Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi Güney Azərbaycan

Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi

18-ci yazı
Güney Azərbaycan öz ağır taleyinə çıxış yolu axtardığı bir zamanda Sovetlər onun hesabına şimal neftinin qoxusu ilə öz ambisiyalarına çatmağa çalışırdı. Bu ambisiya Azərbayandakı milli azadlıq və demokratik hərəkatın üzərində Sovetlərin kölgəsini qüvvətləndirirdi. 1945-ci ilin sonunda Azərbaycanın Güneyində qələbə çalmış 21 Azər inqilabı öz məzmunu və miqyasına görə XX əsrdə Güneydə baş vermiş xalq hərəkatının zirvəsi kimi qiymətləndirilməlidir. 21 Azərin qələbəsi, Azərbaycan Milli hökumətinin yaradılması və onun yuxarıda xülasə şəklində qeyd etdiyimiz iqtisadi, sosial və mədəni tədbirlərin həyata keçirilməsi, xalqla Milli hökumət arasında yaranmış vəhdət - bütün bunlar, üstəlik qeyri-fars regionlarında muxtariyyət uğrunda hərəkatın genişlənməsi və bir sıra digər faktorlar ölkədəki şahlıq rejimini əhəmiyyətli dərəcədə laxlatdı. Əslində 1945-ci ilin sonu, 1946-ci ilin əvvəllərində Tehranın özündə rejimə qarşı ümumxalq mübarizəsi onun çökməsi üçün real təhlükə yaradırdı. Həmin dövrə aid çoxsaylı faktlar və həqiqətlər, eləcə də 1979-cu il İran inqilabından sonra bu ölkədə və onun hüdudlarından kənarda bu haqda çap olmuş bir sıra kitablar və məqalələrdə o dövrün real vəziyyəti açıqlanır.
1945-1946-cı illərdə Azərbaycanın güneyində muxtariyyət hərəkatının genişlənib dərinləşməməsi, onun təsirinin İranın başqa əyalətlərinə yayılmaması üçün şahənşah dövləti yeganə çıxış yolunu Sovetlərlə dil tapmaq, onları ələ almaq və beləliklə də Güney Azərbaycandakı hərəkatı beynəlxalq miqyasda təkləməkdə görürdü. Bu strategiyanın formalaşdırılmasında, ortaya atılmasında ABŞ və ingilis diplomatiyasının İrandakı elçilərinin və eləcə də Əhməd Qəvamülsəltənənin rolu az olmamışdı. ABŞ və İngiltərənin Azərbaycandakı hərəkata düşmənçilik münasibətindəki sabitliyə arxayın olan Məhəmmədrza şah Sovetləri Azərbaycan Milli hökumətini müdafiə etməkdən uzaqlaşdırmaq tezisinin əməli olaraq həyata keçirilməsi üçün yollar aradı və onu tapdı.
Azərbaycanda demokratik xarakterli tədbirlərin həyata keçirilməsi, muxtariyyət uğrunda tələblərin radikallaşması Azərbaycan hüdudlarından kənardakı rejim əleyhdarlarını da hərəkətə gətirmişdi. 1946-cı ilin yayında ölkənin Cənubunda Qaşqay türklərinin, daha sonra Xorasan ətrafındakı türkmənlərin, bəlucların, lorların, ərəblərin İran daxilində muxtariyyət tələbi ilə baş verən çıxışları şah rejimini çaş-baş saldı. 1946-cı il sentyabrın 23-də (1325-ci il mehrin 3-də) Bəxtiyari, Qaşqay, Xəmsə və Boyr-Əhmədəki köçəri el və tayfalar muxtariyyət uğrunda dövlətə qarşı öz qüvvələrini birləşdirməyə başladılar. Buşəhr, Kaman və bir neçə yaşayış məntəqəsi rejimə müxalif olanların əlinə keçdi. Güney Azərbaycandakı hərəkatdan nümunə götürən Cənubdakı tayfaların çıxışları mahiyyət etibarilə rejim əleyhinə xalqın milli azadlıq hərəkatı idi. Rejimin əlaltıları olan bəzi tayfa başçıları ingilislərlə əlaqəyə girib İranın Cənubundakı hərəkatın içərisinə şahpərəst qüvvələri yeridə bildilər. Nəticədə hərəkat öz məcrasından çıxıb, ingilislərin və bəzi yerlərdə şahpərəstin satqın tayfa başçılarının təsirinə düşdü. Pəhləvi rejimi dövründə İran məkanında azadlıq və ya muxtariyyət tələbi ilə çıxış edənlər bir qayda olaraq Sovetlərə bağlanılır, «təcziyyə tələb» (İrandan ayrılma), islamdan üz döndərən dinsiz və kafir kimi ictimaiyyətə təqdim olunurdu. Şahan vəfalı generallarından olan Rəzmara Güney Azərbaycanı və Kürdüstanı məğlub etməyənə qədər başqa yerə qoşun çəkməyəcəyini rəsmən dövlətə bildirmişdi.
1945-ci ilin sonu 1946-cı ilin əvvəllərində İranın siyasi mənzərəsi çox mürəkkəbləşmişdi. Əslində 1946-cı ildə şah rejimi iki yol ayrıcında qalmışdı: ya Azərbaycan və Kürdistanın timsalında qeyri-fars xalqlarının muxtariyyət hərəkatını tanımaq (bu «böyük İran»ın parçalanması demək idi) və ya muxtariyyət hərəkatını xaricdən hər hansı dəstəkdən məhrum etmək. İkinci yol İran dövləti üçün məqbul olduğundan o, 1945-ci ilin sonundan başlayaraq öz siyasətini bu istiqamətə yönəltdi. İlk tədbir İranın şimalındakı neftə və yeraltı sərvətlərə göz tikən və bununla da İran ərazisinə nəzarəti ələ keçirməyə çalışan Sovet dövlətinə «dirsək» göstərən İbrahim Həkimi hökuməti istefaya göndərildi. Onun yerinə XX əsr İran diplomatiya tarixində hiyləgərliyi və siyasi tələ qurmaqda bəlkə də İran diplomatiya tarixində tayı olmayan Əhməd Qəvaməlsəltənə hakimiyyətə gətirildi. Qəvam hakimiyyətə gələnə qədər baş nazir olmuş İbrahim Həkimi Sovet qoşunlarının İran ərazisindən çıxarılması və Azərbaycanın daxili işlərinə onların müdaxilə etməsi ilə bağlı yenicə təşkil olunmuş BMT Baş Məclisinin 1946-cı ilin yanvarında Londonda keçirilən ilk sessiyasına şikayət məktubu ilə müraciət etmişdi. Qəvam sovetlərlə münasibətlərin soyuq müstəvi üzərinə gətirilməsinin xeyirsiz olacağını anladığı üçün hakimiyyətə gələn kimi Londondakı İran səfiri Seyid Həsən Tağızadəyə (milliyyətcə azərbaycanlı) şikayət məktubunu ortalığa gətirməmək haqda təcili teleqram vursa da, Tağızadə bilərəkdən tələm-tələsik şikayət məktubunu sessiyada artıq səsləndirmişdi. Əhməd Qəvamın baş nazir kürsüsünə gətirilməsinədək İ.Həkimi hökuməti tərəfindən Sovetlərdən şikayətin BMT Səviyyəsinə çıxarılması belə Sovetlərin İrana olan siyasətinə dəyişiklik gətirmədi, əksinə münasibətlərdəki gərginlik daha da artmış oldu.
Tədqiq olunan dövrə aid diplomatik sənədlərdən və yazışmalardan məlum olur ki, Qəvamül-səltənə İ.Həkimidən fərqli olaraq İran-Sovet münasibətlərinə aid məsələnin beynəlxalq miqyasa çıxarılmasındansa, münasibətlərin danışıqlar, görüşlər, sövdələşmələr yolu ilə həll edilməsinə üstünlük vermişdi. Sovetlərin İranın şimalındakı nefti və yeraltı mədənləri ələ keçirmək üçün çoxdankı niyyəti İran hakim dairələrinə, şah və Qəvamülsəltənə üçün qaranlıq deyildi. Sovetlərin Şimaldakı yataqlar zonasını ələ keçirmək niyyəti iqtisadi baxımdan əlavə, hərbi-strateji və siyasi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl bu ərazi vasitəsi ilə Yaxın və Orta Şərq ölkələrinə, o cümlədən Türkiyəyə, İraq, Əfqanıstan, Pakistan, Fars körfəzi dövlətlərinə qarşı plasdarm yaratmaq və yeri gəldikdə öz ideologiyasını ora yeritmək imkanı əldə edirdi. Əhməd Qəvvaməl-səltənə 1945-ci ilin sonunda İran Məclisində baş nazir vəzifəsinə təsdiq olunarkən söylədiyi nitqində İranın mürəkkəb şəraitlə üzləşdiyini qeyd etdikdən sonra mövcud çətinlikləri və maneələri aradan qaldırmaq üçün çalışacağını bildirdi. O, demişdi: «... Biz SSRİ kimi böyük dövlətlə qonşuyuq. Qonşuluqda əlaqələrimizə diqqət ayırmalıyıq. SSRİ-nin iqtisadi yardımı hesabına ölkəmizin şimalındakı nefti üzə çıxarıb ondan fayda götürməliyik». Bu nitqin sonrakı şərhlərində qeyd olunur ki, Qəvam öz fəaliyyətinə sovet rəhbərliyinin diqqətini cəlb etmək üçün sovetlərlə əməkdaşlığı bilərəkdən ön plana çəkib qabartmışdı. İranın Moskvadakı o zamankı səfiri topladığı məlumat əsasında 1946-cı ilin yanvarında Tehrana göndərdiyi məlumatda Qəvaməl-səltənənin məclisdəki ilk nitqinin Moskva rəhbərliyinin diqqət mərkəzində olmasını bildirirdi. İranın şimalındakı neftə şəriklik ixtiyarını Sovetlərə verməklə Sovet qoşunlarının İrandan çıxarılmasına və «Azərbaycan məsələsini» İranın xeyrinə həll etmək ehtimalını səfir öz məlumatında xüsusi vurğulayır. Səfir məlumatda yazır: «Azərbaycan məsələsinin həllini gecikdirmək ölkədəki sabitliyin pozulmasını gücləndirər, başqa əyalətlərdə də dövlətə baş ağrısı yaradar. Fikrimizcə, Moskva ilə dil tapmaq xeyrimizə götürülmüş addım olar. Bu addımı daha tez atmağımız vacibdir». İran səfiri öz məktubunda yeni baş nazir Əhməd Qəvamın Moskvaya gəlmək niyyətini təqdirəlayiq hadisə kimi qiymətləndirmişdi.
Əhməd Qəvam təşkil etdiyi hökumətin tərkibini təsdiqləmək üçün 1946-cı il fevralın 17-də məclisə təqdim etdi. İXP MK Məclisdəki deputat fraksiyasına Qəvam hökumətinə qarşı çıxmamağı tapşırdı. Bunun müqabilində sonralar Qəvamülsəltənə İXP və digər demokratik qruplara bəzi dekorativ xarakterli güzəştlər etdi. Əvvəlki hökumət vaxtı bağlanmış demokratik klublara fəaliyyətə başlamaq, nəşri dayandırılmış bəzi «sol» məsləkli qəzetlərin çıxmasına icazə vermək, İXP və həmkarlar təşkilatı fəallarının həbsə alınmış üzvlərinin azad edilməsi və s. bu kimi güzəşt və loyallıqlarla Qəvam hökumətinə «demokratik» görkəm vermək istəyirdi. Bu zahiri loyallıqlar və öz fəaliyyətinə demokrtaik don geydirmək Qəvamül-səltənə üçün ona görə lazım idi ki, o, Moskvaya edəcəyi rəsmi səfər zamanı Kreml rəhbərliyində özünə rəğbət qazandıra bilsin, Moskva onu demokrat baş nazir kimi tanısın. Əslində Qəvam müəyyən qədər öz istəyinə nail ola bilmişdi. Moskva «demokrat» baş nazir Qəvamül-səltənənin sovet rəhbərliyi ilə görüşmək meylini nəzərə alıb onu Moskvaya rəsmi görüşə dəvət etdi.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən 1946-cı il fevralın 19-da Qəvamül-səltənə Sovet rəhbərliyi ilə rəsmi görüş üçün Tehrandan Moskvaya yola düşdü1. Fevralın 20-dən martın 7-ə qədər Əhməd Qəvam Moskvada olduğu müddətdə iki dəfə İ.V.Stalinlə, bir neçə dəfə SSRİ Xarici İşlər naziri V.M.Molotov ilə, iqtisadi və mədəni məsələlər üzrə bir neçə səlahiyyətli Sovet rəhbərliyi ilə görüşlər keçirmişdi. Bu görüşlərdə ən prinsipial məsələ aşağıdakılardan ibarət olmuşdu:
1. Sovet qoşunlarının martın birinci 10 günlüyünədək İran ərazisindən çıxarılması;
2. Güney Azərbaycana milli muxtariyyət verilməsi məsələsi;
3. Güney Azərbaycandakı Milli azadlıq hərəkatı ilə bağlı məsələlər;
4. İranın şimalındakı neftin Sovetlərə uzun müddətli konsesiyaya verilməsi və s.
Sənədlərdə göründüyü kimi danışıqlar zamanı iki ölkə arasında bir sıra iqtisadi, mədəni və diplomatik məsələlərə də toxunulmuşdu.
Həmin dövrdə istər Sovet və istərsə İran mətbuatında və informasiya vasitələrində Qəvamülsəltənənin Moskvada Sovet rəhbərliyi ilə apardığı danışıqların müvəffəqqiyyətsizliyi haqda xeyli yazılar və məlumatlar getmişdi. Bunlar zahirdə çaşdırıcı görkəm yaratmaq cəhdi idi. Sonrakı hadisələr və həqiqətlər pərdə dalındakı gizli oyunlardan xəbər verirdi.

Əkrəm Rəhimli