“Azərbaycan” qəzetinin səhifələrində - 10-cu yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 10-cu yazı

Azərbaycan milləti Azərbaycanı qəyyum və müşavir lazım olmadan idarə etməyə haqlı və qadirdir

İllər boyu Azərbaycanı özlərinə müstəmləkə etmiş və beş milyondan çox Azərbaycan millətinin pak niyyətindən, onun nəcabət və mərdliyindən sui-istifadə edib onu qul kimi işlətmiş, ona heç bir həyat haqqı vermədən zəhmətindən hasil olan milyardlarla sərvəti özlərinə park qayırıb, son model avtomobillər alıb bu naz-nemətlər dəryasında üzən fars mürtəceləri Azərbaycan millətinin öz hüququnu başa düşüb və öz müqəddəratını əlinə almasından bərk əsəbləşib meşə çaqqalları kimi ulamağa başlamışlar.
Bunlar Azərbaycan xalqının qanını soranlar, azərbaycanlıların əlinin zəhməti ilə ağalıq edib, onları söyüb təhqir edənlər, Azərbaycan şəhərlərini xarabazara döndərənlər, Azərbaycan millətini kor, bisavad, səhiyyə və mədəniyyətdən uzaq, yoxsulluq və fəlakətdə saxlayıb onların pulları ilə özləri üçün min cür lüks həyat şəraiti düzəldib ali istirahət mərkəzləri tikən və əslən azərbaycanlını insan yerinə qoymayan ağalar Azərbaycan milli hərəkatını bir macəra kimi və bu hərəkata qoşulan Azərbaycan xalqını isə macəra axtaran adlandırırlar. Bunlar, Azərbaycan xalqının bu qəddar düşmənləri tarix boyu Azərbaycan millətini “həmvətən” adı ilə aldadan fars mürtəceləri 40 ildir Azərbaycanda baş verən azadlıq hərəkatlarını Azərbaycan azadlıqsevərlərinin saf və sadəliklərindən sui-istifadə edərək öz xəyanətkar siyasətləri ilə boğub və onların mərhum Səttarxan, Bağırxan, Xiyabani və qeyriləri kimi başçılarını faciəli bir surətdə aradan apardılar. Bunlar “Azərbaycan coze layənfəke İranəst” (Azərbaycan İranın ayrılmaz hissəsidir – red.) cümləsini göydən gəlmə bir ayə kimi əllərində bəhanə edib hər bir islahatçı, mütərəqqi, öz vətən və millətinin səadəti üçün bir addım belə atmaq istəyən azərbaycanlını separatçılıq qamçısı ilə döyüb və “separatçı” kəlməsini köhnə axundların küfr dəyənəyi kimi əllərində bir silah etmişlər. Mən istəyirəm, məsələni lap açıq qoyam.
Əvvəla bilmək istəyirəm ki, Azərbaycan nə vaxt, kimin hüzurunda və kimin tərəfindən fars mürtəcelərinə satılıb və onun malikiyyət sənədi hansı qeydiyyatda imzalanmışdır ki, hökmən ayrılmaz bir hissə olsun. Azərbaycan heç kəsin deyil, o yalnız azərbaycanlılarındır və azərbaycanlıların da farslar ilə heç bir qohumluğu yoxdur və əslən onların dilini də belə bilmirlər. Əgər məsləhət olarsa, öz müqəddəratlarını onlar ilə şərik edərlər. Əgər məsləhət bilməzlərsə, lap divarlarını da belə gendən qoyarlar ki, Allah saxlasın, heç vaxt da dava olmasın və bizə də heç bir qəyyum lazım deyildir.
Qoy Azərbaycan haqqında azərbaycanlı danışsın. Fars mürtəcelərinin bu mövzuya dəxalət etmək haqları yoxdur. Bir sözlə, azərbaycanlı öz evinin yiyəsidir və “Azərbaycan İranın ayrılmaz hissəsidir” kimi puç, mənasız, cəfəng və indiki demokratik dünyaya uyğun olmayan cümlələr bizi aldada bilməz. Bu cümlə o deməkdir ki, Azərbaycan fars mürtəce ağalarının müstəmləkəsidir. Bu ağalar bir daha onu röyalarında görə bilərlər. Azərbaycan yalnız azərbaycanlılarındır və Azərbaycan milləti də onu istədiyi kimi qəyyum və məsləhətçi lazım olmadan idarə etməyə haqlı və qadirdir. Biz “separatçı” qamçısından qorxmuruq, qorxmağa heç əsas da yoxdur.
Azərbaycanlı özünəməxsus dil, ədəbiyyat, adət-ənənələrə malik bir millətdir və indiki demokratik dünyada öz müqədəratını müəyyən etməkdə tam müstəqildir və indiyə qədər də fars şovinistlərinin bu diri millətə hakimiyyət etdiyi kifayət edər. Biz azadlıq maskası altında gizlənən bütün fars şovinistlərinə açıqcasına deyirik, qoy onlar bilsinlər, Azərbaycan bizim ana yurdumuzdur və biz öz yurdumuza sahibik, istədiyimiz kimi onu idarə edəcəyik və bizə heç “anadan mehriban dayə” də lazım deyildir və buna əminik, hər kəs olursa-olsun, bütün həqiqi azadlıqsevərlər bizim bu müqəddəs və milli hərəkatımızı haqq biləcək və bizə kömək edəcəkdir. Biz də onları özümümzə dost bilib və böyük hörmət edəcəyik. Azərbaycan həqiqətinin bu təbii və qanuni haqqına hər yolla olursa-olsun, təcavüz edənlər Azərbaycan xalqının və onun azadlığının düşmənləridirlər ki, xalqımız axırıncı damla qanına qədər onlarla mübarizə edəcəkdir.
S. B.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 119, 6 fevral 1946-cı il

* * *

Novruz: Tehran radiosu milliyət məsələsini həll etdi

Keçən gecələr Tehran radiosu milliyət məsələsini şərh edərək bu nəticəni aldı ki, “İranda yaşayan insanların dillərinin kökü bir olduğu üçün biz onları bir millət kimi tanyıb “İran milləti” adlandırırıq. Siz də yəqin mənim kimi bu xəbəri eşidən zaman ictimai şərhçinin ağlına gülübsünüz. Ondan ötrü ki, bu sözün məntiqsizliyi hətta xırda uşaqları da aldada bilməz.
Bildiyimiz kimi İranda ərəb, mad, fars, kürd adlanan müxtəlif millətlər yaşayır. Hər birisi özünəməxsus bir dil ilə danışır. Həmçinin türkmən ilə ərəblərin millətini birləşdirmək olmaz. Siyası hoqqabazlıqlar ilə zahirdə bu millətləri birləşdirsələr də, batində heç zaman onları heç bir cəhətdən milliləşdirmək olmaz.
Tehran radiosunun şərhçisi milliyət üçün dili əsas məsələ götürür. Əgər o öz sözündən dönməzsə, biz də bu sözü təsdiq edərək qeyd etməliyik ki, 5 milyonluq Azərbaycan milləti də eynilə bu sözü deyirlər. Biz keçən xırmanları sovurmaq istəmirik. Hal-hazırda olan canlı sənədlər üzrə qərar verəcəyik.
5 milyonluq Azərbaycan xalqı bu gün özünəməxsus bir dillə danışır. Bu bir əbədi sənəddir. Biz bu sənəd üzü ilə qərar verib, Tehran radiosunun dediyi kimi, onu millət adlandırırıq. Tarixi keçmişləri ilə işimiz yoxdur. Midiya tarixini, Atropatena əməliyyatını, Şah İsmayıl Xətainin cəngavərliyini - hamısını kənara qoyub yalnız bir canlı sənədin üzü ilə Tehran radiosunun şərhçisinə cavab verərək qeyd edirik ki, sizin əqidənizcə, əgər milliyət dil ilə təyin edilirsə, 5 milyonluq Azərbaycan milləti vahid bir millət olaraq vahid bir dil ilə danışırlar.
Bu gün Azərbaycan dilini şirazlı, yəzdli, xorasanlı başa düşmür. Beləcə azərbaycanlı da onların dilini anlamayıb arpaya “cou” deyə bilməz. Milliyət məsələsi Tehran radiosu şərhçisinin həll etdiyi asanlıqla mümkün olan bir iş deyil. Cənab elə xəyal edir ki, əgər Salehabadda yaşayan ərəb, Astrabaddakı türkmən, Kaşandakı fars, Saqqızdakı kürd iki yüz il fars kabusu altında yaşadıqdan sonra xüsusi ehtiyaclarını təmin etmək üçün öz ana dillərində danışdıqları minlərlə cümələrin içərisində az hallarda doseyə “pərvəndə”, suya “ab”, darağa “şanə” deyirsələr də, onlara istinad edib “dillərinin kökü birdir” demək və bu ünvanla müxtəlif millətləri bir millət adlandırmaq olmaz!
