Firidun İbrahimi: həyat və yaradıcılığından örnəklər Güney Azərbaycan

Firidun İbrahimi: həyat və yaradıcılığından örnəklər

1-ci yazı

Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, Azərbaycan Milli Hökumətində Baş Prokuror vəzifəsini tutmuş Firidun İbrahimini qısa sürən şüurlu ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr etmiş, istər ədəbi-bədii, istər elmi-publisistik və istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq Azərbaycançılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib, bu yolda əlindən gələn bütün səyləri ortaya qoyub.
Firidun İbrahimi 21 noyabr 1918-ci il tarixində Astara şəhərində dünyaya gəlib. Firidun İbrahimi 1941-ci ildə, Tehran universitetinin hüquq fakültəsində təhsil aldığı zaman, İran Xalq Partıyasının (İXP) sıralarına qoşulub və eyni zamanda da tələbə hərəkatında fəal şəkildə iştirak edib. Ədəbi fəaliyyətinə universitetə qəbul olduğu ildən başlamış və tez bir zamanda siyası məqalələr də yazmağa başlayıb.
F.İbrahimi 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olunduqdan sonra bu mətbu nəşrlə əməkdaşlığa başlamış və həmin ildə də redaksiya heyətinin üzvü seçilib. O, öz məqalələrində imperializmi və onun yerli əlaltılarını ifşa edib. “Ajir” qəzetində fəaliyyəti ilə yanaşı F.İbrahiminin yazıları ardıcıl olaraq İXP-nin rəsmi orqanı olan “Rəhbər”, antifaşist “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər” qəzetlərində və digər mütərəqqi mətbuat orqanlarında çap olunub. Azərbaycanda çıxan “Xavəre nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və sair demokratik mətbuat orqanları ilə də əməkdaşlıq edib, onlar üçün günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr yazıb.
1945-ci ilin may ayında Tehran universitetinin hüquq fakültəsini bitirən Firidun İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi alsa da, xalqına xidməti özünün əsas vəzifəsi hesab edərək bu təklifləri qəbul etmir və öz ana yurdu Azərbaycana qayıdır. 5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunur və elə həmin tarixdən də Firidun İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayır. Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynadı. Firidun İbrahiminin “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə” adlı silsilə məqalələri 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (ADF orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı bağlıqlar altında çap olunub. Bu yazılar F.İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə 19 məqalədən ibarətdir. F.İbrahiminin sözügedən məqalələri 1946-cı ildə “Sovet Mədəniyyəti Evi” tərəfindən “Azərbaycanın qədim tarixi haqqında” adı ilə Təbrizdə toplu şəklində çap olunub (Əhəd Vahidi. “Tərcümə və təhqiq, yoxsa təhrif və təxribat?”/...).
Firidun İbrahimi bu toplunun tərtib olunması barədə əsl məqsədini özünün yazdığı müqəddimədə şərh edərək belə yazır: “Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm”.
Həmin müqəddimədə Azərbaycan dili və mədəniyyətinə münasibətdə fars şovinistləri tərəfindən həyata keçirilən məlum siyasətə işarə edən müəllif yazır: “Avantüristlər Azərbaycan millətinin dili, mədəniyyəti və ədəbiyyatı əleyhinə qələm çalmaqda davam edirlər və bizim dilimizə, adət-ənənələrimizə münasibətdə tam ləyaqətsiz bir şəkildə minlərlə aşağılama və hörmətsizlik göstərirlər, bizi tarixsiz bir millət kimi təqdim edirlər, millətimi təhqir edirlər, bizi mədəniyyətsiz millət kimi qələmə verirlər, bizi Konstitusiya əleyhinə çıxan kütlə kimi göstərirlər. Bunlar ana dilinin bərpası, unudulmuş Əsas Qanunun (Konstitusiyanın) əsas maddələrinin icrası tələbini və həqiqi demokratik prinsiplərin icrasını siyasi qanuna zidd bir hərəkət kimi göstərir və beləliklə, Azərbaycanın qeyrətli və ləyaqətli mücahidləri və övladlarının qanı bahasına əldə edilmiş nailiyyətləri inkar edirlər”.
Bu dövrdə Firidun İbrahimi üçün ən mühüm və diqqəti çəkən hadisələrdən biri onun Avropaya, xüsusilə də Paris şəhərinə səfəri idi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər dünyanın gələcəyi və Avropada sülh barədə danışıq və müzakirələr aparsınlar dünyanın gələcəyi və Avropada sülhün bərqərar edilməsi barədə danışıq və müzakirələr aparmaq məqsədilə “Paris Sülh Konfransı” adlı beynəlxalq bir toplantını təşkil etdilər (Paris konfransı — 1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirakı ilə öz işinə başlamış və həmin ilin oktyabr ayının 15-də öz işini başa çatdırmışdı). Sözügedən toplantı elə bir mərhələdə təşkil ounmuşdu ki, müstəmləkə və yarımmüstəmləkə ölkələri xalqları yaranmış şəraitdən daha çox faydalanaraq ayağa qalxdılar və ölkələrinin tam istiqlalını və öz haqlarını tələb etdilər. Bu konfrans açılmamış bu düyünləri çözməli və qarşıda duran bütün suallara cavab verməli, onların həllinə çalışmalı idi. Qeyd olunmalıdır ki, Paris sülh konfransında İrana öz hökumətinin İkinci dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi. Firidun İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur və tarixi qəsrində (II Dünya müharibəsindən öncə Fransa senatı bu qəsrdə fəaliyyət göstərirdi) keçirilən konfransın iclaslarında iştirak edir və sona kimi də bütün müzakirələrin gedişini diqqətlə izləyir. Təəssüflər olsun ki, bu gün də Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət və sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkmirlər. Bunun da bir neçə səbəbi var; siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görmək. “Tarix-e moaser-e İran (İranın müasir tarixi) dərgisinin 2008-ci ilin yayında çıxan 46-cı sayında dərc olunmuş Fatimə Müəzzi adlı müəllifin “Pəhləvi dövrünün siyasi xadimləri – Firidun İbrahimi” başlıqlı yazısında Firidun İbrahiminin Paris Sülh Konfransında iştirakı barədə Ənvər Xameinin “Siyasi xatirələr”nə istinadən yazır: “Sülh Konfransının gedişi barədə hesabatları hazırlayıb göndərmək üçün 1946-cı ilin iyulunda 4 nəfər mətbuat nümayəndəsi sifəti ilə İrandan Parisə yola düşdü. Firidun İbrahimi bu heyətin tərkibinə Azərbaycanın mətbuat nümayəndəsi kimi qatılmışdı. O, konfransın işi başa çatandan sonra Parisdə qaldı və 2 aydan sonra Azərbaycana qayıtdı”. Aydın görünür ki, xanım Müəzzi çox ciddi məsələlərə həsr olunmuş konfransın açlış və bağlanış tarixi, oradakı məsələlərin məzmunu barədə ən bəsit məlumalara belə malik deyil. Belə ki, sözügedən konfransın işi 2 ay yarım davam edib. Yazı müəllifi Fatimə Müəzzi və “Siyasi xatirələr” müəllifi Ənvər Xamei Firidun İbrahiminin Azərbaycana döndükdən sonra Paris Sülh Konfransının gedişi barədə “Sülh uğrunda” başlığı altında “Azərbaycan” qəzeti səhifələrində dərc olunmuş yazılarını oxusaydılar, bu qədər məsuliyyətsiz hökmlər verə bilməzdilər. Ənvər Xamei “Siyasi xatirələrində” yazır ki, “Firudin İbrahimi özü ilə gətirdiyi bütün pulları iki ay müddətində eyş-işrətə xərcləyib qurtarmışdı. Mən Parisə gəlməmişdən öncə Azərbaycana qayıtmağı qərara aldı” (Sitat Fatimə Müəzzinin göstərilən məqaləsindən götürülüb). Belə çıxır ki, Sülh Konfransında İranın mətbuat nümayənsəi sifətilə iştirak etmək üçün Parisə getmiş Ə.Xamei Konfransın yalnış açılış və bağlanış mərasimlərində iştirak edib, iclasların gedişini isə nə izləmiş, nə də hesabatlar hazırlayıb göndərib. Əslində onun özü İran dövləti tərəfindən bu vəzifəni icra etmək üçün ayrılmış pulları məqsədi üzrə deyil, öz şəxsi maraqları üçün xərcləyib.
Bu Konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi ADF orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirir. O, bu yazılarında ABŞ və İngiltərənin ikiüzlü siyasətini və həmin siyasəti təqib edən Fransanı ifşa edir, bu konfransda iştirak edən həmin dövlətlərin nümayəndələrinin keçmiş müstəmləkə dövlətlərində öz nüfuzlarını qorumaqla yanaşı, hətta yeni regionlar əldə etmək və onlarda da müstəmləkəçilik siyasətini genişləndirmək cəhdlərini aydın bir şəkildə açıqlayır.
Firidun İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdı. Firidun İbrahimi Azərbaycançılıq ruhu ilə yoğrulmuş “Sülh uğrunda” başlıqlı Konfrans barədə hesabatlarına belə başlayır: “Əsas mətləbi başlamadan əvvəl müsafirətimin bir neçə müxtəsər yaddaşt və xatirələrinə işarə etməyə məcburam və xəyal edirəm ki, bu qismət oxucuların təvəccühünü cəlb edəcəkdir... Ana dilimizin düşmənləri: Mənim pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və nəticədə Azərbaycan dilində yazılmışdır. Ona görə mən bu pasportu həmişə bir əziz yadigar kimi saxlayacağam.
Tehrandan Parisə getməkdən ötrü Fransa vizasından əlavə İraq, Suriya, İordaniya, Livan, Fələstin və Misir tranzit vizalarına da ehtiyac var idi. Bu iş adətən Xarici İşlər Nazirliyinin əlilə olmalı idi. Ona görə mən Xarici İşlər Nazirliyinin pasport və viza şöbəsinə müraciə etdim. Bu nazirlikdə uzun illərdən bəri mühüm və həssas postları tutub, bürokratizmin daşlaşmış fiqurlarına çevrilmiş idarə işçiləri mənim pasportumu Azərbaycan dilində gördükdə ildırım vurmuş adamlar kimi mat qaldılr. “Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik, çünki Azərbycan dili rəsmi dil deyil”, - deyə pasportu əldən-ələ verib müxtəlif və çoxlu sayda şöbələrdə gəzdirdilər…”

Səməd Bayramzadə
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri