Güney Azərbaycan: poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri 3-cü yazı  Güney Azərbaycan

Güney Azərbaycan: poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri 3-cü yazı 

Epitetlər Güney Azərbaycan şairlərinin obrazlı təfəkkürü, bədii düşüncə tərzi ilə üzvi surətdə bağlı olan mühüm bir dil vasitəsidir. Bədii təyinlər-epitetlərlə poetik donu daha da zənginləşdirilən poema yüksək sənətkarlığın aşkara çıxarılması üçün bir meyardır. Bu meyar bir sıra görkəmli yazarların poema yaradıcılığının daha təravətli, obrazlı və təsirli olmasına zəmin yaratmışdır. Böyük Səhənd də həmin sənətkarların sırasındadır. S. Əmirov onun sənətkarlığını yüksək qiymətləndirərək yazır: “Poetikanın elmi-nəzəri və ədəbi- estetik müddəalarına Güney ədəbiyyatında hansı səviyyədə əməl olunub? - sualına Səhəndin “Sazımın sözü” əsərində müdrik cavablar tapmaq mümkündür”. “Sazımın sözü” poemalar silsiləsi forma və məzmun, hadisələrin zənginliyi, obrazların canlılığı baxımından poetikanın tələblərinə bütünlüklə cavab verir. Əsər məcazın bütün növləri - təşbeh, bənzətmə, mübaliğə, epitet, metafora, epifora, anafora, xitab, təkrir, bədii sual və dialoqlarla və s. son dərəcə zəngindir. Diqqət yetirək:

Çölləri bürüyən mənalı sükut, (epitet)
Bəzən lal dayanır, gah dilə gəlir... (metafora)
Keçənlər demişlər: hər həqiqətin,
Minlər surəti var, minlər üzü var.

- beytində mübaliğə və epitet qovuşub, çünki “min üzlü həqiqət” epitetin, “hər həqiqətin minlər surəti, minlər üzü var” ifadəsi isə mübaliğənin xüsusiyyətlərini təcəssüm etdirir.
Ədəbiyyatşünas-alim Ruqiyyə Qənbərqızı yazır: “Səhəndi yetirən xalqın dərdləri də keçmişi qədər böyükdür. İki əsrə yaxındır ki, Azərbaycan xalqı və torpağı iki yerə bölünmüşdür. Şair poemasında bu tarixi müsibətdən və ədalətsizlikdən ürəkağrısı ilə danışır. Səhənd bütün həyatı, yaradıcılığı boyu Azərbaycan xalqının milli azadlığı, milli birliyi uğrunda mübarizə aparıb. Şair böyük bir həqiqəti dərk etmişdi ki, onun xalqı ancaq Sovet Azərbaycanında yaşayan qardaş və bacıları ilə birləşdiyi zaman azadlığın nə olduğunu biləcək”.
“Araz” poemasındakı: “azad həyat, azad dil, azad nəğmə, azad tel, azad ürək, sədəfli saz, əziz Qafqaz, mavi göylər, almaz donlu göylər, səadətli həyat, səadət quşu, səadət gülü, qızıl günəş, xoş gün, haqq söz, aydın həqiqət” və s. kimi epitetlərdə Səhəndin Quzey Azərbaycanda qələbə çalmış sosializm quruluşuna, azad həyata, burada baş verən hadisələrə və insanlara pozitiv münasibəti və sevgisi aydın görünür. Əlbəttə, şair heyrət və sevinc, nifrət və narazılıq, kədər və özləm duyğularını emosional şəkildə ifadə etmək üçün epitetlərin seçimini “təkcə zövqünə görə deyil, həm də, onunla yanaşı, fikrin tələbinə görə” edir. Ə.S.Alovun “Ərk qalası” poemasında isə məcazlarla yanaşı, şairin fikirlərinin fəlsəfi yükü də oxucunun diqqətindən qaçmır, onu düşündürür:
Axşamdır, qaranlıq yağır göylərdən.
Qərq olmuş gəmiyə bənzəyir şəhər.
Cumur zülmətlərə o, yavaş-yavaş.

