“Azərbaycan” qəzetinin səhifələrində - 5-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 5-ci yazı

Firqəmizdə fəaliyyəti davam etdirməliyik

Dünyada baş verən milli hərəkatlar göstərib ki, hər hansı bir partiya və ya firqə müvəffəqiyyət ələ gətirdikdən sonra onun üzvləri daha məğrur olaraq özlərinin məsuliyyətlərini unutsalar, o partiya və ya firqə aradan gedər. Firqəmiz milli ideallarımızın və milli ehtiyaclarımızın üzərində vücuda gələrək xalqımızın ciddiliyi sayəsində çox az bir müddətdə Milli Hökumətimizi qurdu. Xalqımız Milli Hökumətimizə ölkəmizin və dilimizin ehtiyacları ilə bağlı böyük vəzifələr vermişdir və Mill Hökumətimiz də bu vəzifələri icra etməkdədir.
Bununla firqə təşkilatı heç bir halda özünü məsuliyyətdən kənar saxlaya bilməz. Biz bilməliyik ki, millət tərəfindən bizim öhdəmizə qoyulan vəzifələr indi daha artıqdır. Firqə üzvləri tamamilə böyük vəzifələrin qarşısında qərar tutaraq ən dəqiq bir halda bu vəzifələri yerinə yetirməlidirlər.
Biz indiyə kimi firqədə hər nə qədər fəaliyyət etmişiksə və qeyrət göstərmişiksə, onlarla fəxr etməyə haqqımız yoxdur. Biz minlərlə zəhmətlərə dözmüşüksə, hələ öz milli vəzifələrimizin bir hissəsini yerinə yetirmişik.
Ümumiyyətlə, firqə təşkilatlarında xalqın hamısı iştirak edə bilməz. Firqənini siyasi nöqteyi-nəzərdən tərifini versək, onda firqə ibarətdir bir yığıncaqdan ki, orada bütün təbəqələrin ən qabaqcıl və fəal üzvləri müəyyən bir siyasi hədəfi ələ gətirməkdən ötrü çalışırlar. Bizim firqəmiz bütün təbəqələrin mənafeyini nəzərə almaqla o təbəqələrin ən başçı və mübariz adamlarından təşkil olunub. Bunlar hələlikdə kafi miqdarda öz vəzifələrini yerinə yetirə bilməyirlər.
Rza xanın 20 illik diktatorluğu nəticəsində biz tamamilə öz mədəni və milli hüququmuzdan məhrum olmuşuq. Bizim indiki həyat tərzimiz orta əsrlərdə və bəlkə ondan da əvvəlki dövrlərdə yaşayan insanların həyatları kimidir. Bu gün bizim yüz minlərlə xalqımız savadsız və tərbiyəsiz qalıb daima cəhalət altında yaşamaqdadırlar.
Bizimlə bir mühitdə yaşayan vətəndaşlarımıza indiyə kimi burada həyat haqqı verilməyibdir. Xalqımızın çörəyi, maarifi, işi, səhiyyəsi yoxdur və yüz illərlə dünya mədəniyyətindən geri qalmışıq. Bu cür nöqsanların müqabilində hər bir firqə üzvünün də vəzifəsi müəyyəndir. Xalqının səadəti uğrunda çalışan firqə üzvləri heç vaxt öz fəaliyyətlərini, zəhmətlərini xalqın gözünə söxmayıb iman və iradə ilə o biri qalmış vəzifələrini yerinə yetirməlidir. Firqə üzvləri öz ictimai borclarını verməklə, öz vəzifələrini icra etməklə heç kəsə minnət qoyub özlərindən məsuliyyəti kənarlaşdırmağa haqlı ola bilməzlər.
Biz yalnız o vaxt fəxr edə bilərik ki, axırıncı nəfəsimizə qədər millətimizin səadətini, xoşbəxt həyatını təmin etmək uğrunda çalışıb gələcək nəslimiz üçün əlverişli və geniş bir mühit yaradaq.
Biz indi dövlətimizi qurmuşuqsa, onu saxlamalıyıq, bu dövləti yaratmaqda məqsədimizin nə olduğunu bilib və o hədəflərimizi həyata keçirməliyik. Ona əsasən hamımız firqədə nizam-intizam bilən bir əsgər kimi fəaliyyətimizə davam etməklə, firqəmizə son dərəcədə sadiq və düzgün olmağımızı əməldə sübut etməliyik.
Azərbaycanlılıq şərəfimiz bizim öz milli vəzifələrimizi bütünlüklə yerinə yetirib xalqımızın borclarını ödəməyimizi bizdən tələb edir. Biz bu gündən etibarən həmişəki kimi özümüzü böyük milli məsuliyyətlərin qarşısında hiss edərək firqəmizin rəhbərliyi altına daha da sürətlə işə başlayıb tarixdə qızıl suyu ilə yazılmalı qalibiyyətlər, həqiqi iftixarlar qazanmalıyıq. Biz firqəmizin öhdəsinə qoyulmuş vəzifələri icra etməklə bütün Şərq millətlərinə xoşbəxtlik və azadlıq verəcəyik, öz xalqımıza isə xoşbəxt bir həyat şəraiti yaradıb əbədi olaraq şanlı və əziz Azərbaycanımızı əsarət və istismar zəncirindən qurtaracağıq. Qoy firqəmiz daha da möhkəmlənsin. Yaşasın böyük və şanlı firqəmiz!

Fəthi Xöşginabi

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, təbriz, say 114, 31 yanvar 1946-cı il

***

İran haqqında

London – Ankara radiosu. Londonda bu qənaət əldə olunub ki, İran ilə Sovet İttifaqı arasındakı ixtilaflar müstəqim müzakirə yolu ilə həll ediləcəkdir. Bu gün Təhlükəsizlik Şurasında məsələyə bu yolla son veriləcəyi ehtimal olunur.
İngiltərənin Moskvadakı elçisi cənab Arçila Klark Ker Moskovadan ayrılarkən bir məlumat göndərmiş və demişdir: “Sovet İttifaqı ilə İngiltərə arasında müharibə zamanı yaranmış dostluq möhkəm əsaslar üzərində qurulmuşdur. Mən bu dostluq münasibətinin davam edəcəyinə əminəm”.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 114, 31.01.1946
***
Azərbaycanın Şimalı və Güneyi arasında əlaqələr tarixindən:

Sovet xəstəxanasının müdiri dosent Səmədovun elanı

Təbrizdə və onun nahiyələrində havaların kəskin surətdə dəyişməsi ilə əlaqədar olaraq soyuqlama xarakterli xəstəliklər, xüsusilə qrip, ciyər iltihabı, angina və sairə artıb.
Bu xəstəliklərlə mübarizə aparmaq üçün İran Azərbaycanı həkimləri Sovet dərmanlarından, məsələn, sulfidin, sulfosol, strepdositdən istifadə edirlər.
Bu Sovet dərmanlarının təsir baxımından başqa oxşar dərmanardan üstünlüyünü nəzərə alaraq bildirmək istəyirik ki, yerli apteklərdə Sovet dərmanı olmadığından onları da az təsirli başqa dərmanlarla əvəz edirlər. Sovet xəstəxanasına xəbər çatır ki, yerli apteklər müalicə həkimi ilə razılaşmadan Sover dərmanlarını əvəz edirlər. Belə hallar bir daha baş verərsə, o zaman yerli qəzetlərdə həmin aptek sahiblərinin adlarını göstərməli olacağıq.
Bununla bərabər Sovet xəstəxanası yerli həkimlərin və xəstələrin nəzərinə çatdırır ki, Sovet dərmanları ancaq Sovet xəstəxanasının aptekində mövcuddur ki, oraya müraciət etsinlər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113, 30.01.1946
***

Ərdəbildə gördüyüm
Keçmişlərdə bir neçə dəfə Ərdəbilə səfər etmişdim. O böyüklükdə şəhərdə bir səhiyyə quruluşu və səliqəli xəstəxana və ya heç bir növ müalicə servisi olmadığından biçarə əhalinin bütün sağlamlıq və səhiyyə sistemini xətərdə gördüm. Hətta, bir hadisə nəticəsində cüzi yaralanmış bir insan üçün azacıq da olsa bint tapmağa müvəffəq olmazdılar. Bu yaxınlarda yenə də yolum Ərdəbilə düşdü. Bu dəfə “Şir və Xurşid” xəstəxanasını doğrudan parlaq və geniş bir vəziyyətdə gördüm. Orada yaradılmış müntəzəm göz və cərrahiyə servisləri, ayaq üstündəki (ambulator – red.) xəstələr servisi gündə 100-150 nəfər göz xəstəsi, daxili və dəri xəstəliklərinə tutulmuşları, yaralıları və sair xəstələri məhəbbətlə və nəzakətlə qəbul edib düzgün müalicə edirdilər. Ondan əlavə 40-50 yataqlı “Şir və Xurşid” xəstəxanasında ağır xəstələr yatır. Olara ciddi müalicələr və tibbi yardımlar olunur. Həqiqətən, Ərdəbil şəhəri öz quruluşundan bu yana birinci dəfədir ki, Milli Hökumətin diqqəti altında bu əzəmətdə xəstəxana və sağlamlıq mənbəyini müşahidə edir. Əlbəttə, bu kimi tərəqqilər vətənimizin xalqını səadətə sövq edəcək və Azərbaycan milləti dünyada günü-gündən iftixar qazanacaqdır.

Qurban

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113, 30.01.1946
***

Sahir: Azərbaycanın meyvə bağları

Meyvə ağacları yer üzünün ancaq kiçik bir hissəsini tutur. Ekvatorun meşəlik yerlərində, qütbə yaxın qarlı və donmuş yerlərdə, susuz çöllər və dağlarda meyvə ağacları yoxdur. Əski dünyada meyvə bağları Aralıq dənizi sahilləri ilə qərbi Asiya, Türküstan və Pəncab ölkələrində geniş sahələri örtürdülər.
Azərbaycan Qərbi Asiyanın meyvə bağları məntəqəsində yerləşdiyi üçün böyük iqtisadi əhəmiyyətə malikdir və onun meyvələri müxtəlif, nəfis və boldur. Şah gölü dörd bir tərəfdən meyvə bağları ilə hörülmüş olan zümrüd bir halqa arasındadır. Belə ki, Salmas, Urmiya və Sulduzdan başlayıb Mahabad, Miyandoab və Marağaya qədər uzanar və Marağadan Səhəndin qərb ətəklərini seyr edib Xosrovşah, Sərdrudda genişlənir, sonra da Təbrizdə Acı çayın mənsəbindən tutub Basmıncın dərəsinə qədər irəliləyir. Bu bağlarda yetişən meyvələrin bir çoxu Aralıq dənizi iqlimində yetişən meyvə növlərindəndir: üzüm, badam, ərik, əncir, hulu, şaftalı və sairə.
Lakin dağlıq yerlərdə və havası sərin yaylaqlarda da yaxşı alma, armud, gilas, albalı və qoz ələ gəlir.
İkinci meyvə məntəqəsi Azərbaycanın şimalında Mişov dağının ətəklərində olan Mərənd, Zunuz və bütün güney mahalını tutur və oradan Savalan dağının ətəklərindən keçib Ərdəbil və Sərabda genişlənir. Mərəndin üzümlükləri, Zunuzun qızıl almaları və Qaradağın yaylaq meyvələri məşhurdur. Oranın sərin dağlıq yerlərində yaxşı gilas, alma və Araza yaxın aran nahiyələrində də bollu nar hasil olur. Ərdəbilin armudları və gilası, Sərabın irı və nəfis almaları bəlkə də dünyada bənzərsizdir.
Üçüncü meyvə məntəqəsi Qızılüzən hovzəsinə aid olur. Bura da Miyanadan keçib Zəncan çayı boyunca Xürrəmdərə və ona yaxın yaşayış məntəqələrini örtür. Bu nahiyələrdə üzüm bağları ilə almalıqlar və sair yaylaq meyvə bağçaları qarışıq bir halda nəzərə çarpır. Azərbaycanın isti və quraq yayları, bol suları, enerjili və maraqlı xalqı bu gözəl bağları yaradıblar. Azərbaycan meyvə bağları ilə fəxr edə bilər! Azərbaycanın quru meyvə ixracatı onun milli sərvətini artırır və onun meyvələri bütün dünya bazarlarında keyfiyyəti və dəyərliliyi ilə tanınıb.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113, 30.01.1946
***

Dostlar!
Cənubi Azərbaycanda milli mədəniyyətimizin inkişafı naminə görülmüş işləri əks etdirən bi elanı diqqətinizə təqdim edirəm.

Elan

Azərbaycanda rəssamlıq sənətini təşviq etmək və əhalini Azərbaycan rəssamlarının əsərləri ilə taniş etmək məqsədi ilə VOKS-un (ВОКС – Всесоюзное Общество Культурных Связей/Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyəti) Təbrizdəki mədəniyyət evində İran Azərbaycanı rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə iştirak etmək istəyən rəssamlar öz əsərlərini Sovet mədəniyyət evinin sərgri komissiyasına təqdim etməlidirlər.
Sərgiyə aşağıdakı əsərlər qəbul ediləcəkdir.
1. Karandaş ilə ifa olunmuş tablolar.
2. Yağlı və sulu rənglərlə ifa olunmuş tablolar.
3. Qələm ilə ifa olunmuş tablolar
4. Azərbaycan miniatürü
5. Xalça eskizi tabloları və xalçalar.
6. Çini eskiz tabloları
Əsərlər 1946-cı il fevral ayının 1-dən (bəhmən ayının 12-dən) mart ayının 15-ə (esfəndin 24-ə) qədər qəbul olunacaqdır. Əsərləri qəbul olunan bütün rəssamlara gümüş nişanlar və birincilik qazananlara isə əlavə olaraq 3 dərəcəli mükafat veriləcəkdir:
Birinci dərəcəli mükafat 5000 riyal
İkinci dərəcəli mükafat 3000 riyal
Üçüncü dərəcəli mükafat 2000 riyal
Sərgi iki ay davam edəcək, Təbriz və ətrafdan gələn əhalini rəssamların işləri ilə tanış edəcəkdir. Sərgi bağlandıqdan sonra əsərlər öz sahiblərinə qaytarılacaqdır.
Mədəniyyət evi sərgi komissiyası
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113, 30.01.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə