“Ermənistanın bəlalarının ən böyük səbəbkarlarından biri də Robert Koçaryandır” Layihə

“Ermənistanın bəlalarının ən böyük səbəbkarlarından biri də Robert Koçaryandır”

Tural İsmayılov: “O, Ermənistanda iqtidarda olduğu dövrlərdə ölkənin olan-qalan nəyi vardısa hamısını satıb”

“Ermənistandakı seçkilər haqqında indidən nəsə söyləmək çətindir. Mən bunu əvvəlki şərhlərimdə də bildirmişəm. Ermənistan müstəqil dövlət olmadığına görə ordakı proseslərin idarəediciləri başqa dövlətlərdir. Keçirilən rəy sorğuları hələlik Paşinyanın qələbə çalacağını deyir. Lakin nüfuzlu “Gallup” sorğu təşkilatının əvvəlki sorğulardan fərqli olaraq sonuncu sorğusunda Koçaryanın Paşinyana yaxınlaşdığı görünür”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Tural İsmayılov deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb:
-Hazırda Robert Koçaryanla Paşinyan arasında ciddi rəqabət yaşanır. Koçaryan Rusiyadan aldığı media dəstəyi və digər təşviqlərlə güclü seçki kampaniyası aparır. Ermənistan cəmiyyətində əbləh Nikol Paşinyanla onu təhqir edən çoxvektorlu siyasi qüvvələr arasında seçim etmək imkanları ilə bağlı ciddi skeptika mövcuddur. Bundan başqa Paşinyanın səslərini bölmək üçün ortaya atılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” blokunun rəhbəri Artur Vanetsyan və Serj Sarkisyan da anti-Paşinyan hərəkatının onündə gəlir. Levon Ter Petrosyan və erməni cəmiyyətinin nifrət etdiyi oliqarx Qaqik Tsarukyan və onun “Çiçəklənən Ermənistan” fraksiyasının isə səs faizləri aşağı kimi görünür. Bütövlükdə seçkilərdən sonrakı dövrdə də Ermənistan vətəndaş müharibəsinə təşnədir. Bu baxımdan seçkidə mütləq kiminsə qalib gələcəyini söyləmək üçün tezdir. Hər şey seçki günündə həll edilməyəcək. Ermənistanda xarici qüvvələrin əli ilə çevriliş də baş verə bilər.
Ümumiyyətlə, Ermənistanda siyasi qüvvələrlə cəmiyyət arasında bütün rabitə itib. Ermənistanda keçirilən son rəy sorğuları göstərir ki, bu ölkədə seçkidən sona vəziyyət tamamilə məcradan çıxacaq. Ermənistandakı toqquşmalar 2022-ci ilə qədər kuliminasiya nöqtəsinə çatacaq. İrəvan inqilabların yedəyindədir. Ölkədə iqtidar da, müxalifət də Ermənistanın gələcəyini görmür. Hətta vəziyyət o həddə çatıb ki, xalqı ümumiyyətlə saymırlar, siyasi institutlar arasında düşmənçilik üst səviyyədədir, hərbi komandanlıqda sabitlik yoxdur. Ölkə müxtəlif xarici qüvvələrin oyun meydanına çevrilib. 30 ilə yaxın işğalçılıq və qəsbkarlıq siyasəti yürüdən Ermənistan özünün dövlətçilik gələcəyini məhv edib. Azərbaycan Prezidentinin siyasi iradəsi və ordumuzun şanlı qələbəsi nəticəsində Ermənistanın nəinki ordusu sıradan çıxarıldı, bütün idarəetmə strukturları iflic vəziyyətə düşdü. Bu qədər xaotikliyin nəticəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb. Hakimiyyətdə kimin olmağından asılı olmayaraq Ermənistanın hansısa xırda revanşizmi belə özünün mövcudluğunun sual altına düşməsiylə nəticələnəcək. Demoqrafiya böhranı, idarəetmədəki bacarıqsızlıq, işsizlik, sosial tənəzzül və ölkənin başqa güclərə peşkəş çəkilməsi regionda Ermənistanın son nöqtədə olduğunu göstərir. Ermənistanda ya siyasi institutlar regional əməkdaşlığa can atıb normal əlqələr quraraq qonşularıyla yaxşı münasibətlər quracaq, ya da Ermənistanda nə yaşayacaq adam qalacaq, nə də siyasi-iqtisadi varlıq modeli.
-Vətəndaş müharibəsi gözlənilirmi və İrəvandakı mümkün qarışıqlıq üçtərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsinə mane ola bilərmi?
- Ermənistanda hər zaman vətəndaş müharibəsi təhlükəsi var. Artıq Paşinyan və Koçaryan tərəfdarları arasında küçələrdə əlbəyaxa mübarizə başlayıb. Biz unutmamalıyıq ki, Ermənistan kukla rolunda olduğu üçün orda hər an hər şey baş verə bilər. 10 noyabr bəyanatını konkret hansısa iqtidar imzalamayıb. Ermənistan dövləti bəyanatın müdəalarına əməl etməyə borcludur. Buna görə də Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq Ermənistanın hansısa əks addım atmağı mükünsüzdür. Əks halda dəmir yumruğu həmişə görəcəklər. Ümumiyyətlə isə, Ermənistanın dövlət kimi bundan sonrakı mövcudluğu Azərbaycanla münasibətləri yaxşılaşdırmasından asılıdır, başqa yolları qalmayıb.
-Sərhəddəki təxribatlar sülhlə bağlı mənfi tendensiya yaradacaqmı?
- Sərhəddəki təxribatların bir neçə səbəbi var. Birinci səbəb odur ki, hərbi komandanlıq içərisində uçurumlar var. İdarəetmə böhranı özbaşınalıqlara səbəb olur. İkinci səbəb isə sərhəddəki təxribatların seçkiöncəsi kampaniyada istifadə olunmağıdır. Bu baxımdan bu hərəkətlərin davamlı olmağı əlbəttə ki sülh prosesini əngəlləyə bilər.
-Rusiyanın xarici işlər naziri Lavrovun Dağlıq Qarabağla bağlı son açıqlaması pozitiv şərh olunur. Lavrovun fikirləri onu göstərir ki, status məsələsi Rusiya üçün aktual deyil, zaman keçdikdən sonra bu məsələ gündəmdən çıxacaq. Bu biizm üçün hansı dividentlər vəd edir?
- Son zamanlar Lavrov da daxil olmaqla, Rusiya siyasi elitası Azərbaycanın öhdəliklərə sadiq olduğunu, problem yaratmadığını dəfələrlə vurğulayıblar. Mənə elə gəlir ki, Rusiya da artıq Ermənistanın dilənçi siyasət kursundan bezib. Bizim üçün ən böyük divident Rusiyanın Ermənistanı tamamilə ortada qoymağı ola bilər ki, artıq Rusiyanın Ermənistandan mərhələli imtinası prosesinin start götürdüyünü düşünürəm.
-Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın cinayət əməlləri, o cümlədən 1999-ci il oktyabrın 27-də parlamentin gülləbaran edilməsi, korrupsiya əməlləri və Ermənistanın sərvətinin talan olunması, Azərbaycanın işğal altında olan ərazilərində sərvətlərin talanması və Koçaryan başda olmaqla mənimsənilməsi, onun dövründə Ermənistamnda insan hüquqlarının pozulması kimi faktlar həm Azərbaycan, həm də erməni cəmiyyətinə bəllidir. Belə olan halda onun siyasi fəaliyyət istiqamətində perspektivi nə qədərdir?
- Bugünkü Ermənistanın bəlalarının ən böyük səbəbkarlarından biri də Robert Koçaryandır. O təkcə Xocalı canisi deyil, həm də simasını itirən axmaq faşistdir. Ermənistanda iqtidarda olduğu dövrlərdə ölkənin olan-qalan nəyi vardısa hamısını satdı. Bu baxımdan bundan sonra ermənilər Koçaryana səs versə, özlərini tamamilə ölkəsiz təsəvvür edə bilərlər.
-Amma bütün bunlara rəğmən Koçaryan xüsusilə Azərbaycanla sərhəd bölgəsində seçki təbliğatına start verib...
-Koçaryanın Azərbaycanla sərhəd bölgəsinə səfərində diqqət çəkən iki nüans var. Onun yanında keçmiş müdafiə naziri, Paşinyanın təqib etdirdiyi cani Seyran Ohanyan, KTMT-nin keçmiş rəhbərlərindən Yuri Xaçaturov (hansı ki Paşinyan tərəfindən ona cinayət işi qaldırılıb), Paşinyanı təhqir edən Saxatelyan və digərləri görünür. Koçaryan vəd edib ki, seçkidə qalib gələrsə, o zaman Qafan aeroportu açılacaq. Bu da seçkiyə hesablanmış boş vədlərdən biridir.
Nəticədə Koçaryan Paşinyana qarşı ən böyük müxaliflərin cəmləşdiyi Qafan, Zəngəzur və Mehridən seçkilərdə yüksək nəticə gözlədiyini açıq nümayiş etdirdi. Robert Koçaryanın ölkədən oğurlanan milyardlarla pulla bağlı erməni xalqını aldatmaq cəhdləri müəyyən qism əhalidə effekt doğurur. Belə görünür ki, 20 iyundan sonra Ermənistanda meydan döyüşləri baş verəcək. Azərbaycan isə bütün ssenarilərə hazırdır və sərhədlərindəki hər hansı təxribatları adekvat cavablandıracaq.
-Ermənistanın siyasi elitasında Zəngəzur dəhlizi ilə bağlı da müxtəlif provokativ fikirlər səsləndirilir...
-Ermənistanda da Zəngəzur dəhlizinin reallaşmaq üzrə olduğunu gözəl dərk edirlər. Ermənistanın Zəngəzur dəhlizini provokasiyaya məruz qoyacaq heç bir gücü və potensialı yoxdur. Ölkədə elə bir süqut eyforiyası hökm sürür ki, bunu dəyişdirmək mümkün deyil. Daxili siyasi böhran və hərbi elita sistemindəki böhranla bərabər ölkəyə investisiya qoyan erməni əsilli xarici şirkətlər Ermənistanı artıq tərk etməyə başlayıb. Nəzərə alaq ki, həm iqtidar, həm də müxalifət Ermənistanın gələcəyi ilə bağlı yalandan da olsa xalqa heç bir hesabat verə bilmir. Belə olan təqdirdə Ermənistanın coğrafi mövcudluğu da sual altına düşür. Bu ölkənin hansı imkanları qalıb ki, ayaq üstündə dura bilsin? Gec-tez Zəngəzur dəhlizi də daxil olmaqla 10 noyabr bəyanatının bütün müddəaları reallaşacaq. Ermənistan düşmənçilik siyasətindən əl çəksə regionda gələcəkdə reallaşacaq layihələrdə iştirak edə bilər. Eyni zamanda, Ermənistanın 10 noyabr bəyanatına qarşı atacağı hər bir addım təkcə Azərbaycan və Türkiyəyə deyil, geostrateji oyunçulardan olan Rusiyanın və bölgədəki postpandemiya siyasi-iqtisadi mənzərəsinə maraqlı olan böyük güclərin də əleyhinə olacaq. Ermənistanda hamı hər şeyi artıq daha aydın dərk edir. Paşinyan özü də anlayır ki, Azərbaycan qalib tərəfdir və bundan sonra Ermənistan regionda nələrəsə təsir edəcək səviyyədə ölkə deyil. Təkcə siyasi imkanları da nəzərdə tutmuram, Ermənistanda insan kapitalı da çatışmır. Miqrasiya o həddə çatıb ki, Ermənistan dövlət strukturları rəsmən vətəndaşlarına yalvarır ki, ölkəni tərk etməyin.
Bundan başqa onu da deyim ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı “açıqlamaları” isə erməni millətçi elektoratın səsinə hesablanıb. Seçkilərə qədər bu tip boğazdan yuxarı sərsəmləmələri duya biləcəyik. Lakin unutmayaq ki, Ermənistanın Zəngəzur dəhlizini sabotaj edəcək heç nəyi qalmayıb. İkincisi, dəmir yumruq onlara elə bir zərbə vurub ki, bu, onlara bir ömür bəs edəcək. Ən nəhayətində isə, 10 noyabr bəyanatının pozulması bizə imkan verəcək ki, Laçın dəhlizinə də həsrət qoyaq onları. Bu baxımdan Ermənistandakı vəziyyət hər gün daha da pisləşəcək.

Əli Zülfüqaroğlu