Şairin hadisələrə fəlsəfi yanaşması əsərin bədii təsir gücünü yüksəltməklə bərabər, oxucuda hadisələrin sonrakı gedişinə marağı artırır. Həmçinin, qaranlığın göydən yağması-axşamın düşməsi və qədim Təbriz şəhərinin qərq olmuş gəmiyə bənzədilməsi orijinal təşbehlərdir. “Qərq olmuş gəmi” ifadəsi həm də epitetdir. Şairin qaranlığa bürünmüş şəhərin “yoxa çıxması”nı, yəni artıq gecənin həyatının başlandığını, onun da öz gecə ömrünü yaşadığını böyük ustalıqla verməsi heyrətlidir. Təbii ki, qaranlıq düşərkən ətrafın görünməz olması təbii haldır. Lakin belə bir halın bədii-fəlsəfi dillə xarakterizə edilməsi əsl sənətkarlıqdır.
Səhəndin yaradıcılığında obrazlı deyim tərzi, bədii-fəlsəfi təfəkkür çox qabarıqdır. “Sazımın sözü” poemasından örnək gətirdiyimiz: “Gecənin qoynunda vüqarlı dağlar, Sanki əbədi bir yuxuya batmış”, - misralarındakı özünəxas deyim fikrin mahiyyətindəki konkret mənanı aşkara çıxarır. Şair dağların gecənin qoynunda əbədi yuxuya getməsi fikrini oxucu üçün açmaq istəyir. Lakin o, fikrini dağların yuxuya batması fonunda verməklə bədii-fəlsəfi təfəkkür yaradır. Dağın yuxuya batması, dərin yuxuya getməsi poetikadır. El arasında bərk yatan insanlar haqqında əsasən “Filankəs daş kimi yatır, yaxud elə bil qəflət yuxusuna gedir” və s. kimi ifadələr işlədilir; bu tərz poetik ifadələr onun “Sazımın sözü-Dədəmin kitabı, Qardaş andı” epopeyasında, “Araz”, “Xatirə” və “Fərhad” poemalarında çoxluq təşkil edir.
K.M.Sönməzin poemalarında da məcazlar üstün cəhət kimi səciyyələnir. Şairin xalq əfsanəsi motivləri əsasında yazdığı “İtin vəfası” poemasına diqqət yetirək:

Yarpaqsız ağaclar baxıb gördülər,
İt necə çabalır şəpəli çayda.
Yazdılar bəşərin cinayətini,
İşıqsız ulduz da, boğulmuş Ay da.

Görmək və cinayət işi açmaq insana xas xüsusiyyətlərdir, şair bu əlamətləri ağacların və ulduzlarla Ayın üzərinə köçürməklə metafora yaratmışdır. Ancaq maraqlı cəhət budur ki, “Yarpaqsız ağaclar, şəpəli çay, işıqsız ulduz, boğulmuş ay” ifadələrindəki “yarpaqsız, şəpəli, işıqsız, boğulmuş” sözləri epitet, bədii təyin kimi qoşulduğu sözlərin əlamətini, xassəsini bildirir, baş verən hadisənin mahiyyətinin açılmasına yardımçı olur...
H.Tərlan poemalarında rəngarəng məcaz sistemi yaradıb. Şairin təşbeh, mübaliğə, epitet, metafora yaratmaq ustalığı, həqiqətən, böyük maraq doğurur:
Yenə də köksümdə çırpınır ürək,
Qəhrəman yaradır tarixin əli,
Önündə qul kimi baş əyir həyat.
Ucalır göylərə məğrur heykəlin.

“Başına gül səpir göydən kainat”, “Tarixin hökmünü oxuyur zaman”, “Tehran qəzəblidir, çatılmış qaşı”, “İzdiham əlində titrəyir şəhər”, “Şəhər qəzəblidir, şəhər xəstədir”, “Ellər dalğalanır ürəyində kin”, “Gizlin camalını açdı inqilab” kimi nümunələrdə şairin qanadlı fikirləri orijinal epitetlərlə oxucuya təqdim olunur...
M.S.Şaminin “Daşlı yol” poeması da bədii təsvir və bədii ifadə vasitələrinin zənginliyi ilə diqqət çəkir:

Zağalar var, dənizlər var bu yolda -
Dəli çaylar, haray salan vulkanlar.

Bu bənddəki “dəli çay” və “haray salan vulkanlar“ ifadələrində “dəli” sözü ipə-sapa yatmayan çayın, “haray salan” isə püskürən vulkanın xarakterini təyin edən epitetlərdir. Maraqlıdır ki, Mirzə Məhəmməd də “Həcrinin taleyi” poemasında “dəli sel” ifadəsi ilə epitet yaradıb:

Qıvrıldı, açıldı əjdaha kimi,
Dəli sel şəhərdə tufan qopardı.

Yəni, selin əjdaha kimi qıvrılıb açılaraq tufan qoparan, şəhər və kəndləri dağıdıb viran qoyan dəhşətli qüvvə olduğunu bədii təyin vasitəsilə - sifət şəklində müəyyənləşdirib.
Bədii təsvir və ifadə vasitələrindən geniş surətdə istifadə edən Muradəli Qureyşi Qaflantının “Bizim kəndin bir illik tarixi” poema¬sında da rastlaşdığımız: “Azər ellərinin yaslı günüydü; Qanlı ürəyinin paslı günüydü” misralarında “yaslı gün”, “paslı gün” və “qanlı ürək” ifadələri ilə ardıcıl olaraq üç epitet yaradan Qaflantı 21 Azər hərəkatının qələbəsindən sonra Güney Azərbaycanda yaranmış Milli Hökumətin Rza şah Pəhləvi qoşunlarının xarici havadarlarının köməyi ilə xüsusi qəddarlıq və görünməmiş amansızlıqla məğlub etdiyi qanlı olayı xarakterizə edib.
Məhəmməd Biriyanın yaradıcılığında, xüsusilə “Ərk qalası əfsanəsi” poemasında məcazların üstünlük təşkil etməsi aydın müşahidə olunur. Poemada xəyanət nəticəsində sevgilisini itirmiş, məhəbbəti daşlara dəyib çilik-çilik olmuş Qara qulun qəmdən, qüssədən belinin büküldüyünü və necə iztirab çəkdiyini aydın görürük. Şairin poemada canlandırdığı baş qəhrəmanın - eşqi yolunda can çürütmüş aşiq insanın - Qara qulun çəkdiyi iztirablar üzündən həyat eşqi sönmüş, bütün varlığını bədbin ruh çulğayıb. Bu poemada, belə deyək, xəyalən dialoq quran və aşiq insanın nə üçün bu qədər əzaba düçar olduğunun səbəblərini göstərən şair həmin dialoq vasitəsilə poemada cərəyan edən hadisələrə aydınlıq gətirir, oxucunu narahatlıqdan qurtarır. Poemada bədii sual, təzad, təkrir, epitet və s. məcazlardan geniş istifadə olunması nakam aşiqin qəm dastanının daha emosional bir dillə ifadəsinə yardımçı olur:

Bu sözəl, səfalı, xoş mənzərələr,
Nə üçün ruhuna etməyir əsər?
Yaxud:
Dalğasız bir dəniz - həyat olurmu?

-kimi nümunələr “Ərk qalası əfsanəsi” poemasındakı epitet sıralanmasmı - “gözəl, səfalı, xoş” sinonim sözləri təcəssüm etdirir. Bədii təsvir və ifadə vasitələrindən sənətkar məharəti ilə istifadə Güney ədəbiyyatında obrazlı təfəkkürün geniş şəkildə yansımasına gətirib çıxaran ən əsas cəhətlərdən biridir.
Şəhriyarın “Mumiyalanmış adam” poemasında metaforik xüsusiyyətlər diqqətdən kənarda qalmır: “Dumanlı və qaranlıq bir çayxana, Qucaqlayıb səkilərin dizini” misralarında çayxananın əlamətlərini bildirən “dumanlı və qaranlıq” epitetləri “səkilərin dizini qucaqlaması” kimi orijinal metaforanın yaranmasına bir körpüdür. “Heydərbabaya salam” poemasında bədii təsvir vasitələri ilə yanaşı, bədii ifadə vasitələrindən də məharətlə istifadə faktları istənilən qədərdir:

Bir çıxaydım Damqayanın başına,
Bir baxaydım keçmişinə, yaşına.
Bir görəydim nələr gəlmiş başına,
Mən də onun qarlarıynan ağlardım,
Qış donduran ürəkləri dağlardım.

Beşlikdəki “bir” sözü təkrir, metafora və “Qış donduran ürəklər” kimi təkrarsız, bənzərsiz epitetin verilməsi emosional bir deyim tərzi yaradıb.
Qeyd etdiyimiz kimi, Güney şairlərinin yaradıcılığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri hər hansı fikir, ideya və amalın təptəzə obraz və epitetlər vasitəsilə təcəssüm etdirilməsi, bədii fikrin oxucuya orijinal bir formada çatdırılmasıdır. Onların lirik şeir və poemalarında əsasən, isim, sifət və feli sifətlə ifadə olunan sadə, həm də feli sifət tərkibləri ilə düzələn mürəkkəb epitetlər işlənib. Ancaq daha çox feli sifətlə ifadə olunan sadə və mürəkkəb epitetlərdən istifadəyə rast gəlinir. Əslində, “epitet həm bir, həm də bir neçə sözlə ifadə edilir. Sadə və düzəltmə olmağından asılı olma¬yaraq, bir sözlə ifadə olunan epitet sadə epitet, bir neçə sözlə ifadə olunan epitetsə mürəkkəb epitet hesab olunur”.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru