Aprel döyüşlərindən 5 il ötür Layihə

Aprel döyüşlərindən 5 il ötür

Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.
Xatırladaq ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 5 il ötür.
Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.
Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb.
Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib.
Ekspert Asif Nərimanli qeyd edib ki, 5 il öncə bu gün - aprelin 1-dən 2-nə keçən gecə tarixə “Aprel müharibəsi” olaraq düşən döyüşlər baş verdi.
Bu, 22 il sonra Azərbaycan bayrağının işğal altındakı torpaqlara qayıtması və iki onillik sonra Ermənistan üzərində ilk strateji və siyasi qələbəmiz idi;
STRATEJİ QƏLƏBƏ: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Lələtəpə yüksəkliyinin strateji baxımdan iki əhəmiyyəti var idi: Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq; Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək.
Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi ilə Goranboy və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı.
Strateji nəticələr:
- Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinə həyat qayıtdı və bu, Qarabağa qayıdışın başlanğıcı oldu;
- Talış kəndi ətrafındakı yüksəkliyin azad edilməsindən sonra Ermənistanın bu istiqamətdə yerləşdirdiyi ermənilər ərazini tərk etdi (onların demək olar ki, yarısı Vətən müharibəsinə qədər hələ də qayıtmamışdı).
SİYASİ QƏLƏBƏ: münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun regiona illərdir “turist səfərləri” nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi rəfə qaldırmışdılar. Azərbaycan əsgəri problemi “tozlanmış rəf”dən götürdü və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini onu qəbul edənlərin önünə çıxartdı.
Azərbaycan əsgəri sübut etdi ki, işğal olunmuş torpaqlardan vaz keçməyib, münaqişə “dondurulmuş” deyil, hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər.
Siyasi nəticələr:
Və nəticə etibarilə, beynəlxalq diplomatiyanı hərəkətə keçirdi. Okeanın o tayından sülhə çağırışlar səsləndi. Döyüşlər o şərtlə dayandırıldı ki, münaqişənin həlli üçün danışıqlar prosesi ölü nöqtədən tərpənməlidir. Vyana görüşü, ardınca Sankt-Peterburq görüşü keçirildi. Son iki onillikdən sonra münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində bu qədər canlanma müşahidə olunmamışdı və bu, Azərbaycan əsgərinin xidməti idi.
Ermənistanın yaratdığı üç mif sıradan çıxdı:
- Azərbaycan Qarabağı azad etmək iqtidarında deyil;
- Azərbaycan Ordusu 90-cı illərin köhnə tanklarına malik nizamsız ordudur;
- Azərbaycan I Qarabağ savaşının məğlub tərəfidir və heç vaxt bu sindromdan xilas ola bilməyəcək;
Və ən əsası “Aprel müharibəsi” Vətən müharibəsinin məşqi idi. 5 il öncə bu gecə şəhid olan Azərbaycan əsgəri 4 il sonra o torpaqlara qayıdışın təməlini atdı...

Cavid