Əgər dillərin kökü ilə milliyət təyin edilirsə, onda gərək Tehran şərhçisinə böyük bir müjdə verək ki, Əfqanistan milləti və Hindistanda urdu dilə ilə danışan millətlərin dillərinin də kökü fars dilindən olduğundan prinsipcə İran milləti adlandırılmalıdırlar. Beləliklə, Tehran şərhçi həzrətləri kiçik bir cümlə ilə böyük bir millətin kəşfinə müvəffəq olaraq hər cəhətdən təqdirəlayiqdirlər. Daha bundan sonra 15 milyonluq iranlı tilsimini sındırıb onun əvəzində 200 milyon iranlı yazmalıyıq.
Amma öz aramızda qalsın, hörmətli şərhçi özü də söylədiyi nitqə iman gətirməyib. Buna görə də o, çox şübhə ilə nitqin ortasında tez-tez “əgər siyası çətinliklər milliyətimizi pozmasa” cümləsini işlədərək elə xəyal edirdi ki, yanlışlıqlarını bu cümlə ilə düzəldib türkmən ilə ərəbi qol-boyun edəcəkdir. Lakin, heyhat!
Bu günə qədər Tehran bu sözlərlə müxtəlif millətləri həyat haqqından məhrum edərək öz siyasi günahlarına qurban verib. Amma yenə də görəsən, azadlıq nəsimindən sonra cənablar bu xam xəyallarına nail ola biləcəklərmi? Dünya bu suala mənfi cavab verir. Tehran şərhçilərinin bəyanatının əksinə olaraq bu günə qədər siyasi çətinliklər azərbaycanlını, türkməni, ərəbi tehranlıların rifahına qurban edərək onların milliyətlərini inkişafdan geri qoyub. Kimsə inkar edə bilməz ki, “İran milləti” adlı bir millətin zahiri varlığı (təcəssümü – red.) yoxdur və heç vaxt da biz bu cümlənin istifadəsində haqlı deyilik. Çünki başqa xüsusiyyətlərdan sonra əgər dili milliyət üçün əsas tutsaq, kürd, ərəb, türkmən, azərbaycanlı, fars - hər birisi də ayrılıqda milliyətə malik olaraq öz ana dillərində danışmalıdırlar.
Buna görə biz “İran milləti” əvəzinə “İran millətləri” ifadəsini qeyd etməliyik. Həqiqət getdikcə aydınlaşır. Dünya əməldə sübut edir ki, 4-5 milyonluq bir milləti heç vaxt bir ovuc xainə qurban etmək olmaz. Buna görə də Tehran radiosunun və onun məsləkdaşlarının bu sözləri bizi daha artıq müqəddəs məqsədimizi təqib etməyə təşviq edir.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 119, 6 fevral 1946-cı il
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə