Güney Azərbaycan: Poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri Güney Azərbaycan

Güney Azərbaycan: Poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri

1-ci yazı

Bədii dilin çox mühüm tərkib hissəsi isə bədii təsvir və ifadə vasitələridir. Bədii təsvir vasitələri ədəbiyyatşünaslıqda məcazlar kimi də təqdim edilir. Bədii əsəri məcazsız təsvir etmək mümkünsüzdür. Çünki dildə sözlər müxtəlif mənalarda işlənə bildiyindən, təbii olaraq sözün həqiqi və məcazi mənaları meydana çıxır. Poemalara da bu cəhət xasdır. Prof. R.Yusifoğlu irihəcmli əsərlərdə, o cümlədən poemalarda bədii təsvir vasitələrinin rolu, mühüm əhəmiyyəti haqqında yazır: “...Hər hansı bir sənət əsərinə, abidəyə vurulan naxışlar, ornamentlər ona gözəllik gətirdiyi kimi, bədii əsəri də gözəlləşdirən epitetlər, təşbehlər, metaforalar, metonimiyalar, mübaliğələr, litotalar və s. bu kimi məcazlardır”. Bədii təsvir vasitələrini aydın dərk etmək üçün, hər şeydən öncə, sözün həqiqi və məcazi mənalarını bilmək gərəkdir. Təbii ki, sözün həqiqi mənasından fərqli məcazi mənası onun bilavasitə daşıdığı deyil, şərti mənasıdır. Bədii ədəbiyyatda sözün məcazi mənada işlədilməsi çox əhəmiyyətlidir və əsərə emosionallıq gətirir, hadisəyə, əhvalata, danışığa poetik itilik gətirir, fikrin bədii təsir gücünü artırır. M.Ş.Yalqız “Qanlı faciə” mənzuməsində dağıdıcı təbiət hadisəsi olan zəlzələni divə, baş verdiyi məkanı nəfəsindən od püskürən əjdahaya bənzədir, həmin müddəti isə qəmli, dəhşətli bir zaman kimi xarakterizə edir, sözün məcazi mənalarını - şeir dilini zənginləşdirən bir-birindən orijinal bədii təsvir vasitələri-epitet, təşbeh və metafora yaradır:

Qəmli, dəhşətli zamandır!
Ölkəmizdə nə fəğandır, nə tufandır.
Əjdaha yer açıb ağzın divtək həvəsindən
Püskürür od nəfəsindən...
Gələni kamına çəkdi,
Nəfsini saldı hara, yıxdı dağıtdı, oda çəkdi,
Zəlzələ div kimi qanmır nə zamandır
Ya bura hansı məkandır?

Məcazlar əsasında yaranan obrazlılığı “bəzəkli dil” adlandıran və “bəzəkli dil” anlayışını ahəngi, harmoniyanı, nəğməni özündə ehtiva edən dil kimi izah edən dahi filosof Aristotel gözəl metaforalar yaratmağı müxtəlif varlıq formaları arasında müəyyən təbii oxşarlıq və müqayisə imkanını görə bilməyi istedadın nişanəsi sayırdı və metaforanın tərifini verirdi: “Metafora qeyri-adi bir ismi ya cinsdən növə, ya növdən cinsə, ya da növdən-növə keçirmək və ya bənzətmə yolu ilə məcazlaşdırmaqdır”.
Çağdaş dünyada metaforanın vacibliyini vurğulayan Çingiz Aytmatov “Gün var əsrə bərabər” romanının giriş hissəsində yazırdı: “Bizim əsrimizdə metaforalar bir də ona görə xüsusilə vacib olmuşdur ki, bunlar təkcə elmi-texniki nailiyyətlərimizin dünənki fantastika aləmində müdaxilə etdiyi üçün deyil, bəlkə də iqtisadi, siyasi, ideoloji, irqi ziddiyyətlərin didib parçaladığı dünyamızın özünün fantastik olduğu üçün vacibdir”. Çünki “Metaforada məfhumların müqayisəsi və bənzər cəhətləri qabarıq verilir. Ancaq müqayisə edilən məfhumların biri atılır, onun yerinə atılan məfhumun xüsusiyyəti saxlanır”.
Güney şairlərinin poema yaradıcılığında da metafora və təşbe- hin orijinallığı, ənənəvi deyim tərzinin yeni forma və məzmunda təqdimi diqqət çəkir: “Metafora mühüm bir sənətkarlıq komponenti kimi bədii əsərin dilini adi danışıq dilindən fərqləndirir. Metafora cansız əşyaları canlandırmağa, ona poetik nəfəs verməyə xidmət edir. ...Metaforaya bəzən istiarə də deyilir. Təbiət təsvirlərində metaforaların, istiarələrin tayı-bərabəri yoxdur”. Savalanın “Apardı sellər Saranı” poemasında bədii təsvir və ifadə vasitələri, xüsusən metaforalar oxucu diqqətini çəkən əsas amillərdən biridir:

Qəmlə sevinc bir-birilə dalaşdı,
Getdi sevinc, qəm ona bərk əl çaldı.

Burada şair metafora yaradıb, bir hadisənin əlamətini digər hadisənin üzərinə köçürüb. Əslində, metafora da bənzətməyə oxşayır. Lakin burada məsələnin qoyuluşu bir qədər fərqlidir. Bu misralarda şair fikrini bədii cəhətdən qüvvətləndirməklə epitet, eyni zamanda, bir əşya, yaxud hadisənin müəyyən əlamətini başqa əşya, yaxud hadisənin üzərinə köçürməklə metafora yaradıb. “Pərdələrin saçaqları rəqs eləsin..və s. kimi...
Şəhriyarın “Şeir və hikmət” poeması bədii təsvir vasitələri ilə zəngindir. Bu poemada: “Şeir göz üstündə bəslənən xilqət”, “Şeir bir müqəddəs, işıqlı bina”, “Şair şam kimidir” təşbehlər yaradan şair “Nişapurda günəş batarkən” məsnəvi-poemasında, eləcə də “Stalinqrad qəhrəmanları” poemasında təşbeh düzümünün halqasını əlində daha bərk saxlayır. Bədii portret yaratmaqda böyük ustalıq nümayiş etdirən şairin “Stalinqrad qəhrəmanları” poemasında da bədii mənzərə bu səpkidədir və canlı, ruhu diril- dib qanadlandıran poetik nəfəsli məcazlar, metaforik xüsusiyyətlər zövq oxşayır:

Ah! Məhəbbət nə ağır bir yük imiş,
Dağları çəkməyə qadir tük imiş...
Döndü çaşmış quşa şir pəncəli mərd,
O dəmir qəlblini mum eylədi dərd.

“Stalinqrad qəhrəmanları” poemasında da bədii mənzərə bu səpkidədir və canlı, ruhu dirildib qanadlandıran poetik nəfəsli məcazlar, metaforik xüsusiyyətlər zövq oxşayır:

Qalxdı ümmandan bulud, kişnətdi birdən göyləri...
...Kəhkəşanlar tək üfüqdə Volqa seyr etməkdədir,
Çox böyük bir ölkəni guya ki, qucmuş asiman...
Kişnəyib bir ləhzə göylər, verdi fərmani-cihad,
Rus ilə german deyil, ey qəhrəmanlar, hərb edən.
Çarpışır burda işıqlarla qaranlıq ordusu,
Bir tərəf Ahuraməzda, bir tərəfdə Əhrimən.

H.Tərlanın “Araz gülür” poeması da bədii təsvir və ifadə vasitələri ilə zəngindir. Öncə qeyd edək ki, müəllifin təhkiyəsi əsasında yazılmış və dialoq-poema təsiri bağışlayan bu əsərdə metaforik xüsusiyyətlər daha qabarıqdır. Şair bu poemada metaforadan daha çox istifadə etmiş, əsəri bədii cəhətdən daha təsirli etmək, oxucunu heyrətə salmaq üçün fikrini zəngin bədii vasitələrlə əlaqələndirib. Məsələn:

Külək əsir, soyuq kəsir, Araz gülür,
Qar ələnir göydən yerə narın-narın
Yox, qar deyil, asimandan nur tökülür,
Axı ilkin görüşüdür qardaşların.

Bəndində şair insana xas əlamətləri (kəsmək, gülmək) başqa vasitələrə köçürməklə metafora yaratmış və fikrini zənginləşdirib. Əslində, soyuğun adamı kəsməsi və Arazın (təbii ki, burada Araz çayı nəzərdə tutulur) adam kimi gülməsi metaforik xüsusiyyətlərdir. Şair bu xüsusiyyətlərdən istifadə etməklə oxucuda əsərə qarşı isti münasibət formalaşdırmaq məqsədi güdmüş, “Yox, qar deyil, asimandan nur tökülür”, - fikrində təşbehdən istifadə edib, yağışı- qarı nura bənzətmiş, fikrini daha da dolğunlaşdırmışdır. “Araz gülür” poemasında mükəmməl metaforalar zövq oxşayır:

Araz axır, Araz baxır gülə-gülə,
Açılmışdır yer süpürən qaş-qabağı.

Bu iki misrada isə H.Tərlan ədəbiyyatımız üçün spesifik əhəmiyyət kəsb edən xüsusiyyətlərə böyük önəm verib: birinci misrada şair metaforadan, ikinci misrada isə frazeoloji birləşmədən istifadə etmişdir. Arazın baxması və gülməsi metaforadır. Çünki baxmaq və gülmək insana xas əlamətlərdir. Sadəcə, müəllif fikrini daha təsirli səsləndirmək üçün bu metoda əl atmış, digər misrada isə son dərəcə orijinal “Açılmışdır yer süpürən qaş-qabağı” frazeoloji birləşməsini yaradıb.
Bilirik ki, nitqdə ayrı-ayrı sözlərlə yanaşı, bütövlükdə müəyyən bir leksik mənanı ifadə edən frazeoloji-sabit söz birləşmələrindən də istifadə olunur. Frazeoloji birləşmələr dedikdə, tərkibcə dəyişməz, hazır şəkildə işlənən məcazi mənalı birləşmələr nəzərdə tutulur. Yəni, frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir, birlikdə yalnız məcazi məna ifadə edir. “Açılmışdır yer süpürən qaş-qabağı” misrasında müəllif Araz çayının üzündə təbəssüm yarandığını, əhvalının yaxşılaşdığını diqqətə çatdırmaq fikrindədir. Bunu isə daha dolğun və mənalı demək üçün şair frazeologi birləşmələrdən istifadə edib. Yəni “Araz çayının üzünə təbəssüm qonub və əhvalı yaxşılaşıb” deməkdənsə, “Açılmışdır yer süpürən qaş-qabağı...” metafora-frazeoloji birləşməsini işlətməklə fikrini zənginləşdirmiş, nitqinə ifadəlilik və canlılıq gətirib. Poemada metaforalar diqqətçəkici, canlı və orijinaldır:

Gülümsədi aram-aram, saçlarımdan öpdü Araz,
Ləpələrin damcı-damcı sahillərə səpdi Araz...
...O, kövrəldi, ləpələndi sular yenə.

Arazın “gülümsəməsi” və şairin “saçlarından öpməsi”, eləcə də, “ləpələrini damcı-damcı sahillərə səpməsi”, üçüncü misrada isə Araz çayının “kövrəlməsi” metaforadır. Çünki gülümsəmək, öpmək və kövrəlmək insana xas əlamətlərdir. Müəllif sadəcə bu xüsusiyyətləri Araz çayının üzərinə köçürməklə fikrini zənginləşdirmişdir. “Araz gülür” poemasında bədii sualdan təbiət təsvirlərini qabartmaq üçün də istifadə olunub:

Baxışında o mənalı olan nədir?
Yoxsa zülmə nifrətindən nişanədir?
Axşam düşür, şər oyanır, o tay, bu tay,
Al günəşli buludların qaşında Ay.

Birinci bənddəki bədii suallarda bir qədər güman hiss olunsa da, şairin nisgilli fikirləri bədii suala tam uyğun gəlir. Sonrakı iki sətirdə ecazkar təbiət təsviri var. Axşamın düşməsi, Vətənin hər iki tərəfində şərin oyanması, həmçinin, Ayın al günəşli buludların qa-şında təsvir edilməsi çox gözəl təbiət təsvirləridir. Lakin birinci sətirdə müəllif həm də metaforik xüsusiyyətlərdən istifadə edib. Çünki axşamın düşməsi və şərin oyanması metaforadır. Düşmək hər hansı əşyaya, oyanmaq isə canlılara, yəni başqa vasitələrə xas əlamətlərdir. Şair bu əlamətlərlə fikrini daha da poetikləşdirərək axşam olmasına və hər tərəfin qaranlığa bürünməsinə - şərin oyanmasına işarə edib. “Al günəşli buludların qaşında Ay” misrası poetik tapıntıdır. H.Tərlan yaratdığı “Başına gül səpir göydən kainat”, “Bir bayraq elədi o pak vicdanın”, “Tarixin hökmünü oxuyur zaman”, “Tehran qəzəblidir, çatılmış qaşı”, “İzdiham əlində titrəyir şəhər”, “Şəhər qəzəblidir, şəhər xəstədir”, “Ellər dalğalanır ürəyində kin”, “Qızardı sinələr lalə kimi, bax”, “Gizlin camalını açdı inqilab”, “Güldü ürəklərdə yanan arzular”, “Buludlar alışdı göydə pambıq tək” və s. kimi metafora, təşbeh və epitetlərlə sənətkarlıq nümunəsi göstərir, əsərlərinin bədii təsir gücünü, fikrin mənasını gücləndirir.
Ümumiyyətlə, metafora yolu ilə bir əşya üzərinə müxtəlif əlamət və keyfiyyət köçürmək mümkün olduğundan, məcazın bu növü əsərin emosional gücünün artırılmasında, obrazın ifadəli canlandırılmasında ciddi əhəmiyyət daşıyır. Bu səbəbdən də sənətkar yaratdığı əsərlərdə metaforadan daha çox istifadə etməyə çalışır.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru