1945-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatı ilə bağlı sənədləri Güney Azərbaycan

1945-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatı ilə bağlı sənədləri

3-cü yazı

Azərbaycan milli hökumətinin dil haqqında qərarı

Xalqımızı dövlət aparatına yaxınlaşdırmaq və ümum əhalinin ehtiyaclarım sadə bir surətdə anlamaq və həmçinin milli dili və milli mədəniyyətimizin inkişaf və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Hökuməti özünün 6 yanvar (1945-ci il) tarixli iclasında aşağıdakı qərarları qəbul etmişdir.
1. Bu gündən etibarən Azərbaycanda, Azərbaycan (türkcəsi) dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən əmrlər və qanun layihələri mütləq Azərbaycan dilində yazılmalıdır.
2. Bütün idarələr (dövləti, milli, ticari və ictimai) öz işlərini Azərbaycan dilində yazmağa məcburdular. Bu dildə yazılmayan dəftərlər və sənədlər rəsmi hesab olunmayacaqdır.
3. Məhkəmələrdə işlərin baxılması təmamilə Azərbaycan dilində aparılmalı və bu dili bilməyənlər üçün tərcüməçi təyin olunmalıdır.
4.Azərbaycanın bütün idarə, müəssisə və ticarət məkanların-da tablolar mütləq Azərbaycan dilində yazılmalıdır.
5. Rəsmi iclaslar, yığıncaqlar, nitq və müzakirələr Azərbaycan dilində olmalıdır.
6. Azərbaycanlı olmayıb başqa dil ilə danışanlar və ümumi dövlət idarələrində xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər.
7. Maarif Nazirliyinin idarə işçilərini Azərbaycan dili ilə ta¬nış etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin nəzdində yaşlılara məxsus kurslar açılmalıdır. Bu kurslarda iştirak edənlərin iş müddəti bir saat az olmalıdır.
8. Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa haqlıdırlar. Lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə yanaşı Azərbaycan dilini, rəsmi dövlət dili olaraq, işlətməlidirlər.
9. Azərbaycanda yaşayan azlıqlara xüsusi milli məktəblərindəki təhsil öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir.
10. Azərbaycan Milli Hökuməti Maarif Nazirinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqındakı qərarını qəbul və təsdiq edib, məktəblərin milli dilə keçməsini bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır.

Azərbaycan Milli Dövlətinin Baş Naziri, Pişəvəri

***

Azərbaycan Milli Hökuməti ilə Qəvamül-səltənə dövləti arasında qərardadın (müqavilənin) mətni

«Dövlət və Azərbaycanın nümayəndələri arasınada olan müzakirənin davamında və dövlətin 22 aprel 1946-cı il (2 Ordi- beheşt 1325) tarixli 7 maddədən ibarət və həmin nümayəndələr tərəfindən qəbul edilmiş əmri nəzərə almaq və təbadüli-əfkar (fikir mübadiləsi) nəticəsində təvafüq (razılaşma) əldə oldu ki, aşağıdakı maddələr izah və mükəmməl növ ilə tənzim olunub və icraya qoyulsun.
«1-ci Maddə: Dövlət bildirişinin 1-ci Maddəsi barəsində razılaşma hasil oldu ki, bu cümlə ona artırılsın: «Maliyə rəisi də Əyaləti əncümənin təklifi və dövlətin təklifi ilə təyin olacaqdır.»
«2-ci Maddə: Dövlət bildirişinin 2-ci Maddəsində təyin olmuşdur, vali əncümən əyalətinin nəzərini cəlb etmək şərtilə dövlət tərəfindən təyin olacaqdır. Bu əsrin icrası üçün razılaşma əldə oldu ki, Vizarəti-Keşvər valini Əyaləti Əncümənin təklif etdiyi neçə nəfərin arasından seçib və qərar alınması üçün dövlətə təklif etsin.»
«3-cü Maddə: Azərbaycanda olan son dəyişiklikləri nəzərə alaraq dövlət indiki Milli Məclisi Əyaləti Əncümən qismində tanıyacaqdır. 15-ci məclis təşkil olunub dövlət tərəfindən təklif olunan yeni Əyaləti və Vilayət Əncümən qanunu qərara alındıqdan sonra Azərbaycan Əyaləti Əncümənin seçilməsi təsvib olunmuş qanun üzrə tezliklə başlanacaqdır.»
«4-cü Maddə: Azərbaycanın təhəvvülü və hərəkatı nəticəsində əsgərlik şəxslərindən çağırılan qoşun ki, bu qərardadın imzası ilə İran qoşunu cüzvündə olur və bu qoşun və komandirlərin vəziyyətini təyin etməkdən ötrü müvafiqət hasil oldu cənab
Qəvamül-Səltənə Dövləti və Azərbaycan Əyaləti Əncüməni təmsilçilərindən ibarət bir komisiyon təşkil olunub və bu komisiyon məsələni həll etmək yolunu tezliklə qərara alınmaqdan ötrü təklif etsin.»
«5-ci Maddə: Razılaşma əldə oldu ki, Azərbaycanın aidatından yüzdə %75 faizi məhəlli xərclər üçün təxsis verilib və yüzdə %25 faizi də İran məmləkətinin ümumi xərcləri üçün mərkəzə göndərilsin.»
«Qeyd (1) - Poçt və teleqraf, gömrük və dəmir yol və Urmiyyə Dənizinin gəmiçilik xərcləri üçün mərkəzə göndərilsin.»
«Qeyd (2) - əsas şosə yollarının tikilməsi və təmiri dövlətin və fərdi və məhəlli yolların salınması və təmiri isə Əyaləti Əncümənin öhdəsində olur.»
«Qeyd (3) - Azərbaycan əhalisinin İran Məşrutiyyətinə etdiyi görkəmli xidmətlərdən, azadlıq və demokratiyanın hakim olması yolunda Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara dəyər vermək məqsədilə dövlət qəbul edir ki, Azərbaycan gömrük aidatının %5 faizi Azərbaycan Universitetinin ehtiyaclarına sərf edilsin.»
«6-cı Maddə: dövlət qəbul edir ki, Miyana ilə Təbriz arasında olan dəmir yolunun çəkilməsinə tezliklə başlayıb və sürətlə yerinə yetirsin, aydındır ki, bu işdə Azərbaycan fəhlələri və mütəxəssisləri üstün tutulacaqdır.»
«7-ci Maddə: əsgərlikdən başqa fədai adıyla təşkil olunan könüllü qoşunlar hərbi hissəyə çevrilirlər və bu hüquq mühafizə qüvvələrin vəziyyətini təyin etmək və həmçinin onun komandirlərinin təyini üçün razılaşma əldə oldu ki, cənab Qəvamül-Səltənə Dövləti və Azərbaycan Əyaləti Əncüməni təmsilçi-lərindən bir komisiya məhəldə təşkil olunub və tezliklə bu məsələnin həlli yolunu qərara almaqdan ötrü təklif etsin.»
«Qeyd (1) - çün son illərdə bəzi münasib olmayan əməllər nəticəsində əmniyə və jandarma adı İranın əfkari-ümumi qarşısında xüsusilə Azərbaycanda müxalif və münasib olmayan hissiyyat yaradır və çün son vaxtlarda dövlət rəisi xüsusən bu təşkilatın komandanlığını öhdəsinə alıb və bu idarədə reformlar və saleh olmayan şəxslərin çıxarılması gözlənilir, buna görə razılaşma olundu ki, jandarmaya qarşı ümumi hissiyyat xüsusilə Azərbaycan əhalisinin hissiyyatı dövlət rəisinə yetirilsin ki, bu təşkilatın adını dəyişmək və onun üçün münasib bir ad seçmək üçün lazımı qərarlar alsınlar.»
«8-ci Maddə: Azərbaycan demokrat hərəkatının nəticəsində kəndçilər arasında bölünən yerlərin xüsusilə də o qismi ki, dövləti əkin torpaqlarına aiddir, dövlət məmləkətdə olan bütün əkin torpaqlarını kəndçilər arasında bölünməsilə prinsipcə müvafiq olduğu üçün bu işin icrasını mümkün bilir və bu məsələyə aid olan layihəni birinci fürsətdə qərara alınmaqdan ötrü Milli Şura Məclisinə təklif edəcəkdir. Azərbaycanın son dəyişiklikləri nəticəsində kəndçilər arasında bölünən başqa yerlər barəsində razılaşma əldə oldu ki, maliklərin ziyanlarını konpensasiya etmək və ya onların əmlakını dəyişdirilməsindən ötrü cənab Qəvamül-Səltənə Dövləti və Azərbaycan Əyaləti Əncüməni təmsilçilərindən komisiya təşkil olunub və bu komisiya məsələnin həlli yolunu qərara almaq üçün təklif etsin.»
«9-cu Maddə: dövlət razılaşır ki, 15-ci məclis açılan kimi azadlıq və demokratiya üsulu üzrə yəni ümumi, gizli, birbaşa, mütənasib, bərabər və qadınlar da şamil olmaq şərtilə tənzim olunan seçkilər qanunu layihəsini məclisə təqdim edib və onun qərara alınmasını tezliklə istəsin və həmçinin dövlət qəbul edir ki, Azərbaycan və ölkənin başqa nöqtələri deputatlarının sayını əhalisinin nisbətilə artırmaqdan ötrü 15-ci məclis açılan günü qanuni layihəni təklif edib və 2 foriyyətlə onun qərar alınmasını istəsin ki, qərara alındıqdan sonra seçkilər vasitəsilə həmin nöqtələrin çatmayan deputat sayını təyin və məclisə göndərsinlər.»
«10-cu Maddə: Azərbaycan Əyaləti 3 və 4-cü əyalətlərdən ibarət olacaqdır.»
«11-ci Maddə: dövlət razılaşır ki, Azərbaycanın işlərinin yaxşı irəli getməsi üçün vali və idarə rəyisləri və Əyaləti Əncümənin Rəyasət Heyətindən ibarət bir idari şura düzəlsin və bu şura Əyaləti Əncümənin nəzarəti altında vəzifəsini yerinə yetirsin.»
«12-ci Maddə: 22 aprel 1946-cı il (2 Ordibeheşt 1325-ci il) tarixli dövlət əmriyyəsinin 3-cü maddəsi orta və ali məktəblərin vəziyyətini təyin etmək baxımından aydın olmadığı üçün bu cümlə əlavə olunur.
Orta və ali məktəblərdə tədris fars və Azərbaycan dillərində, Mədəniyyət Nazirliyi tərəfindən olunan düzəliş, zaman və məkan şəraiti və demokratik prinsiplərə müvafiq və uyğun bir şəkildə tənzim olunan proqram üzrə əməli olacaqdır.»
«13-cü Maddə: dövlət razılaşır ki, Azərbaycanda olan kürdlər də bu razılaşmanın xeyirlərindən istifadə edib və dövlət əmriyyəsinin 3-cü maddəsi üzrə 5-ci ilkin sinifə qədər öz dillərində tədris etsinlər.»
«Qeyd (1) - Azərbaycanda olan asori və erməni kimi etnik azlıqların da haqları olacaqdır ki, 5-ci sinifə qədər öz ana dillərində tədris etsinlər.»
«14-cü Maddə: dövlət nəzərdə tutubdur ki, bütün İran üçün demokratiya üsulu üzrə yəni ümumi və gizli, birbaşa və bərabər səslə tənzim olunan yeni şəhər əncümənləri qanununun qərara alınmasından ötrü 15-ci məclisə təklif etsin, bu qanun qərara alınan kimi Azərbaycan və İranın bütün nöqtələrində şəhər əncümənlərinin seçkisinə başlanacaqdır. Bu qanun qərara alınanadək və yeni seçkilər keçirilənə qədər Azərbaycanda olan indiki şəhər əncümənləri öz vəzifələrinə davam etdirəcəklər.»
«15-ci Maddə: bu razılaşma iki nüsxədə tənzim və mübadilə olub dövlət Heyəti və Azərbaycan Əyaləti Əncüməninin tərəfindən qərara alındığından sonra icraya qoyulur.»

Təbriz, tarix 13.06.1946-cı il (1325/3/23) Pişəvəri - Müzəffər Firuz