QHT rəhbərləri həyacan təbili çalıblar Layihə

QHT rəhbərləri həyacan təbili çalıblar

“Ermənistan Azərbaycana vurduğu ziyanı ödəməlidir”

Ermənistan 30 il ərzində Azərbaycana qarşı törətdiyi vandalizm, hərbi cinayət, terror aktlarının bədəlini ödəməlidir. Ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etməklə on minlərlə dinc əhalini öldürüb, bu ərazilərdə olan milli mədəniyyət abidələrini, şəhərlər və kəndləri məhv edib.
Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu, Qubadlı rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.
İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qızıl yataqlarımız talayıb, qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar.
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları rəhbərləri də ermənilərin mədəni irsimizə vurduğu ziyan, vəhşiliklər və vandalizm aktları ilə bağlı həyacan təbillərini çalıblar.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov “Xalq Cəbhəsi”nə verdiyi açıqlamada bildirib ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.
QHT sədri Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktlarına da toxunub. Qeyd edib ki, reparasiya ilk dəfə I Dünya Müharibəsi nəticəsində təyin olunub. 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.
II Dünya Müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub.
Körfəz müharibəsindən sonra isə İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.
F.Kərimov bildirib ki, bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Bu hüquqdan maksimum yaralanaraq Azərbaycan Ermənistanı Beynəlxalq Məhkəmədə cəzalandıracaq və təzminat ödəməyə məcbur edəcək.
Respublika Veteranlar Təşkilatı isə UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir: “Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalıblar. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib”.
Qeyd olunub ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir: “Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Hörmətli Baş direktor. Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik. UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik”.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmalarında qeyd olunub ki, xristian dövrü abidələri orijinal görkəmi ermənilər tərəfindən dəyişdirilib.
Belə ki, araşdırmaya görə, 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi tariximizin və mədəniyyətimizin bir qisminin dağıdılmasına, bir qisminin isə mənimsənilməsinə səbəb oldu. Azərbaycan ərazilərindəki xristianlığa qədər və xristianlıq dövrü abidələrinin formalarının dəyişdirilməsi üzərində işləməyə Ermənistandakı beynəlxalq səviyyəli institutlar cəlb edildi. 28 il Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində 20 yeni erməni kilsəsi inşa olundu, 50-dən çox xristian dövrü abidəsinin formaları dəyişdirildi. İşğal dövrünə dair bütün tarixi həqiqətləri inkar edən Ermənistan hökuməti xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək erməniləşdirdilər. Erməniləşdirilmə Azərbaycan torpaqlarının dini, etnik, siyasi, mədəni, coğrafi və tarixi baxımdan zorakılıqla dəyişdirilərək mənimsənilməsini həyata keçirən zorakı aksiyadır. Ermənistan hökuməti azərbaycanlıların torpaqlarını erməni milləti üçün əbədiləşdirmək və eyni zamanda, bu torpaqların erməni millətinə məxsusluğunu “sübut” etmək üçün alban dövrü abidələrinin forma və məzmununda dəyişiklik edərək şəkillərini çəkib, beynəlxalq təşkilatları inandırmaq üçün məqsədli şəkildə davamlı təbliğat kampaniyası aparırlar. Azərbaycanın 44 günlük Vətən müharibəsinin tarixi qələbəsindən sonra ermənilər ərazilərimizdə yaratdıqları bu saxta “sübut və dəlillər”in dağıdılacağından qorxuya düşərək, UNESCO-ya müraciət ünvanlayaraq, Azərbaycandakı tarixi xristian dövrü abidələrinin “dağıdılması”nın “qarşısını almağa” çağırış etdilər. Əslində heç bir tarixi dövrdə keçmiş Dağlıq Qarabağ və ətraf ərazilərində bir dənə də olsun erməni mədəni irsinə aid abidə olmayıb.
QHT rəhbərlərinin qənaətincə, beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupu, eləcə də digər təşkilatları 30 il ərzində ermənilərin hərbi cinayətlərinə heç bir siyasi, hüquqi qiymət verməyiblər, əksinə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyiblər.
Onu da vurğulayaq ki, ekspertlərin ilkin qənaətinə görə, bir neçə il əvvəlki hesablamalarda işğal faktoru ilə əlaqədar Ermənistanın Azərbaycana vurduğu ümumi zərərin məbləğinin 820 milyard dollar olduğu göstərilirdisə, yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1,2-1.3 trilyon dollara yaxın bir məbləğ olacaq. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədəki qələbədən sonra dəfələrlə bəyan edib ki, Ermənistan bu kimi vandalism aktlarına görə Azərbaycana cavab verməli olacaq. İşğalçı ölkə mütləq bunun bədəlini ödəməlidir və rəsmi Bakı bunu ona məcbur edəcək.
Cavid