1918-ci il soyqırımının coğrafiyası çox geniş olub Layihə

1918-ci il soyqırımının coğrafiyası çox geniş olub

Azərbaycanlıların Soyqırımı Günü erməni xislətinin, vəhşiliyinin və amansızlığının ən bariz nümunəsidir

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.
Vətəndaş cəmiyyəti institutları rəsmiləri də ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində əməli iş aparıblar. QHT rəhbərləri həm yerli, həm də xarici mətbuatda ermənilərin işğalçılıq siyasəti ilə bağlı mütəmadi təbliğat aparıb, beynəlxalq tədbirlərdə erməni vəhşiliklərindən bəhs ediblər.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımları çox ağrılı və ibrət dərsi götürməli tarixdir. Ona görə, ibrət dərsi götürməliyik ki, həmin dövrü vətəndaş olaraq öyrənsək bir çox qaranlıq mətləblərə işıq salarıq. Digər tərəfdən tarix, keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır.
1918-ci il hadisələrini, ümimilikdə mart soyqırımlarını tədqiq edəndə bu qənaətə gəlmək olar ki, o zaman ermənilərin və onların havadarlarının məqsədi nəyin hesabaına olursa Azərbaycan türklərini bu regiondan yox etmək idi. Neftlə zəngin olan Bakını bolşevik Rusiyasının nəzarətində olan erməni şəhərinə çevirmək hədəflərdən biri olub. Lakin düşmən qüvvələrin bu iyrənc, qanlı planları baş tutmadı.
Böyük saxtakarlıq xəstəliyinə tutulan ermənilər Bakını bütün dövrlərdə erməni şəhəri kimi dünyaya təqdim etməyə cəhd göstəriblər. Bu bədnam topluma məxsus olan Baku.am saytı vasitəsilə nəinki Bakının tarixini, hətta bütün tarixi faktları, xüsusilə 1918-ci il hadisələrini tamamilə saxtalaşdırıblar. Saytda göstərilir: “Qafqaz tatarlarının qeyri-qanuni hərbi dəstələri birləşdilər. Türk qüvvələri Bakı istiqamətində hərəkət etdilər. Beləliklə, sentyabrın 15-də erməni hərbi bölmələrinin və onların mütəffiqlərinin müqavimətini qırmaqla, türk-azərbaycanlı qüvvələri iki istiqamətdə Bakıya daxil oldular, Bakı işğal edildi”.
Region və ümumiyyətlə, Bakı şəhərinin tarixi haqqında məlumatı olmayan əcnəbi həmin saxtakar yazıları oxuyandan sonra düşünə bilər ki, Bakı qədim erməni şəhəridir. "Baku.am" saytı Bakı şəhərinin tarixini saxtalaşdıraraq daha bir addım atır. Saytda çox məkrli şəkildə guya paytaxt Bakının erməni icmasının "zəngin keçmişini", "varisliyini” aydınlaşdırmaq, təqdim etmək istəyi olub və erməni müəlliflərin bu sahədə uğursuz cəhdləri var.
Onu qeyd etmək istərdim ki, 1918-ci il soyqırımının coğrafiyası çox geniş olub. Öncə ondan başlayaq ki, Azərbaycanın elə yaşayış məskənlərində qətliamlar baş verib ki, onun yenidən tədqiqatına ehtiyac var. Hadisələr yalnız Bakıda və digər mərkəzi şəhərlərdə baş verməmişdi. Soyqırımın baş verdiyi yaşayış məskənlərindən biri Qobustan rayonunun Sündü kəndidir. (Vaxtılə Şamaxının inzibatı ərazisi olub) . 5 min illik tarixi olan Sündü kəndinin əhalisinin bir gecənin içərisində 40 faizə yaxını qətlə yetirilib.
1992-ci ildə baş verən Xocalı faciəsi qədər dəhşətli olan azərbaycanlıların 1918-ci il soyqırımı hadisələri yetərincə araşdırılmayıb. Ən dəhşətlisi odur ki, bu soyqırımlar haqqında bu vaxta qədər çox səthi və bir çox hallarda statistik məlumatlara rast gəlmək olur. Belə faktların və yaşayış məntəqələrinin siyahısını xeyli artırmaq olar. Bu hadisələr zamanı kifayət qədər şahidlər olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanış olanda görürük, bu, fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə soyqırımın baş verdiyi bütün kəndlərdə bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub. O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq.
Ötən əsrin 90-cı illərindən sonra bu sahədə xeyli işlər görülsə də ictimaiyyət tam məlumatlanmayıb. Həmin hadisələrin soyqırım aktı kimi dünyada tanınmasına nail olmamışıq. 1918-ci il soyqırımı aktını dünyada qəbul etdirmək məqsədilə ilk öncə Azərbaycanın daxilində bu hadisələr dərindən tədqiq edilib ictimaiyyətə geniş şəkildə çatdırılması vacibdir. Burada elmi araşdırılmalarla, kitabların kütləvi nəşri ilə bərabər bu soyqırımın mahiyyətini açıb göstərən sənədli və bədii filmlərin çəkilməsinə ehtiyac var:
“Biz bir neçə il öncə 1918-ci il hadisələrini qismən də olsa tədqiq etməyə çalışdıq. Soyqırımın coğrafiyasını nəzərə alaraq Azərbaycanın 5 rayonun (Quba, Şamaxı, Şabran, Qobustan, Ağsu) 30-a yaxın kəndində olaraq xeyli sayda insanlarla söhbət aparmışıq. Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki, indi dünyalarını dəyişiblər. Biz o zaman topladığımız bu faktları informasiya çevirərək canlı şahidlərin iştirakı ilə kitab nəşr etdik (news | FACT-INFO.AZ (fact-info.az), AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində sənədli film (1918-ci il hadisələri - Unudulmayan tarix (2018) - YouTube) çəkə bildik.
Araşdırmalarımız bir neçə istiqamətdə olub. İnsan faktoruna dəyən ziyanla bərabər həmin dövrdə Azərbaycanın maddi və mədəniyyət resurslarlarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına qarşı törədilən vəhşiliklər haqqında məlumatlar toplanılıb”.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun fikrincə isə Vətən müharibəsində Ermənistanın mülki şəxsləri hədəfə alması ermənilərin soyqırımı siyasətindən əl çəkmədiklərini göstərir. 1918-ci ilin 31 mart soyqırımı, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir: “Bu soyqırımı respublikamızın demək olar ki, əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və sair şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq və qocaları amansızcasına qətlə yetiriblər”.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, 31 mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və sair səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırımı siyasətindən imtina etmədiyini göstərir. Bu faktlar bir daha sübut edir ki, düşmən ölkə hər zaman olduğu kimi XXI əsrdə də məkrli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, dünyanın gözü qarşısında soyqırımı siyasətini davam etdirməyə çalışır. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını alıb, işğalçı qoşunları darmadağın edərək ərazi bütövlüyümüzü təmin edib. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı olub.
“Bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırımı siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin prinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün bəşəriyyət üçün təhlükə kəsb edən belə hallara və cəhdlərə son qoymaq mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə insanlığa qarşı törədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır”, - Cəlil Xəlilov vurğulayıb.
Onu da qeyd edək ki, “Vətən müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyətinin fəalları 31 mart soyqırımı günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək soyqrımı qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.
İctimai Birlik Azərbaycan xalqına qarşı amansıcasına törədilmiş 31 mart qətliamı ilə bağlı təbliğat yönümündə milli və vətənpərvər ruhlu Azərbaycanın Beynəlxalq diaspora təşkilatlarının nümayəndələri ilə birlik, həmrəylik nümayiş etdirərək 4 dildə video bəyanat yayıb.
Təşkilatın Baş Katibi Zamin Zeynalov mediaya açıqlamasında qeyd etdi ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin bu cür ictimai təşəbbüsü həyata keçirməkdə əsas məqsədi Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərinin, dünya ictimaiətinin diqqətinə çatdırılması ilə bağlı həyata keçirdiyi Beynəlxalq siyasətə İctimai töhvələr verərək, dəstək olmaqdır.

Cavid