Güney Azərbaycana hərbi yürüşün başlanması və milli hökumətin süqutu - 24-cü yazı Güney Azərbaycan

Güney Azərbaycana hərbi yürüşün başlanması və milli hökumətin süqutu - 24-cü yazı

Qəvam yeni təşkil olunmuş hökumətə başçılıq etdiyi günün sabahı Tehranda Azərbaycan valisi (ostandarı) doktor Cavidə başa saldı ki, bütün məsələlər qoşun Güney Azərbaycanı tutduqdan sonra həll olunacaq. Bu xəbərdarlıqdan məyus olmuş Güney Azərbaycan valisi Təbrizə dönməkdən başqa çarəsi olmadığını anladı. Qəvamın başçılıq etdiyi hökumətin xəyanətkarlığı və onun siyasi manevrləri demokratik hərəkatın bir çox rəhbərlərinə, o cümlədən S.C.Pişəvəriyə əvvəlcədən məlum idi. Həmin dövrdə S.C.Pişəvərinin bir çox yazılarında, bəyanat və çıxışlarında Qəvama inamsızlıq, onun hiyləgərliyi, satqınlığı və mürtəceliyi haqda dönə-dönə qeydlər var. S.C.Pişəvəri sovetlər tərəfindən ona olan güclü təsir və təzyiq altında arabir Qəvama yumşaq mövqe nümayiş etdirsə də, Məmmədrza ilə birlikdə onu da əvvəldən axıra qədər Azərbaycan xalqına, onun azadlıq hərəkatına, dilinə, mədəniyyətinə və tarixinə qatı düşmən hesab etmişdi.
Doktor S.Cavid Tehranda olarkən ADF-in yaranmasının 1 illiyi münasibəti ilə ziyafətdə iştirak edən Qəvama Azərbaycan azadxahlarından biri Ə.Əlmovtininin dediklərini misal gətirir: «Ağaye Qəvam, Ağaye Firuz, yerinə düşməsə də bir misal çəkəcəyəm: soyuq bir vaxtda qurulmuş isti çadırdan kənarda qalan bir dəvə başını çadıra salır. Çadırdakı sahibin buna etiraz etmədiyini gördükdə dəvə yavaş-yavaş özünü çadıra soxur. Dövlətin Azərbaycanla əlaqələri mənə o dəvənin əhvalatını xatırladır». Həqiqətən də Qəvam hakimiyyətə gələn gündən Azərbaycandakı hərəkatı məhv etmək üçün cinayətkar əməllərini addımbaaddım irəlilətmişdir. Əvvəl özünə «demokratlıq» boyası verən, Xalq partiyası rəhbərlərini hökumətində nazir vəzifəsinə gətirən, «sol» partiyalarla əməkdaşlığa «can» atan, hətta Pişəvərini və bir neçə azərbaycanlı lideri hökumətinə gətirmək haqda şayiə yayan Qəvam 1946-cı ilin payızında özünün həqiqi simasını pərdə dalından çıxartdı. Qəvam «Nəhayət bütün bu məzhəkələr rolunu oynayıb qurtardı. Pərdənin dalında isə mürtəcelər qüvvə topladılar, hücuma keçməyə hazır olduqlarını bildirdilər». Varlı mülkədar Zülfiqarı, Teymur Bəxtiyarı kimi nehzət vaxtı Azərbaycandan qaçmış ünsürlər AMH-dən narazı qüvvələri öz ətraflarında birləşdirmiş və onları təxribat və pozuculuğa təhrik etməkdə böyük fəallıq göstərmişlər.
Qəvam XV Məclis seçkiləri ilə bağlı Azərbaycana gələcək qoşunun yolunu «təmizləməyi» Güney Azərbaycan valisinə əmr etdi. Bu əmrdən əvvəl təlimatçıları İngiltərə və ABŞ-dan gəlmiş şahın gizli terrorçu və təxribatçı təşkilatı bir dəstə şahpərəst generalitetin və xəfiyyə işçilərinin iştirakı ilə xüsusi yığıncaq keçirir. Bu yığıncaqda qoşun Azərbaycana yollanmazdan əvvəl xüsusi dəstə - varlı mülkədar, tacir və mənsəb sahiblərindən tutmuş iğtişaş yaratmağı bacaran, qatil, oğru və quldurlara qədər - dəstə gizli olaraq Azərbaycana göndərilir. Müxtəlif adlarda və müxtəlif formada (açıq və gizli) Azərbaycana gələn şahpərəst ünsürlər külli miqdar pul və silahla təmin edilir. Onlara verilmiş xüsusi təlimatda Azərbaycanın hansı şəhər, rayon və kəndində kiminlə əlaqəyə girmək, pullu qatil və talançı dəstələr düzəltmək və onların vasitəsilə ordu gələnə qədər demokratik qüvvələrlə «hesabı çürütmək», onlara divan tutmaq tapşırılır. Amerikalı müəllif Con Foran özünün «Iranda ictimai dəyişikliklər» adlı kitabında etiraf edir ki, şah qoşununun Azərbaycana hücumu ərəfəsində Tehran «Əfşar, Şahsevən ellərinin, eləcə də Zülfiqarilərin Tehranla bağlı adamlarını təşviq edir, onlara fədai paltarı geydirib, demokratlara divan tutmaq üçün onları Azərbaycana göndərirdi».
1946-cı il noyabrın 7-dən Azərbaycan səmasında görünməyə başlayan şah təyyarələri səpdikləri vərəqələrdə İran ordusunun «xilaskarlığından», Azərbaycanı «dinsiz kommunistlərin əsarətindən» qurtarmaqdan bəhs olunur və ancaq Allah ümidinə qalmış xalqda qorxu, təşviş və çaxnaşma yaratmağa cəhd edilirdi. Beləliklə, Məclisə seçkilər keçirmək üçün mərkəzin «əmniyyət» yaratmaq adı ilə Azərbaycana göndərilən qoşunu yola düşməmişdən əvvəl Azərbaycanda xaos, qanlı-qadalı səhnələr yaratmaq üçün fitnəkar tədbirlər həyata keçirilmişdi.
1945-1946-cı büdcə ilində İran dövləti hərbi işlərə, o cümlədən ordu və jandarm qüvvələrini müasir silahlarla və hərbi təchizatla təmin etmək (illik büdcə 3,2 milyard riala bərabər idi) üçün büdcədən bir milyard rial vəsait ayrılmışdır. İqtisadi cəhətdən zəif inkişaf etmiş İrana bu rəqəm o illər üçün böyük rəqəm idi. Bu pulun 100 milyon rialı silah və hərbi sursata, 398.246.100 rialı jandarma və 237.000.000 rialı polisin hərbi təchizatına sərf edilmişdi. Azərbaycandakı hərəkatı boğmaq üçün Iran regionun militarist dövlətinə çevrilmişdi.
XV çağırış İran Şura Məclisinə seçkilər keçirmək adı altında mərkəzin Azərbaycana qoşun yeritmək təklifi 1946-cı il noyabrın 11-də Azərbaycan Əyalət əncüməninin İcraiyyə heyətində müzakirə edildikdən sonra Zəngandakı fədai qüvvələrinin geri çağırılması və bu şəhərin İran ordusu tabeliyinə verilməsi haqda qərar qəbul edildi. Həmin qərar əsasında 1946-cı il noyabrın 13-də fədailər Zəngan mahalından çıxarıldı. Fürsətdən istifadə edən və Tehrandan istiqamətləndirilən və təlimatlandırılan mürtəce mülkədar Zülfiqari (o, milli hökumət tərəfindən xalq düşməni elan olunmuş və 300 kəndi müsadirə edilmişdir) və onun ətrafına topladığı dəstə demokratik qüvvələrə qarşı olmazın cəza və cinayətlərə əl atdı. Halbuki, Azərbaycanla olan razılaşmaya aid nə Zülfiqari və nə də onun banda dəstəsinə daxil olanlar Zəngana buraxılmamalıydı. Tehranda Azərbaycan nümayəndələri ilə danışıqlar aparılan vaxt Mərkəzi dövlətin Zəncanı Azərbaycandan təcrid tələbindən narazı qalan Azərbaycan nümayəndə heyəti üzvlərindən birinə müraciətlə Qəvam: «Oğlum, məni bir demokrat hesab et. Mən heç vəchlə Zəncanı Azərbaycandan ayırıb harasa birləşdirmək fikrində deyiləm. 15-ci Məclis təşkil tapan kimi Zəncan yenidən Azərbaycana birləşdiriləcək» - deyərkən əslində Zənganda qardaş qırğınına rəvac vermişdi. Zəncan hadisələri göstərdi ki, Qəvamül-səltənə höküməti Güey Azərbaycanla bağladığı qərardadı elə ilk addımdaca ayağı altına qoydu.
Şah qoşununun Zəngana gəlmiş bölməsinə başçılıq edən polkovnik Bunsaqinin gözü qarşısında və onun himayəsilə Zülfiqari dəstəsinin Zəncanda törətdiyi qətl-qarət orta əsr vəhşiliklərini kölgədə qoydu. Zülfiqari köhnədən onunla düşmən olduğu vətənpərvər ruhani Şeyx Məhəmməd Xoi və bir çox fədai başçılarını əhalinin gözü qarşısında böyük vəhşilik və qəddarlıqla qətlə yetirdi. ADF üzvlərinin və fədailərin evləri talan edildi, özləri Zülfiqarinin xüsusi həbsxanasına salındılar. Müqavimət göstərən kəndlərə (Dizə, Tarım, Qarabuşlu və s) od vuruldu. Ayağından güllə yarası almış Xoi damın üstündəcə qətlə yetirildi və onun cəsədi nümayiş etdirilib damdan yerə atıldı. «Demokrat firqəsi üzvü olmuş şəxsin evindəki fərş yığılıb aparılarkən südəmər uşaq fərşin arasında qalıb boğulmuşdu». Fədai və demokrat fəalların boğazına ip salıb, maşına bağlayıb küçələrdən sürükləndirilməsi haqda şahid ifadələri vardır.
Dövlət qoşununun havadarlığı ilə Zülfiqari dəstəsinin Zənganda demokratlara divan tutmasına belə bir bəhanə əsas gətirilib ki, guya qoşun üçün gətirilən ərzağı demokratların göstərişi ilə xalq hücum çəkib talamaq istəyirmiş. Qırğına «Hüquqi-əsas» yaratmaq məqsədini güdən bu məkrli əməl əvvəlcədən düşünülmüşdü.
Təbrizin Tehranla bağladığı və doktor Cavid Tehranda olarkən bir daha təsdiq olunmuş qərardad əsasında 300 nəfər fədai Zənganda nigəhbanlığın (xüsusi polisin) tərkibində qalıb təhlükəsizliyin qorunmasında iştirak etməliydi. Halbuki, şah qoşunu Zəngana daxil olar-olmaz həmin fədailər Zülfiqarilərin qəfləti basqınına məruz qaldı, bir hissəsi qətlə yetirildi, sağ qalmışlar zindana salındı. Yazıçı Sayyad Heydəri (Kərimli) doğma əmisi oğlunun dediklərinə istinad edərək yazır: «... Biz Tehran qoşunu sırasında Zəngana daxil olarkən dəhşətli qətllərin şahidi olduq. Fədailərin və Firqə fəallarının boynuna qalın ip salıb hərəkətdə olan maşının arxasına bağlamışlar. Maşın hərəkətdə olarkən cəsədlərdən axan qan Zəncanın daş döşəməli xiyabanlarını al-əlvan qanla boyayırdı. Cəsədlərdən ayrılan ət parçaları - qol, qıç elə xiyabanda da qalırdı”.
1946-cı il noyabrın 12-də Azərbaycan Əyalət şurasının qərarı ilə və əvvəlcədən hökumətlə olan razılığa əsasən Zəngan Tehran qoşununa təhvil verildi. Zəngandakı fədai bölmələrinə tərksilah olunub geri çəkilmək əmri verilərkən hadisələrin şahidi olmuşların dediyinə görə bu xəbəri onların bir çoxu göz yaşı ilə qarşılamışlar. Zəncan fədailəri Təbrizə ünvanladıqları məktubda yazırdılar: «Qardaşlar silahımızı almayın, siz bunlara inanmayın... bizi dəstə-dəstə edib, bu insan qatillərinə təslim etdirməyin. Biz hazırıq son nəfəsimizə qədər azadlığımızı müdafiə edək, bu yolda ölək və ya azad yaşayaq». Zəncanın düşmən əlinə keçməsi ilə heç cürə razılaşmayan xalq Güney Azərbaycanın bütün bölgələrində yığıncaq və mitinqlər keçirir və könüllü dəstələrin Zəncanın köməyinə getmək haqda icazə verməyi ADF rəhbərliyindən və Azərbaycan valisindən xahiş edirdilər. ADF rəhbərliyinə göndərilmiş müraciətlərdən birində deyilirdi ki, «İran irticasının göstərişi ilə Zəncanda qanlı cinayətlər törədənlərdən intiqam almaq üçün Zəncan cəbhəsinə getməyimizə icazə verməyinizi xahiş edirik». «Ya ölüm, ya vətən», «ya azadlıq, ya ölüm!» düşüncəsi ilə alınmış azadlığı qorumaq üçün ölümə belə hazır olan insanların ADF MK-sına və Azərbaycan Ostandarılığına olan müraciətləri ona görə cavabsız qalmışdı ki, «ellər atası»nın, Kreml başçılarının göstərişi ilə əslində Azərbaycan rəhbərliyinin əl-qolu bağlanmışdı. Vəziyyətin ən kəskin və böhranlı çağında müdafiə məqsədi ilə sovetlərdən az miqdarda silah istəyən Azərbaycan rəhbərliyinə sovetlər tərəfindən nəinki yox cavabı verilmiş, həm də Tehrandan gələn qoşuna yol vermək üçün müqavimətsiz geri çəkilmək «məsləhət» götürülmüşdü. Amerikalı müəllif Robert Russa (1945-1946-cı ildə ABŞ-ın Təbrizdəki konsulunun müavininin oğlu) özünün «Azərbaycan böhranı» adlı kitabında yazır ki: «Bu zaman Təbrizdə digər hadisələr qarşıya çıxdı. Tamamilə məlum oldu ki, Sovetlər Azərbaycandakı rejimi öz hərbi qüvvələrinin gücü ilə saxlaya bilməyəcəklər. Onu saxlamağın sovetlər üçün əhəmiyyəti də yox idi. Buna görə onlar Azərbaycandakı rejimin rəhbərlərinə bildirdilər ki, onları nəinki hərbi, mənəvi, heç diplomatik cəhətdən də himayə etməyəcəklər».

Əkrəm Rəhimli