“Azərbaycan” qəzetinin səhifələrində - 25-ci yazı  Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində - 25-ci yazı 

Hüseynqulu Katibi:
Şah İsmayıl və onun siyasi fəaliyyəti
(əvvəli “Azərbaycan” qəzetinin 18.02.1946-cı il taqrixli 129-cu sayında)
Bu tarixi vuruşmadan sonra bir tərəfdən Yaxın Şərq ölkələrində İsmayıl məşhur olur, digər tərəfdən isə terror müharibəsi nəticəsində İsmayıl Səfəvinin Azərbaycanda olan feodal dövlətlərini vahid dövlətdə birləşdirmək uğrunda apardığı mübarizənin əvvəlinci dövrü qurtarır.
Bu hadisədən sonra, yəni 907-ci [hicri] ilinin axırlarında (H.Katibi tərəfindən göstərilən bu tarix 1502-ci ilin yayına uyğun gəlir – red.) İsmayıl Səfəvi təntənə ilə Təbriz şəhərinə daxil olur və 908-ci [hicri] ilində (H.Katibi tərəfindən göstərilən bu tarix isə 1502-ci ilin payızına uyğun gəlir – red.) başına tac qoyub özünü şah elan edir. Şah İsmayıl … qüdrətli bir Azərbaycan dövləti yaratdı…
Beləliklə, Şah İsmayıl da özündən əvvəlki Qızıl Arslan, sonra İbrahim Şirvanşah kimi bütün ömrünü Azərbaycanda əmələ gələn feodal hərc-mərcliyini aradan qaldırmaq, Azərbaycanın müqəddəs topraqlarını xarici işğalçılardan qorumaq və Azərbaycan xalqının istiqlaliyyəti uğrunda şərəfli mübarizə aparmağa həsr etmişdir.
Orta əsrlərin feodal şəraitində hərc-mərcliyi ləğv edərək vahid bir dövlət yaratmaq əlbəttə, çətin bir iş idi. Belə çətin və şərəfli işin öhdəsindən yalnız Şah İsmayıl kimi fövqəladə istedadlı və bacarıqlı bir sərkərdə gələ bilərdi. Tarixçilər göstərir ki, “bu yarımköçəri atlılar yığınından, şəhərlilərdən və əkinçilərdən həqiqi bir dövləti ancaq dahi bir adam yarada bilərdi”. Şah İsmayıl həqiqətən Azərbaycan xalqının yetirdiyi belə bir dahi şəxsiyyət idi.
Şah İsmayıl vahid Azərbaycan dövləti yaratdıqdan sonra dövlət işlərini yeni qaydada qurmağa və bir çox sahədə islahat etməyə başlayır və buna görə də tarix onu bir nəfər islahatçı kimi tanıyır. Tarixçilərin yazdığına görə xüsusən o, birinci növbədə müharibələr nəticəsində zərər çəkmiş olan azərbaycanlıların vəziyyətini yaxşılaşdırmaq və Azərbaycan ölkəsinə siyasi bir şəxsiyyət vermək üçün bir çox tədbirlər gördü. O tədbirlərin mühümü bunlardan ibarətdir:
1. Vahid Azərbaycan dövlətini təşkil etdi və ona vüsət verdi və bu dövlətin mərkəzi olaraq Azərbaycanın qədim mərkəzlərindən birisi olan Təbriz şəhərini qərar verdi.
2. Doğma Azərbaycan dilini rəsmi dövlət dili tanıyıb rəsmi yazışmalarda, məktublarda, xarici ölkələrlə diplomatik əlaqələrdə ona rəsmiyyət və xüsusiyyət verdi. İsmayıl Səfəvi dövlətində bütün xidmətlər Azərbaycan dilini bilənlərin əlinə verildi, bu da Azərbaycan xalqının istiqlaliyyəti və gələcəyi yolunda atılmış böyük bir addımdır. Ona görə ki, hələ 16-cı əsrin başlanğıcına qədər Azərbaycana hücum çəkən işğalçılar öz dillərini azərbaycanlılara qəbul etdirməyə çalışırdılar. Lakin tarix göstərir ki, Azərbaycan xalqı bütün bu işğalçıların zorakı hərəkətlərinə baxmayaraq ana dilini unutmayıb, onu nəsildən-nəslə keçirməkdə və tərəqqi etdirməkdə idi.
3. Şiə məzhəbini rəsmi dövlət məzhəbi elan etdi. Bu isə Azərbaycanı işğal etməyə çalışan Qərbdəki qonşu dövlətlərlə mübarizə aparmaq üçün müəyyən mənəvi və siyasi bir silaha çevrildi.
4. Qızılbaş hərəkatı və onun təmsilçisi olan Qızılbaş ordusunu möhkəm, qüdrətli və hərb elminə sahib olan müasir, qabaqcıl bir ordu etdi.
Bu nöqtəni qeyd etmək lazımdır ki, Şah İsmayılın piyada qoşununda rumlu, şamlı, təkəli, ustaclu, əfşar, zülqədər və qacar elləri müharibələrdə iştirak edirdilər.
Şah İsmayıl bütün bu tədbirlərlə birlikdə özünün doğma vətəni olan Azərbaycanı xarici işğalçıların hücumundan qorumaq üçün bir çox tədbirlər də görməli idi. O da ona düşmən olan və gələcəkdə Azərbaycan topraqlarına qorxu törədən feodal dövlətləri öz təsiri altına salmaq və ya bilavasitə onları özünə tabe etməkdən ibarətdir.
908-ci [hicri] ilində (H.Katibi tərəfindən göstərilən bu tarix 1503-ci ilin iyun ayına uyğun gəlir – red.) Şah İsmayıl Ağqoyunlu Sultan Murad ilə Həmədan yaxınlığında baş verən vuruşmada Sultan Muradın qoşunlarını darmadağın edir. Beləliklə, Şah İsmayıl İranın mərkəzi vilayətlərini, məxsusən 914-cü [hicri] ilinə (1508-ci ilə - red.) qədər Xorasandan başqa bütün İran mahallarını tutur.
Şah İsmayılın az müddətdə böyük müvəffəqiyyətlər əldə etməsi, bu davalarda qalib çıxması, Qızılbaş hərəkatının Yaxın Şərq ölkələrinə müvəffəqiyyətlə yayılması böyük beynəlxalq əhəmiyyət qazanır və qonşu dövlətlərdən bəzisini bərk qorxuya salır. Xüsusən Osmanlı sultanı İkinci Bayəzid İsmayılın hərəkətlərini izləyir və onu öyrənməyə çalışırdı. O, Kürdüstan əmirinə məktub yazaraq İsmayılın hərbi əməliyyatı haqqında ondan məlumat toplayır. Ağqoyunlu Əlvənd Osmanlı sultanından İsmayıl əleyhinə yardım istədiyi zaman ona rədd cavabı verilmədisə də, ikinci Bayəzid Səfəvi dövlətinə qarşı çox ehtiyatla hərəkət edirdi. Hətta öz adamlarının Ərdəbil şeyxlərinin ziyarətinə getmələrəinə mane ola bilmirdi ki, əgər mane olsa, Şah İsmayılın qəzəb dəryası cuşa gələr.
910-cu (1510-cu – red.) ildə Osmanlı dövlətinin rəsmi səfir heyəti Şah İsmayılın sarayına gələrək onu Azərbaycanın padşahı tanımışdır. Sultan Bayəzidin hakimiyyəti vaxtında Səfəvi dövləti üçün Qərb tərəfindən yaxın zamanda baş verəcək bir qorxu gözlənilmirdi. Lakin belə bir təhlükə Şərq tərəfindən baş verə bilərdi. Bu təhlükənin təfsili və nəticəsi belədir:
913-cü (1507-ci – red.) ildə Orta Asiya hakimi Şəbik xan Şeybani Xorasanı tutub özünü Qızılbaşların düşməni elan etdi. O, Azərbaycana və Şah İsmayılın hakimiyyəti altında olan ölkəyə qorxu törətdi. Buna görə də Səfəvi dövləti ilə Şeybanilər arasına tez və yaxud gec vuruşma gözlənilirdi. 916-cı ildə (1510) Şeybani məktub yazaraq Şah İsmayıla bildirmişdi ki, o, öz qoşunu ilə Azərbaycandan keçərək Məkkəyə ziyarətə gedəcək. Şah İsmayıl ona cavab vermişdi ki, o da öz qoşunu ilə Xorasana ziyarətə getmək fikrindədir. Bu hadisədən sonra Şah İsmayıl güclü ordu ilə Xorasana hərəkət edib Mərv şəhəri yaxınlığında Şeybək xan ilə qarşılaşdı. Müharibədə Şeybani xan məğlub olur və Səfəvi dövlətinin şərq sərhəddi Amu-Dəryaya qədər genişlənir.
Bu axırıncı qələbədən sonra istər Azərbaycanın Səfəvi dövlətinin nüfuzu, istərsə də Şah İsmayılın şəxsi hörməti Avropa dövlətləri arasında çox artır. Aralıq dənizi ətrafındakı İspaniya, Venetsiya, Vatikan kimi dövlətlər və başqaları Səfəvi dövləti ilə yaxınlaşmaq və o zamankı Osmanlı dövləti əleyhinə ittifaq bağlamağa çalışdılar. Beləliklə, Azərbaycan dövlətinin Avropa dövlətləri arasında kökləri çox qədimdən olan ticarət əlaqələri genişləndi. Bu zaman Culfa tacirləri Azərbaycan mallarını Avropa ölkələrinə aparır və ölkənin xarici ticarətini inkişaf etdirirdilər.
Azərbaycan dövlətinin gündən-günə qüdrətlənməsi 918-ci (1512-ci – red.) ildən səltənətə yetişmiş Sultan Səlimi narahat edirdi və gələcəkdə Səfəvi dövlətinin Avropa ilə yaratdığı əlaqənin Osmanlı dövlətinə böyük bir təhlükə yaratmasından qorxaraq, habelə Azərbaycanı ələ gətirmək məqsədi ilə Azərbaycan dövləti ilə müharibəyə başlayır. Tarixdə məşhur olan Çaldıran müharibəsi Osmanlıların Azərbaycanı işğal etmək məqsədi ilə baş verən bir müharibədir. Bu müharibədə Qızılbaş orduları böyük fədakarlıq göstərdilər və bunun nəticəsində Sultan Səlim öz məqsədinə nail olmayıb Azərbaycanı işğal edə bilmədi… (920 hicri – 1514 miladi).
Beləliklə, Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan Səfəvi dövlətinin sərhəddi şərqdə Amu-Dərya, qərbdə Kiçik Asiya, Dəclə və Fərat, şimalda Dərbənd, cənubda isə Fars körfəzi hesab olunurdu. Xarici ölkələrdə də öz nailiyyətləri nəticəsində məşhur bir dövlət kimi tanındı.
Şah İsmayıl Səfəvinin ictimai və siyasi şəxsiyyəti haqqında Şərq tarixçiləri və yazıçılarından əlavə Qərb səyyahları, müəllifləri və oriyentalistləri (şərqşünasları – red.) də böyük məlumat ələ verdilər. Bu xüsusda “Silsilətün-nəsb Səfəviyyə” (Səfəvi nəsil şəcərəsi – red.), “Rovzətüs-səfa” (Səfa bağı – red.), “Tarix-e Şah İsmayil-e aləmara” (Dünyanı bəzəyən Şah İsmayıl tarixi – red.), “Tarix-e ser Con Malkolm” (Cənab Con Malkolmun tarixi – red.) dan əlavə professor Edvard Braun, mister Qet, professor Nalino, professor Minorski və başqalarının təhqiqatı düzgün və həqiqi bir şahidlərdir.
Şah İsmayıl Səfəvi bütün bu təhqiqatlara görə 25 illik dövlət fəaliyyəti ilə Azərbaycan tarixində ən böyük simalardan birisi kimi tanınmışdır. Bu böyük ºəxsiyyət hər şeydən qabaq bir qəhrəman sərkərdə idi.
O, sayı 7000 süvaridən ibarət olan bir dəstə ilə Şirvanşah Fərrux Yasarın böyük bir ordusunu məğlub etmiş, Ağqoyunlu Əlvəndin qoşunlarını məhv edib, sonralar isə Yaxın Şərqin o zaman böyük hökmdarlarından sayılan Sultan Murad və Şeybək xana qələbə çalmışdır.
Şah İsmayılın xüsusi xarakterlərinə aid o zamanın səyyahları belə məlumat verirlər. Bir nəfər Katerino Zeto adlı italiyalı səyyah öz səfərnaməsində yazır: “Şah İsmayılın nəcib siması və şahanə görkəmi var idi. Gözlərində bir əzm, dəhşətli amiranəlik cizgiləri gizlənmişdi ki, onun bir gün böyük padşah olmağını izah edirdi. Onun uca baxışı, zəngin ağlı, güclü hafizəsi, iti düşüncəsi, şərəf və ləyaqəti müasirlərindən heç birində yoxdur”. Habelə Anjollo səyyah Anjello (Mikelancelo – red.) deyir ki, İsmayılın əxlaqı, camalı və rəftarı xoşagəlimdir, davalarda qoşuna ehtiyat hazırlamaq üçün fərman verərdi ki, hər kəs bir şey ala və qiymətini verməyə, bərk tənbeh olacaq. Atıcılıqda sərdarlarından heç biri ona çatmazdılar. İsmayılın qoşunu ona xüsusi bir məbud (büt – red.) kimi pərəstiş eləyərdilər. Ovda və qonaqlıq məclisində də onun qiymətli sifətləri aşkar olardı. Ehsan və səxavətdə o dərəcədə idi ki, qızılla qumun onun nəzərində fərqi yox idi.
Tarixçilərin yazdığı və onun etdiyi əməllər Şah İsmayılın qəhrəman və rəşid bir adam olduğunu isbat edir. Tarix deyir ki, 14 ildə 14 ölkə fəth etmişdir. Çaldıran müharibəsində göstərdiyi cəsarət onun qəhrəmanlıq və şücaətindən bir nümunədir. Bu müharibədə Şah İsmayıl bir neçə atlı ilə Osmanlı toplarının cərgəsinə soxularaq şəxsən 30-a qədər topçunu qılıncdan keçirmişdi və topların zəncirlərini qırıb dağıtmışdır. Tarixçilər göstərirlər ki, Çaldıran müharibəsində Şah İsmayıl müharibə meydanında 7 at dəyişmişdir, çünki atlar onun meydanda göstərdiyi gücdən və təlaşdan yorulub çərləyirdilər. Bu müharibədə Şah İsmayıl hünər və rəşadət göstərərək müharibə meydanında yaralanmağına baxmayıb bir aslan kimi vuruşurdu. Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan Yaxın Şərqin ən qüdrətli dövlətinə və zəngin bir ölkəsinə çevrildi. Bu şahın yaratdığı dövlət orta əsrlərdə əmələ gəlmiş olan o biri dövlətlər kimi istilalar nəticəsində deyil, böyük bir xalqın himməti, səyi və qeyrəti sayəsində yaranmışdır.
Tarixdə Xətai şöhrəti ilə məşhur olan Şah İsmayıl Səfəvi Azərbaycan xalqının yetişdirdiyi ən böyük və istedadlı şairlərindən biridir. Azərbaycan xalqının iftixarı olan Şah İsmayıl Azərbaycanın ən görkəmli aydınlarını öz sarayına toplayaraq Azərbaycanın mərkəzi olan Təbrizi mərifət, elm, ədəb və mədəniyyət mərkəzinə çevirmişdir. Ona görə də xalqımız Şah İsmayılı sevir və onu əbədi olaraq bir siyasi sima və böyük dövlət xadimi kimi xatırlayır.
Böyük vətənpərvər olan Şah İsmayıl Azərbaycan dövlətini ən yüksək, uca dərəcəyə qaldırmış və bütün Yaxın Şərq ölkələrindən başqa Avropa dövlətlərini özü ilə hesablaşmağa məcbur etmişdir. Bahadır xan, Xaqani, İsgəndər şah, Süleyman şah Xətai ləqəbini daşıyan Şah İsmayıl Şərq və Qərb dünyasında ən görkəmli simalardan birisi sayılmaqdadır.
Azərbaycan tarixində Şah İsmayıl Səfəvi hörmətli bir mövqeyə malikdir və Azərbaycan dövlətinin inkişafında onun oynadığı rol zəmanımizə qədər öz təsirini göstərməkdədir.
Böyük azərbaycanlının, qəhrəman sərkərdənin, siyasi xadimin və istedadlı şairin adı vətənpərvərlik və qəhrəmanlıq timsalı olaraq xalqımızın arasında yaşayır və həmişə yaşayacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 130, 19.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.