Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi - 20-ci yazı Güney Azərbaycan

Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi - 20-ci yazı

20-ci yazı
Güney Azərbycanda milli oyanışın güclənməsi, xalqın Azərbaycan Milli hökumətinə, ADF-nin rəhbərliyinə rəğbətinin getdikcə artması Tehranı çox narahat edirdi. Tehrana dinclik verməyən başqa bir mühüm cəhət rejim əleyhinə ümumiran miqyasında mübarizənin yeni vüsət götürməsi idi. Bu səbəblər Qəvamı Moskvaya səfər etməyə tələsdirirdi. Qəvamül-Səltənəni Moskva ilə dil tapmağa tələsdirən azadlığa qovuşmuş Azərbaycanın özünün milli dövlətçiliyini möhkəmlətmək, muxtariyyətin hüdudlarını genişləndirmək üçün yeni tədbirlərə əl atması və onun nüfuzunun ümumiran məkanında getdikcə çoxalması idi. 1324-cü il dey ayının 26-da (Yanvar 1946) Azərbaycan Milli Məclisinin başçısı Hacı Mirzəəli Şəbüstəri Azərbaycan dövlətinin qanuni-əsasisinin (konstitusiya) hazırlanması haqda Milli Məclisin Rəyasət Heyətinə məktubla müraciət etdi. M.Şəbüstəri müraciətində yazırdı: «...Məclisi milli və milli hökumətimizin özünü Məclisi müəssisan elan edən Milli Konqrənin qərarı üzrə təşkil olub, işə başlamışdı. Bu isə kafi deyildir. Lazım gəlir çox tez bir zamanda ölkənin isüli-idarəsini və dövlət təşkilatını demokratik əsaslar üzrə qurmaq üçün Məclisi müəssisan dəvət edilib qanuni-əsasi yazılsın. Ona görə məclis nümayəndələrindən aşağıda adları qeyd olunan 15 nəfərin imzası ilə bir layihə hazırlanıb məclisə təqdim olur və fövrən onun müzakirə və təsvib olunması təqaza edilir».
Konstitusiya layhəsini hazırlamaq üçün konstitusiya komissiyasına bir ay vaxt verilir və hazırlanmış layihənin xalqın müzakirəsindən sonra milli məclisə təqdim olunması irəli sürülür. Hazırlanacaq konstitusiya layihəsində hər şeydən əvvəl Güney Azərbaycanın milli, mədəni, siyasi, iqtisadi və ictimai vəziyyətinin hər tərəfli nəzərə alınması mühüm şərt kimi irəli sürülürdü. Güney Azərbaycanda hakimiyyəti ələ almış milli qüvvələrin hər bir addımı mərkəzi dövlətin yaşamaq qüdrətini azaldaraq, ümumiran miqyasında siyasi böhranı dərinləşdirirdi. Məhəmmədrza şahın səltənəti üçün ağır olan o tarixi günlərdə Misir jurnalist və yazıçısı Hüseyn Heykəllə müsahibəsində şah demişdi: «Bizi çətin imtahana çəkmişlər... bunların hamısından əvvəl bizə əngəl yaratmış Pişəvərinin əmələ gətirdiyi böhrandır».
1942-ci ildə Atlantik okeanda hərbi gəmidə ABŞ prezidenti Ruzvelt və Böyük Britaniya baş naziri Çörçelin imzaladığı məlum «Atlanta Xartiyası»ndakı maddələr, xüsusən millətlərin öz müqəddəratını təyin etmək və insan hüquqları haqda müddəalar AMH rəhbərliyinə əsas verirdi ki, Güney Azərbaycanın muxtariyyət problemini beynəlxalq miqyasa çıxartsın. Bu məqsədlə 1946-cı il yanvarın 28-də AMH rəhbəri S.C.Pişəvəri xüsusi məktubla BMT Baş Assambleyasına müraciət etdi. Məktubda deyilirdi ki, Azərbaycan xalqının tarixən qədim, zəngin mədəniyyətə və şərəfli keçmişə malik olmasına baxmayaraq, «İran dövlətinin şovinist siyasəti nəticəsində onun kənd və şəhərləri dağılmaq həddinə gəlib çatmışdı». Məktubda Azərbaycan xalqının bundan sonra heç vaxt heç kəsin zülmü altında yaşamayacağı bəyan edilir və göstərilir ki, «Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır». Məktubda Atlanta Xartiyası prinsiplərinə uyğun yaradılmış Azərbaycan Milli hökuməti öz müqəddəratını təyin etmək hüququnun millətə verilməsini BMT-dən xahiş edir. «BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin».
Bu gün özlərini demokratiya və azadlığın qarantı sayan dövlətlərin müdaxiləsi nəticəsində Azərbaycan xalqı adından BMT-yə olan müraciət bu beynəlxalq təşkilatın heç gündəliyinə belə daxil edilmədi. Beləliklə, əvvəlcə beynəlxalq miqyasda BMT-dəki aparıcı böyük dövlətlər, ABŞ və İngiltərə tərəfindən tutarlı dəstək alan Məmmədrza şah rejimi Qəvam vasitəsi ilə Moskvanın «qılığına» girdi və son nəticədə uğur qazandı.
Sovet qoşunları 1946-cı il mayın ilk ongünlüyündə Güney Azərbaycan ərazisini demək olar ki, tam tərk etdi. 1946-cı ilin yazında Azərbaycan Milli hökuməti Tehran rejimi ilə yanaşı faktiki olaraq ABŞ və İngiltərə ilə də üzbəüz dayanmalı oldu. Belə bir şəraitdə Moskva rəhbərliyi ancaq öz mənafeyindən çıxış edərək Azərbaycan Milli hökuməti rəhbərliyini Qəvamül-səltənə ilə dil tapmağa itələdi. Bu sahədə Güney Azərbaycan rəhbərliyinə göstərilən təzyiqləri təsdiq edən çox saylı sənədlər mövcuddur.
Moskva Azərbaycan milli hökumətinə təsir və təzyiqini təkcə İranda olan səfirliyi, konsulluq və xüsusi komissarları ilə məhdudlaşdırmayıb Bakını da bu oyuna qatmışdı. 1946-cı ilin martında S.C.Pişəvəriyə göndərdiyi ismarıçda Tehran qarşısında möhkəm dayanmağı, əllərindən gələn köməkliyi əsirgəməyəcəyini vəd edən M.C.Bağırov aprelin əvvəlində verilmiş vədlərdən qaçaraq Pişəvəriyə Qəvamın nümayəndəsi ilə bir stol ətrafında oturub, onunla «dil tapmağı» məsləhət görürdü. Moskvanın xəyanəti, öz mənafeyi üçün dostu düşmənin ayağına çox asanlıqla vermək kimi xəbis xisləti S.C.Pişəvəriyə əvvəlcədən məlum idi. O, hələ ADF yaranan zaman rəhbərliyini üzərinə götürməkdən ona görə çəkinirdi ki, Moskva rəhbərliyinin xəyanətindən hələ 20-ci illərin əvvəllərində Gilan hadisələrində, 1920-ci ildə Qüzey Azərbaycana «xilaskar» kimi gəlib düşmən kimi törətdiyi cinayətlərdən xəbərsiz deyildi.
Əhməd Qəvamın Moskvadan qayıtdıqdan sonra Moskva rəhbərliyinin Güneydəki olaylara açıq xəyanəti S.C.Pişəvərinin haqlı olduğunu göstərsə də, onun bilə-bilə məkrli sovet «ipinin üstünə odun yığması» hər birimizdə təəssüf və təəccüb doğurur. («Dahilər də səhvsiz olmur» O.Balzak) «Dostun» xəyanəti nəticəsində Qəvamla oyunda artıq uduzduğunu başa düşən S.C.Pişəvəri Tehranla danışıqlara getməkdən başqa yolun qalmadığına inandıqdan sonra onun üçün çox ağır olsa da, bu danışıqlara getməli oldu.

Tehran-Təbriz danışıqlarının birinci mərhələsi

Azərbaycan məsələsini nizamlamaq üçün Qəvamül-səltənə hökuməti AMH-nin başçısı S.C.Pişəvəriyə 1946-cı ilin aprelində müraciət etdi. Bu müraciətdə Azərbaycan xalqının ünvanına çoxlu xoş sözlər deyilsə də, (Tehran həmişə xoş təriflər deməklə Azərbaycanı öz əsarətində saxlamışdı) məsələ aydın idi: Molla Nəsrəddin demiş «dava yorğan davası idi». Qəvamül-səltənənin bütün cidd-cəhdləri Güney Azərbaycandakı hərəkatı yatırtmaq və onu yenidən Tehranın əsarətinə salmaq idi. Tehranla danışıqlar stolu arxasında oturmağa razılıq almaq üçün 1946-cı il aprelin 22-də Tehrandan gəlmiş ilk elçini Pişəvəri qəbul etdi. Tehrandan gəlmiş nümayəndəliyə Fətəli İpəkçian başçılıq edirdi. O, azərbaycanlı idi və Məclisə Azərbaycandan deputat seçilmişdi, S.C.Pişəvərini yaxşı tanıyırdı və ona hörmət bəsləyirdi. F.İpəkçian danışıqlar aparmaq üçün Qəvamın siyasi məsələlər üzrə müavini Müzəffər Firuzun başçı təyin olunduğunu bildirdi. F.İpəkçian da həmin nümayəndəliyə daxil olan 7 nəfərdən biri idi. İpəkçian danışıqlara razılıq verməsi S.C.Pişəvəridən xahiş etməklə yanaşı ona hörmət bəslədiyini bəyan etmiş və hətta bəzi məsələlərdə xeyirxahlığını təzahür etdirmişdi. İpəkçianla görüşdən sonra S.C.Pişəvəri mərkəzi dövlətlə danışıqlara razılıq vermişdi.
İpəkçian Təbrizdə olarkən gizli bir məsələnin üstünü açmışdı. Onun dediyinə görə Təbrizə gələnədək o, Tehrandakı Sovet səfiri İvan Sadçikovun görüşündə iştirak etmişdir. Bu görüş zamanı məlum olmuşdu ki, Qəvamül-səltənə ilə səfir arasında Azərbaycan məsələsinə aid gizli razılıq əldə olunmuşdu. İran hökumətinin azərbaycanlılarla danışıqlar aparmaqdan ötrü ayırdığı komissiya əslində əldə olunmuş bu razılığı formal olaraq təsdiqləmək üçün lazım imiş».
Beləliklə, Azərbaycan Milli hökumətinin və Azərbaycan xalqının taleyi onlardan gizli Sadçikovlarla Qəvamlar arasındakı sövdələşmədə artıq həll olunmuşdu. Şimali İrandakı qara qızılın parıltısı altında dönüklük edən Kreml rəhbərliyi Güney Azərbaycandakı hərəkatı söndürməkdə İranın Şahənşah dövlətinə dolayısı ilə yardım göstərmişdi.
Azərbaycandakı hərəkatın müqəddəratını həll etmək üçün Tehranla danışıqlar aparmaq məqsədilə 1946-cı il aprelin 28-də S.C.Pişəvəri başda olmaqla Azərbaycan nümayəndəliyi Tehrana gəldi. Qeyd etmək lazımdır ki, S.C.Pişəvəri nümayəndəliyə başçılıq etməyə və Tehrana getməyə meyilli deyildi. O, qan təzyiqinin yüksək olduğunu əsas gətirib Tehrana getməkdən qəti boyun qaçırsa da, son anda razılıq verməyə məcbur olmuşdu. Tehrana gedəcək nümayəndə heyətinin tərkibi aprelin 22-də baş nazir S.C.Pişəvərinin sədarəti altında keçən iclasda müəyyənləşmişdi. Nümayəndə heyətinə əvvəlcə doktor S.Cavid də daxil olsa da, S.C.Pişəvərinin təklifi ilə o Təbrizdə qalmalı oldu və daxili işlər naziri vəzifəsi ilə yanaşı baş nazirin səlahiyyətləri də müvəqqəti olaraq ona etibar edildi.
Qəvam dövləti danışıqların əhəmiyyətini azaltmaq üçün Tehranda yox, onun Kərəcdə aparılmasını təklif etmişdi. S.C.Pişəvəri bu haqda qəti etirazını F.İpəkçian vasitəsi ilə mərkəzə çatdırdıqdan sonra Qəvam danışıqların Tehranda aparılmasına razı olmuşdu. Danışıqlar aparmaq üçün Tehrana gedən Azərbaycan nümayəndəliyi Təbrizdəki təyyarə meydanından böyük izdihamla yola salınmışdı. Təyyarə meydanında xalqa müraciətlə nitq söyləyən S.C.Pişəvəri milləti mübarizə əzmini saxlamağa, ruhdan düşməməyə çağırmış və azadlığa qovuşmuş Azərbaycanın əldə etdiyi azadlığı qanı bahasına olsa belə qoruyub saxlayacağını söyləmişdi. Təyyarə meydanında S.C.Pişəvəriyə müraciətlə məktəblilərin oxuduğu mahnı onu çox kövrəltmişdi:

«Pişəvəri, sərkərdəmiz, get qardaşım, yaxşı yol,
Azad etdin sən vətəni düşmənlərdən, get qardaşım, yaxşı yol,
Düşmənlərə vermə aman, get qardaşım, yaxşı yol».

1946-cı il aprelin 29-da Tehranda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə rejim nümayəndələri arasında danışıqlar başlandı. Danışıqlarda mərkəzi dövlət tərəfindən baş nazirin siyasi məsələlər üzrə müavini Müzəffər Firuz, hərbi nazirin müavini, şahın çox yaxın adamı, general Hidayət, general Məhəmmədəli Müqəddəm, Musəvizadə (baş nazir dəftərxanasının məsulu) və mühəndis Xosrov Hidayət iştirak edirdilər. İki həftəyə qədər davam edən danışıqlarda Tehran hələ aprelin 21-də elan etdiyi və Azərbaycan rəhbərliyinə təqdim olunan 7 maddədən ibarət təkliflərindən əl götürmədiyi kimi, Azərbaycan nümayəndəliyi də 33 maddədən ibarət irəli sürdüklərindən geri çəkilmədi.

Əkrəm Rəhimli