“Vətəndaş cəmiyyəti sturkturları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öndə olmalıdır” Layihə

“Vətəndaş cəmiyyəti sturkturları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öndə olmalıdır”

Azərbaycan həqiqətlərinin xarici mediada təbliğ olunması vacib şərtdir. Azərbaycanın mədəniyyəti, turizm imkanları, multikulturalizm ənənələri ilə yanaşı üzləşdiyi erməni terroru və bundan doğan problemlər də mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmalıdır. Vətəndaş cəmiyyəti sturkturları – QHT-lər, diaspor təşkilatları və media bu məsələdə öndə olmalıdır.
Azərbaycan jurnalistlərinin Kəlbəcərdə erməni terrorunun qurbanı olması Azərbaycanın vətəndaş cəmiyyəti strukturları tərəfindən dünya mediasında lazımi qədər yayımlanmadı.
Halbuki bu məsələ təkcə xarici medianın öz ixtiyarına buraxılmamaılı, bununla bağlı təbliğat işi ilk öncə vətəndaş cəmiyyəti strukturları tərəfindən ciddi və planlı şəkildə gündəmdə saxlanmalı və dünya ictimaiyyətinə çatdırılmalı idi. Amma az da olsa belə nümunələrə rast gəldik.
Belə nümunələrdən biri də Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin Pakistanın “Thefortress.com.pk” saytında “Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi mülki insanlara və sülhə təhlükədir” sərlövhəli məqaləsidir.
(http://thefortress.com.pk/armenias-failure-to-export-mine-maps-to-azerbaijan-is-a-threat-to-civilians-and-peace/).
Yazıda qeyd olunur ki, hazırda Yer kürəsinin bir çox regionlarında münaqişələr baş verir: “Nəticədə mülki şəxslər yaralanır, qətlə yetirilir, yaşayış və xidmət obyektlərinə ziyan vurulur. Əfsuslar olsun ki, Ermənistan yenə də Azərbaycanda mülki şəxləri qətlə yetirməkdə davam edir. Eyni zamanda, mülki azərbaycanlılar öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanı olurlar. 4 iyun 2021-ci il tarixində səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub. 4 nəfər isə yaralanıb. Ermənistan bu təcavüzkar siyasəti və anti-humanist hərəkətləri ilə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini növbəti dəfə sübut edib. Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur. Bütün bunlar dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə baş verir”.
Yazıda Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanatından da sitat gətirilir: “Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumat yayıb: “Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.
Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.
Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq. Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcəkdir”.
Həmçinin qeyd edilir ki, İyunun 4-də həlak olan jurnalistlərin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi ehtiramla yad olunur: “Azərbaycan mətbuatının və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət edir, önünə gül dəstələri düzürlər. AzTV sədri Rövşən Məmmədov minaya düşərək həlak olan jurnalistlərin xatirəsini anım məqsədilə keçirilən tədbirdə bildirib:“Bu hadisə erməni barbarlığını ortaya qoydu. Bu, yalnız jurnalistlərə qarşı deyil, əliyalın insanlara, dünya jurnalistikasına, söz azadlığına qarşı yönəlmiş terror hadisəsi idi”.
R. Məmmədov bildirib ki, jurnalistlər- Az TV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov erməni barbarlığını dünyaya çatdırmaq üçün çalışırdılar: "Növbəti ünvan da Kəlbəcərin Susuzluq kəndi idi. Təəssüflər olsun ki, yolda avtobus tank əleyhinə minaya düşüb. 3 həmvətənimiz şəhid olub. Bunların 2-si həmkarımızdır, digər 4 nəfər isə ağır yaralanıb.
Mən tələb edirəm ki, dünyada jurnalist hüquqlarını müdafiə edən təşkilatlar susmasınlar. Bu hadisə dünyanın aparıcı media kanallarında işıqlandırılmalıdır. Bu, Kəlbəcərdə ermənilərin hər addımda mina basdırmasının sübutudur. Ermənilərin basdırılan mina xəritələrini verməməsinə görə ölən insanların qanıdır”.
AZƏRTAC şəhid jurnalistlərlə bağlı üzvü olduğu beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. AZƏRTAC dünya mediasının, beynəlxalq və regional jurnalist təşkilatlarının rəhbərlərini Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, etiraz səslərini ucaltmağa çağırır:”Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, azad sözə, jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır. Ümid edirik ki, dünya mediası və beynəlxalq jurnalist təşkilatları buna biganə qalmayacaqlar”.
Müraciətdə diqqətə çatdırılır ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya dəstələri Ermənistan-Azərbaycan dövlət sərhədində, o cümlədən Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərirlər:”İlkin ehtimala görə, jurnalistlər həmin diversantlar tərəfindən basdırılmış minaya düşüblər. Baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub.
Ermənistanın mülki əhalini hədəfə alması heç də təsadüfi deyil. Bununla ermənilər bir daha dünyaya tarixi, ənənəvi təcavüzkarlıqlarını nümayiş etdirdilər. Sülh və ədalətin olması, davamlı inkişaf üçün dinc və inkluziv cəmiyyətlərin yaradılması, hər kəs üçün ədalətə çıxışın təmin edilməsi vacib amildir. Ermənistan isə qanunsuz olaraq işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirib, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silib. Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi mülki insanlara və sülhə təhlükədir. Bu gün dünya azərbaycanlıları Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edir. Çünki Ermənistan bununla bir daha mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozur, regionun sabitliyinə və inkişafına mane olur. Azərbaycan dövlətinin məqsədi isə regionda sülhün və sabitliyin təmin olunmasıdır”.

Əli