“Azərbaycan” qəzetinin səhifələrində  - 19-cu yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 19-cu yazı

M. Müciri: "Mübarizəmiz davam edir!"

İkinci Dünya müharibəsi bəşəriyyətə ağır və kəskin zərbələr vurdusa da, nəticədə dünya ictimai fikrində yeni bir duyğu əmələ gətirdi. Bu fikir dəyişikliyi yalnız Avropada deyil, eyni zamanda bütün dünya millətləri, xüsusilə əsrlər boyu imperializm təpiyi altında əzilmiş Şərq ölkələri arasında indi həqiqət və azadlığa doğru gedən qızğın mübarizələrdən daha aydın anlaşılır.
Hələ müharibənin odları, alovları içərisində həyata çıxan siyasi və ictimai hadisələr dünya xalqlarını aydıncasına düşündürürdü ki, bir daha millətləri əsarət altında saxlayaraq onların zəhmət haqqlarından istifadə etmək üçün meydana çıxarılmış köhnə ictimai üsulların son zamanı gəlib çatmışdır. Ona görə müharibə qurtaran kimi illər boyu istismar əsarəti və ya nüfuzu altında yaşayan xalqlar əllərində olan silahlarla imperializmin təhdidinə baxmayaraq əsarət zəncirlərini əbədi olaraq qırıb öz azadlıqları uğrunda milli mübarizəyə başladılar.
Nəhayət, bu gün dünyanın hər bir nöqtəsində illər boyu əsarət altında ömür sürən insanlar qəhrəmancasına öz azadlıqları uğrunda qızğın mübarizəyə girişiblər. Bu milli mübarizələr içərisində odlar ölkəsi sayılan doğma Azərbaycanımızın müqəddəs hərəkatı ən mühüm və görkəmli bir yer tutur. Ona görə ki, Şərq millətləri içərisində tarixlər boyu öz istedadını və milliyətini sübuta yetirmiş olan Azərbaycan xalqının bu milli və müqəddəs qiyamı yəqin bir zamanda həqiqətə və azadlığa doğru başlanacaq Şərq ölkələri inqilabının iftixarlı bir müqəddiməsidir.
Daha doğrusu, bu gün Azərbaycandan parlayan səadət və azadlıq günəşi bütün istismar altında saxlanan şərq ölkələrini işıqlandıracaqdır. Nəhayət, Azərbaycan xalqının bugünkü milli hərəkatı 20-ci əsrin Şərq inqilabı tarixində qızıl qan ilə yazılmış bir sərlövhə təşkil edəcəkdir. Azərbaycanın qəhrəman xalqı bütün dünya millətlərinə fəxrlə bildirdi ki, başqa diri millətlər kimi azad həyat qurmağa istedadı və qüdrəti vardır. Bütün məzlum millətlər tərəfindən azadlığa doğru aparılan mübarizələr şiddətlənərkən əsarətin qara buludları asimandan çəkilib və “istismar” kəlməsi bütün dünya millətləri lüğətindən silinir.
"Yaşasın azadlıq, məhv olsun əsarət!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 125, 13.02.1946

***
“Edib sabit “Ənəlhəqq” kəlməsin mənsuri-hürriyyət” misrasında şair Hüseyn Əli Zadeqan dahi Azərbaycan şairi İmadəddin Nəsimidən bir kəlmə - “Ənəlhəqq” (“Haqq mənəm”) kəlməsini işlətməklə İran daxilində Azərbaycan azadlığının (muxtariyyətinin), azərbaycanlı kimliyinin (milli kimliyinin) qəbul olunmuş BMT Nizamnaməsinə (Mənşuri-hürriyət) uyğun olduğunu və orada öz təsbitini tapdığını vurğulayır.
Hürriyyət
Fəzayi-Azəristan nurbaran oldu ədl ilə
Şəqavət pərdəsi getdi, açıldı dövri-hürriyyət.
Bu gün millət alıb öz həqqi-mətlubin qiyam ilə
Edib sabit “Ənəlhəqq” kəlməsin mənsuri-hürriyyət.
Qaçıbdur ğuli-zülm (1), eylər təbəssüm huri-hürriyyət
Toluə (2) saldı parlaq ulduzun mənşuri-hürriyyət (3).
Bahar oldu, xəzan keçdi, fəza dilkeş, hava xürrəm
Çəməndə qəddin açdı nərgisi-məxmuri-hürriyyət (4)
Fəraqi-yardan (5) illər boyu həsrət çəkən bülbül
Gül üstündə qəzəlxandır, başında şuri-hürriyyət (6).
Tamaşaya gələn millət tutub gül dəstəsin əldə
Hamı xürrəmdil (7) və xəndan (8) olub məsruri-hürriyyət (9).
Gedib, Əlhəmdülillah, millətin vəzi-əsfnakı (10)
Təmamən rədd olub yolda olan məxduri-hürriyyət (11).
Fəzayi-Azəristan nurbaran oldu ədl ilə (12)
Şəqavət (13) pərdəsi getdi, açıldı dövri-hürriyyət.
Bu gün millət alıb öz həqqi-mətlubin (14) qiyam ilə
Edib sabit “Ənəlhəqq” kəlməsin mənsuri-hürriyyət.
Moşəşə dövr ze bəs ke divi-istibdadı kor etdi (15)
Tələli (16) turi-himmətdən (17) edən bər (18) nuri-hürriyyət.
Bu gün bir nöqtə var, lazımdı yoldaşlar hamı bilsin,
O kəslər ki, edib bu ölkədə məmhuri-hürriyyət (19).
Əgər ki cəhd edib Milli Hökumət, etmişük təsis
Fərari salmışıq, hər kəs olub mənfuri-hürriyyət.
Vəli (20) bundan sora lazımdı möhkəm pərçəmin (21) tutsun
Biz Azərbaycan oğlanları məmuri-hürriyyət.
Rəşadətlə vətəndaşlar gərəkdir əl-ələ versin,
Əməldir ittifaqilə fəqət mənzuri-hürriyyət (22).
Bu nehzət (23) üstə azərbaycanlı adlanar hətmən (24)
Təvarixin (25) derəxşan (26) səfhəsində puri-hürriyyət (27).

Hüseyn Əli Zadeqan
1. zülm nəhəngi
2. sübh çağı
3. azadlıq xartiyası (BMT-nin Nizamnaməsi nəzərdə tutulur – S.B.)
4. azadlığın xumar nərgiz gülü
5. yarla ayrılıqdan
6. azadlıq istəyi, ehtirası
7. şad qəlbli
8. gülərüz
9. azadlıq xoşbəxti
10. acınacaqlı vəziyyəti
11. azadlığın düşməni (məxdur – meşədə gizlənən şir mənasındadır)
12. Misranın tam açıqlaması: “Azərbaycan başdan-başa ədalət nuruna qərq oldu”
13. zülm
14. istədiyi haqqını
15. Misranın tam açıqlaması: Dövrün həddən artıq olan parıltısı istibdad divini kor etdi
16. “tələl” – öndər
17. himmət toru
18. üzərində
19. təsdiqlənmiş, qəti olmuş azadlıq
20. amma
21. bayrağını
22. azadlığın hədəfi
23. hərəkat
24. hökmən
25. tarixlərin
26. parlaq
27. azadlıq övladı
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 125, 13 fevral 1946-cı il
***
Yuqoslaviya mətbuat attaşesinin Azərbaycan haqqında sözləri
TASS (Sovet İttifaqı Teleqraf Agentliyi – red.) agentliyi tərəfindən tərtib edilmiş mətbuat ziyafətində cənab Pavel Miyoviçə müdirimiz tərəfindən Azərbaycandan hansı duyğularla ayrılmaları haqqında verilən suala belə cavab verdilər: “Mən Azərbaycanda qəhrəman və mübariz bir xalq ilə tanış oldum ki, öz azadlığı və haqqı yolundakı mübarizəsi ilə fəxr edir. Dünyada az millət tapmaq olar ki, öz milli varlığı ilə azad olmuş Azərbaycanda olduğu kimi fəxr etsin.
