“Azərbaycan” qəzetinin səhifələrində  - 12-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 12-ci yazı

Milli hökumətimiz xalqımıza səadət yolu göstərir!

Milli Hökumətimiz iş başına gəldiyi az bir zaman içərisində xalqımızın asayişi və səadəti uğrunda böyük addımlar atmışdır. Böyük bir sərvətə və məhsullara malik olan Azərbaycan xalqı keçmiş mürtəce hökumətin dövründə ac və çıplaq qalıb, çoxlu yetim və sahibsiz uşaqlar divarlar dibində küçə itləri ilə baş-başa yatardı. Xiyabanlarda və küçələrdə dilənçi əlindən keçmək çətin bir iş idi. İnsan bir şey aldığı zaman onu dövrəyə alan dilənçilərin “Ağa, mənə bir çörək pulu ver” səsləri göyə qalxardı. Bu yoxsulluq və fəlakətin səbəbkarları Tehran irtica hökuməti və Məclisdə (Parlamentdə - red.) əyləşən saxta vəkillər idi. Bunlar Azərbaycan xalqının fəlakət və səfalət içərisində yaşamasına çox çalışırdılar və bu faciələri gördükcə ləzzət alırdılar, Azərbaycana müstəmləkə gözü ilə baxıb azərbaycanlıya heç bir qiymət vermirdilər. Hətta Azərbaycan xalqının sərgərdan və dərbədər halda yaşamasına da çox səy edirdilər.
Rza xan hökuməti dövründə ölkəyə bəzi zavodlar gətirilsə də onları Mazandaran, ya da kəsif və pis ab-havası olan yerlərdə təsis etdilər. Onları Azərbaycanda tikmək istəmirdilər və bu yolla Azərbaycanda işsizlik böhranı yaratdılar. Xalqımız illər boyu öz vətənindən uzaq düşdü, minlərlə cavan oğullarımız öz ailələrinin dolanışığını təmin etməkdən ötrü qürbət diyarlarda aclıq və xəstəliklə əlbəyaxa olub sonda məhvə və fənaya doğru gedirdilər. Bu Tehran mürtəce hökumətinin bizə verdiyi “yağlı tikələrdən” (yalan vədlərdən – red.) bir nümunədir.
Nəhayət, bıçaq sümüyə dayandı. Xalqımız bir səslə ayağa qalxıb Milli Hökumətimizi yaratdı. Xalqımız Milli Hökumətimizi öz gözünün bəbəyi kimi sevir və hər qiymətə olursa-olsun, onu saxlayacaqdır.
Dövlətimiz xalqımızla bir yerdə olduğu üçün xalqımızın ehtiyacatını nəzərə alıb zavodlar və fabriklər, yetimxanalar, məktəblər və başqa bu kimi ictimai müəssisələr açmaqla bərabər günbəgün Azərbaycan xalqının asayişinə daha artıq maraq göstərir. Xalqımız Milli Hökumətimizin rəhbəriyyəti ilə günbəgün tərəqqi və təkamülə doğru gedir və azad yaşamağa imkan tapır.
Yaşasın milli dövlətimiz və ona rəhbərlik edən demokrat firqəmiz!

Zəbihulla Şərifi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 119, 6.02.1946

* * *

Hamıya, hamıya, hamıya

Əziz həmvətənlər!
Tarixin öhdəmizə qoyduğu şərəfli və iftixarlı vəzifələrimizi bu günədək başucalıqla yerinə yetirib nüfüzlü Firqə, Milli Hökumət, bir sözlə milli dövlətimizi yaratmaq arzusuna nail olmuşuq. Bu yolda bütün xalq ayağa qalxıb var qüvvəsilə çalışmışdır. Azərbaycanda bir şəhər, bir kənd, bir məhəllə, bir ev, bir oba tapılmaz ki, onun sakinləri bu qanuni haqqı almaq yolunda fədakarlıq göstərməmiş olsun. Xalqımızın düşmənləri belə onun vücuda gətirdiyi böyük hərəkatı inkar etməkdən acizdirlər. Minlərlə kişi, arvad və qocalarımız Milli Məclis seçkilərində göstərdikləri maraq və büruzə verdikləri hisslər, milli azadlığımızın sütununu və əsasını təşkil etmişdir. İndi artıq Azərbaycan milli dövləti elə bir həqiqətdir ki, onun davam etməsi və yaşaması bütün dünyanın ədalətpərvər və həqiqi demokrat ünsürlərinin arzularından ən mühümünü təşkil edir. Bu yolda xalqımız böyük istedad və qabilliyyət göstərmişdir.
Biz indi iki aya yaxındır ki, Tehran mürtəceləri və onların himayəçiləri olan dünya müstəbidlərinin əleyhimizə apardıqları şiddətli mübarizəyə baxmayaraq təşkil etdiyimiz Milli Hökuməti layiqincə idarə edib xalqımızın asayişi və tərəqqisi yolunda ciddi tədbirlər görməyə müvəffəq olmaqdayıq.
Xalqımız istər Firqəmizin sırasına daxıl olmaq, istərsə milli dövlətimizin qərarlarını icra etmək, istərsə də Milli Məclisimizin qanunlarını alqışlamaqla özünün ittifaq və birliyini sübut etmişdir. Artıq Azərbaycan tam mənasilə azad bir ölkə halına düşmüşdür. Bu ölkə yaşamaq və tərəqqi etmək istəyir. Bunu xalqımızın bütün üzvlərinə yetirmək lazımdır.
Qoy illərlə əzab, məşəqqət, aclıq və yoxsulluq atəşində yanan Azərbaycan xalqı bu müjdəni eşitməklə ozünə səadət qapılarının açıldığını görüb ruhlansın və gələcək nəsillərimizin insanca yaşaması imkanına iman gətirsin.
Əziz həmvətənlər!
Siz çox gözəl bilirsiniz ki, haqq və azadlığı aldıqdan sonra onu saxlamaq və ondan xalqın səadəti üçün istifadə etmək lazımdır. Demokrat Firqəsi və Milli Hökumət bu müqəddəs vəzifəni icra etmək zamanı gəlib çatdığını sizin nəzərinizə yetirir, aldığımız azadlığı göz bəbyi kimi saxlamaq lazımdır. İndi tarix bizdən bunu tələb edir.
Biz gərək bütün qüvvəmizi vətənimizin müdafiəsinə sərf edək. Fədailərimiz irticaçı dövlətin silahlı və müntəzəm qüvvələrini silah gücüylə sürükləyib müqəddəs torpağımızdan çıxartdılar. İndi minlərlə cavan və igid oğullarimiz dağlarda, dərələrdə, izsiz, nişanasız çöllərdə ağ qarlar üstündə azadlığımızın qorunması işi ilə məşğuldurlar. Hələ də onların tüfnəglərinin gurultusu Tehran mürtəcelərinin qulaqlarında səslənməkdədir, Hələ də Azərbaycan qəhramanlarının adı bütün İran mürtəcelərinin vücüdünü lərzəyə salmaqdadır. Bunu heç kəs inkar edə bilməz. Lakin bu kafi deyildir.
Azadlıq düşəmənləri bu sadəliklə bizi öz halımıza buraxmayacaqlar. Onlar İran xaricində apardıqları xain təblığat və diplomatik fırıldaqlardan məyus olduqdan sonra əleyhimizə silahla çıxa bilər, top, tüfənq və təyyarə vasitəsilə xalqımızı dizə çökdürüb əsarət altına salmağa vadar etmək istər, bunu heç vaxt unutmayın.
Əziz həmvətənlər!
Biz dünyaya isbat etmişik sülh və saziş tərəfdarıyiq. Hətta bir nəfərin bir qətrə qanının axmasına razı deyilik. Amma irtica qan istəyir, göz yaşı tələb edir, ah-nalədən ləzzət alır. Biz artıq qoyun deyilik, əl-qolu bağlı şəkildə özümüzü cəlladlara təslim edə bilmərik. Diri millətlərin, qəhraman millətlərin və özələrinin azadlıq və səadətini düşünən millətlərin sadə, amma möhkəm şüarları vardır:
Yaşamaq istəyirsən, ölümə hazır ol!
Biz bu şüarı bir an unuda bilmərik. Silah qarşısına silah ilə çıxmalı və qoşuna qoşunla cavab verilməlidir.
Xalqımız aciz, düşgün və biçarə deyildir, onun tarixi qəhramanlığı heç bir vaxt unudulmaz. Hələ indi də qızılbaş ordusunun adi eşidildikdə məğrür komandirlər və qüdrətli sərkərdələrin başları ehtiram ilə əyilir.
Bu ordunu Azərbaycan doğub vücuda gətirdiyi üçün yenə də belə ordu doğa bilər. Bu qəhraman ana, oğullar doğmaqda öz imtahanını vermişdir.
Azərbaycan sakit bir diyardır, lakin onun dəhştli tufanı qalxdıqda dünyanı öz gurultusu ilə doldurar və bəşriyyəti düşünməyə vadar edər. Bu tarixin şahid olduğu böyük işlərdəndır.
Əziz həmvətənlər!
Millətimizin rəhbəri olan Firqəmiz və xalqımızın səadətini təmin etməyə çalışan Milli Hökumətimiz sizi aldığınız azadlığı saxlamağa dəvət edir, hər bir Azərbaycanlı bu gündən etibarən bu yolda çalışmalıdır.
Azadlığımizi ancaq milli qüvvə, müntəzəm silahlı qoşun olmadan qorumaq olmaz, bu isə bütün xalqın silah başına keçməsi ilə mümkün olacaqdır. Ona görə də, Firqə və dövlət silah götürməyə qadır olan bütün azərbaycanlıları xalq qoşunları sırasına çağırır. Qoy xalq inanıb rəhbər kimi tanıdığı Firqənin və seçib rəhbər kimi tanıdığı Firqənin və seçib iş tapşırdığı milli dövlətin bu çağrışını eşitsin, vahid bir insan kimi ayağa qalxsın.
Qoy fədai dəstələri təşkilində göstərilən ümumi ruh bir daha yüksəlsin, qoy analar, bacılar, qoca nənələr bir daha cavanlarımızı öpüb vətən və azadlığımızı müdafiə etmək üçün milli qoşuna göndərsinlər. Qoy bütün Azərbaycanı şadlıq səsləri bürüsün. Qoy bütün Firqə üzvləri işlərini-güclərini müvəqqəti surətdə tərk edib kənədlərdə, şəhərlərdə, küçə və məhəllələrdə mitinqlər, yığıncaqlar təşkil edərək xalqı milli vəzifəni yerinə yetirməyə təşviq etsinlər. Qoy ruhanilərimiz minbərlərdə, məscidlərdə cavanlarımızı vətən müdafiəsi uğrunda cihada dəvət etsinlər, qoy millət dünyaya bildirsin ki, o bir nəfər qalana dək öz azadlıq və istiqlalını müdafiə edəcəkdir. Azərbaycanlı milli dövlət təşkili ilə öz axır sözünü demiş, öz müqəddəratını təyin etmişdir.
Ya azad yaşamaq, ya iftixarla ölmək. Bu millətimizin axır sözüdür, bu sözləri dünyaya elan edən milləti Azərbaycan xaricində aparılan hiyləgər qərarlara tabe etmək olmaz. Azərbaycanlı ölə bilər, amma tutduğu haqq yoldan dönməz. Ölümə hazır olan yaşar və istədiyini alar. Biz yaşayıb istədiyimizi almışıq və ölməyə hazır olduğumuz üçün onu saxlayacağıq. Çünki ölməkdən qorxan millətlərdən deyilik.
Həmvətənlər! Qoy Azərbaycanın bütün canlı insanları, hətta cansız daş və toprağı, milli azadlığımızı müdafiə etməyə and içsin, qoy dünya bilsin ki, bizim ölkəmiz sahibsiz, millətimiz başsiz deyildir.
Əziz həmvətənlər!
Millətimizin iradəsini təmsil edən Məclis millətimizin milli vəzifə və xalq qoşunları təşkili haqqında təsdiq etdiyi qanunun icrası zamanı gəlib yetişmişdir. Bu qanunu icra etmək üçün Xalq Qoşunları Nazirliyinə tapşırıq verilmiş, iş ciddi sürətdə başlanmışdır. Firqəmiz, cavanlarimiz, ata-ana, bacı-qardaş, gəlin-qız, uşaq-yaşlı, nəhayət, bütün xalq imtahan qarşısındadır. Bu böyük imtahandan başı uca çıxmağa çalışmalıyıq, bu vaxtadək mitinqlər, toplantılar, iclasda verdiyiniz söz, içdiyiniz andları indi əməldə isbat etməlisiz.
Bütün millət bu müqəddəs vəzifənin Azərbaycan adına layıq bir surətdə yerinə yetirilməsi yolunda təşkil edilməlidir.
Bu işdə Firqə təşkilatları, cavanlar və qadınlar cəmiyyətləri ciddi surətdə təblığat aparmağa borcludurlar. Böyük iş başlanmış və böyük müvəffəqiyyətlə qurtaracaqdır.
Yaşasın xalqımız, yaşasın onun azadlığını alan fədailərimiz, yaşasın bu azadlığı müdafiə edən milli qoşunümüz.

Azərbaycan Demokrat Firqəsinin Sədri, Azərbaycan Milli Hökumətinin Baş Naziri Pişəvəri

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 120, 7 fevral 1946-cı il
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə