Güney Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik Güney Azərbaycan

Güney Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik

4-cü yazı

Dağı qaynata, dədə kimi görüb ehtiram göstərmiş əcdadlarından fərqli olaraq ona "Anam" deyən - hər bir sirrini, sözünü deyə biləcək, ana kimi qoynuna sığına biləcək bir varlıq kimi şair əsərdə xalqının, Güney Azərbaycan türklərinin azad, boyunduruqsuz yaşadığı insanlıq çağını (!) xatırlayır. Bu insanlıq çağında dili dil, eli el, yurdu yurd olan, uca zirvədə qərar tutan, "ana südündən doğma, qız dodağından şirin, qadın döşündən dadlı, insanlarının gəliş-gediş, çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən iran həmin müharibədə məğlub olmuşdu. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi". R.Rzalı hətta gülüş haqqının olduğu Təbrizin də cilvəli vaxtlarını yada salır. O vaxtlarını ki, sazının hər telində yeni bir səs, kolunun hər gülündə başqa bir qoxu vardı... "İnsanın insanlıq hörməti imiş azadlıq!" qənaətini hayqıran vətəndaş şair "Sonsuzluq" poemasında bu kimi gözəlliklərin 1945-46-cı ildə - Milli Hökumətin qurulduğu çağlarda bir daha yaşandığına işarə edir:

Ölüm tufanların aşaraq gəldik
Və yaşam düzənində çadır qurduq.
Pay aldıq, işdən və gücdən...
Paylaşdıq insan ormanında
İnsana yaraşan düzən qurmağı...
Bir ildə min ömür yaşadıq.
Ərkin, unutmayacağı
Göy məscidin görmədiyi
Dərin bir ömür.

Manuçöhr Əzizi Haray "Tarçı Şulan" poemasında Azərbaycan mədəniyyətinin, xalqın zəngin keçmişinin, milli dəyərlərinin düşmənlərini, rejimin daşürəkli cəlladlarını, türkün mənfur xislətli məmurlarını bütün xalqa, dünyaya tanıdır, Azərbaycan türklərinə qarşı yeridilən qeyri-insani, zorakı assimilyasiya siyasətini lənətləyir. Tarçı Şulanın harayı, fəryadı, eləcə də tonqallarda "Yandırılan sazlar"ın ərşə dirənən ahları arasında qəribə bir bağlılıq görünür. M.Ə.Haray musiqimizin və qədim musiqi alətlərimizin fədaisi olan Tarçı Şulanın yaşadığı ağrıları gerçək həyatda da yaşayıb, bu məşum hadisələrin canlı şahidi olub, yanğısını duyub, göz yaşlarının acısını dadıb. Həyatı, canı qədər sevdiyi tarını əlindən alıb sındıran rejimin hissiz-duyğusuz, daş qəlbli məmurunun tarla başına vura-vura öldürdüyü qoca sənətkarla birlikdə ölüb-dirilib. Belə ki, İran İslam İnqilabının qələbəsindən sonra, dini əsaslar üzərində yeni qurulmuş dövlətin ilk illərində tar və saz kimi Azərbaycan türklərinə məxsus bütün qədim, milli musiqi alətləri İranda "Şeytan işidir" bəhanəsi ilə yasaqlanır. Savadsız, cahil din xadimlərinin fikrincə, guya İslam dini musiqini, çalıb-oynamağı insane, şəriət əhlinə haram buyurub. Bu qadağanı heç cür "anlamayan" Marağanın məşhur tar ustadı, milli muğamların misilsiz ifaçısı Şulan heç bir qadağaya məhəl qoymadan tarını çalmaqda və xalqı məsud etməkdə davam edir. "Mücahide-inqilab" adlandırılan bir dəstə də "şəriət pərdəsi altında" bu qadağanı əldə dəstəvuz edərək tarçı Şulanın qapısına gəlir. Bu zaman hər şeydən xəbərsiz olan qoca tarzən isə tarını sinəsinə basaraq çaldığı "Segah" muğamının nalələrinin qa-nadlarında öz dünyasının, bu dünyanın masmavi üfüqlərinin ənginliklərində pərvaz etməkdə, musiqinin nəşəsini duymaqda, sevgi və bəxtiyarlıq içində idi. Bunu görən "mücahidlər" ona qarşı kobud ifadələr işlədir, üstünə bağıraraq bir daha tar çalmamasını və əlindəki tarı da onlara təhvil verməsini tələb edirlər. Tarcı Şulan təəccüb dolu nəzərlərlə baxa-baxa qalır. Tarla doğmalaşan Şulan artıq can sirdaşına, ruhuna çevrilmiş tarını əlindən vermək istəmir və mücahidlərə çox təsirli bir cavab verir: "Tar mənim canımdır, ruhumdur, tar mən özüməm! Canımı yaxın, məni öldürün, ancaq tarımı məndən almayın..."
Çağdaş Güney Azərbaycan ədəbiyyatında ənənəviçilik özünün inkişaf parametrlərini qoruyub saxlayıb. XX əsrin əvvəllərindən üzü bəri, Şəhriyar və ondan sonra yetişən şair və yazıçılar öz sələflərinin yaradıcılığındakı gözəl ənənəni layiqincə davam və inkişaf etdiriblər. B.Q.Səhənd, M.Sönməz, H.Sahir, H.Nitqi və b. ənənəviçilik prinsiplərinin ifadəsi olan poemaları Güney ədəbiyyatının çətin şəraitə rəğmən yenidən canlanmasına güclü təkan verdi. Sönməz "Böyük dərd" poemasında yazırdı: "İranda inqilabdan sonra zahirdə cinayətkar SAVAK təşkilatının şöbələrinin birindən ələ düşmüş bir siyahının əsasında hazırlanmış bir kitab nəşr olundu. 8000 cinayətkar SAVAK üzvləri! Kitabda çoxlu SAVAK adamlarının adı, familiyası, rəmzi nömrəsi, ləqəbi yazılmaqla bərabər, bir çox adamların da təkcə adları yazılıb. Bu adamların çoxu SAVAK tərəfindən təqib, həbs və işgəncəyə məruz qoyulub, bir neçəsi də edam olunub. İnqilabın məsul adamları tərəfindən kitabın haləti nəf olarkən bu günə kimi siyahı haqqında bir aydın və qəti nəzər buraxılmayıb. Kitabda adı yazılan adamların özlərinə yox, ancaq onların işlədiyi yerlərdə qurulan "Təfsiyyə komitələri" tərəfindən soruşulanda lazımi cavablar verilir, adamların əlinə isə heç nə verilmir".
Bu, 1946-cı ildən sonra Güneydə mövcud olan reallıqdır. "Böyük dərd" poemasında tarixi faktın əks-sədasını - preambulasını olduğu kimi verməkdə məqsədimiz diqqəti Güney şairlərinin necə ağır bir şəraitdə yazıb-yaratdığına, taleyin gözlənilməzliklərinə qalib gələn insan ruhunun nələrə qadir olduğuna yönəltməkdir. Sanki bu əsər taleyə, qəzavü-qədərə, dərdə meydan oxuyan insan ruhunun yenilməzliyinə şairin heyranlığı nəticəsində yaranıb:

İnsanın həyatı çox qəribədir,
Vaxt olur zamanı dayandırırsan.
Başından aşırsa min bir qasırğa,
Yenə dingildirsən, cavan qalırsan.

Şair haqlıdır, çünki qəmin özünə sirdaş, həmdərd, ruhunun libası olduğunu bilən hər bir insan onu dost, simsar sayır və səbrlə bütün maneələri aşıb keçir. Bu da insanın özünü ötməsi deməkdir. Əgər belə olmasaydı, insan taleyinə qənim kəsilən yabançı ünsürlərə sinə gərib qalib gələ bilməzdi:

Həyat bir yolçudur, baş qoyub gedir,
Bir itkin nöqtədən sonsuz səfərə.
Baxsan o yolçunun dağarcığına,
Tapılar, sevinc də, qəm də hər cürə.

Əslində sevinci ucuz tutmayan şair bu hissin insanın kamilləşməsində nə qədər böyük rol oynadığını da vurğulamır, insanın mənəvi itkilərdən doğan qəm duyğularını daha çox qabardır. Şair qəmin insan ruhunu həqiqət uğrunda mübarizədə bərq vuraraq təcəlla etdiyini vurğulayır və eyni zamanda insanın qalibiyyətini məhz özünüdərkdə görür.

O dərdə dözür, çün ruhiyyəsi var,
Bu eşqin ümidin əlindən verir.
O, bir gün can verir, dərddən qurtarır,
Bu gün də min kərə ölür, dirilir.

"Böyük dərd" poemasında insanların gündəlik və mənəvi həyatını cəhənnəmə döndərən diktatura rejimindən, xalqı məhv edən hadisələrdən, bu hadisələrin verdiyi dərdin əlində gündə min dəfə ölüb-dirildiyindən bəhs edən şair sətiraltı mənada oxucuya çatdırır ki, zindanlarda "islah olunan" insan əziyyət çəkərək fiziki ağrılar yaşasa da, bu əziyyətlər, ağrılar onu daha da mətinləşdirir. Mətin insan istismara qarşı çıxır və ruhən əzilməməyə çalışır. Sönməz insanın özü ilə, yəni insanlıqla qarşılaşdığını vurğulayır. Lakin bu məsələyə fərqli mövqelərdə olan iki insanın bir-birinə zidd düşüncə prizmasından yanaşır. Bir tərəfdən əzilir, digər tərəfdən də əzir insan. Şair insanın insana xəyanətini bağışlamır, bunu ən ağır cinayət sayır və qətiyyətlə lənətləyir:

Xəbərçi! Nə böyük ağır ittiham!
Demək o bir xəta, bir xəyanətdir.
Sən sədaqətə bax, söz verib deyir
Sübuta yetərsə, bir cinayətdir!

Əslində, böyük dərdin birüzlü, min mənalı sirləri də elə burdan qaynaqlanır. Qoluzorlu zalımların əzdiyi İnsan öz haqqına sahib çıxmağa can atmır, sözünü dişlərinin arxasında boğur, özünü içində öldürür. O, dərd adlı məngənənin ağzında sıxılan ruhu ilə nə qədər həqiqəti dərk edirsə, bir o qədər də haqqını tələb etməyə gücü yetmir və bu halı doğuran mövcud rejimin pozulmayan qanunları qarşısında aciz qalır. Bu qanunlarsa insan təfəkkürünün, şüurunun, azadlığının da məhkumluğu deməkdir.
Ancaq yenə də susmağı qızıl hesab edən insan əvvəl-axır inqilabın öz yolunu tapacağına və haqqın qələbə çalacağına inanır. Axı həqiqət nazilsə də, üzülmür. Əslində bu, öz içində boğulan, məqamı gələndə danışmayıb geri çəkilən insanın acizliyini, zəifliyini də göstərir. Şairin dediyi böyük dərd adlanan məfhumsa elə dərd olaraq da qalır, çünki hələ də "şeytanlıq qurğusu" fəaliyyətdədir, dostların düşmənin felindən xəbəri yoxdur.
Bəşəri məna daşıyan "Böyük dərd" poeması şairin böyük ilahi eşqindən, vətəninə, millətinə olan məhəbbətindən, onun hər qarış torpağına sevgisindən, coşğun ruhundan, böyük milli dərdindən, kədərindən, başına gələn hadisələrdən və bütün bunlara Sönməzin ali səviyyədə yanaşmasından söhbət açılır. İnsan ömrünün akkordlarını uğurlu fəlsəfi-psixoloji gedişlərlə dəyərləndirir, uca zirvələrə, Tanrı dərgahına can atan insan ruhunun yenilməzliyini, xeyirxahlığını, əbədiliyini əks etdirir ki, bu yanaşma Sönməzin "Üçüncü göz", "Ağır illər" və "Yeni yol", Həmid Nitqinin isə "Günəş" poemalarında da mövcuddur.
Güney Azərbaycan şairlərinin yaşadığı ictimai-siyasi mühit, ağrı-acılı, gərgin həyat onlarda əsas bir fikir, bir baxış formalaşdırırdı: dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq üçün gərək qələm sahibləri layiqli övlad məhəbbəti, fədai əzmi, mətanəti ilə vətənin, Azərbaycanın xidmətində durmağı, xalqın, ata yurdunun tarixini yaşatmağı bacarsınlar. Əks təqdirdə, sənət də, ədəbiyyat da zamanın sərt sınaqlarına tab gətirə bilməyəcək. Məhz bu baxımdan onların yaradıcılığında əsas mövzu Ana Vətən-Azərbaycan, ana dili, xalqın taleyidir. Ayrılıq, həsrət, Vətəndə vətənsizlik dərdi nisgilli qələm sahiblərinin ən kövrək, həssas mövzularındandır. Səhənd, Sahir, Haşım Tərlan, Alov, Qaflantı, Biriya kimi Sönməz də Vətənin, xalqın mənliyini, ləyaqətini öz mənliyi, dərdini şəxsi dərdi, ələmi sayan, yurdun tarixini müasir ədəbi düşüncə prizmasında canlandıran vətənpərvər şair, haqsızlıqlarla barışmayan, fəryad qoparan, duyğuları üsyan edən söz ustadıdır. Ən başlıcası, vətəndaş şairin qələmdaşları ilə bir sırada ana dilinin-türkcənin qorunub saxlanmasında, Güney Azərbaycan ədəbiyyatında tarixiliyi müasirlik kontekstində təqdim etmək prosesində müstəsna xidmətlər göstərib.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru