Firidun İbrahimi: həyat və yaradıcılığından örnəklər - 2-ci yazı  Güney Azərbaycan

Firidun İbrahimi: həyat və yaradıcılığından örnəklər - 2-ci yazı 

“…Nəhayət, pasport idarəsinin rəisi cənab Ərdəşir mənim dəlillərimi eşitdikdən sonra, göstərilən dövlətlərin səfirliklərinə notalar hazırlayıb göndərdi. Pasportun Azərbaycan dilində yazılması Xarici İşlər Nazirliyi üçün həllolunmaz bir məsələ açmış və ömürlərini idarəmizinin dalında çürütmüş bürokratlar üçün əngəl olmuşdu. Bunlar Azərbaycan dilində yazılan pasportu rəsmiyyət ilə tanımaq istəmirdilər, lakin həmin şəxslər İran xalqının xəzinəsini talayanlar və məşhur qaçaqçılar üçün siyasi, ya xidməti pasportu hazırlayıb iki əlli onlara təqdim edir və bu oğrular üçün İrandan xaricdə hər cür diplomatik toxunulmazlıq şəraiti yaradırdılar.
Azərbaycan dili mərkəzi hökumət tərəfindən rəsmi bir dil kimi tanınmağına baxmayaraq, Xarici İşlər Nazirliyini özləri, ya ailələri üçün daimi “tiyul”a (Hədiyyə edilən torpaq mənasını daşıyır) çevirən məmurlar, Azərbaycan dilinə müxalifət və düşmənlik göstərməkdən çəkinmədilər. Lakin orada da Azərbaycan dili öz mövcudiyyətindən müdafiə edib qalib çıxdı.
Piramidlər ətəyində vətənimizin adı. Bizi Parisə aparan böyük nizami təyyarə çərşənbə günü 7 avqust 1946-cı il tarixində saat 7-də Mehrabad aeroportundan uçub ... saat 9-da “Həbaniyə” (Bağdad) aeroportuna yetişdi. ... Bir saatdan sonra təyyarə hərəkət edib İraq, Cənubi Suriya, İordaniya, Cənubi Fələstin və Süveyş kanalının üstündən keçib günortadan sonra saat 4-də "Helio polis" aeroportu “Əl-Məza”ya yetişdi. Müsafirlər pasportları polis dairəsinə təhvil verdikdən sonra kobud və tərbiyəsiz gömrük məmurlarının əlindən qurtarıb, “Helio Polis palas” mehmanxanasına tərəf aparıldılar. Planımm bu idi ki, bu aradakı fasilədən istifadə edib təcili məşhur piramidaları görməyə gedəm. Taksi Helio Polis və Qahirə arasındakı məsafəni gedərkən Nil çayı üstündəki böyük körpülərdən keçib piramida şossesi ilə irəli gedirdi. Piramida ətəyində mən bir neçə nəfər cavan tələbə ilə tanış oldum. Onlardan fransız dilinə bələd olan birisi məni azərbaycanlı bildikdən sonra mənə çox maraqla yaxınlaşdı və müxtəlif tarixi abidələr barədə şərh verirdi...
Mənim Misir cavanlarının siyasi həyatına dair verdiyim suallara misirli cavan çox ehtiyatla cavab verirdi. Dediyinə görə, xalqın fikir və əqidələrini təftiş edənlərdən çəkinirdi. Misirdə mütərəqqi və demokratik hərəkat açıq surətdə fəliyyət göstərməyə imkan tapa bilmir. Əsas Qanun “hazırkı vəziyyəti” pozan hər bir hərəkəti qadağan edib və günah kimi tanıyıb.
Mən cavan misirli üçün əldə etdiyimiz müvəffəqiyyətlər barəsində danışdım. Azərbaycan xalqının böyük hərəkatı, kəndlilər arasında yer bölgü məsələsi, universitet təsisi və xüsusilə Təbriz radiosu onu ciddi surətdə maraqlandırırdı. “Biz Təbriz radiosunun xəbərlərini maraqla eşidirik. Fransa proqramı az və müxtəsər olduğuna görə türk dilinə bələd olan yunanlılar bu işdə bizə kömək edirlər, - deyirdi...
Xalqımızın azadlıq vədəsi verən nidası bütün Yaxın Şərq ölkələrini bürümüş və piramida ətəklərində öz vətəninin həqiqi azadlığını arzu edən misirli cavana mübarizə dərsi öyrədib”.
Paris Sülh Konfransı barədə Firidun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan S.C.Pişəvəri 3 sentyabr 1946-cı il tarixində ADF-nin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram mərasimidəki nitqində böyük bir fəxrlə qeyd etdi: “İndi Sülh Konfransında (29 iyul-12 oktyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən Sülh Konfransı nəzərdə tutulur) Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar”.
Paris Sülh Konfransının gedişini əvvəldən axıra kimi izləyən Firidun İbrahimi orada iştirak edən sovet nümayəndə heyəti üzvlərinin mövqelərini təqdir və təşviq edirdi. Belə ki, o, Sovet İttifaqını kiçik dövlətlərin istiqlalını və milli mənafelərini müdafiə edən, dünyada qlobal və regional qarşıdurma və münaqişələrin qarşısının alınması istiqamətində çox böyük səylər xərc edən dövlət kimi tanıyırdı. F.İbrahimi “Azərbaycan” qəzetində çap etdirdiyi “Sülh uğrunda” başlıqlı silsilə məqalələr sırasında “Sülhün qüdrətli müdafiəçiləri” adlı yazısında deyir: “Sosialist quruluşunun əsaslı mahiyyətilə əlaqədar olaraq, Sovet hökuməti xalqlar arasında dostluq yaratmaq və davamlı bir sülh icad etmək siyasətini təqib etməkdədir. Sovet nümayəndələri Paris Sülh Konfransında demokratik və ədalətli bir sülh yaradılması yolunda böyük fədakarlıqlar göstərmişlər. Sovet nümayəndələri üç böyük dövlətlər arasında qəbul olunan qərarlara vəfadar qalıb və bu qərarlara əsaslanaraq, sülh düşmənlərinə qarşı ciddi mübarizə aparırdılar. Sülh konfransı qurulan zaman böyük sovet hökumətinin sülh tələbi siyasətinə qarşı geniş təbliğat gedirdi. Bu qəbil təbliğatlardan məqsəd sülh konfransını nəticəsiz qoymaq və gələcək sülh və təhlükəsizliyin əsaslarını zəiflətmək idi. Bu qorxulu hədəfə çatmaq üçün bütün mürtəce mətbuat təchiz olunmuşdu. Sovet hökuməti, sovet xalqları çox böyük maraqla konfransın gedişini təqib edirdilər. Yalnız sovet mətbuatında konfransın bütün müzakirələrini görmək olurdu” (“Azərbaycan” qəzeti (ADF orqanı), say 74 (363), 2 dekabr 1946).
Firidun İbrahimi Parisdə olduğu müddətdə Fransanın müstəmləkəsi olan ölkələrin istiqlaliyyət və azadlıq hərəkatı rəhbərləri və nümayəndələri ilə əlaqə yaradır və onlarla fikir mübadiləsi aparırdı. Elə həmin zamanda da o, Mərakeş “İstiqlal” partiyasının nümayəndə heyəti ilə də görüşür və danışıqlar aparır. Bu danışıqlar barədə o yazır: “Sentyabr ayının 19-da “Lutsiya” otelində mən bir demokrat qəzet yazarının vasitəsi ilə Mərakeşin “İstiqlal” partiyasının nümayəndə heyəti ilə tanış oldum. Otelin salonunda biz bir saatdan çox söhbət etdik. Azərbaycan hərəkatı haqqında geniş məlumatları var idi. Amma təəccüb edirdilər ki, bir müsəlman milləti Ərəb Dövlətləri Liqasının köməkliyi olmadan necə öz azadlığını əldə etməyə müvəffəq olub. Danışıqdan başa düşdüm ki, Mərakeş İstiqlal Partiyası nümayəndələri Ərəb Dövlətləri Liqasının başında duranları və imperialist dövlətlərin planlarını icra edənləri tamamilə tanımamışlar. ...Ərəb Dövlətləri Liqası onların nəzərində böyük bir milli qüvvə kimi görünürdü və ona görə belə düşünürdülər ki, bütün müsəlman xalqlarının nicatı bu qüvvdən asılıdır. Mən Ərəb Dövlətləri Liqasının nə olduğunu və həqiqi mahiyyətini onlar üçün izah etdim ki, hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddəratına sahib durmaqdan ötrü fəqət bir qüvvəyə söykənsin. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir”.
Firidun İbrahimi nəinki təcrübəli bir yazıçı və məşhur hüquqşünas, eyni zamanda da Paris Sülh konfransında iştirakı və üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməsi ilə qısa müddət ərzində kamil bir diplomat kimi yetişdi. O, ana dilindən başqa fars, fransız və ərəb dillərini də mükəmməl bilirdi. Bu qabiliyyəti də sözügedən sahələrdə ona yüksək manevretmə imkanları verirdi. Firidun İbrahimi “Sülh uğrunda” başlıqlı məqalələr toplusunun birinci hissəsini 10 dekabr 1946-cı il tarixində tamamladı. Belə ki, 23-cü son yazı həmin tarixdə “Azərbaycan” qəzetində çap olundu. Zaman fürsət vermədi. İki gün sonra - 12 dekabr 1946-ci il tarixdə İran şah ordusu 13 iyun tarixli Təbriz-Tehran müqavilənin şərtlərini pozaraq Azərbaycana xəyanətkar hücum etdi. Həmin gün Firidun İbrahimi öz məsləkdaşları ilə birlikdə ADF MK-nın binasında səngər yaratmışdı, 34 saatlıq silahlı çatışmadan sonra onlar həbs olundular və zindana salındılar.
İranın xəbər agentliklərinin nümayəndələri mətbuat səhifələrində Firidun İbrahimi ilə zindanda keçirdikləri görüşləri əks etdirən yazılar dərc etmişdilər. Nümunə kimi onlardan birini oxucuların diqqətinə təqdim edirik: “Ondan soruşduq: Siz prokuror olduğunuz zaman hansı işləri icra etmişiniz? O cavabında dedi: Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik. Sual etdik: Bəs, o xalq haradadır, niyə sizin ölümünüzü istədilər? Cavab verdi: Mənim kimilərin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqımızın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaq” .
Zindanda qaldığı 6 ay ərzində ağır işgəncələrə məruz qalan, bütün bu çətinliklərə dözən Firidun İbrahimi fəxrlə deyirdi: “Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı və səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizəmin bu axır mərhələlərində də öz iradə və cəsarətimi qoruyacağam”.
O, satqın şah rejiminin təşkil etdiyi məhkəmədə özünü müdafiə edərkən, əslində bütün İran xalqlarının və zəhmətkeşlərinin hüquqlarını müdafiə edirdi və imperialistlərin cinayətlərini, onların daxili nökərlərini ifşa edirdi. O, məhkəmədəki çıxışlarında demişdi: “Gələcək zəhmət təri tökən, işin çoxluğundan əlləri qabar bağlamış insanlarındır. Həmin qabarlı əllər bütün zindanların və işgəncə yerlərinin qapılarını açacaq, bütün cəllad və zülmkarları məhv edəcək. Gün gələcək ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar və öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar”.
Edamdan iki gün öncə Firidun İbrahimi Paris Sülh konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna vurdu. Səliqəsinə xüsusi diqqət yetirdi. O, bəzi yoldaşlarının təəccübünü görüb onlara dedi: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərafət içərisində keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik?”
Firidun İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq başı ilə Savalan dağı qarşısında təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi:
“Yaşasın Azərbaycan!
Yaşasın azadlıq!
Məhv olsun istibdad!
Yaşasın İran xalqlarının birliyi!”
Həmin gün bütün Azərbaycan xalqı matəmə qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri, “intiqam komitələri” təşkil etdilər. İnanırıq ki, Firidun İbrahimi şəxsiyyəti, sürdüyü ömür, Azərbaycanın azadlığı uğrunda keçdiyi mübarizə yolu, göstərdiyi qəhrəmanlıq, milli kimliyimiz və varlığımızı bütün dünyaya tanıtdırmaq işində qələmindən çıxan yazılar günümüzün gəncliyi və gələcək nəsillərimiz üçün örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcək. Firidun İbrahimi həm yazıları və həm əməlləri ilə millətinin dünyada layiq olan yerini bütün dünyaya tanıtdıra bildi və Azərbaycanın şəhidlik tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir.

Səməd Bayramzadə
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri