Güney Azərbaycan ədəbiyyatında epik poema Güney Azərbaycan

Güney Azərbaycan ədəbiyyatında epik poema

1-ci yazı

Lirik poemalarda qəhrəmanların duyğu və düşüncələri, onların hiss və həyəcanları ön planda dayanırsa, epik poemalar üçün obrazların xarakterini, rəngarəng süjetlər vasitəsilə əks etdirmək meyli daha güclüdür. Dramatik poemalar üçün isə konflikt və onun bədii həlli məsələsi səciyyəvidir. Əlbəttə, ədəbiyyat tariximizdə bu bölgülərə uyğun poemaları seçib qruplaşdırmaq, bədii təhlilləri həmin istiqamətdə aparmaq da olar. Lakin poema elə spesifik janrdır ki, lirik poemada epik, dramatik, epik poemada lirik, dramatik, dramatik poemada isə lirik və epik ünsürlər tapmaq çətin deyil. Poemalarda adlarını çəkdiyimiz elementlər elə qovuşuqdur ki, çox zaman hər hansı bir əsərin tipini müəyyənləşdirmək çətinlik törədir. Konkret ədəbi meyar olmadığından ayrı-ayrı tənqidçilər, ədəbiyyatşünaslar çox vaxt eyni əsərin ya lirik, ya epik, ya da dramatik olduğunu əsaslandırmağa çalışaraq əsərdəki lirik, epik, dramatik ünsürləri qabartmaqla qənaətlərinin doğruluğunu sübut etməyə səy göstərmişlər. Əgər sovet dövrü ədəbiyyatşünaslarının bir qismi - E.Umanskaya poemalarda yalnız epik vüsətə xüsusi önəm verərək “epizmi poemanın ən əsas elementi” hesab edirdisə, digərləri, A.L.Mixaylov, L.Ozerov, S.Smirnov, Q.Mirzoyev, H.Dorizo, X.Rza, İ.Kəbirli lirikanı, başqa qrup tədqiqatçılar - M.Çislov, A.M.Banketov, Mir Cəlal, M.Arif, Y.Qarayev, M.Cəfər, M.Əlioğlu, Ş.Salmanov, Ş.Alışanlı və b. isə epizmlə lirizmin vəhdətini daha üstün sayırdılar. Bu isə fikir ayrılığına gətirib çıxarırdı. Lakin XX əsrin ortalarından etibarən ümumədəbiyyatda yeniliyi və müasirliyi başlıca keyfiyyət kimi təzahür etdirən tənqidçi ordusu meydana çıxdı ki, onlar poemalara oxucu münasibətini tamamilə dəyişdilər və sələflərindən fərqli olaraq poemalarda epik vasitə ilə lirik xüsusiyyətlərin vəhdət təşkil etdiyini bildirməklə, həm də bu janrın epik-lirik və ya lirik-epik olduğunu təsdiqlədilər. Ədəbi mühit də bu tendensiyanı qəbul etdi. Əslində poemalarda epizmlə lirizmin vəhdətdə təzahür etməsi jannn bədii dəyərini azaltmır, əksinə, artırır.
Adelina Yefimovna Adalis “Literaturnaya qazeta”da dərc etdirdiyi (29.05.1965) "Çto est poema?" (“Poema nədir?”) adlı məqaləsində janra müxtəlif yönlərdən yanaşaraq “Poema nədir?”, “Poema dedikdə nə başa düşürük?” kimi suallara cavab axtarır və sonda bu qənaətə gəlir ki, poema janrının bəlli qanunları yoxdur. Heç bir tənqidçi, nəzəriyyəçi, hətta poema yazan sənətkarlar belə bunun nə olduğunu dəqiq açıqlamayıblar. Halbuki hər növün, hər janrın öz qanunları olmalıdır...
Türkiyə ədəbiyyatında isə “Poema”ya mənzum hekayə, böyük mənzumə kimi adlar verilmiş, janr haqqında hər hansı bir özəl araşdırma aparılmayıb. Təəssüflə qeyd edək ki, Güneydə türkcəyə qoyulan qadağalar janr haqqında diskussiyalar açmağa, analitik təhlil aparmağa belə imkan vermirdi. 1950-70-ci illərdə ədəbi tənqid demək olar ki, “Heydərbabaya salam”, qismən də “Sazımın sözü” poemaları haq¬qında yazılanlarla sınırlanırdı. Məhz bu səbəbdən Güney Azərbaycanda hər hansı bir janrda ana dilində əsər yazmağın özü bir fədakarlıq nümunəsi idi...