Mən inandım ki, bütün Azərbaycan xalqı öz Milli Hökumətinə bağlı və sadiqdir və həmişə onun dalında getməyə hazırdır. Mən müşahidə etdim ki, Milli Hökumət qurulandan bəri Azərbaycanda milli mədəniyyət yaratmaq yolunda böyük qədəmlər götürülmüşdür. Azərbaycanlılar arasında mən bir nəfərə rast gəlmədim ki, başqa bir millətə ədavət bəsləsin. Azərbaycan hərəkatının böyük müvəffəqiyyətlərindən birisi də budur ki, bütün mədəni ölkələrdə olduğu kimi xanımlara kişilərlə eyni hüququ vermişlər.
İranın ən ağır bəlalarından olan tiryək, fahişəlik bəlası artıq Azərbaycanda demək olar ki, yoxdur. Azərbaycan bütün iqtisadi çətinliklərlə mübarizədə qalib çıxmaqdadır. Bu müvəffəqiyyətlərə az bir zamanda nail olan bir xalq milli-azadlıq haqqına və milli istiqlalına tamamilə layiqdir. Milli məsələni ləyaqətlə həll edən Yuqoslaviya xalqları arzu edirlər ki, Azərbaycan milləti də öz milli mübarizəsində axıra qədər müvəffəq olsun. Vəssalam.”
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 125, 13.02.1946

***
Ozünə inanmış millət
"Özünə inanan heç bir millətin hakimiyyət və azadlıq haqqına təcavüz etmək olmaz".
İllər boyu fars mürtəce müstəmləkəçilərin müxtəlif vasitələrlə yeritdikləri zəhərli təbliğata baxmayaraq iftixarlı firqəmiz tərəfindən verilən möhkəm təkan sayəsində xalqımızda böyük bir iman və inanc ruhu oyanmışdır. Firqəmizə və xalqımıza arxalanan Milli Hökumətin verdiyi qərar və göstərişlərin böyük səmimiyyət və hörmətlə qarşılanması da bu üzdəndir. Müvəqqəti, amma təsir gücü olan şiddətli böhrana baxmayaraq xalqın vergi verməyə göstərdiyi maraq Milli Hökumətin və təhlükəsizliyin qoruyucusu olan fədailərimizə münasibətdə büruzə verdiyi məhəbbət və ehtiram səmimiyyət və hörmətin böyük nişanələrindən ibarətdir.
Qəzetimizdə təşkil edilən hədiyyə komissiyasına axan hədiyyələr seli indiyə qədər ölkəmizdə təsadüf edilməmiş bir həyəcan nümunəsidir. Hər kəsin əlində nə varsa onu riyakarlıq və bəhanə olmadan fədailərə hədiyyə etməyə can atır. Komissiyaya yetişən hədiyyələr çoxlu sayda, müxtəlif və növbənövdür. Bunların içərisində qoca qadınların əli ilə toxunmuş corablara, yun köynəklərə, başmaqlara, çuval və xurcuna, xülasə hər cür şeylərə təsadüf olunur. Ən yoxsul adamlar belə öz gəlirlərindən can-dil ilə fədailərə bir hissə ayırırlar.
Bu marağın ən böyük nümunə və nişanəsi isə Milli Hökumətin hər şeydən mühüm və böyük fərmanı, Xalq Qoşunu və hərbi xidmət barəsində olan qərarı böyük şadlıq həyəcanı ilə qəbul etməsidir. Hərbi xidmət elanlarının Təbrizdə oyandırmış olduğu ruh yüksəkliyi gözlənilməz və misilsiz idi. Bunlar hamısı millətin özünə inanmasını və sarsılmaz qüdrətinə diqqət yetirməsinin birinci nəticələridir. Odur ki, Yuqoslaviya mətbuat nümayəndəsi gördüyü mənzərələrdən bu qənaətə gəlmişdir ki, “dünyada az millət tapmaq olar ki, öz milli varlığı ilə azad olmuş Azərbaycanda olduğu kimi fəxr etsin”.
Baş nazirimiz cənab Pişəvəri də dünən nəşr etdiyimiz nitqində bu məsələyə işarə etmiş və Azərbaycan millətində oyanmış iman və iftixardan bir nümunə göstərmək üçün bir xarici nazirin sözlərini belə bəyan elmişdir: “Mən bir xarici ilə danışırdım. O deyirdi ki, mən qabaqca kəndliləri ağır yük altında əzilmiş kimi başaşağı və kədərli görürdüm. Amma indi həmin kəndlilər paltarlarının cırıq və köhnə olduğuna baxmayaraq başlarını uca tutub özlərini müstəqil insan hesab edirlər”.
Bu iman və inanc bizim gələcək səadətimiz və xoşbəxtliyimizin ən möhkəm və qüdrətli təməli və bünövrəsidir. Özünə inanan heç bir millətin hakimiyyət və azadlıq haqqına təcavüz etmək olmaz.
"Azərbycan" qəzeti. ADF orqanı, Təbriz, say 125, 13.02.1946

***
Həmid Nikpur: Xalqımızın duyğuları
“Ya azad yaşamaq, ya şərəflə ölmək”. Azərbaycan xalqı birlikdə böyük bir mehriban ailədən təşkil olunmuşdur. Adətən bir ailə öz təhlükəsizliyini təmin etməkdən ötrü yaşadığı evin divarlarını uca və möhkəm edər. Azərbaycan xalqının da içərisində yaşadığı böyük evi onun ana vətənidir. Ona görə də bu geniş evimizin təhlükəsizliyi üçün yıxılmaz möhkəm bir divara ehtiyacımız vardır.
O divar da ibarətdir Azərbaycan cavanlarının yaratdığı xalq qoşunumuzdan. Tarix canlı bir şahiddir ki, qüdrətli bir qoşuna malik olmayan bir millət özgələrin ayaqları altında tapdalanar. Biz bunu heç vaxt unuda bilmərik ki, vətənimizdən azğın saldığımız düşmən öz xain təşəbbüsü ilə bizim sərhədlərimizi təhdid etməklə vətənimizdən ötrü təhlükə yaradacaq. Bununla da bizə ölkəmiz daxilində dinc quruculuq işlərimizə maneçilik göstərməyə səy edəcəkdir. Ona görə də firqə və hökumətimiz xalq qoşunlarının bu tezliklə yaranmasını vacib və lazım bilib bunun əməli olmasını Xalq Qoşunları Nazirliyinə tapşırmışdır.
Hələ Xalq Qoşunları Nazirliyimiz bu işə başlamamışdan qabaq cavanlarımız böyük ruh yüksəkliyi və duyğu ilə bu fərmanı qarşılamaqdan ötrü fevral ayının 9-dan hər gün şəhərlərimizin xiyabanlarında sevinclə “Yaşasın Azərbaycanın Xalq Qoşunu” və bu kimi başqa şüarlarla dolanırlar. Bununla da xalqımız “Yaşamaq istəyirsən, ölümə hazır ol” şüarının əməli surətdə həyata keçirilməsini sübut edir. Bizim xalqımız azad və namusla yaşamaq istədikləri üçün ölümdən də qorxmayacaq. Bu bizim daimi şüarımız olmalıdır: “Ya azad yaşamaq, ya şərəflə ölmək”
"Azərbaycan" qəzeti. Adf orqanı, Təbriz, say 124, 12.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.