“Azərbaycan” qəzetinin səhifələrində  - 23-cü yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 23-cü yazı

***
Nəsrulla İshaqi: Ana çağrışı
Günəş dumanlı dağların qarlı qülləsinə yaxınlaşaraq qürub etməkdə idi. Kəndin yarısı kölgəyə cumub, yarısı da günəşin qırmızı rəngli əppəyə (çörəyə - red.) bənzər şüaları ilə döşənmişdir.
Bağçaların quşları kəndin ətrafındakı çiçəkli çəmənlərdən qayıdıb ağacların ətrafında dolanırdılar. Amma kəndi həzin bir hava bürümüşdü. Kəndin qadınları dəstə-dəstə qapıların qabağına toplaşıb həyəcanla söhbətə məşğul idilər. Onların bəzisi sağ əlləri ilə körpə balalarını dallarında tutub və sol əlləri ilə gözlərindən axan yaşı çarğatlarının (kəlağayı – red.) ucu ilə silirdilər.
Kişilər kəndin ortasında bitən böyük bir qarağacın yanına cəm olub hazırlıq aparırıdılar və hər şeydən xəbərsiz bir neçə nəfər gənc oğlan bağçaların yanında oynayırdılar. Bir kiçik qız onlara yaxınlaşaraq söylədi:
- Məhəmməd, səni anam çağrır!
14 yaşında bir oğlan olan Məhəmməd bu səsi eşidib həmin oğlanlardan ayrılaraq evə tərəf qaçdı.
- Nə var, ana? - deyə oğlan anasından çağırmasının səbəbini soruşduqda anası dedi:
- Oğlum, kəndimizin mal-davarını oğrular aparırlar.
Sonra ona bir tüfəng və bir qatar patron göstərərək dedi:
- Bu sənin atanın silahıdır. Atan indi burada yoxdur, kəndin müdafiəsi üçün sən onun vəzifəsini ifa edəcəksən.
Oğlan tüfəngi və patronları götürüb kəndin kişiləri ilə birlikdə malları oğrulardan geri almaq üçün yüyürdü.
Bu kiçik və həqiqi bir hadisədir. Ondan düz 18 il keçir. İndi biz o hadisəni kamil və ümumi bir şəkldə görürük. Ana yurdumuz bütün Azərbaycan cavanlarını çağırıb onlara silah göstərərk deyir:
- Bu sizin babalarınız Şah İsmayıl və Cavanşirdən qalan yadigar silahlardır. Onların vəzifəsini vətənimizin müdafiəsi üçün ifa edəcəksiz.
İndi Azərbaycan cavanları da bu çağrışı qəbul edib və gələcək nəslimizin səadətini təmin etmək üçün öz fitri istedadlarını bütün dünyaya göstərməlidirlər.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 128, 17 fevral 1946-cı il
***
Marağa şəhərindəki Pəhləvi xiyabanının adı “21 Azər”lə əvəz olunmuşdur

15.02.1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər təşkilatı tərəfindən açıq havada keçirilən mitinqdə Azərbaycan Maarif naziri cənab Məhəmməd Biriyanın söylədiyi şeiri.

Qala tək qoy ola sərhəddinə səngər bədənim
Yaşa, ey fəxrli, şövkətli müqəddəs Vətənim!
Sənin uğrunda döyüşlərdə boyansam qanıma
Ölərəm şan və şərafətlə, inan, uf demərəm.
Əcz (1) dünyada yaraşmaz bu adımla, sanıma
Sən bu cür tərbiyə verdin mənə, ey baği-irəm (2)
Qələmim nizədi, əynimdəki paltar kəfənim
Yaşa, ey fəxrli şövkətli müqəddəs Vətənim!!!
1- aciz, gücsüz.
2- Cənnət bağı
***
Q. R. Cavidan: "Cavanlarımız - gələcəyimiz"
Cavanlar təşkilatı firqəyə aid bir təşkilat olmayıb firqənin rəhbəriyyəti altında işlədiyi üçün o tam demokratik bir təşkilatdır. Bu o deməkdir ki, cavanlar təşkilatı qondarma etibar ilə firəqə təşkilatı olmayıb, ancaq fəhlə və kəndli balalarını firqəmizin ruhu ilə ruhlandırb onları firqə sıralarına daxil olmaq üçün hazırlayır. Ona görə də cavanar təşkilatı firqənin rəhbəriyyəti altında işləməlidir.
Cavanların hədəfləri cavanların millətimizə olan əsas vəzifələrini yerinə yetirməklə bərabər firqəmizin cavanlara düzgün yollar ilə rəhbərlik etməsini təmin etməkdən ibarətdir. Cavanlar bunu aydın bilməlidirlər ki, firqənin tapşırıq və göstərişlərini yerinə yetirmək də onların əsas vəzifələrindən birisidir və onunla da öz rəhbərləri olan firqəyə, millət və məmləkətimizin tərəqqi və səadətə yetməsinə köməklik etmiş olurlar. Cavanlar bunu da bilməlidirlər ki, əgər firqəmizin cavanlar təşkilatına rəhbərliyi olmazsa, onlar cavanlarımzı firqəmizin ruhu ilə və firqəmizin götürmüş olduğu siyasi hərəkət xətti (platforması – red.) ilə tərbiyə edə bilməzlər.
Demokrat firqəsinin sıralarını yeni tərbiyələnmiş cavanlarla doldurub və möhkəm etmək cavanlarımızın əsas məsələlərindən hesab olunur. Ona görə də cavanlar təşkilatı kənd və şəhərlərdə öz təbliğat və təşviqat işlərini canlandırıb firqə ruhu ilə cavanların tərbiyə edilməsinə diqqət etməlidirlər.
Cavanlar bunu xatırlamalıdırlar ki, onlara rəhbərlik edən demokrat firqəsi Milli Məclis və Milli Dövlət yaradaraq xaqımızın sinfi mübarizəsini aradan apardığı halda onlar da sinfi fikri tamamailə nəzərdən çıxarıb şəhər və ətraflarda təşkil edilmiş cavanlar təşkilatında mütəşəkkil və müntəzəm bir qüvvə yaratmalıdırlar. Xalqımzın bütün təbəqəsinə mənsub olan cavanlar açıq ürək və səmimi qəlb ilə firqəmizin demokratik tərbiyəsi ilə tərbiyələnsin. Biz cavanlarımızın arasında elə yenilməz bir qüvvə yaratmalıyıq ki, firqəmiz ona etimad edə bilsin. Cavanlar gələcəyimiz olduğu üçün firqəmiz onları tərbiyə edib yetişdirmək işinə daha yaxından rəhbərlik etdiyi halda, cavanlar da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirib demokrat firqəsinin sıralarına daxil olmaq üçün əsas məlumat və hazırlıqla özlərini silahlandırmalıdırlar.
Xalqımızın arzu və amallarının həyata keçməsinin məmurları siz cavanlarsız və ona görə cavanların üzərinə ağır vəzifələr düşmüşdür. Vəzifənin ağırlıına baxmayaraq, cavanlar öz ata və babaları gedən yoldan dönməyəcək bir vəziyyətdə, çiyin-çiyinə istismarçı siyasətlərlə bizi əzən Tehran mürtəcelərini öz güclü pəncələri ilə boğub məhv edərək Azərbaycan millətinə əbədilik olaraq səadtli bir həyat bəxş edəcəklər.
Cavanlar bizim gələcək ümidimizdir. Xalqımızn gözü cavanlardadır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

***

"Yaşasın fədailərimiz"
Yaşasın fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Etdilər aləmə isbat rəşadətlərini
Xalqa bildirdilər öz qeyrətü himmətlərini
Qıldılar əsrdə məşhur həmiyyətlərini
Qırdılar şir kimi zənciri əsarətlərini.
Yaşasın fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Geydilər sidq ilə, imanla şəhadət kəfənin
Yaxdılar odlara hər xaini millət bədənin
Yetdilər dadına birlikdə müqəddəs Vətənin
Kəsdilər cəmiyyətimizdən ayağın Əhrimənin
Yaşasın fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Onların çün hünərin fikirdə təssvir edərəm
İxtiyarsız olaraq səfhəyə təhrir edərəm
Qəhrəman xalqımı borcdur mənə təqdir edərəm
Yurdumun ləşkərinin şanını təqrir edərəm.
Yaşasın fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Eşq ola eşq, polad sinəli qardaşlarıma
Doğru peymanlı vəfa mədəni yoldaşalrıma
Gizlin işlərdə keçən əsrdə sirdaşlarıma
Porhünər qeyrətü namuslu vətəndaşlarıma.
Yaşasın fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Mütməinəm daha qəmdən elim azad olacaq
Yurdumuz get-gedə cənnət kimi abad olcaq
Gələcəkdə hamı xəndan olacaq, şad olacaq
Uzun illər boyu Azərli adı yad olacaq.
Yaşasın fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Sərab, S.Əmini
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

***
Fəthi Xoşginabi: Fədailər kimdirlər?
Milli qoşunumuzu təşkil edən fədailər haqqında danışmaqdan ötrü keçmiş dövrdəki hərbi təşkilat haqqında da danışmalıyıq. Hərbi xidmət idarlərində əsgərliyə çağırış etdikdən sonra idarə rəisinə pul verməyə imkan tapa bilməyən əsgərləri qoyun sürüsü kimi kazarmalara doldurub iki il tamam onları ac və susuz təzyiq altında saxlayaraq onlarda süni bir hərbi ruh yaratmışdılar. Tehran hökumətinin hakim dairəsi öz mövqeyini qorumaqdan ötrü Azərbaycanda xüsusi bir şərait yaratmışdır. Buradakı jandarmlar, əsgərlər azərbaycanlı olduqları halda mərkəzi hökumət tərəfindən Azərbaycan xalqını təzyiq altında saxlamaq üçün bir alət yerinə işlənirdilər. Tehran hökumətinin təhrikləri ilə jandarmların etdikləri cinayətlər xalqımızın yadından çıxmayıbdır. Amma biz deməliyik ki, nə üçün bu jandarmlar özlərinin bizimlə həmvətən olduqlarını nəzərə almırdılar? Bu çox aydındır.
Tehran hakim dairəsinin yaratdığı şərait elə tələb edirdi. Jandarmanı yaratmaqda mnun əsl məqsədi millətimizi boğmaq idi. Mərkəsi hökumətin hərbi qüvvələri isə öz vəziyyətlərindən razı olmamaqla bərabər bəzi zamanlarda Tehran hakim dairəsinin mənafeyini qorumaq üçün alət kimi istifadə olunurdular.
Hərbçilərdə heç vaxt həqiqi bir vətənpərvərlik ruhu yox idi. Onlarda olan hisslər hamısı süni bir hisslər idi. Rza şah bir gün Mazandaranda olan hərbi qüvvələrii görmək istəmişdi. Hərbçilərə baxış keçirən zaman Həsən adlı bir yefreytor sadə bir əsgərlə bir yerdə durmuşmuşlar. Rza şah Həsəni çağırır və soruşur:
- Pesər, Vətən çist? (Oğul, vətən nədir? – red.)
Həsən dərhal deyir ki:
- Qurban, vətən madəre əzize mən əst (Qurban olum, vətən mənim əziz anamdır – red.)
O sadə əsgər öz-özünə fikirləşir ki ki, yaxşı oldu, Allaha şükür, məni qabaqca çağırmadı, yoxsa cavab verə bilməyəcəkdim.
Birdən Rza şah əsgəri də çağırıb həmin sualı ondan edir. Bu əsgər deyir ki:
- Qurban, vətən madəre əzize Həsən əst (Qurban olum, vətən Həsənin əziz anasıdır).
Bu bir həqiqətdir. Əsgərlərdə olan bu duğu süni bir duyğu idi. Əslən onların vətənləri yox idi ki, vətən məhfumunu da anlasınlar. Bu hərbi aparat Rza xanın və onun qara nökərlərinin qorxulu siyasətləri üstündə əmələ gəlmişdir. Bu əsgərlər hamısı qədim Roma ölkəsinin qladiatorları kimi eyni taleyə malik olmaqla Tehran hökumətinin “ali məqamları”nın tələb etdikləri təqdirdə öz həmvətənlərini öldürməyə məcbur olurdular. Amma nə cür oldu ki, bu aparat dəyişildi?
Onun əsas səbəbi əsgərlərilə hökumət arasında həqiqi bir əlaqənin olmaması və işarə etdiyim şəraitdən ibarət idi. Biz indi əminik ki, Milli Hökumətimizin bünövrəsi çox yüksək səviyyədə möhkəmdir, çünki onu millətimiz yaradıb və millətimiz də onu qorumağı təzmin edir. Ayaqyalın, lüt, soyuq gecələrdə silah götürən fədailər 24 il basqı və zülm altında yaşayan millətimizi, onun iradəsini, yaşamaq eşqini bütün dünyaya tanıtdıra biləcəklər.
İndi xalqımızda öz vətənlərinə və həqiqi əsgərlik xidmətinə təsəvvür olunmaz dərəcədə bir maraq və eşq görünür. Bu eşq və maraqlar millətimiz tərəfindən təzahür edən etimad ruhundan, qəhrəmanlıqdan və fədakarlıqdan ibarətdir. Fədailərimiz xalqımızın ən qabaqcıl qəhrəmanlarıdırlar ki, dünən ölkəmizin həyat üçün lazım olan məhsullarını yaradırdılar, bu gün isə azadlığımızı qorumaq üçün silah götürüblər.
İndi bunlar hamısı həqiqəti anlayırlar, onlar hamısı öz ölkələri, müqəddəs odlar yurdu Azərbaycanı müdafiə edirlər. Onlar beş milyon Azərbaycan millətini bütün millətlərə tanıtdırmaq və onların varlığını demokratik dünyaya isbat etmək istəyirlər. Fədailər bizim igid və şanlı qardaşlarımız və oğlanlarımızdırlar. Bundan sonra biz cavanlar hamımız böyük sevinc və iftixar ilə silah götürüb lazım olduqda axırıncı damla qanımız qalana kimi öz azadlığımızı müdafiə edəcəyik.
Millətimizin qəhrəman cavanlarına eşq olsun!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.