Hadi Qaraçayın “Sonsuzluq” poemasında Azərbaycan tarixinə poetik baxış... Güney Azərbaycan

Hadi Qaraçayın “Sonsuzluq” poemasında Azərbaycan tarixinə poetik baxış...

Hadi Qaraçay çağdaş Güney Azərbaycanda tanınmış tanınan və sevilən şair, milli ruhun daşıyıcısı olan qələm sahiblərindən biridir. Milli özünəqayıdışı, ənənəvilik və novatorluq prinsiplərini milli dünyagörüşün formalaşması prosesində tarixi bir zərurət olduğunu şeirlərində, xüsusən də “Sonsuzluq” poemasında qabarıq verir. Şair poemada Azərbaycan tarixinin şanlı səhifələrini xatırlamaqla yanaşı, qara səhifələrini də əks etdirən bir çox məsələlərlə, əski kültürümüz, hətta Gülüstan “sülh” müqaviləsilə bağlı məqamlara orijinal poetik münasibət bildirib.
Əlbəttə, özünəqayıdış, ənənəvilik və novatorluq, yenilik milli dünyagörüş üçün tarixi bir zərurətdir. Güney şairlərinin yaradıcılığında insan və zaman anlayışı, həyat gerçəkliklərinə dinamik münasibət əsasdır. Onlar həyati və insani münasibətlərə baxış prizmasını elə cəlbedici formada oxucuya təqdim edirlər ki, əxlaq kodeksi və insanın davranışındakı bəşəri psixoloji aspekt müxtəliflikdən çıxır, sanki oxucuya tanış olan bir çərçivədə cərəyan edir. Eyni zamanda insan faktoru və zaman-məkan müstəvisində insanın mahiyyəti epik-lirik şəkildə özünü göstərə bilir. Beləliklə də şeir və poemalarda insanın iç dünyası, mahiyyəti qabarıq verilməyə başlayır və nəticədə Mircəlil Hüseyninin “Qanlı günəş”, Huşəng Cəfərinin “Ağ atım”, Hüseyn Düzgünün dörd hissəlik “Şeyx Məhəmməd Xiyabani”, Hadi Qaraçayın “Sonsuzluq”, Kiyan Xiyavın “Yap-yalnız, kimsiz, kimsəsiz, kimliksiz-Faciə (Avtobioqrafiya)”, “İt bayramında, qartal ardınca”, “Hopbul-hop”, “Aman sevgilim!” kimi yeni ruhlu modern poemaları yaranır. Bu mövzu çağdaş dövrün ünlü şairi Hadi Qaraçayın (1966) “Sonsuzluq” poemasında da ehtiva olunur. Şair poemada Azərbaycan tarixinin şanlı səhifələrini xatırlamaqla yanaşı, qara səhifələrini də əks etdirən bir çox məsələlərlə, əski kültürümüz, hətta Gülüstan “sülh” müqaviləsilə bağlı təlmihlər vermiş, həmin məqamlara orijinal poetik münasibət bildirmişdir. Bu barədə H.Qaraçayın açıqlaması daha etkiləyicidir: “”Sonsuzluq” poeması sanki öz-özüylə danışan birisinin ağı söyləməsidir Əsərdəki qaramsarlıqdan, (yəni, pessimistlikdən - anti optimistlikdən), umudsuzluqdan məmnun deyiləm... Ancaq bu əsər üzərində işimi bitirmişəm. Ona bir daha dönəcəyimi və hansısa bir dəyişiklik edəcəyimi də sanmıram. Poemada tarixə öz baxışımı yazmış, dünənimizi və bu günümüzü göz önünə almış, gələcəyə sorğu-sualla yanaşmışam...”
Vətənindən uzaqlarda yaşamağa məhkum edilən, Norveçin soyuq havasında üşüyən cənublu balasının-doğma yurd-yuvasında öyrəşdiyi isti iqlim kimi istiqanlı Hadinin duyğularını, özünü ifadəsidir ”Sonsuzluq” poeması...
Heç şübhəsiz, H.Qaraçay “Sonsuzluq” poemasında insanı, onun iç dünyasını, düşüncələrini qələmə alır, özgürlüyün, bağımsızlığın xəyalını qurur... Onun qənaətincə, azadlığı, özgürlüyü olmayan insan insan deyil, cəhənnəmə salınmış yazıq, çarəsiz bir varlıqdır. Azadlıq Hadi Qaraçay üçün yozumsuz yuxu, “şeytan dilində söylənmiş nağıl, qan qoxuyan göldü... Özünün və bütövlükdə xalqının bu duruma düşməyinin səbəbini o, I Nikolay ilə Fətəli şah-İran və Rusiya arasında imzalanmış “Gülüstan” (12 oktyabr 1813-cü il) və “Türkmənçay” (10 fevral 1828-ci il) “sülh müqavilələri” zamanı səlahiyyətli şəxslərin – soydaşlarının göstərdiyi qorxaqlıqda, “evlərinin qalın divarları arxasında, qadınlarının çadrası altında gizlənməsində, pul, mal-mülk və sərvət əsiri olmasında, mübarizə meydanlarından çəkilməsində və susmalarında görür...

Pulun və mülkün nəmli kölgəsində susdular...
Susdular qorxularında.
Və qorxunun iylənmiş löhməsindən
Uca heykəl yaratdılar, Qadın heykəli.
Adı dostluq, adı İran.
Böylə yaşadılar Gülüstanda
Əyinləri çıxarılmış “qəhrəmanlar”,
Böylə yaşadılar Türkmənçay dağlarında
soyum-soyum soyulanlar.
Özgürlük hər evdən öldürülmüş bir oğul idi.
Varlılar varlarına satdılar qan bahasını, yoxsullar yoxlarına.
Və böyləcə hər kəs öz evində quyladı quylanmaz cəsədi.
Eheeey... sıldırım qayalar! Sizə “Anam” deməyə utanmayacam...
Bir gün danışacaqdınız
Sümüklərinizdə qılınc yarasından bitmiş ardıclardan.
Bir gün danışacaqdınız o qəhrəmanlardan.

Dağı qaynata, dədə kimi görüb ehtiram göstərmiş əcdadlarından fərqli olaraq ona “Anam” deyən - hər bir sirrini, sözünü deyə biləcək, ana kimi qoynuna sığına biləcək bir varlıq kimi şair əsərdə xalqının, Cənubi Azərbaycan türklərinin azad, boyunduruqsuz yaşadığı insanlıq çağını (!) xatırlayır. Bu insanlıq çağında dili dil, eli el, yurdu yurd olan, uca zirvədə qərar tutan, “ana sütündən doğma, qız dodağından şirin, qadın döşündən dadlı, insanlarının gəliş-gediş, hətta gülüş haqqının olduğu Təbrizin də cilvəli vaxtlarını yada salır. O vaxtlarını ki, sazının hər telində yeni bir səs, kolunun hər gülündə başqa bir qoxu vardı… “İnsanın insanlıq hörməti imiş azadlıq!” qənaətini hayqıran vətəndaş şair “Sonsuzluq” poemasında bu kimi gözəlliklərin 1945-46-cı ildə - Milli Hökumətin qurulduğu çağlarda bir daha yaşandığına işarə edir, təlmih yaradır:
Ölüm tufanların aşaraq gəldik
Və yaşam düzənində çadır qurduq.
Pay aldıq, işdən və gücdən…
Paylaşdıq insan ormanında
İnsana yaraşan düzən qurmağı…
Bir ildə min ömür yaşadıq.
Ərkin, unutmayacağı
Göy məscidin görmədiyi
Dərin bir ömür.

Demokrit insanın əhval-ruhiyyəsini onun səadətinin əsas ölçüsü hesab edirdi. Güney şairləri üçün əsl xoşbəxtlik həyatı real boyalarla, düzgün, yəni, olduğu kimi təsvir etməkdir. Bu düzgünlüyü M.Şəhriyar, B.Q.Səhənd, K.M.Sönməz, H.M.Savalan, H.Sahir və digər şairlərin yaradıcılığında ümdə səciyyə kimi xarakterizə etmək mümkündür. Səhənd xoşbəxtliyə həsrətdən, Şəhriyar və Sahir qəm-qüssədən, Sönməz idraki yeniləşmə tərzindən yanaşır, Ə.N.Oxtay, M.Üskülü, M.T.Zehtabi, K.Xiyav, H.Qaraçay, H.Düzgün və b. modern düşüncədən, azadlığın uzaq pəncərəsindən baxırdılar... Fikrimizin ən bariz təsdiqi xoşbəxtliyi qısaca olaraq “Azadlıq heykəlinə tapınmaqda” görən H.Qaraçayın “Sonsuzluq” poemasındakı bu misralardadır:

İyirminci yüzilliyin ilkin usağı
O böyük dədənin nəvəsiyəm mən.
Yüz ildir dilimdə qıfıl,
Alnımda qulluq damğası,
Əllərimdə tapı qandalı.
Böylə doğur, böylə yaşar, böylə ölürəm.
Dilim qurtuluşa, Alnım
Bütün qutsal varlıqların astanasında daş olmağa,
Əllərim Qələm tutmağa,
Qulaqlarım o ilkin, o böyük nağıla
Susuzdur anam.

