Azərbaycanlılar zindana atılır, saytlar bağlanır – Rejim qorxuda Güney Azərbaycan

Azərbaycanlılar zindana atılır, saytlar bağlanır – Rejim qorxuda

Son zamanlar İran hökuməti anadilli saytlara, eləcə də milli-mədəni fəallara qarşı kəskin siyasət irəli sürməyə başlayıb. Son 10-15 gün ərzində İran daxilində yüzlərlə mətbu orqanı bağlanılıb, ölkədən kənarda güneylilər üçün fəaliyyət göstərən saytlara giriş İranın bəlli ərazilərində bloklanıb. Güney Azərbaycanın 3 əhəmiyyətli saytı olan “Yolpress”, “Açıqyol” və “Çiçest xəbər” saytlarının bağlanılması, heç bir əsaslı səbəb olmadan fəaliyyətlərinin məhkəmə qərarı ilə dayandırılması isə İran hakimiyyətinin baş verə biləcək olaylara qarşı açıq-aşkar “silahlandığını” göstərir.
Hakimiyyət tədbirlərini bu saytları bağlamaqla yekunlaşdırmır. Eləcə də Güney Azərbaycan hərəkatının önəmli adlarının evinə basqın edir, saxlanılanlar barəsində uzunmüddətli həbs qərarı çıxararaq, onları cəmiyyətdən heç bir səbəb olmadan təcrid edir.
Fəallar arasında rezonans yaradan həbslərdən bəlkə də birincisi Abbas Lisani ilə bağlıdır. Lisani 2019-cu ilin yanvarın 15-də Təbriz məhkəməsinə çağırılıb, məhkəmədən çıxan zaman isə Ərdəbilin ETTELAAT məmurları tərəfindən saxlanılıb. Lisani məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsinin ona təqdim edilməməsi səbəbindən mayın 27-dən 19 günlük aclıq aksiyası belə keçirib. O, Ərdəbil məhkəməsində Qərbi Azərbaycan millətini silahlanmağa çağırmaq, milli təhlükəsizlik əleyhinə işlər görmək, qanunsuz qrup təşkil etmək və İran əleyhinə təbliğat aparmaqda ittiham edilərək, 8 il həbs və 2 il ailəsi ilə birlikdə sürgün cəzasına məhkum edilib. Sözsüz ki, Lisani barəsində qəbul edilən bu qərar ədalətli deyildi. Çünki fəalın həbs edildiyi ərəfələrdə o, Güney Azərbaycan Hərəkatına rəhbərlik edə biləcək ən uyğun namizəd olaraq dəyərləndirilirdir.
Bu ilin yanvar ayında Günaz TV-nin rəhbəri Əhməd Obalı bəzi fəalları Güney Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Abbas Lisaniyə qarşı çıxmaqla böyük yanlışa yol verməkdə ittiham edib, “bizə rəhbər lazımdır” fikri ilə çıxış etmişdi. Bəlkə də Lisaninin o vaxt rəhbər kimi nişan verilməsi bu gün onun belə böyük cəza ilə üzləşməsinə yol açan əsas səbəb oldu.
Silsilə həbslər mehi Lisani ilə fırtınaya çevrilsə də, bu fırtına sakitləşmək bilmədi. Tohid Amir Amini və Kiyanuş Aslani Tehran İnqilab Məhkəməsində 14 il müddətinə həbs olundu. Beynəlxalq Ana Dili günü mübasibəti ilə bəyannamə paylayarkən saxlanılıb, Evin zindanına aparılan fəalların da “milli təhlükəsizliyi pozmaq” və “rejimə qarşı təbliğat aparmaq”da ittiham olunması heç də təəccübləndirici deyil.
2018-ci ilin 21 noyabrında təhlükəsizlik qüvvələri tərəfindən “Persepolis”-“Traktor” matçı ərəfəsində saxlanılaraq Evin həbsxanasına aparılan Kazım Səfabəxş də uzunmüddətli həbslərin qurbanlarından biridir. “Haray, haray, mən türkəm!” bannerini açarkən fiziki zorakılığa məruz qalaraq saxlanılan meşkinli fəalın barəsində iyunun sonlarında 13 il həbs cəzasının verilməsi cərəyan edən hadisələrin bir-biri ilə əlaqəli, planlaşdırılmış olmasının göstəricisidir.
İran rejimi qadağaları, ölkədəki etniklərə mədəni muxtariyyət verməməsi və həbsləri ilə İranın bütövlüyünü qoruyacağını zənn edir. Lakin əksəriyyəti Azərbaycan türkü olan və hüquqları əlindən alınan bütün insanlar rejimin qadağalarına qarşı çıxır, əngəlləri aşır, haqları olanı əldə etmək üçün yeni planlar hazırlayırlar. Anadilli saytların bağlanılması, Lisaninin həbsi ilə İran rejimi bəlkə də bilməyərəkdən millətçilərin qəlbindəki qığılcımı alovlandırıb, gələcəkdə yeni rəhbərlərin ortaya çıxmasına zəmin yaradır. İstənilən halda İran rejimi mövcud qadağalar, filtrlər, yasaqlar vasitəsi ilə heç nəyin qarşısını kəsə bilməyəcəyini görəcək.