21 Azərə gedən yol - 12-ci yazı Güney Azərbaycan

21 Azərə gedən yol - 12-ci yazı

Ümumazərbaycan xalq konqresi

12-ci yazı
«Cin bismillahdan qorxan kimi» Tehran hakim dairələri, mürtəce qüvvələr, hətta «sol» məsləkli bəzi rəhbər xadimlər Azərbaycanın muxtariyyət istəmək tələbindən qorxaraq təşvişə düşürdülər. Muxtariyyət tələbini «təcziyyə tələb»lə (İrandan ayrılmaqla) eyniləşdirənlər, əslində, Azərbaycandakı hərəkatın milli azadlıq mahiyyətini gizlətməklə bu hərəkatı ləkələmək istəyirdilər. Təəssüflə qeyd etmək lazımdır ki, İXP rəhbərliyində və sıravi üzvləri arasında da İran irticası tərəfindən uydurulmuş bu böhtana inananlar olmuşdur. «İran Şura məclisinin əksər nümayəndələri, o cümlədən tudəçi vəkillər Azərbaycandakı hərəkatı «təcziyyə tələblik»də ittiham etdilər. S.C.Pişəvəri ADF-ni «təcziyyə tələb»likdə ittiham edənlərə dəfələrlə cavab vermiş və göstərmişdi ki, bizim Tehrana ən sərt və konkret cavabımız bu olmuşdu ki, «Tehran höküməti gərək bilsin ki, o iki yol ayrıcında dayanmışdır: Azərbaycan öz yolunu intixab etmiş (seçmiş), o azadlıq və demokrasi üsula doğru gedəcəkdir. Əgər Tehran irtica yolunu intixab edirsə, xudahafiz, buyurub Azərbaycansız yoluna davam etsin».
AXK-dən sonra və Azərbaycan Milli Məclisinin çağırıldığı günlərdə əli hər yerdən üzülən Mərkəzi dövlət Azərbaycanın əcnəbilərin əli ilə İrandan ayrılıb Sovet İttifaqına birləşəcəyi haqda uydurmaya daha artıq rəvac verdi. Baş nazir İ.Həkimi bu məsələni XIV məclisin tribunasından səsləndirməkdən belə çəkinmədi. AMM-nin çağırılması, Milli Hökümətin muxtariyyət şüarı altında təşkili və onun sonrakı fəaliyyəti bu uydurmanın əsassız olduğunu bir daha göstərdi. AXK tərəfindən seçilmiş milli heyətin hazırladığı seçki təlimatı əsasında 1945-ci il noyabrın 27-də Təbrizdə və Azərbaycanın bütün bölgələrində AMM-ə seçkilər başlandı. Seçkilər 5 gün ərzində (dekabrın 1-dək) müvəffəqiyyətlə başa çatdı, 32 seçki dairəsindən AMM-ə 100 nümayəndə (deputat) seçildi. Qeyd etmək lazımdır ki, 1945-ci ilin noyabrından dekabrın 10-dək (təqribən 35-40 gün ərzində) Azərbaycanın bütün bölgələri (Təbriz və Urmiyadan başqa) Tehran rejimindən demək olar ki, azad edilmişdi. AMM-nin açılışı ərəfəsində Təbriz yerli və qonşu bölgələrin fədailəri tərəfindən tam mühasirəyə alınmış, polis və jandarm idarələri tutulmuşdu. İş o yerə çatdı ki, şahın göstərişi və İran məclisinin razılığı ilə Güney Azərbaycanda «sabitlik» yaratmaq məqsədi ilə Tehrandan gəlmiş Ə.Bayat 1945-ci dekabrın 11-də (Azərin 20-də) Təbrizdən qaçmalı oldu.
1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan Milli Məclisi açıldı. Məclis öz işini Milli heyət tərəfindən hazırlanmış və Məclisin ilk iclasında yekdilliklə bəyənilmiş «Daxili nizamnamə» əsasında apardı. Bu nizamnamədə İranın ərazi bütövlüyü daxilində Azərbaycan muxtariyyəti - milli hökümətin yaradılması nəzərdə tutulurdu. Milli Hökümətin strukturunda xarici işlər, hərbi və xarici ticarət nazirliyi yox idi. Bu o demək idi ki, Azərbaycan Milli Höküməti İranın dövlət sistemində muxtar qurum kimi qalır. Belə bir muxtariyyət isə demokratik və sivil ölkələrdə o zaman da, indi də mövcuddur.
Azərbaycanda siyasi vəziyyətin nəzarətdən çıxdığını görən Şahənşah dövləti dekabrın 8-də (Azərin 17-də) baş nazir Həkiminin göstərişi ilə Qulu Bayatın (keçmiş baş nazir) başçılığı altında Azərbaycandakı milli qüvvə rəhbərliyi ilə danışıqlar aparmaq üçün Təbrizə nümayəndə göndərdi.
Təbrizli şahpərəst Sərac Mirin (Zəkaəlmülk) evində təşkil olunmuş qeyri-rəsmi görüşdə S.C.Pişəvəri, M.Biriya, F.İbrahimi mərkəzi dövlət tərəfindən Bayat və Azərbaycan valisini (Ostandarını) əvəz edən Dövlətşahı iştirak etmişlər. Bu görüşdə S.C.Pişəvəri Milli Konqirə tərəfindən Azərbaycanın istək və tələbləri kimi qəbul edilmiş 14 maddədən ibarət qərarı qarşı tərəfə təqdim etdi. Həmin görüşdə Bayat S.C.Pişəvəridən Azərbaycanın istədiyi muxtariyyətin «hüdudunu» soruşduqda S.C.Pişəvəri cavabında: «Biz heç vəchlə İrandan ayrılmaq fikrində deyilik. Biz İran sərhədləri daxilində, İran bayrağı altında, ədalətli qanunlar çərçivəsində, daxili işlərimizdə muxtariyyətimiz olmasını istəyirik». S.C.Pişəvərinin dediklərini mərkəzə çatdıracağına söz verən Q.Bayat Tehrana döndü...
AMM özünün ilk iclasında Milli Məclis adından fəaliyyət göstərəcək və Məclisin çıxartdığı qanun və qərarların icrası ilə məşğul olacaq 9 nəfərlik Rəyasət heyəti seçdi. Hacı Mirzəli Şəbüstəri Azərbaycan Milli Məclisi Rəyasət heyətinin sədri seçildi. Rəyasət heyətinin seçilməsi 1945-ci il noyabrın 21-də AXK tərəfindən seçilmiş, öhdəsinə düşən işləri görmüş Milli heyətin fəaliyyətinə xitam verdi. AMM 1945-ci il dekabrın 12- də (21 Azər) Azərbaycan Milli Hökümətinin təşkili haqqında qərar qəbul etdi və höküməti təşkil etmək ADF-nin sədri S.C.Pişəvəriyə tapşırıldı.
AMM-də Azərbaycan Milli Höküməti seçildikdən sonra məclis Təbrizdəki dövlət hərbi qarnizonunun imkan daxilində qan tökmədən sülh yolu ilə təslim edilməsini S.C.Pişəvəriyə həvalə etdi. Artıq bu vaxt (11 və 12 dekabr səhər) Təbriz polis və jandarm idarələri fədailər tərəfindən tutulmuş, polis və jandarmalar tərk-silah edilib buraxılmışdılar. Mərkəzi hökümət həm Təbrizdə, həm də Urmiyada qardaş qanı axıtmaq üçün bütün vasitələri işə salsa da, yeni seçilmiş Azərbaycan Milli Hökümət rəhbərliyinin düşünülmüş və təmkinli hərəkəti Tehranın fitnəkar niyyətinin icrasına yol vermədi. Təbriz qarnizonunun başçısı general Ə.Derəxşani vəziyyətin çıxılmaz olduğunu Tehrana bildirib, nə etməli olacağını soruşduqda, Tehran: «Əsgər və zabitlərlə birlikdə son damla qanınız qalana qədər vuruşmalısınız» cavabını vermişdi. Tehranın əsgərlərə qan tökmək müraciətinə cavab olaraq S.C.Pişəvəri yazırdı: «Sərbaz (əsgər) cəllad deyildir. O fəqət ölkənin sərhədlərini müdafiə etməyə borcludur. Onu qardaş qanı tökməyə vadar etmək olmaz.
Belə bir əmr verilərsə, əsgər öz milli vəzifəsinə əməl edib, xalqla birləşə bilər. Bu hadisəyə dünyanın böyük milli hərəkatlarında çox təsadüf edilib.
Azərbaycandakı vəziyyət Tehranı təşvişə saldığından 11 həmin tarixi günlərdə fasiləsiz olaraq öz işini davam etdirən İran Məclisi Azərbaycandakı vəziyyəti müzakirə edən zaman inamsızlıq üzündən azərbaycanlı (baxmayaraq onların çoxu şahpərəst idi) deputatları məclis iclasına buraxmamışdılar. Şahın Azərbaycana qarşı qəzəblənmiş məmurları Azərbaycan şairi Xaqaninin adını daşıyan xiyabana onun adından silib, ingilis alimi Eduard Braunun adını vermişdilər. Bu münasibətlə «Azərbaycan» qəzeti yazmışdı: «Ağaye Tehrani- yan!» Elme şüma, məlum şod. «Biz bunu elə əvvəldən bilirdik ki, siz həmişə imkan olduqca azərbaycanlının var-yoxunu alıb biganələrə verməyə hazırsız!».
Təbrizdəki qarnizonu qardaş qanı tökülməyə təhrik edən qərargah rəisi polkovnik (sərhəng) Vərəhram Ələkbər Derəxşanini silahlı toqquşma törətməyə qızışdırırdı. General Ə.Derəxşani əvvəlcə kazarmadakı zabit və əsgərlərin tərksilah edilib təslim olmalarını istəmirdi. Bunu o, xatirələrində də etiraf edir. Belə bir şəraitdə hərbi kazarmanı mühasirədə saxlayan fədai dəstələrinin əsgərlərə müraciəti mühüm rol oynamışdı. S.C.Pişəvərinin qələmi ilə yazılmış müraciətdə deyilirdi: «Damarlarında azərbaycanlı qanı olan hər bir əsgər və zabit (sərbaz və əfsər) gərək Azərbaycanın və onun xalqının azadlığına kömək etsin. Bəsdir indiyə qədər Tehran mürtəce hökümətinin bizə etdiyi tənə və təhqirlər. Sizin analarınızın südü o vaxt sizə halal ola bilər ki, siz onların namusunu hifz edəsiz... Yaşasın Azərbaycanın rəşid məmləkətinə, xalqına və öz doğma ata və analarına sadiq qalan əsgər və zabitlər!». Müraciətnamənin kazarmaya ötürülməsi və səs qüvvətləndiricilərlə yayılması kazarmadakılar arasındakı parçalanmanı gücləndirdi. Əsgər və zabitlərin xalqa artan rəğbəti və baş qərargahın göstəriş və əmrlərini icra etməkdən yayınması meylinin getdikcə artması və digər səbəblər son hesabda Ə.Derəxşanini geri oturmağa məcbur etdi. S.C.Pişəvəri başda olmaqla danışıq aparmaq üçün bir neçə mömin ağsaqqal və millət vəkilləri 1945-ci il dekabrın 13-də (22 Azər saat 20 radələrində) Təbrizdəki 3-cü ordunun kazarmasına gəldilər. Nəticədə 3-cü ordunun Təbriz hərbi qarnizionunun baş komandanı general Ə.Derəxşani ilə S.C.Pişəvəri arasında 7 maddədən ibarət olan qərardad imzalandı. Həmin qərardad əsasında kazarmadakı ordu silahı yerə qoyub təslim oldu. Kazarmadakı əsgərlərin, xüsusən yüksək rütbəli zabitlərin təhlükəsizliyini təmin etmək və onların şəxsiyyətinə toxunmadan, ehtiramla yola salmağı S.C.Pişəvəri daxili işlər naziri S.Cavidə həvalə etmişdi. General Ə.Derəxşani, polkovnik Vərəhram 7 nəfər yüksək rütbəli zabitlə birlikdə təyyarə ilə Tehrana yola salındıqdan sonra Tehran hökuməti onları dövlətə xəyanətdə ittiham edib həbsə saldırmışdı. S.C.Pişəvəri Tehranın bu əməlinə cavab olaraq demişdi: «General Derəxşani və zabitlər qrupunun həbs olunması ağılsız hərəkətdir. Derəxşani öz iradəsi ilə təslim olmadı. Sadəcə olaraq, onun əsgər və zabitləri xalqa güllə atmaq istəmədilər». Beləliklə, Tehranın Təbrizdə qardaş qanı axıtmaq üçün göstərdiyi bütün cəhdlər boşa çıxdı.
***
Azərbaycanda xalq hərəkatının silahlı üsyan səviyyəsinə yüksəlməsi hər şeydən əvvəl xalq üçün başqa çıxış yolunun qalmaması ilə bağlı idi. Bu həqiqəti XIV Məclisin 1945-ci il 9 dekabr (1324-cü il 18 Azər) iclasında böyük ictimai xadim M.Müsəddiq etiraf edərək demişdi: «Azərbaycanda olayların başlıca səbəbi xalqın haqlı şikayətlərinə baxılmaması, jandarm və mürtəce xanlar tərəfindən yüzlərlə günahsız kəndlinin vəhşicəsinə öldürülməsidir... Azərbaycan xalqı hiss etmişdir ki, bu məclis, bu dövlət heç bir zaman onun dərdlərinə çarə etməyəcəkdir. Ona görə Azərbaycan özü özünə çarə yolu axtarmaq üçün ayağa qalxmışdı». Bu fikri XX əsr İran tarixində öz mürtəceliyi ilə ad qoymuş Qəvamülsəltənə də «Royter» müxbirinin suallarına cavab verərkən təkrar etmişdi.

Əkrəm Rəhimli - Bije