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi Yaşar Qarayev “Poemada epizmlə lirizmin vəhdəti çox fayda verə bilər. Lirik poema lirikada əriyən və yox olan poema demək deyildir, əksinə, lirika poemaya poemanın epik imkanlarını tamamlamaq və ona xidmət etmək üçün lazımdır”, - düşüncəsində idi. Demək, yaradıcılıq prinsipləri ümumi vəhdət fonunda daha səciyyəvidir.
Güney Azərbaycan ədəbiyyatında epik poema janrında yazılan əsərlər sırasında qəhrəmanlıq motivlərinin güclü olması ilə seçilən Hilal Nasirinin “Qəhrəmanlar” poeması öndə durur. Atilla Maralanlının “Qarabağ ürəyimdir”, Nazir Şərəfxaninin “Urmu dəryaçası”, Nadir Əzhərinin “Yelenay”, Mircəlil Hüseyninin “Qanlı günəş (Babək)”, Məhəmməd Biriyanın “Ərk qalası” və “Azərbaycan qəhrəmanı”, Nəmid Nitqinin “Təbriz”, “Günəş” və “Dastan ölməz”, M.S.Şaminin “Ana ürəyi”, “Necə şair yarandım mən”, Mənuçöhr Əzizi Harayın “Yandırılan sazlar” və “Tarçı Şulan”, Məcid Şəbbağ Yalqızın “Səməndiyyə”, Haşım Tərlanın “Araz gülür”, K.M.Sönməzin “İsanın son şamı”, “Böyük dərd” və “İtin vəfası” poemalarında lirik haşiyələrlə yanaşı, təhkiyə, epik vüsətin də güclü olduğu müşahidə edilir. Məhəmməd Biriya “Ərk qalası” və “Azərbaycan qəhrəmanı” poemalarında maraqlı təhkiyə ilə iki sevən insanın bir-birinə olan eşqini və bu eşqə, sevgiyə aşiqlərin sədaqətini poetik sözün qüdrəti ilə oxucuya çatdırır. Şaminin “Ana ürəyi” poemasında isə süjet tam fərqli sevgi hadisəsi üzərində qurulub. Nazir Şərəfxani “Pişik istir pələng ola“, Məhəmməd Tağı Zehtabi “Şahin zəncirdə”, “Pərvanənin sərgüzəşti”, Haşım Tərlan “Simurq və şahin”, Mahmud Sadıqpur Şami “Qartal” poemalarında yeni, mütərəqqi fikirlərini, realist, həyati düşüncələrini alleqorik obrazların son dərəcə maraqlı təhkiyəsi ilə ifadə etməyə üstünlük veriblər.
Azərbaycan klassik ədəbiyyatında, eləcə də “Şərq ədəbiyyatının xarakterik cəhətlərindən, əsas məziyyətlərindən olan obrazları rəmzlərlə, alleqorik dillə danışdırmaq” üsulundan məharətlə istifadə edən Haşım Tərlan (1923-2014) “Şahin və Simurq” poemasında iki quşu qarşılaşdırır. Şair bu əsərdə “cəmiyyətdə mövcud olan, həlli zərurət tələb edən məsələləri ön plana çəkir, ikiüzlülük, riyakarlıq, lovğalıq, yersiz iftixar kimi cəhətləri kəskin tənqid edir”. Belə ki, Şahin azadlığı əlindən alınaraq Qaf dağının zirvəsində ayaqlarından zəncirlənmiş Simurq quşundan icazə istəyir ki, dimdiyi ilə zəncirlərini parçalayıb onu azad etsin. Bu azadlığın müqabilində isə şərt qoyur ki, onu öz ağasının yanına ərməğan aparacaq. Ümid edir ki, ağasının onun bu hədiyyəsindən xoşu gələcək və Şahinə qızıldan qəfəs düzəltdirərək ona xoş günlər, rahat, problemsiz həyat yaşadacaq. Şirin dilini işə salaraq təklifinə onu razı salmağa çalışır:

Yapdırar boynuna qızıldan qəfəs,
Alarsan ilk dəfə rahat bir nəfəs.
Gələr görüşünə xanlar, böyüklər
Yaşarsan asudə, görərsən səmər.

Lakin məğrur Simurq onun niyyətini anlayır və qəzəblənir. Şahinə acıqlı-acıqlı baxaraq “Ağac öz kökü üstündə bitər” atalar sözünü xatırladır və kinayə ilə deyir ki, qaynar həyatım sönsə, qolum-qanadım qırılıb yanıma düşsə, dünya gözümdə daralıb azadlığa həsrət qalsam da, kimsənin qarşısında alçalıb ona bəndəlik etmərəm. Əlbəttə, “şair şirin vədlərə aldanan, əhd-peymanlarını unudub şöhrət və məqam üçün özünü SAVAK-ların ixtiyarında qoyan satqınlara da nifrətini yetirir. Azadlığını əldən verməkdən, qızıl qəfəsə salınmaqdan və kimlərinsə əlinin altında bəndəçilik etməkdənsə, işgəncə altında qalmağı” cismən əzab-əziyyət çəkməyi, mənən rahat, azad olmağı üstün sayır. Ancaq hər üç poemanın məğzində bir məqsəd, bir amal durur: “Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan üstündür!”
Epik poema üçün möhkəm süjet zəruridir. Süjet poemanın bel sütunudur. Xalq həyatının geniş bədii mənzərəsini yaratmaqda, böyük ictimai-siyasi fikirləri konkret insan surətləri timsalında vermək işində süjetin rolu çox böyükdür. Əgər bədii əsəri qollu-qanadlı, nəhəng bir ağaca bənzətmək mümkünsə, bu halda həmin ağacın gövdəsi süjetdir. M.Şəhriyarın “Gecənin əfsanəsi”, M.Hü- seyninin “Qanlı Günəş (Babək)”, - M.Biriyanın “Ərk qalası əfsanəsi” və “Azərbaycan qəhrəmanı”, M.Ə.Harayın “Yandırılan sazlar” və “Tarçı Şulan” poemaları vahid və möhkəm süjet xəttinə malikdir.
XX əsr Güney Azərbaycan ədəbiyyatında yaranmış müxtəlif səpkili poemaların bir qismi əvvəldən axıra kimi müraciət intonasiyası ilə yazıldığından, onları poema-müraciət adlandırmağı daha münasib hesab edirik. Bu tipli poemalarda şairlər xitab və müraciətdən bədii vasitə kimi istifadə edirlər. Belə əsərlərdə qəhrəmanlara olunan xitab həm onların, həm də müəllifin daxili dünyasını açmaq vasitəsinə çevrilir. M.Şəhriyarın “Heydərbabaya salam” və “Səhəndim” poemaları poema-müraciətin ən xarakterik nümunələridir. Bütün əsər boyu şairin Heydərbabaya xitabla özünün uşaqlıq çağlarının, böyüyüb boya-başa çatdığı Xoşginab kəndinin camaatının və bütövlükdə Azərbaycan xalqının həyatı, onun sevincli və kədərli anları, çəkdiyi ağrı-acılar barədə təsəvvür yaratmaq üçün bədii priyo- ma - vasitəyə çevrilir, şair poetik ustalıqla uşaqlıq xatirələrindən danışır:

Heydərbaba, qarlı dağlar aşanda,
Gecə karvan yolun azıb çaşanda,
Harda olsam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xəyal gəlib, aşıb keçər onları.

“Heydərbabaya salam” poemasının güclü təsirilə qələmə alınmış “El dayağına salam (Abbas Bariz)”, “Eynalıya salam (Əlirza Purbozorg Vafi)”, “Məktəb xatirələri (Həbib Sahr)”, “Kənd cevizi (Mahmud Sadıqpur Şami)” poemalarının da mayasında həmin bədii priyom - uşaqlıq dövrünün xatirələri və müəlliflərin gerçək yaşantıları durur. N.Şərəfxani “Urmu dəryaçası”, M.N.Muğan “Sultan Savalan”, H.Cəfəri “Ağ atım” və “Savalan” poemalarını M.Şəhriyarın “Səhəndiyyə” poeması üslubunda qələmə alıblar. Orijinal üslubu ilə oxucu marağı qazanan bu əsərlər poema-müraciətin ən tipik nümunələrindən sayıla bilər. Beləliklə, M.Şəhriyarın “Heydərbabaya salam” və “Səhəndiyyə”, K.M.Sönməzin “Ağır illər”, M.Ş.Yalqızın “Səməndiyyə”, Nadir Əzhərinin “Yelenay”, Nazir Şərəfxaninin “Urmu dəryaçası”, Mahmud Sadıqpur Şaminin “Kənd cevizi”, eləcə də “Heydərbaba”ya yazılan bütün nəzirə-poemalar poema-müraciətin ən xarakterik cəhətlərini özündə ehtiva edir.
Doktor Hüseyn Mahmudzadə Sədiq Məhəmməd Əli Nəhavəndi Muğanın (1948) Savalan dağına xitabən qələmə aldığı “Sultan Savalan” mənzuməsini çağdaş Azərbaycan ədəbiyyatında poema yaradıcılığında yeni bir addım sayır və mənzuməni müəyyən mənada “Savalan dərələrinin məarifi” adlandırır “Sultan Savalan”, “Şirvan dərəsi”, “Qarasu dərəsi”, “Mehrab dərəsi” adı ilə dörd bölmədən ibarət “Savalan, yaxud Sultan Savalan” poemasında M.N.Muğan Azərbaycanın sözlə xəritəsini çəkir, etnoqrafçı müşahidələrilə sanki xalqın əsrlərdən bəri yaratdığı maddi-mədəniyyət abidələrinin, tarixi yerlərinin, zəngin flora və faunasının etimologiyasını yaradır, tarixdə iz qoymuş igid cəngavərlərinin, mərd oğullarının qəhrəmanlıq səlnaməsini vərəqləyir.
Fil.ü.e.d. İslam Qəribli “M.N.Muğanın “Sultan Savalan” poeması” adlı məqaləsində əsərin orijinallığından, poetik məziyyətlərindən bəhs edərək yazır: “Azərbaycan folkloru, klassik, xüsusilə Şəhriyar poeziyasının ənənələrindən faydalanan təbi rəvan şairin bu etnoqrafik poeması Savalan, onun elatları, igidləri, qalaları, təbii mənzərə və sərvətləri haqqında vurğun bir qəlbin döyüntüləri, poetik səlnaməsidir”. Əsərin yaranma səbəbi də maraqlı bir həyat hadisəsi ilə bağlıdır: “1985-ci ildə Məhəmməd Əli ürək xəstəliyinə tutulur. Həkimlər onu bir neçə dəfə müalicə etsələr də, müsbət nəticəsi olmur, dərdinin çarəsi tapılmır. Səhhətindəki rahatsızlığa baxmayaraq, yurdsevər şair Güney Azərbaycan türklərinin bağımsızlıq, özgürlük simvolu kimi qəbul etdikləri məşhur Savalan dağına yürüşə çıxır. O, dağa qalxıb endikdən sonra ürək xəstəliyindən qurtulur. Bu möcüzəvari “hadisə “Sultan Savalan” mənzuməsinin yazılmasına səbəb olur”.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru