“Azərbaycan” qəzetinin səhifələrində  - 13-cü yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 13-cü yazı

Təbriz qalabəyliyində

Aldığımız xəbərə görə Təbriz qalabəyliyində hər gün “Azərbaycan” qəzetini savadsız fədailərə rəsmən oxumaqdadırlar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 121, 8.02.1946

***
21 Azər medalı

Milli Hökumətin 7 fevral 1946-cı il tarixli iclasında fədai hərəkatında müstəqim və qeyri-müstəqim surətdə iştirak edənlərin şərəfini təzmin etmək üçün onlara “21 Azər” adlı bir medal verilməsi qərara alınmışdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 121, 8.02.1946

***
Həmid Nikpur: İki aydan tez meyvə verən ağac

Hamıya məlum olduğu kimi Azərbaycanda meyvə ağacları ildə bir dəfə meyvə verərlər. Eyni zamanda bu ağacların meyvəsi də dərildikcə azalar.
Amma bu il dekabr ayının 12-də (21 Azər günü – red.) Azərbaycanda elə bir meyvə ağacı göyərdi ki, hələ iki ay keçmədən meyvə verməgə başlayıbdır. Bu ağacın o biri ağaclardan fərqi odur ki, bunun meyvəsi dərildikcə çoxalır və ləzzətlənir. Hətta bu ağacın meyvəsinin ətri Azərbaycandan kənara da yayılıb digərlərinin həsrətlərinə səbəb olur.
Bu ağac da ibarətdir Azərbaycanın Milli Hökumətindən. Meyvə ağacı adlandırdığımız Milli Hökumətin meyvələri ibarətdir siyasi, ictimai və iqtisadi azadlıqdan, daha doğrusu xalq maarifindən, dil, qələm və məfkurə azadlığından. İndi biz öz ana dilimizdə elm ocaqları yaratmaqla xalqımızı cəhalətdən xilas etməyə nail olmuşuq. İndi artıq Azərbaycan idarələri azərbaycanlıların öz əllərinə tapşırılıb.
İşsizliyin aradan götürülməsi, məmləkətimizin abadlaşması və sənayeləşməsi üçün böyük əməli tədbirlər görülüb. Nahəyət xalqın yaşayışının yaxşılaşması, yəni yaşayış səviyyəsinin aşağı endirilməsinin qarşısının alınması sahəsində də bir sıra tədbirlər həyata keçirilib.
Hamı təsdiq edər ki, keçən il bu vaxt buğdanın batmanı (1) 20-25 qran (2), ətin batmanı 18-20 tümən, yağın batmanı 60-65 tümən, yumurtanın biri 9 abbası (3) 2 qrana idi. Bu Azərbaycan azuqəsi də Tehran müftəxorlarının qarınlarının və boyunlarının yoğunlamasına gedirdi. Indi isə, bildiyimiz kimi, Milli Hökumtimiz azuqənin Azərbaycandan xaricə getməsini qadağan edib. Baş nazirimiz cənab Pişəvərinin öz nitqində dediyi kimi: “İndiyə qədər azərbaycanlılar yağ, yumurta, toyuq yeməyiblər, qoy bundan sonra da özləri yesinlər”. İndi əgər yeyinti şeylərinin qiymətini keçən ilki ilə müqayisə etsək, görəcəyik ki, azı 2-3 qat ucuzlaşıb. Bu da yalnız Milli Hökumətimizin xalqımıza olan diqqətindəndir. Xalqın asayişindən ötrü iki ay ərzində bu qədər böyük addım atılıbsa, gör, əgər iki il keçsə, yəqin ki, vətənimiz vəd olunan behiştdən dala qalmaz. Amma məşhur bir məsəl var, onda deyilir ki, “könlü balıq istəyən, gərək quyruğunu qoya soyuq suya”. Bizim Milli Hökumətimizdən gözləntilərimiz olduğu kimi, onun da bizdən böyük gözləntiləri vardır.
Adətən, əgər meyvə ağaclarına bağban qulluq etməzsə, ağaclar da meyvə gətirməz. Bəs, gərək biz də öz ağacımızın sadiq bağbanı olaq ki, ondan da xəcalət çəkmədən meyvə tələb edək. Necə ki, el arasında deyirlər, “əl-əli yuyar, əl də qayıdar üzü yuyar”. Ona görə də özlərinə səadət axtaran azərbaycanlılar Milli Hökumətimizi hərtərəfi qüvvətləndirməlidirlər.
1- Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. Hülakü hökmdarı Qazan xan dövründə (1295-1304) Təbrizdə bir batman 260 dirhəmə (832 qr-a) bərabər tutulmuşdur. Səfəvilər dövründə 832 qramlıq batman artıq işlək deyildi. Osmanlıda isə ağırlık ölçü vahidi olan 1 batman (6 okka) 7,69767 kg-a (yuvarolaq 8 kq-a) bərabər olmuşdur.
2- Qran Qacarların hakimiyyəti illərində İranın pul vahidi olmuşdur. 1932-ci ildən sonra qranı rial əvəz etmişdir. Belə ki, 1 qran 1 riala bərabərdir. 10 rial isə 1 tümənə bərabərdir.
3- Abbası XII əsrdə Səfəvilər dövlətində rəsmi pul vahidi olmuşdur. 1 abbası 4 şahıya bərabərdir. 20 şahı isə 1 qran (1 rial) təşkil edir.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 120, 7.02.1946

***

Elan

Şəhər idarəsi tərəfindən elan olunur ki, şəhər əhalisinin sağlamlığından və rahatlığından ötrü artıq neçə gündür şəhərdə gəzən itlərin bələdiyyə məmurları tərəfindən zəhər vasitəsilə tələf edilməsinə başlanmışdır. Bu vasitə ilə bildirilir ki, ev itlərinin sahibləri öz itlərinin boynuna xalta bağlasınlar ki, məmurlar tərəfindən yanlışlıqla zəhərlənməsinlər.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 120, 7 fevral 1946-cı il.

***
Xalq qoşunlarının təşkili haqqında Milli Hökumətin qərarı

Xalq Qoşunları Nazirliyinə.
Milli Məclisin 11 dekabr 1945-ci il tarixli 4-cü ümumi iclasında xalqı qoşunlarının təşkili haqqında təsdiq etdiyi qanunu 5 fevral 1946-cı il tarixli iclasında 3-cü maddəyə aid təsdiq olunmuş düzəlişə riayət etmək şərti ilə icra etməlidir.
Azərbaycan Milli Hökumətinin Baş naziri Pişəvəri

***
Qaradağa bir baxış
“Azərbaycan” qəzeti redaksiyasına.
Cənab müdir, göstərişinizə uyğun olaraq Azərbaycanın tarixi və coğrafi barədə nəzərdə tutulan yazıları Qaradağdan başlamaq istəyirəm.
Bu vilayət 18 mahaldan təşkil olunmuşdur. Bu vilayət iqtisadi-coğrafi cəhətdən demək olar ki, bütün Azərbaycan üçün əhəmiyyətlidir. Belə ki, onun düzənlik ərazisi olduğu kimi Əlborz kimi dağı da var. Aran yerlərində hər cür isti yerlərə aid pambıq, ipək kimi məhsullar, hər növ meyvələr, yaylaqlarında isə bollu dəmyə arpa, buğdadan əlavə paxlalı bitkilərin ən əla növləri çox yaxşı əmələ gəlir.
Bunlarla bərabər bu unudulmuş diyarda çox mühüm tarixi abidələr də mövcuddur. O cümlədən bu vilayətdə bir-iki heyrətamiz qala vardır. Bunların birisi tarixin qəti surətdə göstərdiyinə görə Təbriz şəhərinin şimalında Babək Xürrəminin məkanıdır.
Hələlik burada o iki qaladan birinin təsviri verilir.
Əvvəlinci qala Təbrizin təqribən, 10 ağaclığında , Qal kəndi ilə Çoşun kəndi arasında yerləşir və Çoşun qalası adlanır. Heç bir yazıda dünyada mislinin (oxşarının – red.) olması nəzərə çapmayan bu qala bir meşəliyin arasında yerləşən və təqribən silindr şəklində bir qayadır. Yaşını təxmin edə bilmərəm. Bir sıra məlumatlara görə qalanın ucalığı 300-400 metr təxmin olunur. Təbiət bu nadir təbii qalanın qülləsinə çatmağa heç bir tərəfdən insana və hətta, iti dırnaqlı heyvanlara da yol verməyibdir. Məlum deyildir ki, hansı tarixdə (yəqin ki, islamın zuhurundan qabaq) insan övladı bu simurğlar (fenikslər – red.) məkanına yol tapmaq istəyib. İnsanlar şimal tərəfədəki bir təpənin başından münasib bir yerdən spiral şəklində pillələr qazmağa başlayıblar və beləliklə bu sıldırım daşın qülləsinə yol tapıblar, pillələrin hər dönümündə (döngəsində - red.) daşdan bir qaravul evciyi qazıb yaradıblar. Qalanın qülləsindəki səhtin və ya ərazinin sahəsi ən azından iki kvadrat kilometrə gəlir. Məlum olur ki, qalanın qülləsinə yol tapandan sonra iki növ ev və məskən düzəltməyə başlayıb və hazır ediblər. Biri daş parçalarından və xalis gəcdən, ikincisi isə daşdan mağara kimi qazmaqla düzəldilib. Amma məlum olmayan tarixdə bu tikintilər əl ilə xarab olunub, izləri qalır.
Gələk su məsələsinə. Daşdan bir neçə böyük və kiçik hövuzlar, su anbarları qazılıb və qala qülləsinin səthindəki ərazinin hər tərəfindən arxlar və xətlər çəkilib, hamısının başları da hovuzlara və anbarlara birləşdirilib. Bu üsulla qar və yağış suları hovuz və anbarlara cəm olurmış, su ehtiyacı bu yolla təmin edilərmiş. İndi də bu qala başında yaşayan ahu (dağ keçisi) dəstələri həmin pillələrdən çıxıb həmin sulardan istifadə edirlər. Bu cür göllərdən böyük olanları indi qamışlıq halı alıblar. Lakin anbarlar elə bir şəkildə qazılıblar ki, üstləri örtülü olub (çatılı deyirlər) və həm də onlar dərin və böyükdürlər.
Qalada yaranma tarixi və keyfiyyəti bildirən heç bir üslubda bir yazı gözə dəymir. Bununla belə həmin daşdan qazılma su anbarlarının birnin lap dib divarında bir işarə görünür. Məsafə uzun və qaranlıq olduğundan gözlə görmək və su çox və dərin olduğundan isə irəli getmək olmaz. Mən durbin vasitəsilə xətti oxudum. Nadanlar tüfəng gülləsi ilə xəttin çox hissəsini məhv ediblər. Aşağıdakı cümlə “kulçə bent haman sənə səbin və səbanə” şəklində aydın oxunur.
Qalanın başından aşağıya döru olan hündürlüyün üçdə biri qədər qara mümya mədəni var ki, bəzən parçaları axıb tökülür və kəndlərdə qır yerinə işlənir.

M. Ş. D.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 119, 6.02.1946
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə