“Ermənistandakı revanşist qüvvələr heç nəyə nail ola bilməyəcəklər” Layihə

“Ermənistandakı revanşist qüvvələr heç nəyə nail ola bilməyəcəklər”

İlyas Hüseynov: “Onların çıxışları yalnız gərginliyin artmasına xidmət edir”

“10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistanda siyasi gərginlik hökm sürür. Bu ictimai-siyasi vəziyyət artıq davamlı xarakter daşıyır. Ermənistanda bütün diqqətlər iyunda keçiriləcək növbədənkənar parlament seçkilərinə yönəlib. Hakim siyasi qüvvə o müddətədək reytinqini yüksəldəcəyini düşünür. Hakimiyyətdə olan “Mənim addımım” fraksiyası Ermənistanı düşdüyü böhranlı vəziyyətdən çıxarmaq üçün hazırladığı “yol xəritəsi”ni iyun ayında yekunlaşdırmağı planlaşdırır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq İlyas Hüseynov səsləndirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
-Artıq baş nazir Nikol Paşinyanın çıxışları zamanı seçkiqabağı təbliğat prosedurlarına başladığı hiss olunur. Əməkhaqqı və təqaüdlərin artırılması ilə bağlı vədlər də bu qəbildən olan çıxışlar sırasındadır. Seçkilərdə Nikol Paşinyanın əsas rəqibinin eks-prezident Robert Köçəryan olacağı gözlənilir. “Qarabağ klanı”nın üzvü olan Robert Köçəryan da hakimiyyətə iddialıdır. Köçəryan öz arzusunu reallaşdırmaq üçün Rusiyanın dəstəyinə arxalanır. Qeyd edək ki, Robert Köçəryanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında yaxın dostluq münasibətləri vardır. Bu dostluq tellərinin möhkəm olmasını biz Robert Köçəryanın həbsi zamanı da görmüşük. Yeri gəlmişkən, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.Yerevanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) konstitusiyaya zidd elan edərək “martın 1-i” işinə xitam verilməsi barədə qərar qəbul edib. Bu proses Robert Köçəryana seçilərdə iştirak etmək hüququ qazandırır. Robert Köçəryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayət işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir. Qarşıdakı ayda seçkiqabağı atmosferin daha da gərginləşəcəyi gözlənilir.
-Rusiya-Ermənistan münasibətlərinin perspektivini Ermənistandakı proseslər fonunda necə dəyərləndirirsiniz?
-Rusiya ənənəvi olaraq Ermənistanda olan bütün həyati əhəmiyyətli sahələri öz nəzarətində saxlayır. 2018-ci ildə olan hakimiyyət dəyişikliyindən sonra Qərbə meyillənmə baş versə də, hazırda baş nazir Nikol Paşinyan da Rusiyanın dəstəyini qazanmağa çalışdır. N.Paşinyanın Moskvaya son səfərindən öncə Rusiya qırıcılarını əldə etmək istəyini bildirməsi də, Rusiyanın rəğbətini qazanmağa yönəlib. Moskvaya səfəri zamanı Vladimir Putinlə görüşü əsnasında həm Ermənistanda yeni atom elektik stansiyasının tikilməsi ilə bağlı istəyin bildirilməsi, həm də Rusiya istehsalı olan “Sputnik-V” peyvəndinə olan ehtiyacın olması onu göstərir ki, Paşinyan tam olaraq Kremlin rəhbərinə yarınmağa çalışdır. Ancaq Rusiya hər zaman “B” variantını əlində saxlayır. Ermənistanın eks-prezidenti Robert Köçəryanın Rusiyanın birinci kanalında çıxışı da dediklərimizi təsdiq edir.
-Ermənistandakı revanşist qüvvələrin bundan sonrakı həmlələri nə ola bilər?
-Ermənistandakı revanşist qüvvələr heç nəyə nail ola bilməyəcəklər. Onların çıxışları yalnız gərginliyin artmasına xidmət edir. Əgər revanşist qüvvələr baş qaldırarsa Azərbaycan öz “Dəmir yumruğu”nu göstərməyə hazırdır. 44 gün ərzində Ermənistanın ordusunun böyük miqdarda texnikası və canlı qüvvəsi məhv edildi, iqtisadiyyata böyük zərbə vuruldu. Ermənistanda bu gün də dəymiş ziyanı hesablayır, cəsədləri toplamaqla məşğul olurlar. Ermənistan ordusundan hərbi qənimət kimi götürülmüş texnikalar bu gün Dənizkənarı Milli Parkında yerləşən Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən, Rusiya istehsalı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Qələbə” tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir. Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir. Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri nümayiş etdirilir. Bakıdakı Hərbi Qənimətlər Parkı Ermənistanda böyük rezonans doğurub və müzakirələrə səbəb olub. Dünyada buna oxşar onlarla nümunələr var. Park, həm də revanşist qüvvələrə bir mesajdır. Əgər erməni faşizmi yenidən baş qaldırarsa, aqibətləri daha da pis olacaqdır. Digər tərəfdən parkın ideoloji mesajı da vardır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsi zamanı bildirib:“Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı tarixi heç vaxt unutmasın”.
-ATƏT-in Minsk qrupunun taleyi maraqlıdır. Bu qurumun bundan sonrakı perspektivini necə şərh etmək olar?
-Son zamanlar o da müşahidə olunur ki, ATƏT-in Minsk qrupunu “diriltmək” üçün həmsədrlər tərəfindən təşəbbüslər həyata keçirilir. Lakin zaman keçdikcə ATƏT-in Minsk qrupunun yaramaz fəaliyyətinin təfərrüatları üzə çıxmağa başlayır. Bu yaxınlarda, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin diplomatik səviyyədə həllinin mümkün olmaması ilə bağlı sensasion sayıla biləcək açıqlama ilə çıxış edib. O, problemin yeganə həll yolunun müharibə olduğunu bildirib. Hoqland bu barədə “The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsində bildirib. O, həmsədrlərin Ermənistana və Azərbaycana, o cümlədən işğal altında olan Dağlıq Qarabağa səfərləri zamanı “beş ulduz”lu hotellərdə qaldıqlarını və əlavə xərc tələb etmədən ən yaxşı restoranlarda yemək yediklərini, bara tam giriş imkanı verən apartamentdə yaşadıqlarını, ən yaxşı restoranlarda yemək yediklərini bildirib. Lakin Hoqland etiraf edib ki, bütün bunlara baxmayaraq onlar çox az şey əldə etdilər. Həmsədr bildirib ki, bu səfərlər zamanı hər tərəfin öz mövqeyində möhkəm dayandığını və ən kiçik müvəqqəti kompromisi belə düşünmədiyini öyrənib. Hoqland məsələ ilə bağlı deyib: “Bu qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə qətiyyətlə həll edəcək, baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm. Yenə də həmsədrlərlə buna riayət etməyə davam etdik”. Qeyd edək ki, Azərbaycan ictimaiyyətinin, eləcə də hökumətin ATƏT-in Minsk Qrupuna münasibəti birmənalı olmayıb. Əvvəllər həmsədrlərin problemin həllinə kömək göstərə biləcəkləri ümidi olsa da, zaman keçdikcə bu ümidlər puça çıxdı. Vətən müharibəsindən qabaq cəmiyyətimizdə bir çoxları Minsk Qrupunu fəaliyyətsizlikdə, münaqişəni qəsdən uzatmaqda və bu münaqişədə Ermənistanın maraqlarını müdafiə etməkdə günahlandırırdı. İndi isə Minsk Qrupu həmsədrlərinin danışıqların nəticələri barədə dünya birliyinə, eləcə də iki ölkənin rəhbərliyi və ictimaiyyətinə yalan danışdığı ortaya çıxır. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və danışıqların imitasiyas xarakteri daşıması, son dövrlər isə Ermənistanın danışıqlar formatından imtina etməsihərbi eskalasiyaya gətirib çıxardı.
-Rusiya-Ukrayna gərginliyi və Rusiya-Türkiyə münasibətləri bölgəyə hansı formada təsir edə bilər?
-Ümumiyyətlə, postsovet məkanında geosiyasi dəyişikliklər getdiyinin şahidi oluruq. Vətən müharibəsinin nəticələri ilə yanaşı, eyni fikirləri Ukrayna, Gürcüstan və Moldovaya da aid edə bilərik. Ukrayna öz ərazi bütövlüyünü bərpa etməkdə israrlı görünür. Bunun üçün həm ordusunu təkmilləşdirir, həm də müasir hərbi sənaye kompleksləri, PUA-ları almaq üçün təşəbbüslər irəli sürür. Vətən müharibəsində özünü yaxşı tərəfdən göstərən Türkiyə istehsalı olan “Bayrakdar-TB2” PUA-larını Ukrayna da öz silah arsenalına daxil edir. Vladimir Zelenskinin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü də maraqlı məqamları ilə diqqət çəkdi və əsasən sülhün və təhlükəsizliyinin qorunması ilə bağlı mesajlar verildi. Qara Dəniz hövzəsində sabiliyin qorunması əsas şərtdir. Lakin Minsk prosesi çərçivəsində razılıqlara riayət olunması tələb olunur. Son dövrlər ABŞ və Rusiya arasında olan gərgin ritorikanın olması və iqtisadi təzyiq metodları Ukraynaya da sirayət edə bilər. Ukrayna öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, ərazisində böyük dağıntılara və fəlakətlərə səbəb ola bilən ssenarini da nəzərə almalıdır.
-Aprelin 24-də Baydenin qondarma soyqırıma münasibəti necə ola bilər? Bu proseslər fonunda Türkiyə-Ermənistan münasibətlərini necə xarakterizə etmək olar?
-Hər ilin aprel ayında qondarma “erməni soyqırımı” məsələsini erməni diasporu aktuallaşdırır. Erməni lobbisi ənənəvi olaraq ABŞ-da demokratları ələ almağa çalışır və “soyqırım” məsələsində dividentlər qazanmağa səy göstərirlər. Hazırkı president Co Bayden seçkiqabağı platforması zamanı ermənilərə müəyyən vədlər verib. Lakin hər zaman olduğu kimi ermənilər öz istədiyinə nail ola bilməyəcəklər. Çünki real siyasətlə seçkiqabağı prosedur çox zaman tərs mütənasiblik təşkil edir. Türkiyə Böyük Orta Şərq regionunda sülhün və təhlükəsizliyin qorunması istiqamətində uğurlu fəaliyyət göstərir. Eyni zamanda Türkiyə NATO-da böyük gücə sahibdir. ABŞ-ın prezidenti ermənilərin arzu və istəkləri naminə Türkiyə ilə münasibətləri korlamaq istəməz. ABŞ üçün Türkiyə ilə müttəfiqlik münasibətləri daha böyük əhəmiyyət kəsb edir. Türkiyə ilə ABŞ arasında bəzən fikir ayrılıqları zamanı ABŞ-da erməni lobbisi ikitərəfli münasibətləri pozmağa çalışırlar. Eyni zamanda, Türkiyə ABŞ üçün strateji maraqlarının həyata keçirilməsi baxımından da öz aktuallığını qoruyur. Buna görə də, aprelin 24-də qondarma erməni soyqırımı ilə bağlı hər hansı dəyişikliyinin və ya açıqlamanın olacağını proqnozlaşdırmırıq.
Əli Zülfüqaroğlu