Güney Azərbaycan:  poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri - 5-ci yazı  Güney Azərbaycan

Güney Azərbaycan:  poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri - 5-ci yazı 

Böyükağa Hüseynovun qənaətinə görə, “Klassik Şərq poeziyasında da təşbeh və istiarələrin təzəliyi, orijinallığı yüksək sənətkarlıq əlaməti hesab olunmuşdur. Firdovsi, Sədi, Nizami, Hafiz, Füzuli, Cami, Vaqif və başqa sənətkarların əsərləri belə təzə, təravətli məcazlarla zəngindir... Yeni fars şeiri nümayəndələrinin əksəriyyəti öz əsərlərində orijinal təşbeh və istiarələrdən istifadə etməyə çalışırlar. Bir çoxlarının-xüsusən də Şəhriyarın yaradıcılığı buna parlaq nümunədir”. Poemalarda metonimiya da - bədii dildə tez-tez rast gəlinən və danışığı qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biridir, əsərin bədii təsir gücünü artırmaq vəzifəsi daşıyır - xüsusi yer tutur; yunanca “ad dəyişmə” mənasını ifadə edir. Bir sözün iki məfhumun bir-birinə yaxınlığına əsasən başqa sözlə əvəz edilməsindən ibarət ifadə üsuludur: “Metonimiyada hadisənin ümumi (küll) ilə bir hissəsi (cüzi) müqayisə edilir. Bəzən hadisənin adını çəkməklə hissənin ümumisi, ümuminin adını çəkməklə bir hissə nəzərdə tutulur”. Bədii dildə bir hadisənin, anlayışın, pred- metin adının həmin həyat hadisəsi haqqında şüurumuzdakı təsəvvürlə bağlı olan başqa bir adla əvəzlənmədir. Hətta danışıqda: “Mən iki boşqab yedim, o da bir boşqab (bir və ya iki boşqab xörək əvəzinə)”, “Dünən gecə Moskva ilə danışdım (Moskvadakı bir tanış və ya bir qohumla telefonla danışmaq nəzərdə tutulur)” və s. metonimiyalar da işlənir. Yəni, nəzərdə tutulan söz başqa sözlə əvəz olunur. Məsələn, Şəhriyar Səhəndə yazdığı əsərdə “Oxudum səni, Səhənd” deməklə metonimiya yaradıb. Əslində, şair Səhəndin əsərlərini oxuduğunu demək istəyir, burada oxunan əsərlər şəxs qismi kimi verilir ki, bu da metonimik xüsusiyyətləri özündə əks etdirir.
Təkrir - eyni sözün, yaxud eyni ifadənin əsərdə ustalıqla, düşünülərək təkrar edilməsidir. Müəllifin istedadının zəifliyinə, bədii təfəkkürünün və söz ehtiyatının kasıblığına dəlalət edən, ona görə də mənfi keyfiyyət sayılan lüzumsuz təkrardan fərqli olaraq, təkrir bədii əsəri mənaca daha da dərinləşdirir, onun dilini və üslubunu qüvvətləndirir.
Səhəndin aşağıdakı fikirlərində xitabın fərqli bir forması, müraciətin orijinallığı və milli dərdi ifadə edən bir vasitəyə çevrilməsi eyni zamanda şeir dilini zənginləşdirmək cəhdi kimi dəyərlidir:

Gərək gözlərindən göz yuma hər kəs,
Qarğa yuvasına yanaşsa əgər.
Niyə vətənimi sevməyim, niyə?
Mən qarğadan da əksiyəm məgər?
Bu sorğu həm də gözəl bir istefamdır.

Bu xitabında odlu qəlbinin hərarəti duyulan Səhəndin bədii təsvir və ifadə vasitələrindən istifadə zamanı xüsusi ustalığı açıq-aşkar özünü büruzə verir. Məsələn, qəhər insanı boğa bilər, amma şair “Çobanı qəhər tutdu” deməklə fərqli bir uyğunluq yaradır:

Dağ tək dayandım, durdum,
Üç yüzün tökdüm, qırdım.
Üç yerdən yaralandım,
Yıxılmadım, dayandım.

Burada şair qəhrəmanını olduqca güclü təsvir edir, orijinal mübaliğə yaradır. Belə deyək, bir nəfərin üç yüz nəfər insanı qırıb-tökməsi, əlbəttə, mübaliğədir. Poemada fikrin uyğunsuz ifadələrinə də ara-sıra rast gəlirik. Şair: “Düşmənlər mindi getdi; Tövlə-tövlə atları”, misrasında düşmənlərin say etibarilə daha çox olduğunu de¬mək fikrindədir. Bu uyğunsuzluğu inversiya kimi də qiymətləndirə bilərik.
“Kür ağlar zülüm-zülüm; Araz ağlar, az ağlar” (metafora), “Əlimdən dözüm ağlar”, “Yaşadın mənimlə qoşa, taleyim”, “Sən verdin mənə bu qanadı, qolu”, “Mən bir dağam” (təşbeh), “Məhəbbət dil açıb danışır...” (metafora), “Qış yaman yordu məni” (epitet), “Arzular həsrətlə üfüqə baxdı”, “Dağlar kədərləndi, dağlar əridi”, “Yarpaqsız ağaclar baxıb gördülər, İt necə çabalır şəpəli çayda (“İtin vəfası”)” kimi bədii təsvir vasitələri Sönməzin poetik yaradıcılığından nümunələrdir. O, nitqə ifadəlilik, obrazlılıq gətirən, fikri ifadəli edən dil vahidləri, məcazi mənada işlədilən frazeoloji birləşmələrə də tez-tez müraciət edir: “Qapını açarkən gözləri düşdü; Ac itin işıqsız iki gözünə (“İtin vəfası”).” Şair “gözün düşməsi” kimi sabit birləşməni əsərin emosionallığını artırmaq və bədii təsirini daha da qüvvətləndirmək naminə işlədib.
Şairin yaradıcılığında mübaliğə və təzadlar da özünün xarakterik xüsusiyyətləri ilə oxucu diqqətini cəlb edir: “Dəydim o qarə zülfə, dəniztək ləpələndi” misrasında isə mübaliğəyə istinad edən Sönməz qara saçlara toxunan kimi onun dəniz kimi ləpələnməsini obrazlı şəkildə diqqətə çatdırır. “Eşqin gözəl qəmi ilə könül şad olar müdam” misrasında təzadın olduğunu oxucu o andaca görür və ifadə edilən mənanın mahiyyətinə varır:

Dağların döşündən axan suya bax,
O, sanki zirvənin alın təridir.

Bu misralardakı mükəmməl bənzətmə nümunəsi heyranlıq doğurur. Doğrudur, şair “sanki” deməklə ehtimal edir, yəni oxucunun diqqətini gümana çəkir - yönəldir, amma nəticə etibarilə dağlann döşündən axan suları alın tərinə bənzədir. İkinci misrada biz metaforik xüsusiyyətlərlə də üzləşirik. Şair insana xas olan “alın təri”ni zirvəyə aid etdiyi üçün orijinal metafora yarada bilib.
“Sevgi nəşriyyəmi harda basdırım?”, “Görmüsən xalqımın gözdə qan yaşın; Partlamır bəs nədən odlu sinəsi?”, “Xəyanət! O nədir, hardan başlanır?”, “Yazın ətri nədən gəlir az mənə?”, “Min-min ilham yağır göz bəbəyimdən; Açın o tarmanı, açmasaz nə qəm?”, “Axı, şair nədi, kimiya nədi?”, “Nə pislik görmüsüz yaxşı¬lıqda siz?” və s. kimi bədii suallarla Sönməz toxunduğu mətləblərə oxucunun diqqətini yönəldir. Şairin “İsanın son şamı” poemasında da mübaliğə aydın nəzərə çarpır:

”İş”dən ötrü gecə yarı,
Tək canıma, əli yalın Yarıb bütün divarları,
Qırıb dəmir qıfılları
Yol arayıb keçə billəm.

Əsərlərində “çox səlis və obrazlı şeir dili” sərgiləyən K.M.Sönməz “Yeni yol” poemasındakı “Tam mənada, bir bakirə; Vəhşi yoldur; Göyərənti az da olsa; Gömgöy yaşıl uşğun boldur”, - misralarında iz düşməmiş yolu bakirə qıza və vəhşiyə- keçilməmiş cəngəlliyə bənzədib. Yolun saf, təmiz və müqəddəs, daşlı-çınqıllı, enişli-yoxuşlu və qorxunc aşırımlarla dolu olması, vəhşiliyi, bakirəliyi üçün zəmin yaradır. Poemanın digər: “Su havada pərən-pərən ovulurkən; Şəkər kimi səpələnir başımıza” bəndində bənzətmənin uyğun spesifikasını müşahidə edirik. Şair şəlalədən qopan su damcılarının yağış qismində başlarına səpilməsi səhnəsini canlandırmaqla bənzərsiz təşbeh ifadə etmişdir. Həmçinin suyu dağa, dərəyə və daşa həyat verən bir meyar kimi qabartmaqla onu zəhmətsevər şəxs qismində obrazlaşdırmış, bənzətmə yaradıb.
Güney şairlərinin yaradıcılığında bədii ifadə vasitələrinin digər bir kateqoriyasından - bədii sualdan da geniş istifadə edilir. Bədii sual, bildiyimiz kimi, mahiyyət etibarı ilə qrammatik sualdan fərqlənir. Bədii sual əsərin emosional təsirini artırmaq, oxucuda qüvvətli hiss-həyəcan doğurmaq məqsədilə fikrin sual tərzində ifadə olunmasıdır. Sualdan nitqdə, adətən, hər hansı bir hadisə, vəziyyət, əhval- ruhiyyə haqqında müəyyən məlumat öyrənmək məqsədilə istifadə olunur. Lakin bədii sual heç bir şey öyrənmək, məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə, məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fikri təsdiq edilir:

Bir soruşun bu qarğımış fələkdən:
Nə istəyir bu qurduğu kələkdən?

Şəhriyar bədii sual və təkririn köməyi ilə fikrini daha təsirli və məzmunlu ifadə edir, mənada dolğunluq yaradır. Yaxud da bir bənddə “var” sözünün bir neçə dəfə təkrarı ilə orijinal təkrir ərsəyə gətirir. M.S.Şami isə “Daşlı yol” poemasında sinonim-cinas söz və təzadlardan məharətlə istifadə etmiş, orijinal nümunələr yaradıb:

O sarayda büllurdandır qəsrlər,
Salehi yox, yoxsulu yox, acı yox,
Bərabərdir insanların hamısı,
O şəhərdə şirin vardır, acı yox.

“Saleh”, “yoxsul” və “ac” sözləri sinonim sözlərdir. Yəni, deyiliş baxımından müxtəlif sözlərdir, lakin hər birinin məna yaxınlığı var. Həmçinin, burada “acı”, yəni “ac” və “acı” sözləri cinas sözlərdir. Yuxarıda nümunə kimi verdiyimiz bəndin ikinci misrasında “acı” sözü ac, yoxsul, kasıb adam, dördüncü misradakı “acı” sözü isə dad mənasında verilib. Nəticədə qafiyələr cinas yaradıb. Eyni zamanda, “şirin” və “acı” sözləri də ən mükəmməl təzad nümunəsi kimi durumun xarakterini açır.

O şəhərdə nə zalım var, nə xain,
Nə yalan var, nə qüssə var, nə kədər.
Şairlərin dodaqları tikilməz,
Nə ölüm var, nə qorxu var, nə xətər.

Bir bənddə bir neçə sinonim: “zalım-xain”, “yalan-qüssə-kədər”, “ölüm-qorxu-xətər” sözlər poemada fikrin zənginliyinə xidmət edir. Şair “nə” sözünü ikinci və dördüncü bəndlərin əvvəlində, həm də misralar daxilində işlətməklə təsirli anafora nümunəsi də yaradıb.

O şəhərdə işləməyən dişləməz,
Hamı yeyər, hamı içər, hamı şad.

Bu iki sətirdə “İşləməyən dişləməz” atalar sözünü bədii məqsədin açılmasında bir vasitə kimi işlədən müəllif fikrini daha dolğun demək və oxucuda mehr-məhəbbəti artırmaq üçün poemada geniş təsvirlərə də yer ayırıb.

Qorxum yoxdur hər nə gəlsə başıma,
Bu şəhərdə bahar da var, qış da var.

Bu iki sətirdə də təzadın olduğunu görürük. “Bahar-qış” sözləri təzad təşkil edir.

Gah yıxılıb, gah dururam ayağa,
Yolda qalır ayağımın nişanı.

“Yıxılıb-dururam” sözləri təzad, həm də antonimdir, yəni həm deyiliş baxımından, həm də mənaca müxtəlif sözlərdir. “Yolda qalır ayağımın nişanı” fikri gözəl təsvirdir. Ümumiyyətlə, M.S.Şaminin “Daşlı yol” poeması belə bədii təsvir vasitələri ilə zəngindir. Bir nümunəyə nəzər salaq:

...Yeniş, yoxuş, çala-çuxur yolumda,
İməklirəm, sürünürəm, gedirəm.

Burada da şair antonim və sinonim sözlərdən istifadə edib. “Yeniş” (eniş) -“yoxuş” sözləri antonim, “iməklirəm, sürünürəm, gedirəm” sözləri isə nisbi anlamda sinonimdir.
Cənub ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirzə Məhəmmədin də yaradıcılığında, xüsusilə “Həcrinin taleyi” poemasında bədii təsvir və ifadə vasitələrin-dən yüksək sənətkarlıqla istifadə poemanın maraqla oxunmasına yardımçı olur. Əsərdə sinonim sözlər, metaforalar, atalar sözləri, epitet və təzadlar üstünlük təşkil edir.

Coşanda şeirinin qaynar bulağı,
Ürəyin nar kimi sıxdı kağıza.

- təsvirin gözəl nümunəsidir. “Ürəyin nar kimi sıxılması” təşbeh, əvəzsiz bir bənzətmədir. Çünki burada bənzədilən özünü daha qabarıq göstərir, əsərə xüsusi gözəllik, təravət gətirir. Həmçinin birinci misradakı “Coşanda şeirinin qaynar bulağı” fikrində də metaforik xüsusiyyətlər nəzərə çarpır.

Sevdası, istəyi, eşqi, diləyi,
Yazdığı nəğməsi, qəzəli oldu.

Burada da sinonim sözlərin çoxluq təşkil etdiyini görürük. “Sevdası”, “istəyi”, “eşqi”, “diləyi” sözləri sinonimdir. Bu sözlər əsərə oynaqlıq, ritm, qulağa xoş gələn bir səda, ahəngdarlıq gətirir.

Yenə havalandı tərlan xəyalım,
Həcrinin havası yadıma düşdü..

Bu misralarda xəyalın havalanması metaforadır. Havalanmaq quşlara məxsus bir xüsusiyyət, əlamət kimi xəyalın üzərinə köçürülüb. “Adamı tanıyan yerdə qurd yeyər” fikri atalar sözü, misilsiz folklor nümunəsidir və oxucunu birbaşa “Allahım, sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam” fikrinə istiqamətləndirir.

Atını qabağa çapdıqca zaman,
Sehirli nəğmələr yazır, yaradır.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru