoloji fikri ilə daha geniş surətdə tanış olmağa çalışıb. Tədqiqatlar göstərdi ki, mədəni standartlara və inkişaf tələbatlarına, insanların gözləmələrinə uyğunluq nöqteyi-nəzərindən mədəniyyətin verifikasiya edilmiş (təsdiqlənmiş) qiymətləndirilmə vəziyyətini nəzərdə tutan kulturoloji ekspertizanın həyata keçirilməsi üçün kulturologiya səmərəli əsasdır. Nəticədə məlum oldu ki, insanın konkret və mürəkkəb inkişaf və idarəetmə problemlərinin təhlilinə sistemli kulturoloji yanaşma cəmiyyətin modernləşdirilməsi, şəxsiyyətin, sosial-mədəni siyasətin təkmilləşdirilməsi, innovativ modellərin və səmərəli idarəçilik paradiqmalarının qurulması üçün geniş imkanlar açır.
Tədqiqatçının fikrincə, mədəniyyət haqqında elm kimi kulturologiyanın mənbəyi XIX əsrin sonu – XX əsrin əvvəlinə aid edilə bilər. Hələ XIX əsrin sonunda Qərbin elmi dairələrində mədəniyyət haqqında elmlərin yolları və məqsədləri barədə gözlənilən nəticələri verməyən müzakirə aparılıb. Bu dövrdə neokantian Baden məktəbinin banilərindən biri, alman filosofu Henrix Rikkert (1863-1936) mədəniyyət haqqında elmin düzgün dərk olunması zəruriliyinə diqqət yetirdi. 1911-ci ildə Sankt-Peterburqda H.Rikkertin “Təbiət haqqında elmlər və mədəniyyət haqqında elmlər” adlı kitabı nəşr olundu. Alman alimi kitabda qeyd edir ki, İ.Kant, Hegel və alman klassik fəlsəfəsinin digər nümayəndələri tərəfindən verilən ümumi anlayışlara baxmayaraq, əvvəlki dövrün cəhdləri “mədəniyyət haqqında elmlərə onları müəyyən etmək və vəzifələrini aydınlaşdırmaq üçün kömək etmədi”. Henrix Rikkert vahid tam olan gerçəkliyin təbiət haqqında elmlərin və mədəniyyət haqqında elmlərin daxil olduğu vahid bir elmlə də öyrənilə biləcəyi haqqında fikir yürütdü. Mədəniyyətin yüksək mənasını cəmiyyətin maraqlarında yaradılan rifah kimi görərək, alim eyni zamanda qeyd edirdi ki, “onda gizlədilən dəyərdən uzaqlaşsaq, istənilən mədəniyyət təzahürü, həm də təbiətin tərkib hissəsi kimi, təbiətlə əlaqədə nəzərdən keçirilməlidir”.
İnsanın və təbiətin inkişaf problemlərinə sistemli yanaşmanı, harmoniyanı, cəmiyyətin həyat təminatı sistemlərinin saxlanması ilə insanların həyat keyfiyyətinin təminatına yönəldilmiş proseslərin və dəyişikliklərin uyğunluğunu və balansını nəzərdə tutan davamlı inkişaf konsepsiyası Azərbaycanın tələbatları, ruhi və maddi mədəniyyətin kulturoloji tamlığı prizmasından nəzərdən keçirilməlidir. Respublikanın davamlı inkişaf problemlərinin kulturoloji ölçüdə diqqətlə dərk edilməsi milli inkişafın davamlılığının, ilk növbədə, intellektual (elm, təhsil və maarif), iqtisadi, etik, idarəçilik, ekoloji, hüquq mədəniyyətinin, o cümlədən daxili inkişafın zamini qismində çıxış edən sülh və beynəlxalq münasibətlər mədəniyyətinin inkişaf problemlərinə sistemli yanaşma ilə şərtlənir.
Deyilənləri nəzərə alaraq professor qeyd edir ki, insanların yüksək ruhi mədəniyyətinin inkişafı cəmiyyət və dövlət üçün böyük siyasi əhəmiyyət kəsb edir. İnsanların əsasən sosial davranışını müəyyən edən ruhi mədəniyyət ictimai münasibətlərin sabitliyi və təhlükəsizliyinin baza amillərindən biridir. Buradan aydın olur ki, insanların mədəni səviyyəsi nə qədər yüksək olarsa, gözlənilməyən situasiyalarda onların davranışları sosial cəhətdən daha pozitiv ola bilər, çünki mədəni insanın davranışı onun bilikləri, prinsipləri və dəyərləri ilə müəyyən olunur.

Elçin Qaliboğlu