Milli hökumətin süqutu: acı nəticələr - 28-ci yazı Güney Azərbaycan

Milli hökumətin süqutu: acı nəticələr - 28-ci yazı

1945-1946-cı illərdə Güney Azərbaycandakı hərəkat keçmişimizin iftixarları hadisəsi olmaqla, bu hərəkatın faciəli sonluğu bizə və İrandakı demokratik qüvvələrə acı ibrət dərsi olmalıdır. «Qonşuya ümid olan şamsız yatar» - atalar misalı bizə həmişə örnək olmalıdır. Babamız Xiyabani xalqımıza müraciət ədərək demişdi ki, «...Sənin birinci yardımçın sən özünsən. Sən özün özünə nicat verəcəksən. Əgər keçmişinin cövhər və qanı damarlarından axırsa, sən öz qüdrətinlə o parlaq səhərə çatacaqsan».

1945-1946-cı illərdə Güney Azərbaycandakı milli demokratik hərəkat və məğlubiyyət səbəbləri haqda müxtəlif fikir, mülahizə və fərziyyələr mövcuddur. Yazılarda MH-in süqutu səbəblərinin sayı sadalanır. Bu səbəblər sırasında Tehranla bağlanılmış təslimçi xarakterli müqavilə, Zənganın Tehranın ixtiyarına verilməsi, fədailərin tərksilah edilməsi, qoşunun buraxılması və s. misal göstərilir. Bir çox müəlliflər sovetlərə həddən artıq inanmağı, onun «ipinin üstə odun yığmağı» və «dirijor ağacının» istiqaməti ilə hərəkət etməyə olan meyili məğlubiyyətə əsas və başlıca səbəb kimi göstərirlər. O faciəli tarixi olaylarda buyruğa qulaq asmağın könüllü olmamasına, təzyiq və zor işlətməsinə aid çoxlu faktlar mövcuddur. 1946-cı ilin aprelindən başlayaraq Azərbaycan Milli Hökumətinin özünümüdafiə və müstəqil hərəkət etmək imkanları xeyli məhdudlaşdı. O, faktik olaraq təkcə şah - Qəvam qüvvələri ilə hər tərəfdən bağlanmış deyil, eyni zamanda Sovet, ABŞ və İngiltərə tərəfindən məngənə arasına salınmışdı. İranda mənafeləri olan dövlətlər (SSRİ, ABŞ və İngiltərə) Güney Azərbaycandakı hərəkatın yatırılmasında maraqlı idilər və bunda hər tərəfin öz payı var idi.
Bu mövzuda aparılan tədqiqatlarda, yazılarda, hərəkat iştirakçılarının xatirələrində belə bir fikir də səsləndirilir ki, məğlubiyyət ərəfəsində Azərbaycan Milli Hökuməti rəhbərliyi hər tərəfdən (başlıca olaraq sovetlər tərəfindən) «küncə» sıxışdırıldığından hərəkatı xilas etmək üçün onun imkanları, demək olar ki, tükənmişdi. Halbuki hərəkatın yüksəlişi dövründə bu imkanlar daha çox real idi. Belə hesab edilir ki, İrandakı bütün demokratik və rejim əleyhinə olan qüvvələrlə birləşib Məmmədrza-Qəvam hökümətini devirməklə həm sovetləri və həm də şahın arxasında duranları olub, bitmiş fakt qarşısında qoymaq olardı. Bu zaman hər hansı xarici yardıma bel bağlamaqdansa, müstəqilliyə yönəlmək gərək idi. Həmin dövrün siyasi durumuna aid gətirilən faktlar və olaylar şahənşah rejiminin Azərbaycan və İrandakı xalq hərəkatı qarşısında necə lərzəyə düşdüyünü aydın göstərir. Rejimə qarşı ümumiran miqyasında nifrət və qəzəbin coşduğu bir zamanda İran xalqlarının yumruq kimi birləşməsi və rejimə qarşı vahid cəbhə yaratması zəruri idi. Azərbaycan Milli Hökuməti rəhbərliyi, eləcə də İrandakı anti-rejim qüvvələr bu imkandan kifayət qədər istifadə edə bilməmişdi. S.C.Pişəvəri sonralar bunu Milli Hökumət rəhbərliyinin ciddi səhvi kimi səciyyələndirmişdi.
Şair Əli Tudə S.C.Pişəvəri haqda xatirələrində Bakıya gəldikdən sonra S.C.Pişəvərinin M.C.Bağırovla görüşdə dediklərini xatırladaraq yazır ki, M.C.Bağırov S.C.Pişəvəriyə «bizə yaxşı arxalana bilmədiyinizə görə hakimiyyəti əldən verdiniz» sözlərinə S.C.Pişəvəri: «Biz İran xalqlarına arxalanmalıydıq. Bu xalqların içərisində şah səltənətinin barışmaz düşməni olan farslar da, kürdlər də, türkmənlər də, giləklər də, talışlar da, ərəblər də, asyorular da var idi, şah qoşunlarının yüksək rütbəli zabitləri də var idi. Biz sizdən kömək gözləmirdik, siz bizim işimizə qarışmasaydız».
Güney Azərbaycan özünün ağır günlərində İranın bütün bölgələrindəki demokratik və şahlığa qarşı olan qüvvələrin gücündən faydalana bilməmişdi. Bunun bir səbəbi Tehranda və digər əyalət mərkəzlərində İXP rəhbərlərinin bir çoxunun Azərbaycandakı hərəkata qısqanc münasibət bəsləməsi idisə, digər səbəb Azərbaycan Milli Hökumət rəhbərliyinin Azərbaycandan kənardakı demokratik qüvvələrlə əlaqənin yetirincə qiymətləndirilməməsi, «Böyük qardaş» ətəyindən yapışmaqdansa, ölkədəki azadlıq istəyən qüvvələrə söykənmək gərək idi. Ölkədəki bütün milli və demokratik qüvvələrin düşmənə qarşı birləşməsi həm də o zaman real nəticə verə bilərdi ki, IXP rəhbərliyi ölkənin azadlığı məsələsini dünya kommunist hərəkatının (başlıca olaraq sovetlərin) mənafeyinə tabe etdirməyəydi. İran sərhədləri daxilində Azərbaycanın azadlıq istəyinə, onun muxtariyyət hərəkatına İXP-sı rəhbərliyində müsbət yanaşılmaması Güney Azərbaycanla İran xalqlarının vahid cəbhədə birləşməsinə böyük ziyan vurmuşdur.
Tehrandakı azadxahlar Azərbaycan nehzəti rəhbərlərinə müraciətlə yazmışlar ki, «...Siz fəaliyyət dairənizi kiçik götürməyin. İranın da fikrində olun. Təkcə Azərbaycanın azad olması ilə kifayətlənməyin. Sizinlə bir yolda olan qardaşlarınızı da özünüzünkü hesab edin».
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan Demokrat Firqəsi rəhbərliyi və həm də İran Xalq Partiyası başlıca strategiyanı xüsusi ambisiyalara, xırda mübahəsələrə qurban vermişlər. Başlıca hədəfə çatmamış (rejimi devirməmiş) yol üstü narazılıq və çəkişmələr təkcə Güney Azərbaycan üçün yox, bütün İran üçün ağır nəticələrlə qurtarmışdı.
Təbii olaraq belə bir cəhət hər birimizi düşündürür: xalqın istək, arzu və qüdrəti ilə yaranmış AMH necə oldu ki, asanlıqla, qısa zaman kəsiyində aradan aparıldı? O az-çox duruş gətirib, müqavimət göstərə bilməzdimi? Heç olmasa tədrici geri çəkilmə ilə yanaşı mübarizəni partizan formasına keçirə bilməzdimi? Yanıqlı ürəklərin hökmü ilə verilən bu səpkili suallar dolğun və dəqiq cavab istəyir. Həm də bu suallar hər bir azadlıq yolçusunu geniş düşünməyə, buraxılmış səhvlərdən dərs almağa, əməli nəticələr çıxarmağa sövq edir.
Beləliklə, 1945-1946-cı illərdə Güney Azərbaycandakı hərəkat keçmişimizin iftixarları hadisəsi olmaqla, bu hərəkatın faciəli sonluğu bizə və İrandakı demokratik qüvvələrə acı ibrət dərsi olmalıdır. «Qonşuya ümid olan şamsız yatar» - atalar misalı bizə həmişə örnək olmalıdır. Babamız Xiyabani xalqımıza müraciət ədərək demişdi ki, «...Sənin birinci yardımçın sən özünsən. Sən özün özünə nicat verəcəksən. Əgər keçmişinin cövhər və qanı damarlarından axırsa, sən öz qüdrətinlə o parlaq səhərə çatacaqsan». Azərbaycan öz azadlığı və nicatı üçün hamıdan əvvəl, hər şeydən qabaq azadlığın təşnəsi olan millətinə, İrandakı demokratik qüvvələrə sökənməlidir. Başlıca hədəfə doğru hərəkatda milli qüvvələrin (bütün təbəqə və zümrələrin) vahid platformasını yaratmalıdır. Bununla birlikdə bilməliyik ki, yaşadığımız zəmanə qloballaşma və inteqrasiyalar dövrüdür. Dünyadan təcrid olunmuş halda yaşamaq münkün deyil. Beynəlxalq aləmin getdikcə mürəkkəbləşdiyi və qloballaşmanın dərinləşdiyi bir dövrdə kimə söykənməyin, kiminlə əməkdaşlıq etməyin düzgün müəyyənləşdirilməsi çox vacibdir. Milli Hökumətin süqutuna səbəb olan «dost» əli ilə pərdə dalındakı oyunlar, təmənnalı və məkrli «yardım»lar, ağır vaxtda səni meydanda tək qoyub kənara çəkilmə ilə kifayətlənməyib, səni açıq-aşkar faciəli məğlubiyyətə məcbur etmək bizim hər birimiz üçün həmişə yadda qalan ibrətli dərs olmalıdır. Bu ibrət dərsi həm də öyrədir ki, İran məkanı daxilində yaradılacaq vəhdət bir millətin başqası üzərində hegomonluğuna əsaslanmamalıdır.
Azərbaycan xalqının dərdlərinə şərik olan, onun milli varlığına aid bütün atributları qəbul edən və ona hörmət qail olan İrandakı bütün demokratik qüvvələrlə vəhdət yaratmaq, əlbir hərəkət etmək indiki milli oyanış çağında çox vacib məsələdir. Bu hədəfə uğurla çatmaq üçün bütün milli və demokratik qüvvələrin arzu və tələbləri sözdə yox, əməldə nəzərə alınmalıdır.
21 Azərin bizə verdiyi dərslərdən biri də yerliçilik - «gəlmə», «yerli» anlayışına qarşı ardıcıl və ciddi mübarizə aparmağa ehtiyacın olmasıdır. Düşmənlərimiz həmişə bizi daxildən parçalamağı özləri üçün önəmli vasitə sayıblar. Azərbaycan Milli Hökumətinin süqutu ilə bağlı Tehran rejimi bu kartdan faydalanmağa çalışmışdır. Bütün bunlarla yanaşı kadrların düzgün, yerində və səviyyəsinə görə seçilməsi mühüm məsələlərdəndir. 21 Azər hərəkatında bu sahədə bir sıra hallarda əyinti və yanlışlara yol verilmişdi. «Sol»çuluğa, «mənəm-mənəmliyə» və «partizan»çılığa yol vermədən milli, dini və yerli xüsusiyyətləri nəzərə almaq, onlara hörmət qail olmaq milli dirçəliş hərəkatının müvəffəqiyyətlə irəliləməsi üçün vacib şərt olmuş və vacib şərt olaraq qalır.
21 Azər hərəkatı bütün cəhətləri ilə tədqiq və təhlil edildikdə onun XX əsrdə Güney Azərbaycanda baş verən xalq hərəkatı tarixində önəmli yer tutması və silinməz izlər qoyub getməsi danılmazdır. İndiki zamanda Güneydəki milli oyanış hərəkatında, demokratik hüquq və azadlıqlar uğrunda aparılan mübarizədə 21 Azər hərəkatının dərslərini-müsbət və mənfi cəhətlərini öyrənmək milli qüvvələr üçün, xüsusən yeni nəsil üçün çox vacib və aktualdır.
Yuxarıda nəticə əvəzi qeyd olunanlar nə ehkam, nə də direktiv sayılmamalıdır. Müəllifin subyektiv düşüncəsinə söyənən bu fikirlərin çoxu 21 Azər hərəkatının tədqiqi ilə bağlı ortaya çıxmışdır. Biz onları oxucu ilə bölüşdürmək, düşünmək, optimal çıxış yolunu arayıb axtarmaq məqsədi ilə qeyd etməyə ehtiyac duyduq. 21 Azər Hərəkatı ilə bağlı bu yazıda əsas məqsəd oxucunun diqqətini yaxın tarixi keçmişimizə bir daha yönəltmək, onun önəmli və çatışmayan cəhətlərini nəzərdən keçirmək idi. Əgər az da olsa buna müvəffəq ola bilsək, bu, müəllif üçün uğurlu addım sayıla bilər.

Əkrəm Rəhimli