“Azərbaycan” qəzetinin səhifələrində  - 20-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 20-ci yazı

Milli və vicdani vəzifəmiz!
Doğma, cavan qardaşlarıma.
İllər boyu azrusunu çəkdiyimiz, tarixlər boyu həsrətində qaldığımız Milli Hökuməti nəhayət, öz qızıl qanımız ilə əldə etmişik. İndi isə onu əldə saxlayıb və salamət şəkildə gələcək nəslimizin əlinə tapşırmaq xalqımızın, xüsusən biz cavanların qarşısında duran ən əsas milli vəzifəmizdir. Göz bəbəyi qədər istədiyimiz milli dövlətimizi əldə etmək üçün nə qədər fədakarlıq göstəririksə, onun müdafiəsi yolunda daha da artıq candan keçmək lazımdır.
Biz cavanlar bir an bunu unutmamalıyıq ki, öz doğma vətənimizin gələcək tarixi qarşısında məsuliyyətli bir vəzifə daşıyırıq, o da öz ana yurdumuzun müdafiəsidir.
Biz öz atalarımızı, analarımızı, bacılarımızı, habelə gələcək nəslimizi əbədi olaraq əsarətdən qurtarmaqla bərabər onlar üçün səadətli, xoşbəxt bir həyat qurmaq yolunda var qüvvəmiz ilə çalışmalıyıq. Nəhayət, doğma Azərbaycanımız bizdən ümid gözləyir. Çünki xalqımızın namusunu hifz etmək bizim əlimizə tapşırılıb.
İndi ki, milli dövlətimiz biz cavanları xidmətə çağırır, ona görə hamımız ürəklə öz milli vəzifəmizi düzgün yerinə yetirməliyik. Hər bir vicdanlı və namuslu cavanın vəzifəsidir ki, öz xalqının namusunu hifz etməklə bərabər ana yurdunun müdafiəsi üçün silah ələ almağa hazırlansın.
Yaşasın ana vətənimiz Azərbaycan! Var olsun xalq qoşunları!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126, 14.02.1946

***
Azərbaycanımızın dünyəyi əhəmiyyəti
İndiki müasir vəziyyətdə dünyanın müxtəlif xalqları tərəfindən ucalmış azadlıq nəğmələri arasında bizim odlar və alovlar ölkəsi olan Azərbaycandan qalxan azadlıq nəğməsi də çox maraqlı və diqqəti çəkən bir yer tutur. Cürətlə demək olar ki, 21 Azərdən bu tərəfə bu nəğmə bütün azadlıq səslərindən daha aydın və daha maraqlı olmuşdur.
Bizim müqəddəs hərəkatımız azad və azadlıqsevər xalqlar arasında böyük bir şadlıq müjdəsi olaraq nəzərə alındığı halda, dünyanın qara irticaçı və iyrənc qüvvələrinin nəzərində yeni bir ölüm marşı kimi inikas etmişdir.
Bizim yaratdığımız böyük inqilab dünyanın müasir siyasi məsələlərinin lap başında yer tutmaqdadır.
Əgər keçən 25 il içərisində bizimlə heç bir əməli və siyasi əlaqəsi olmayan Yuqoslaviya xalqı ölkəmizdə cərəyan edən tarixi hadisələri diqqələ izləyir və onun mətbuat attaşesi hamıdan əvvəl bizim ölkəmizə gəlir. Bu milli inqilabımızın dünyəvi inikas nümunəsindən başqa bir şey deyildir.
Baş nazirimizin kollecdə söylədiyi nitqində dediyi kimi “indi dünyada elə bir radio yoxdur ki, gündə 5-10 kəlmə də olsa, bizim barəmizdə danışmasın”.
Biz bu dünyəvi inikası millətlər arasında mövcud olan beynəlxalq ictimai əlaqələrdə axtarmalıyıq.
Bizdə Yunanısatan demokratlarına, İndonüziya mübarizlərinə olan səmimiyyət, rəğbət və həmdərdlik hissi buradan qaynaqlanmaqdadır.
Ürəyi azadlıq və səadət uğrunda çarpan heç bir millət dünyanın ən uzaq guşəsindən qalxan azadlıq nəğməsi qabağında heç bir vəchlə laqeyd qala bilməz. Eyni halda buna qarşılıq olaraq indi yer üzündə bir-birinə qarışmış olan müxtəlif xalqların müxtəlif azadlıq istəkləri dünyanı əbədi əsarət zəncirləri altında saxlamağa çalışan qüvvələr və amillər üçün çox qulaq ağrıdan səslər məcmuəsi təşkil etməkdədir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında əks olunan bu kimi səslərin nə kimi təsirlər oyandırdığı və nə kimi məntiqlər meydana çıxardığı hamıya aşkardır. Ona görə də bizim xalqımız özü yaratdığı azadlıq möcüzəsinə yalnız fərdi nəzərlə deyil, eyni zamanda dünyəvi bir gözlə baxmalıdır.
Çünki belə bir baxış bizim 5 milyonluq xalqımızın dünyada hansı miqyasda əhəmiyyət qazandığını, Milli Hökumət tərəfindən atılan addımların nə kimi təsirlər oyandırdığını bizə göstərməklə millətimizin öz milli varlıq və şəxsiyyətinə olan imanı bir daha möhkəmləndirir və onu azadlıq uğrunda qədəm qoyduğu iftixarlı, eyni halda çətin yolu təqib etməyə təşviq edir.
Xalqımız bu yolun dünyəvi əhəmiyyətini dərk edirsə, bu əhəmiyyətli böyük tədbirləri və islahatları artırmağa, dünyanın nəzərini həmişə ölkəmiz üzərində saxlamağa çalışır. Çünki xalqımz dünyəvi və mühüm bir məqama malik olmağa layiq və yararlı bir xalqdır. İndiyə qədər də tarixə Şah İsmayıllar, Səttarxanlar, Bağırxanlar və Şeyx Məhəmmədlər vermək və möcüzələr yaratmaqla öz ləyaqətini dəfələrlə sübut etmişdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126, 14.02.1946
***
Azərbaycan Milli Məclisinin sədri cənab Şəbüstəri Yuqoslaviya mətbuat attaşesi Pavel Myoviç və Sovet İttifaqı Teleqraf Agentliyi (TASS) müxbiri cənab Medvedyevə verdiyi 9 fevral 1946-cı il tarixli müsahibəsindən:

"Azərbaycan millətinin bu hərəkatdan məqsədi çox aydın bir məsələdir
Xalqımızın həqiqi haqqı olan öz ana dilinə və milli maarifinə malik olmaq, onların tərəqqisi yolunda çalışmaq, özümüz ayrı və müəyyən bir millət kimi öz müqəddəratımızı ələ alıb bundan sonra onu demokratik üsulla idarə etməkdən ibarətdir".
***
Suğra Qadiri
"Adın şərəflidir sənin, ey qadın
Dahilər anası çağrlır adın.
Əlinlə qurduğun barlı-baxçalar
Tufanlar qopsa da saralıb solmaz.
Bizim bu yerlərdə bir məsəl də var
Aslanın erkəyi, dişisi olmaz."
Sovet Azərbaycanının Stalin mükafatı almış xalq şairi Səməd Vurğun parlaq bir həqiqət söyləmişdir. Bu məsəl atadan, babadan qalma bir məsəldir ki, deyirlər “Aslanın erkəyi, dişisi olmaz”. Eyni zamanda əgər bu kəlmənin məğzini biz çıxarsaq, bu misalın eyni həqiqət olması aşkar olar.
Tehran hökumətinin cinayətkar siyasətinin nəticəsində indiyə kimi Azərbaycanda qadınlara heç əhəmiyyət verilməyibdir. Bizim qadınları atalarımız qul kimi pula satıb. On yaşında bir qızı əlli yaşında cah-cəlallı bir kişiyə verirdilər və qızın da haqqı yox idi ki, bir etiraz eləsin. Etiraz edirdisə, onu basma-qarama zor ilə o kişiyə verirdilər. Bu vəziyyətdə qadınlar öz ictimai hüquqlarından tamamilə məhrum olmuşdular və son dərəcədə bədbəxtlik ilə yaşayırdılar.
İndi biz Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi sayəsində öz ictimai hüquqlarımıza malik olaraq Azərbaycan tarixində şərəfli bir səhifə açmışıq. Azərbaycanın qəhrəman və cəsarətli oğullarını biz öz qucaqlarımızda tərbiyə etməliyik. Azərbaycanı quldurların əllərindən qurtarmaq üçün biz öz qəhrəman qardaşlarımızı təşviq etməklə özümüz də onlar ilə bərabər vətənimizin və xalqımızın azadlığı uğrunda çalışmalıyıq. Azərbaycanın tarixində qadınlar da böyük qəhrəmanlıqlar göstərib və tariximizi zinətləndirmişlər. O cümlədən Qaçaq Nəbinin arvadı Həcər xanım, yazıçı Xurşid Banu Natəvan, Zeynəb Paşa, daima at belində olan şahsevən və kürd qadınları, indi isə əmələ gələn cavan qızlar və gəlinlərdən cavan şairəmiz Mədinə Ələkbərzadə və Azərbaycan qəzetində məqalələri dərc olunan qadınlar bu qəbildən olan qadınlarımızdan sayılırlar.
Milli dövlətimiz müsaid mühit və şərait yaratmaqla qadınlar da öz təbii istedadlarından istifadə etməyə imkan tapa biləcəklər. Biz hamımız milli dövlətimizin arxası və dayağı olaraq gələcəkdə öz milli vəzifələrimizi fəxrlə yerinə yetirəcəyik.
Yaşasın bütün xalqımız, xoşbəxtlik və hüquq verən Milli Hökumətimiz.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 125, 13.02.1946
***
Q. R. Cavidan: "Rəhbərin çağırışı"
Firqəmiz və milli dövlətimiz qəzetimizin keçmiş nömrəsində bütün Azərbaycan xalqına bir nəfər kimi milli qoşun sıralarına daxil olub öz ana yurdumuz olan Azərbaycanı daxili və xarici irtica qüvvələrinin qara pəncəsindən əbədi olaraq qurtarmaq və hifz etmək üçün çağırmışdır.
Həmin çağırış Azərbaycanın bütün nöqtələrində ildırım kimi səsləndiyi halda Tehran hökumətinin qulaqlarında gurultulu səs verib o fasid (satqın- red.) aparatın əsasını sarsıtmışdır. Bu çağırış Azərbaycan millətinin illərdən bəri həsrətini çəkdiyi arzularından olduğu üçün Azərbaycan milləti öz dahi rəhbərinin çağırışını sədaqət və fədakarlıqla qarşılayıb yüzdə yüz ona əməl etməyi özlərinə söz verirlər.
Bu çağırış Azərbaycanın milli azadlıq və istiqlaliyyəti yolunda canından keçən səcur və fədakar fədailərə can və qan verir. Onları öz babaları kimi düşmənə qarşı amansız olmalarını və düşmənlə ölüm-dirim müharibəsinə hazır olmağı xatırladır. Azərbaycan xalqının və onun sərkərdələrinin başı həmişə uca olmuş və yenə də uca olacaqdır. Azərbaycan xalqı rəhbərin çağırışını əməldə göstərəcəyinə and içir.
Bu çağırış Azərbaycanın igid və dönməz oğulları olan Babəki, Cavanşiri, Səttarxanı, Şeyx Məhəmməd Xiyabanini xatırladaraq yaratmış olduğumuz firqə və milli dövlətimizin Azərbaycan millətinin tərəqqi və mədəniyyət yolunda qoyduğu əsasları möhkəmləndirir.
Rəhbərin qeyd etdiyi “yaşamaq istəyən ölməyə hazır olmalıdır” şüarı altında biz hər bir əsasımızı qura bilirik. Ona görə uşaqlarımız, qocalarımız, qız və qadınlarımız bir nəfər kimi silaha sarılıb, bizə ruh verən ana yurdumuz olan əziz Azərbaycanımızı və milli istiqlaliyyətimizi göz bəbəyi kimi hifz edib, öhdəmizə düşən vəzifəni qəhrəman kimi qəhrəmancasına yerinə yetirməyə hazırıq.
Bu çağırış bizi ayağa qaldırdığı kimi düşməni dizə çökdürür. Amma, biz düşmənin dizə çökməsilə kifayətlənməməliyik. Onun axırıncı kökünü belə qazıb yerdən çıxarmalıyıq. Bir sözlə, bu çağırış azərbaycanlıları yaşamaq istəyən millətlər kimi mübarizə etməyə yol göstərir. Azərbaycan milləti azad bir millət olub yaşamaq istədiyi üçün özünə verdiyi sözdən dönməyərək mübarizə meydanından bir addım belə geri qoymayacaq və hər nə qiymətə olursa-olsun, aldığı milli azadlığını və yaratmış olduğu milli dövlətini qətrə qanı qalana qədər hifz edib və onu yaşadacaq.
Bu çağırış Azərbaycan millətinin ruhudur.
Bu çağırış Azərbaycan millətinin xoşbəxtliyinin əsasıdır.
Bu çağırış Azərbaycan millətinə yenilməz bir qüdrətdir.
Bu çağırış düşmənin qulaqlarında guruldayan Azərbaycan millətinin istiqlaliyyəti yolunda dediyi “ölmək var, dönmək yoxdur” şüarıdır.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 125, 13.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.