“Vətəndaş cəmiyyəti informasiya savaşında aktiv olmalıdır” Layihə

“Vətəndaş cəmiyyəti informasiya savaşında aktiv olmalıdır”

Fuad Hüseynzadə: “Media və QHT-lərin üzərinə böyük yük düşür”

Azərbaycan Vətən müharibəsində təkcə hərb və diplomatiya cəbhəsində deyil, eyni zamanda, informasiya savaşında da qalib gəldi. Erməni lobbisinin uzun illər ərzində dünya ictimaiyyətinə təlqin etdiyi və formalaşdırdığı yalan təsəvvürlər darmadağın edildi. Ali Baş Komandan İlham Əliyev xüsusilə müharibə dönəmində dünyanın çoxsaylı aparıcı kütləvi informasiya vasitələrinə müsahibələr verməklə bu istiqamətdə uğurlu və effektiv nəticələrə imza atdı.
Təbii ki, informasiya savaşı hələ bitməyib və vətəndaş cəmiyyəti bu istiqamətdə ciddi rol oynamalıdır. Erməni lobbisi yenə də Azərbaycana qarşı informasiya hücumları və əks təbliğatla ciddi məşğul olur. Buna görə də, vətəndaş cəmiyyətinin tərkib hissəsi olan media və qeyri hökumət təşkilatlarının üzərinə daha böyük yük düşür.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Xalq Cəbhəsi”nə bildirdi ki, media və qeyri hökumət təşkilatlarının çox az bir hissəsi bu istiqamətdə mütəmadi olaraq addım atırlar: “Biz təşkilat olaraq təkcə təbliğatla məşğul olmuruq. Eyni zamanda, erməni lobbisinin Azərbaycana qarşı atdığı addımlarla bağlı araşdırma aparırıq. Fəaliyyətimiz zamanı bu istiqamətdə bir çox məsələlərin şahidi oluruq və bununla bağlı Azərbaycan mətbuatına məlumatlar veririrk”.
F.Hüseynzadə əlavə etdi ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil, eyni zamanda, siyasi və psixoloji qələbə qazandı:“Bununla Azərbaycan, ümumiyyətlə erməni mifini darmadağın etdi. Lakin bütün bunlara baxmayaraq, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər. İstər 44 günlük müharibə dövründə, istərsə də müharibədən sonra bu fəaliyyət daha da kəskinləşib.
ANCA hər zaman, o cümlədən müharibə zamanı əsasən ABŞ-ın siyasi elitası ilə işləyib və onlar vasitəsilə də Azərbaycan və Türkiyəyə təzyiq göstərilməsinə çalışıb. Müharibənin ilk günlərində, yəni oktyabrın 4-də ANKA adından Tramp administrasiyasına və Konqresə Azərbaycan və Türkiyəyə sanksiyaların tətbiq olunması üçün çağırış-bəyanat göndərilib. Bəyanatda bildirilib: “Amerikanın Erməni Milli Komitəsi (ANCA) Tramp administrasiyasını – ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi (OFAC) vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və onların ali hərbi rəhbərlərinə qarşı həm Ermənistanda, həm də Arsax Respublikasında mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə sərt sanksiyalar tətbiq etməyə çağırır.
Prezident Tramp, Konqresin ikipartiyalı dəstəyi ilə dərhal ABŞ maliyyə naziri Stiven Mnuçinə İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana qarşı sanksiyalar tətbiq etməyi tapşırmalıdır. Biz gözləyirik ki, Maliyyə Nazirliyi Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə qarşı tətbiq olunan bu sanksiyalara əməl olunmasını təmin etmək üçün operativ fəaliyyət göstərəcək. Hər ikisi hərbi cinayətkarlardır və ABŞ hökuməti onlara bu formada davranmalıdır”.
ANCA adından bu müharibədə Azərbaycana dəstək verən digər ölkələrə də məktublar ünvanlanıb. Belə ki, oktyabrın 5-də ANCA sədri Raffi Amparyan İsrailin Birləşmiş Ştatlardakı səfiri Ron Dermerə açıq və birbaşa məktubunda "İsrailə Azərbaycana dərhal maddi və texnologiyaların öldürücü və ya ikili təyinatlı silahların satışına və ya verilməsinə son qoyulmasını" xahiş edib.
Ambaryan bildirib: “Sentyabrın 27-də Azərbaycanın “Arsax” və Ermənistana qəfil hücumundan sonra İsrailin hərbi pilotsuz uçuş aparatları və "Lora" raketləri dinc əhalinin mərkəzlərinə qarşı istifadə edilib. Bu və digər ölümcül silahların tədarükü elementar əxlaqa və həm İsrail, həm də beynəlxalq humanitar hüquqa uyğun olaraq dərhal dayandırılmalıdır".
Məktubunun sonunda Ambaryan qeyd edib: "Biz ümidvarıq ki, siz narahatlığımızı İsrail hökumətinin nəzərinə təcili şəkildə çatdıracaqsınız, Azərbaycana bütün silah satışlarının dərhal dayandırılmasına nail olacaqsınız və İsrailin heç vaxt ikinci erməni soyqırımının iştirakçısı olmayacağına təminat verirsiniz”. Müharibə dövründə ANCA-nın təşəbbüsü ilə kütləvi məktub kampaniyası keçirilib”.
F.Hüseynzadə əlavə edib ki, bütün 50 ştatın erməni və qeyri-erməni vətəndaşları Ankara və Bakıya qarşı sanksiyaların tətbiq edilməsi məqsədilə Ağ Evə və Konqresə 1 milyondan çox məktub göndərilib: “Məktublarda Azərbaycana bütün hərbi yardımların ləğv edilməsi və qondarma “dqr”a yardım edilməsi üçün çağırış edilib.
ANCA-nın saytında verilən məlumata görə, müharibə zamanı ABŞ-ın 100-dən çox senatoru və koqnresmeni qondarma “dqr”a və Ermənistana hücumlarla bağlı fikirlərini bildiriblər. Onlar ABŞ-ı Ankara və Bakıya yardımı dayandırmağa, sanksiya verməyə çağırış ediblər.
ANCA-nın rəhbəri Aram Ambaryan bildirib: "Nümayəndələr Palatası ilk fürsətdə 1165-ci qətnaməni qəbul etməli, yalnız Ankara və Bakıya deyil, həm də Ağ Evə və Maliyyə Nazirliyinə güclü siqnal göndərməlidir ki, ABŞ-ın fəaliyyətsizliyi artıq bir çox günahsız insanın həyatına son qoyub”.
ABŞ senator və konqresmenlərinin dərc olunmuş bəyanatlarının bir neçəsini nəzərinizə çatdırmaq istəyirəm:
Senator Maykl Bennet: “Dağlıq Qarabağ bölgəsində erməni mülki şəxslərə qarşı hücumlar və təcavüz dayandırılmalıdır. Türkiyə də daxil olmaqla, bütün fəaliyyət göstərən şəxslər zorakılığın dayandırılması, vəziyyətin aradan qaldırılması və sülh və sabitliyə nail olmaq üçün danışıqların dəstəklənməsi istiqamətində dərhal addımlar atmalıdırlar”.
Senator Cory Buker: “İyul ayında Senator Menendez və mən Trump administrasiyasını Azərbaycana hərbi yardımı dayandırmağa çağırdım və yenidən administrasiyanı bu yardımı dayandırmağa çağırıram. Türkiyə bu zorakılığı regionda təşviq edir və buna son qoyulmalıdır”.
Senator Ketrin Kortes-Masto: “Dağlıq Qarabağda zorakılıq hallarının artması dərin narahatlıq doğurur. Mən Tramp administrasiyasını hərbi əməliyyatları pisləməyə və Ermənistan və Azərbaycan liderlərinin atəşi dərhal dayandırmağa çağırılmasını tələb edirəm”.
Senator Ed-Marki: “Mən Ermənistan və Dağlıq Qarabağ xalqını dəstəkləyirəm. Türkiyə Azərbaycanı Ermənistana qarşı hərbi yardım və vasitəçilik səylərini sarsıdan təxribat xarakterli bəyanatlar verir. ABŞ regionda sülhə nail olmaq üçün səylərini dəstəkləməlidir”.
Konqresmen Mayk Levin: “Azərbaycan və Türkiyənin Arsax və Ermənistana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm. Mən rayonumda və bütün ölkədə erməni-amerikalılarla həmrəyəm. Birləşmiş Ştatlar bu zorakılığın dayandırılmasını tələb etməlidir”.
Konqresmen Ted Lieu: “Biz Ermənistan və Azərbaycan arasında gərginliyin artması ilə bağlı narahatıq. Bir çox seşicilərimiz də bu gərginlikdən narahatçlıqlarını ifadə ediblər”.
Konqresmen Seth Moulton: “Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların artması dayandırılmalıdır. Münaqişə ötən həftəsonu baş verib və bu, həm hərbçilərin, həm də günahsız mülki şəxslərin həyatını təhdid edir. Bundan sonrakı hərbi əməliyyatlar regionda sabitliyi pozur. Rusiya və Türkiyə bunu diqqətlə izləyir. Hər iki tərəf dərhal danışıqları bərpa etməli və daha da gərginləşmədən qaçmalıdır”.
Konqresmen Debbi Mükarsel-Pauell: “Dağlıq Qarabağda Azərbaycan və Türkiyənin təcavüzkar əməliyyatları minlərlə insanı təhlükə altına qoyur. Bu münaqişə zamanı artıq heç bir günahı olmayan mülki şəxslər həlak olub. Mən həmkarlarımın bu hərəkətləri pisləmək, atəşi dayandırmağa və sülh yolu ilə nizamlanmağa çağırmaq səylərinə qoşuluram”.
Konqresmen Donald Norkross: “Mən Ermənistanı və Dağlıq Qarabağ xalqını dəstəkləyirəm və Azərbaycanın hücumlarını pisləyirəm. Zorakılıq dayandırılmalıdır və bu təhlükəli vəziyyət dayandırılmalıdır”.
F.Hüseynzadə ANCA-nın postmüharibə planları barədə də fikirlərini bölüşdü: “Noyabrın 10-da Ermənistan rəhbərinin təslimçilik bəyanatını imzalaması dünya ermənilərini şok edib. ANCA erməni lobbisini məğlubiyyətin yaratdığı psixoloji gərginlikdən çıxarmaq üçün revanş başlayıb həyata keçirməyə başlayıb. Hazırda ANCA-nın əsas şüarı budur: “İndi hərəkət edin: ABŞ-dan Türkiyə və Azərbaycana qarşı dərhal sanksiyaları tələb edin”. Bundan başqa ANCA yenə də ermənipərəst konqresmenlərinin gücdündən istifadə edib Ağ Evə təsir etməyə çalışır. Məsələn, ANCA-nın sadiq qulu olan konqresmen Frank Pallone noyabrın 22-də “Twitter” ünvanında yazıb: “ABŞ bu münaqişənin qarşısını almaq üçün çox səy göstərmədi. Biz diplomatiya ilə bir daha konstruktiv məşğul olmalıyıq və mən bunu bilirəm ki, Co Bayden bunu edəcək”.
Hazırda ANCA-nın digər fəaliyyət istiqaməti erməni köçkünlərə yardım etmək və müharibə nəticəsində dağıdılmış şəhəri bərpa etmək üçün Vaşinqtonu Ermənistana və qondarma “dqr”a 250 milyon dollar ayırmağa çağırış edir. Bununla bağlı Ağ Ev rəsmilərinə saysız müraciət edilib. Eyni zamanda sosial şəbəkələrdə davamlı paylaşımlar olunur.
Həmçinin ANCA tərəfindən ABŞ senator və koqnresmenlərinin iştirakı ilə anti-Azərbaycan və ant-Türkiyə virual konfransları keçirilir. Bu konfranslarda Donald Trumpı, Co Baydeni və Konqresin təcili olaraq Ermənistana yardım təşəbbüslərini dəstəkləməyə çağırırlar.
Noyabrın 13-dən başlayaraq ANCA-nın təşəbbüsü ilə ermənipərəst senator və koqnresmenlər ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakının bərpa edilməsi məsələsinin sürəkli şəkildə gündəmə gətirirlər. Məsələn, noyabrın 13-də senator Bob Menendes Senat Komitəsində ATƏT-in Minsk qrupunun danışıqlar prosesinin bərpa edilməsi, ABŞ-ın danışqıarda liderliyinin bərpası çağırış ilə çıxış edib.
Konqresin erməni qrupunun həmsədrləri Frenk Pallone, Qas Bilirakis, Ceki Şpeyer və Adam Şiff isə Türkiyə və Azərbaycanın Ermənistana tətbiq etdiyi hazırkı atəşkəs şərtlərini "müflis" adlandırıblar və Tramp administrasiyasını ATƏT-in Qarabağ münaqişəsinin həlli prosesinə yenidən qoşulmağa çağırıblar.
Erməni qrupunun üzvləri dövlət katibi Pompeoya məktublarında qeyd ediblər: "Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı vəziyyətin son dərəcə diktə olunmasına, Türkiyə və Rusiya tərəfindən hakim olmasına yol verə bilməz".
Artıq Konqres ABŞ-ı ATƏT-in Minsk qrupu prosesində iştirakı dərhal bərpa etməyə çağırıb ki, Türkiyə və Azərbaycan tərəfindən ermənilərə qəbul edilmiş tələsik razılaşmaya yenidən baxılsın.
Hal-hazırda dünya erməniləri arasında gücləndirilmiş təbliğat işləri gedir. Noyabrın 25-dən başlayaraq ermənilər “Twitter” üzərindən #RecognizeArtsakh həştəqi ilə qlobal kampaniyaya start veriblər. Çox müsbət haldır ki, Azərbaycan ictmai fəalları tərəfindən ermənilərin kampaniyalarına qarşılıq vermək üçün “Twitter”də #KarabakhisAzerbaijan#DontBelieveArmenia həştəqləri üzərindən böyük bir kampaniya təşkil edilib. Nəticədə ermənilərin həstəqləri TOP-a düşə bilməyib”.
Təşkilat rəhbəri onu da diqqətə çatdırdı ki, bu gün dünya ermənilərinin, eləcə də ermənipərəst qüvvələrin ANCA-ya Ermənistandan daha çox inam və etimadı var: “Dünyada ANCA, hətta ermənilərin “lobbiçlik dövləti” hesab olunur. Buna görə bu separatçı qurumun fəaliyyəti daimi nəzarətdə olmalı və onun planlarına qarşı cavab tədbirləri görülməlidir.
Erməni lobbisi müxtəlif ölkələrdə Azərbaycan diaspor üzvlərinə də fərqli yollarla təzyiq edir və ya etdirirlər. Məsələn, çox təəssüf ki, adı demokratik cəmiyyət olsa da İsveç Kralllığında soydaşlarımıza haqlı olduqları üçün təziqlər olub. İsveçin Partille şəhər bələdiyyə məclisi üzvü, Mərkəz (Centerpartiet) partiyasının üzvü, diaspor nümayəndəsi Turan Əliyev deyib ki, ermənilər azərbaycanlıları İsveç mediasında qatı millətçi kimi qələmə veriblər. Ermənilər Turan Əliyevin Azərbaycanın qələbəsi ilə bağlı tədbirdə iştirak ediyinə görə partiyaya şikayət ediblər. Bundan sonra həmyerlimizə partiya rəhbərliyi tərəfindən töhmət verilib. Bu kimi hallar müxtəlif ölkələrdə də baş verməkdədir. Hətta bəzən ermənilər soydaşlarımızı ölümlə təhdid edirlər. Belə təzyiqlər türk diaspor üzvlərinə də edilir. Ona görə də, hesab edirəm ki, təkcə xaricdə yaşayan azərbaycanlılar deyil, eyni zamanda, Azərbaycan mediası və qeyri hökumət təşkilatları bu istiqamətdə fəal olmalı, informasiya savaşında effektiv fəaliyyət sərgiləməlidirlər”.

Əli