Hadi Qaraçayın həsrət əzabı çökmüş misraları istər-istəməz Ayris Merdokun “Dünya-iztirablar məskənidir. Son nəticədə bu, dünyanın ən dəqiq tərifidir”, - fikrinə assosiasiya doğurur. Çağdaş dövrün ünlü şairi olaraq tanınan H.Qaraçayın “Sonsuzluq” poemasında yaratdığı bədii təsvir və ifadə vasitələri yeniliyi, ilkinliyi ilə diqqət çəkir. Poemada tarixin səhifələrinə qısaca poetik səyahət edən şair İranla Rusiya arasında bağlanan və adı “sülh”, mahiyyətində isə vəhşət, bir xalqın Quzey və Cənubi Azərbaycan olaraq iki yerə bölünməsilə əsrlər boyunca ayrılığa məhkum olunması, həsrətdən odlanıb yanması, ölüm dayanan “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalandığı o məşum dövrün sonrakı fəsadlarına öz bənzətmələri, orijinal təşbeh, epitet və metaforaları ilə işıq salır:

Ölüm çardaq qurdu, şəhərdən böyük,
Kəsilən başlar, deşilən döşlər, yolunan saçlar
Və özgürlük hər evdən öldürülmüş bir oğul oldu…
...Beləcə hər kəs öz içində quyladı quylanmaz cəsədi...
Səhəndin döşündə yara
Və Savalan yalqız qaldı köhnə qarıyla…
Nə dördbucaq, nə üçbucaq, görkəmsiz...
Ilğım köynəyində iti sivrilib keçmiş
İlan ləpiridir bu yurd.

“Sazaqlı külək, qanlı çaylar, sürüşkən torpaq, quylanmaz cəsəd, yanmış qum və hər addımda sızıldayan çalı quşları, acı təbəssüm” epitetlərinin yansıtdığı müsibəti oxucu aydın dərk edir… “Ölümün şəhərdən böyük çardaq qurması” metaforası kütləvi qırğınların törədildiyinə işarə, “kəsilən başlar, deşilən döşlər, yolunan saçlar” epitetləri isə qətlə yetirilmiş soydaşlarının nə böyüklükdə faciənin qurbanları olduğunun kanıtıdır... H.Qaraçay özəl bir metaforaya imza atır və əsarət altına düşən xalqının əldən getmiş bağımsızlığını, itkin düşən özgürlüyünü “hər evdə öldürülmüş bir oğul”a bənzətməklə bu anlamın nə qədər əziz, doğma, insan üçün övlad, oğul qədər önəmli olduğunu yansıdır. Ardınca daha yeni bədii təsvir vasitələrilə daha bənzərsiz biçimdə, modern tərzdə 1946-cı ildə azadlığın şərbətini içən Güneyli soydaşlarımızın bir ildə yaşadığı zövqü və “nə qədər uzun, necə də qısa olan” o ili anladır:

Bir ildə min ömür yaşadıq...
Ərkin unutmayacağı,
Göy məçidin görmədiyi
Dərin bir ömür.
Ana südündən doğma,
Qız dodağından şirin,
Qadın döşündən dadlı.

Hadinin yozumunda 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabrınadək keçən dövrdə - Milli Hökumətin qurulduğu və hakimiyyətdə olduğu bu bir ildə xalq dərindən anladı ki, “yasəmən qoxuyan yanaqlarından öpmək, sehrli torpağına dodaq basmaq qədər şirin imiş yaşam. Yozumsuz yuxuya dönərmiş Azadlıq… Daşı parçalayan yaşıl bir mamır, hətta şeytanın dilindən söylənmiş nağıl, qan qoxuyan gül də ola bilərmiş azadlıq…” Oxucu bircə anlıq düşünür ki, bənzərsiz təşbeh və metaforaların oluşdurduğu bu orijinallığı yalnız Hadi Qaraçayın qələmi yarada bilər!.. Bu aləmdə görürsən ki, “insanın gülüş haqqını bu gündən sabaha uzanan umud lağımına”, azadlığını isə “sevinc payına, Ana dilində oxunan mahnının həyəcanına, fəhlənin ləzzətlə işdən ayrılmasına bənzətmək olarmış… Yazarın bədii təfəkkürünün gücü onun sözişlətmə oyununda, qeyri-adi poetik gedişlər etməsində, sözlə cızdığı əsrarəngiz tablolarla, bənzərsiz təsvirlərlə oxucunu heyrətə gətirməsindədir…

Acı yağışlardan göyərmiş şirin bitkilər kimi,
Dayanıb dik, qürurlu qalalarımız.
Yalnız bir daşı yetər
Dünyanın ömür nağılını oxutmaq üçün.
...Ax, kim?
Kim oyadacaq sizi bu ölümcül yuxudan?
Hansı qara bulud,
Hansı yer titrəməsi,
Hansı qan qoxusu?

- kimi fikir zəncirini misralarda sapa düzməyi bacarmasındadır... Hadi Qaraçay “Sonsuzluq” poemasında həyatının ayrılmaz bir hissəsinə, nəfəsinə çevrilmiş “şeir”i də ən mükəmməl təbiət mənzərələrinin fonunda obrazlaşdırır. Onun üçün “İlğım köynəyində iti sivrilib keçmiş ilan ləpiri” olan başıbəlalı yurdunun “əyilib tikanlarından öpmək, yanmış qumlarına dodaq basmaq və qısaca olaraq Azadlıq heykəlinə tapınmaqdır şeir... Oxucu anlayır ki, şair bu metaforalar vasitəsilə bədii məramnaməsinin əsas istiqamətinin məhz azadlıq-özgürlük olduğunu daha təsirli şəkildə sübut etmək istəyib.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru