Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 15-ci yazı Güney Azərbaycan

Güney Azərbaycan milli hökuməti və onun fəaliyyəti - 15-ci yazı

Orta və xırda səviyyəli şəxsi istehsal müəssisələrinin inkişaf etdirilməsi məqsədi ilə AMH özünün 1945-1946-cı il dövlət büdcəsindən bu cür müəssisələrə maliyyə və texniki yardım göstərməklə yanaşı, onların gəlirindən tutulan vergiləri əhəmiyətli dərəcədə azaltmışdı. Bununla birlikdə xırda və orta səviyyəli sərmayəsi məhdud olan sənaye müəssisələrinə xammalı əldə etmək, müəssisəni genişləndirmək və ya yenisini tikmək üçün güzəştli torpaq sahəsi vermək, daxili bazarda və Azərbaycan hüdudlarından kənarda öz məhsullarını satmağa şərait yaratmaq - bütün bunlar hamısı qanunda nəzərdə tutulmuşdu. Görülmüş tədbirlər az müddətdə özünün ilk müsbət nəticələrini verməyə başladı. «Pəşminə», «Kəlkətəçi», «Xosrovi», «Busitan», «Şayan», «İran» və s. bu kimi sənaye müəssisələri öz iş ahəngini bərpa edib, tam gücü ilə işə düşdü. Milli hökumətin təşəbbüsü və vəsaiti hesabına tikilmiş «Zəfər» toxuculuq fabriki öz məhsulları ilə Güney Azərbaycanın daxili bazarındakı tələbatı təmin etməyə köməklik göstərməklə bərabər öz mallarını qismən də olsa İranın başqa əyalətlərinə ixrac edirdi. Azərbaycan Milli hökumətinin milli sənayeni dirçəltmək və inkişaf etdirmək proqramında sənayeni idarə edən intellekt və texniki kadrların hazırlanmasına, bu məqsədlə sənət məktəblərinin və ustalıq kurslarının təşkilinə, Təbrizlə yanaşı bölgələrdə, əsasən, əl əməyi ilə işləyən emalatxanaların, dəzgahların işə salınmasına və onlara yerli əncümənlər tərəfindən lazımı köməkliyin göstərilməsinə xüsusi diqqət verilmişdi. On minlərlə ailənin dolanışığı üçün başlıca maddi gəlir mənbəyi olan xalçaçılıq, toxuçuluq və digər kütləvi sənət sahələri dövlət himayəsinə alındı. Mütərəqqi əmək və sığorta qanunu, möhtəkirliklə mübarizə, daxili bazarda ədalətli qiymət siyasəti Azərbaycan milli sənayesinin əhəmiyyətli dərəcədə dirçəlişinə kömək etmiş oldu və s.
Milli sənayenin dirçəlişinə yönəldilmiş tədbirlərin icrasında maliyyə vəsaiti əldə etmək önəmli bir məsələ idi. Bu baxımdan 1945-1946-cı maliyyə ilində icrası nəzərdə tutulmuş tədbirlər AMH-nin maliyyə siyasətinin özəyini təşkil etmişdi. AMH-nin 20 bənddən ibarət fəaliyyət proqramındakı maddələrın yarıdan çoxu iqtisadi problemlərin həllinə yönəldilmişdi. Tehranın himayədarlığı ilə düşmən qüvvələr tərəfindən iflic hala salınmış maliyyənin durumunu təcili şəkildə yaxşılaşdırmaq, büdcənin mədaxil mənbələrini sağlamlaşdırmaq və artırmaq, boşalmış xəzinədə yığım yaratmaq və dövriyyədə pul böhranını (çatışmamazlığı) aradan qaldırmaq üçün təsirli iqtisadi-maliyyə tədbirlərinə əl atmaq AMH-nin maliyyə siyasətində önəmli yer tutmuşdu. Azərbaycandakı banklar o vaxtkı pul vahidi ilə əhaliyə olan 18 min tümən borcu ödəməli olduğu halda, xəzinədə vur-tut cəmi 2 min tümən pul qalmışdı. Bu vəziyyət bankdakı pulların (həm də qızıl, qaş-daş və s.) 21 Azər ərəfəsində Tehrana aparılmasının nəticəsində yaranmışdı. İqtisadi və maliyyə cəhətdən son dərəcə ağır bir dövrdə fəaliyyətə başlayan AMH çox böyük çevikliklə bu ağır vəziyyəti yüngülləşdirməyə qismən də olsa müvəffəq oldu. Banklardakı bütün əmanətlərin verilməsi müvəqqəti dayandırıldı, mərkəzi xəzinəyə daxil olan vergi, rüsum və digər gəlirlərin Tehrana köçürülməsi tam donduruldu. Tehrana qaçmış şəxslərin hər növ əmlakı (onlara xəbərdarlıq edilməklə) 15 gün ərzində müsadirə olnub, hərraca (satışa) qoyulmaq yolu ilə satılıb pulu banka köçürüldü.
Vergilərə dair təlimatın qüvvəyə minməsi və pul vahidini əvəz edən xüsusi pul-qəbzlərin dövriyyəyə buraxılması, dövlət kooperativ satış məntəqələrinin fəaliyyətə başlaması AMH-i maliyyə çətinliklərindən qismən də olsa xilas etdi. AMH-nin maliyyə siyasətində dövlət xəzinəsinə başlıca vergi mənbələri aşağıdakılardan ibarət olmuşdu:
1. Müstəqim gəlirə görə vergi;
2. İstehsal müəssisələrindən toplanan vergi;
3. Tehrana əvvəllər aparılan vergi gəlirlərinin dayandırılması;
4. Dövlətə məxsus anbarlardakı məhsulun satışından gələn vəsait;
5. Daxili bazardan toplanan vergi və rüsumlar;
6. Azərbaycandan çıxarılan əmtəələr üçün gömrük;
7. Azərbaycan bank xəzinədarlığında pul-qəbzlərin buraxılması;
8. Dövlət aparatı xərclərinə qənaət hesabına yığım;
9. Azərbaycandan qaçmış şəxslərin sərvətinin müsadirəsi;
10. Dövlət büdcəsindən ayrılmalara qənaət.
Sadalanan bu mənbələr hesabına əldə olan vəsait 1946-cı il dövlət büdcəsində mədaxilin məxaricdən bir neçə faiz üstünlüyünü təmin etdi. (Məxaric 63 856 972, mədaxil isə 64 060 000 tümənə bərabər olmuşdu).
Büdcə həm mədaxil və həm də məxaric mənbələrinə görə əvvəlki illərdəki büdcədən tam fərqli idi. Büdcənin təsdiqi zamanı maarif və mədəniyyətə ayrılmış 6 020 120 tümən məxaricə baş nazir Pişəvərinin təklifi əsasında ilk rübün sonunda daha 4 milyon tümən əlavə edilmişdi. Əlavə olunmuş vəsaitin yeni məktəb tikintisinə, dərsliklərin çapına və savadsızlığı ləğv etmə kurslarının açılışına sərf olunması nəzərdə tutulmuşdu. Büdcə layihəsinin 6-cı bəndi ölkədə kənd təsərrüfatının inkişafını, yoxsul kəndlilərin maliyyə cəhətdən dəstəklənməsini nəzərdə tuturdu. Bu məqsədlə büdcənin ilk variantında 1946-cı təsərrüfat ili üçün ayrılmış 2005000 tümən vəsaitə 3 milyon tümən də əlavə edilmişdi. Dövlət büdcəsinə aid layihənin 7-ci bəndi bütövlükdə ictimai sığortaya həsr edilmişdi. Bu bölmədə qocalığa, əlilliyə, xəstəliyə görə təqaüdlərin artırılması, kimsəsiz uşaqların və qocaların saxlanılması, şəhər, bölgə, qəsəbə və kəndlərin, yolların, küçələrin və ictimai istifadə yerlərinin abadlaşdırılması, infrastrukturun yaxşılaşdırılması və s. bu kimi sosial və xidmət sahələrində işlərin yaxşılaşdırılması nəzərdə tutulmuşdu. Büdcə layihəsini nəzərdən keçirərkən burada mədəni maarif işlərinə, kino, teatr, klub, kitabxana işlərinə ayrılmalar və onlara sonrakı rüblərdə edilmiş əlavələr AMH-nin bu sahələrə nə qədər böyük qayğı və əhəmiyyət verdiyini göstərir. «Azərbaycan Milli hökumətinin həyata keçirmək istədiyi işlərin miqyasını nəzərdən keçirərkən təbii olaraq düşünürsən: əgər o hökumət indiyə qədər yaşasaydı, Azərbaycan ümumi inkişafda dünya üzrə ən yüksək göstəriciləri fəth etmiş məmləkətlərdən biri olardı».

***
MAARİF VƏ MƏDƏNİYYƏT sahəsində AMH-nin gördüyü işlər ata və oğul Pəhləvilərin hakimiyyətdə olduğu 20 ildə bu sahədə xəsisliklə gördüyü işlərin məcmuyu ilə belə müqayisə olunmazdır. Bir ildən də az müddət ərzində maarif və mədəniyyət sahəsində AMH-nin icra etdiyi tədbirlər və gördüyü işlər öz miqyasına görə Azərbaycanda mədəni inqilabın və intibahın başlanğıcı idi. Yasaq olunmuş türk dilinin rəsmi dövlət dili elan olunması, Milli Filarmoniyanın, teatrın, Milli Muzeyin, Milli Orkestr heyətinin təsisi, yazıçılar, rəssam və incəsənət işçiləri cəmiyyətlərinin yaradılması, ilk milli ali məktəb - dövlət universitetinin açılması, milli radiostansiyasının işə düşməsi, maarifə maddi və mənəvi qayğının artırılması, yeni məktəb binalarının, uşaq evlərinin tikilməsi və bərpası, ilk növbədə I-IV siniflər üçün türk dilində dərsliklərin nəşri, kitab və mətbuatın çapına və yayılmasına geniş meydan verilməsi, milli kitabxananın təkmilləşdirilməsi haqda qərar, xiyaban, küçə və yer adlarının (toponimlərin) öz tarixiliyinə qaytarılması, siyasi şəxsiyyətlər, elm və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi və s. AMH-nin maarif və mədəniyyət sahəsində gördüyü böyük işlərin qısa icmalıdır.
Yuxarıda sadaladığımız tədbirlər sırasında ilk və önəmli addım türk dilinin - ana dilinin ümumazərbaycan üzrə rəsmi dövlət dili elan olması idi. 10 maddədən ibarət olan bu qərarın böyük önəmi ondan ibarət idi ki, qədim tarixə malik olan türk dili XX əsrdə Güney Azərbaycanda ilk dəfə danışıq və tədris yasağından qurtarıb rəsmi dövlət statusu alaraq xalqa qaytarılmışdı. Bu tarixi qərarın qısa məzmunu bundan ibarətdir ki, qərar qəbul olunan gündən türk dili ümumazərbaycanda rəsmi dövlət dili elan olunur. Bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri türk dilində aparılır. Türk olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulur. Qeyri-türk azlıqlara öz dillərində tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilir. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilir.
Dil haqqında yuxarıda qeyd olunan qərarla bağlı Azərbaycan Maarif Nazirliyinin 1 saylı əmrində məktəblərdə tədrisin türk dilində aparılması, dərsliklərin və tədris proqamlarının hazırlanması, ilk növbədə I-IV sinif üçün dərsliklərin ana dilində və milli ruhda hazırlanması tələb olunur. Tədrislə bağlı kitab və proqramların hazırlanması və nəşri, tədrisin metodikasını hazırlımaqdan ötrü savadlı və təcrübəli maarif işçilərindən ibarət xüsusi komissiya yaradılmışdı. Belə bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, uzun illər tədrisi ana dilində aparmaq imkanından məhrum edilmiş azərbaycanlı müəllimlərin çoxu milli dildə kitabların nəşrini gözləmədən Maarif Nazirliyinin razılığı ilə mövcud fars dilindəki dərsliklər əsasında dərsləri türkcə tədris etməyə böyük həvəs göstərmişlər. Bunu həmin dövrdə tədris sahəsində çalışanların qeydlərindən və xatirələrindən də aydın görmək olur. Məktəblərin sayını artırmaq, yararsız hala düşmüş məktəbləri təmir etdirmək, məktəblərin tədris bazasını yaxşılaşdırmaq, savadsızlığı ləğv etmək kurslarını təşkil etmək və bu sahəyə xüsusi diqqət ayırmaq AMH-nin maarifləşdirmə proqramlarında mühüm yer tutmuşdu.
«1325-ci ilin (1946) son üç ayı üçün Azərbaycan maarifinə ayrılmış vəsait İran dövlətinin bütün ölkə maarifi üçün ayırdığı illik büdcədən iki dəfə çox idi». Məktəblərin təmirində və yeni məktəb binalarının inşasında, kənd yerlərində məktəbə gedən yolların abadlaşdırılmasında xalqın könüllü maddi və fiziki yardımı xalq kütləsində maariflənməyə olan böyük meyl və həvəsdən xəbər verirdi. Həmin dövrə aid hesablamalarda Azərbaycanda bir il ərzində 400-ə yaxın məktəbin inşa olunduğu və ya əsaslı təmir edildiyi göstərilir.
Yetim və kimsəsiz uşaqların qayğısına qalmaq, onları gələcəkdə cəmiyyətin yararlı, savadlı və bacarıqlı üzvlərnə çevirmək AMH-nin humanitar sahəyə kifayət qədər diqqət ayırdığı məsələ idi. Bu haqda Milli Hökumət xüsusi qərar qəbul etmişdi. Həmin qərar əsasında yetim və kimsəsiz uşaqları himayə məqsədi ilə 1325-ci il (1946) dövlət büdcəsindən, o zamankı pul vahidi ilə 500 min tümən vəsait ayrılmışdı. Həmin vəsait hesabına Azərbaycanın 7 iri bölgəsində, Milli Hökumət dövründə türk dilində çıxan mətbuatdan nümunələr, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəngan, Xoy və Əhər şəhərlərində uşaq tərbiyə evləri təşkil olunmuş, yetim və kimsəsiz uşaqlar ora cəlb edilmişdi.

Əkrəm Rəhimli