“Ermənilər istəyir ki, hansı yollasa Azərbaycandan əlavə torpaqlar əldə etsinlər” Layihə

“Ermənilər istəyir ki, hansı yollasa Azərbaycandan əlavə torpaqlar əldə etsinlər”

Vahid Əhmədov: “Amma bu, olmayacaq və mümkün də deyil”

Ermənistan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi prosesini pozmağa cəhd edir. Amma Azərbaycan dövləti qətiyyyət ortaya qoyaraq prosesin ədalətli həll ediləcəyini bəyan edib.
Ermənistanın baş naziri Paşinyan hətta KTMT-yə müraciət edə biləcəklərini vurğulayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Pprezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür. Onun sözlərinə görə, V.Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir: “İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir”. D.Peskov əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumatda bildiirlib ki, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.
Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.
Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.
İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Zəngəzurun (Sünik) keçmiş başçısı, Dirçələn Ermənistan Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında bildirib:”Zəngəzurda 15 əsgər olmaqla dörd Azərbaycan mövqeyi yaradılacaq!”
Onun sözlərinə görə, bugünkü danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib: “Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq. Belə çıxır ki, Azərbaycan Ordusu nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq”.
Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb. Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur.
Politoloq Cümşüd Nuriyev deyib ki, ermənilər Qarabağdakı məğlubiyyəti heç cür içlərinə sindirə bilmirlər: “Bu səbəbdən də çalışırlar ki, Azərbayanın əleyhinə ən azı mənfi münasibət formalaşdıra bilsinlər. Bu səbəbdən də dünyadakı bütün tərəfdarlarını ayağa qaldırıblar. Məqsəd Azərbaycana çirkab atmaq, nüfuzumuza xələl gətirməkdir”.
Cümşüd Nuriyevə görə, erməni düşüncəsi belə hesab edir ki, Azərbaycana nə qədər çirkab atsalar bir o qədər yaxşıdır: “Onların psixoloji durumu budur. Aydındır ki, onların atdığı addımların heç bir hüquqi əsası yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi var. Nizamnamə başqasının torpağını mənimsəməyi tanıya bilməz. O cümlədən, digər xarici siyasətçilərin açıqlaması da bu aspektdədir. Yəni ermənilər bizə çirkab atmaq üçün belə addımlara gedirlər. Amma dünya dəyişib. Hüquq, qanun əsasdır. Qanun olan yerdə çirkab işləyə bilməz”.
Beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyev diqqətə çatdirib ki, biz indi Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya və demarkasiya prosesini müşahidə edirik: “Əslində SSRİ dövründə Qaragöl Azərbaycan ərazisi hesab olunurdu. Hətta bildiyim qədər bir müddət həmin göldən ermənilərin də istifadəsinə icazə vermişdik. Yəni sudan istifadə edirdilər. Amma Qaragölün özü Azərbaycan ərazisində qalırdı. Sadəcə SSRİ zamanı 15 respublika arasında sərhədlərə ciddi əməl edilmirdi. Ona görə də ermənilər bundan istifadə edə bilirdi”.
O bildirib ki, SSRİ-nin dağılmasından sonra münasibətlər pisləşib, Ermənistanda yaşayan azərbaycanlılar oradan qovulub: “Təbii ki, sonradan torpaqlarımız işğal olundu, Qaragöl də onların nəzarətində qaldı. Ola bilsin ki, heç özləri də bilmir ki, bura bizim ərazimizdir. Bizim Sərhəd Qoşunlarımız da dövlət sərhədinin bərpası çərçivəsində Qaragölü nəzarət altına alıb. Bu da tam hüququdur”.
Hüquqşünas qeyd edib ki, əslində erməni tərəfinin səs-küyünə öyrəşməli olmuşuq: “Onlar hər zaman belə vay-şivən qoparıblar. Uydurma erməni soyqırımından tutmuş, 907 saylı düzəlişə qədər. 907 saylı düzəliş niyə qəbul olunmuşdu? Ermənilər ABŞ Konqresini inandırmışdı ki, işğala məruz qalan Azərbaycan Ermənistanı blokadaya salıb. Yəni belə gedişlər Ermənistana xasdır. İndi də onlar BMT-dən dəstək almaq istəyirlər. Diqqət edin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ediblər. Ancaq KTMT bu işə qarışmaq istəmir. KTMT hesab edir ki, baş verənlər sərhədlərin demarkasiyası hadisəsidir".
Fərhad Mehdiyev əlavə edib ki, Ermənistanın dünyada saldığı səs-küyün heç bir nəticəsi olmayacaq: “Bəli, onlar gedirlər, hansısa yalan məlumatlar verirlər, faktları saxtalaşdırmış formada təqdim edirlər və s. Məsələn, Avropa Parlamenti dəfələrlə Azərbaycan ərazilərinin işğala son qoyulmasını tələb edən qətnamələri olub. Bunun təsiri olurdumu? Yox. İndi də kimin bəyanat verməsindən asılı olmayaraq onun təsiri olmayacaq. Fransa bəllidir ki, ermənipərəst dövlətdir. Müharibənin getdiyi dövrdə bir neçə Avropa ölkəsinin parlamenti qərar verdi ki, Azərbaycan müharibəni dayandırsın. Biz dayandırdıqmı? Odur ki, belə bəyanatlara çox da diqqət vermək lazım deyil. Amma bizim diplomatlar, millət vəkilləri gedib beynəlxalq qurumlar da işləməli, həqiqətləri orada deməlidir. Deputatlarımız səfərlər etməli, həqiqətləri deməlidir. Elə səfirliklərə də dəqiq faktlar verilməlidir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Qaragöllə bağlı məsələdə Azərbaycan hədəflərinə çatacaq: “Paşinyan dar çərçivəyə salınıb". Onun sözlərinə görə, Qaragöldə baş verənlər üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını surətləndirməklə yanaşı, Azərbaycanın həmin Bəyanatda yer alan və almayan hədəflərinin yerinə yetirilməsi üçün mühüm və düşünülmüş addım oldu: "Mən bölgənin həm hüquqi, həm tarixi baxımdan kimin olmasını mətn uzanmasın deyə qoyuram kənara. Onsuz da bəllidir ki, söhbət Azərbaycan ərazisindən gedir. Ermənistanın öz ərazisi hesab etdiyi gölə və ətrafına daxil olmağımız fonunda İrəvanın 3 seçim yolu var idi. Birincisi, hərbçilərlə cavab. Göründüyü kimi dağılmış erməni ordusu bunu etmədi. İkincisi və üçüncüsü isə, SSRİ zamanındakı xəritələrlə delimitasiya prosesi.
Paşinyan xəritələrlə bağlı delimitasiya məsələsində ya SSRİ zamanı dərc edilmiş xəritələri mənasız sayaraq Qaragölün Ermənistan olduğunu israr edərsə - ordumuz mövqelərində qalaraq Sisian və Gorus istiqamətində, M2 avtomagistralını hədəfə alaraq strateji mövqe üstünlüyü əldə edə, Qaragölün su ehtiyatından Ermənistanı mərhum edə bilər. Ya da, Ermənistan xəritələrlə delimitasiyaya razılaşaraq - Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarır. Eyni zamanda, Şuşaya gediş - gəlişin asanlaşdırılması üçün yolüstündəki bəzi kəndlərdən sülhməramlılar geri çəkilir. Qaragöl, həm də, onu göstərdi ki, demokratlar Qarabağ məsələsinə Azərbaycan - Ermənistan prizmasından daha çox ABŞ - Rusiya geosiyasi qarşıdurması çərçivəsində baxır və Nikola seçkiqabağı dəstək verirlər. Bu hadisə, eyni zamanda, onu göstərdi ki, Cənubi Qafqazdakı yeni proseslər birbaşa Bakı - Moskva dialoqundan asılıdır".
Millət vəkili Vahid Əhmədov deyib ki, istər Zəngəzur, istərsə də bu gün ətrafında mübahisə gedən Qaragöl olsun sovetlər dönəminin ilk illərində Azərbaycanın olub: “Qaragöl sonradan da Azərbaycan ərazisində olub. Sadəcə, işğal dövründə ermənilər buradan istiafdə edib. Ermənilər istəyir ki, hansı yollasa Azərbaycandan əlavə torpaqlar əldə etsinlər. Amma bu olmayacaq və mümkün də deyil. Çünki ortada Azərbaycan dövlət başçısının qətiyyətli və cəsarətli mövqeyi mövcuddur. O baxımdan da ermənilərin atlanıb-düşməsi nəticə verməyəcək”.
Millət vəkilinin sözlərinə görə, bunun üçün ermənilər hay-küy salıb beynəlxalq aləmi ayağa qaldırıblar: “Başda Fransa olmaqla özlərini dağıdırlar. Görünən isə odur ki, bütün dövlətlər bu məsələdən öz marağı üçün faydalanmağa çalışır. Öz maraqları üçün oynayan ölkələr sırasında Rusiya da var. Ona görə də Rusiya sülhmərmalılarının komandanı Rüstəm Muradov danışıqlar prosesinə qatılıb. Vəziyyəti bir sözlə belə ifadə etmək olar. İkibaşlı oyun gedir. Maraqlı tərəflər hər iki ölkəyə təzyiq edib, istəklərinə nail olmaq istəyir”, - deputat qeyd edib.
Millət vəkili bildirib ki, Azərbaycana təzyiq yolu ilə nəyisə diktə etmək artıq mümkün deyil: “Azərbaycan 30 il əvvəlin Azərbaycanı deyil. Bu gün dünya ölkələrinin hesablaşdığı qüdrətli və güclü Azərbaycan və onun güclü ordusu var. Odur ki, Azərbaycana təzyiqlər mənasızdır. Azərbaycan Zəngəzurla bağlı planını reallaşdıracaq və oradan nəqliyyat dəhlizi açılacaq”.
Bununla belə o əlavə edib ki, bundan sonar da belə təzyiq xarakterli məsələlər olacaq: “Nə qədər ki, Rusiya sülhməramlıları buradadır, biz çox belə hadisələrə və gərginliklərə şahidlik edəcəyik. Çünki burada Rusiyanın birbaşa marağı var. Amma xeyri yoxdur. Hətta bəzi güclər yenidən lokal müharibələrin baş verməsinə cəhd edəcəklər. Ona görə ki, bəzi ölkələr hələ də Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmirlər. Necə oldu ki, Azərbaycan qələbə çaldı.
Ancaq Azərbaycana qarşı olan bütün cəhdlər cənab Prezidentin müdrik siyasəti nəticəsində dəf ediləcək və uğursuzluğa düçar olacaq. Bu gün Azərbaycan Prezidenti ilə xalq həmrəydir. Azərbaycan güclü ölkədir. Dünyada Azərbaycana dəstək verən Türkiyə, Pakistan, İsrail və bu kimi güclü dövlətlər də var. Azərbaycan ciddi problem yaşamayacaq”.

Əli